Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-479/2023 22.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: kredit borcu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 22 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən, Bank tərəfindən borcalana 36 ay müddətinə, illik 20 faiz olmaqla, 177000 ABŞ dolları məbləğində pul ayrılmışdır. Kredit müqaviləsinin təminatı olaraq "xxxx" İKB ASC ilə ipoteka qoyan Cavabdeh3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən 208 nömrəli mənzili (ipotka predmeti 90.000,00 manat məbləğində qiymətləndirilməklə) kredit müqaviləsi üzrə yaranmış öhdəliyinin təminatı kimi ipoteka qoymuşdur.
2. "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, Bank tərəfindən borcalana 24 ay müddətinə, illik 20 faiz olmaqla, 180000 ABŞ dolları məbləğində pul ayrılmışdır. xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əlavə kimi bağlanmış xx.xx.2016-cı il tarixli sazişə əsasən kreditin qalıq məbləği 223087.47 USD Mərkəzi Bankın xx.xx.2016-cı il tarixə olan məzənnəsi ilə (və ya Bankın müəyyən etdiyi məzənnə ilə) konvertasiya edilməklə 388841.46 manat təşkil edir, kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır.
3. xx.xx.2018-ci il tarixli xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əlavə sazişə əsasən müqavilənin 1.4-cü bəndi kreditin təminatı - Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən, 159.4 kv.m ümumi sahədən ibarət 11 nömrəli evin 2 nömrəli mənzilin ipotekası formasında dəyişdirilmişdir.
4. Kredit müqaviləsinin təminatı olaraq "xxxx" İKB ASC ilə ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən, ünvan 2, ev 11, 2 saylı mənzil (ipoteka predmeti 400000 manat məbləğində qiymətləndirilməklə) kredit müqaviləsi üzrə yaranmış öhdəliyin yalnız 488 888,68 manat hissəsinin təminatı kimi ipoteka qoyulmuşdur.
5. Maliyyə arayışına əsasən xx.xx.2019-ci ilədək Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 385341.46 manat əsas, 206126.85 manat faiz, 9838.2 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 601306.51 manat borcu vardır.
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi və əlavə ərizələrlə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə :
7. xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 385341,46 manat əsas, 498449,5 manat faiz, 84219,25 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 968010,21 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 məxsus olan ünvan 2 ünvanında yerləşən, 159.4 kv.m ümumi sahədən ibarət 11 nömrəli evin 2 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun ünvan 2 ünvanında yerləşən, 159.4 kv.m ümumi sahədən ibarət 11 nömrəli evin 2 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi,
8. xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 1990,57 ABŞ dolları faiz, 2960,96 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 4951,53 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən, 208 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun ünvan 1 ünvanında yerləşən, 208 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 məxsus olan ünvan 2 ünvanında yerləşən, 159.4 kv.m ümumi sahədən ibarət 11 nömrəli evin 2 nömrəli mənzilinə yönəldildikdə və o satıldıqdan bir ay sonra Cavabdeh2 həmin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin mənzillərdən çıxmaları, həmin mənzillərin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən, 208 nömrəli mənzilinə yönəldildikdə və o satıldıqdan bir ay sonra Cavabdeh3 həmin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin mənzillərdən çıxmaları, həmin mənzillərin boşaldılması və banka təhvil verilməsi, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İlkin iddia onunla əsaslandırılmışdır ki, xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır.
10. Cavabdeh1 qarşılıqlı iddia verərək, İddiaçı ("xxxx" İKB) ASC-dən 5876,03 ABŞ dolları (Mərkəzi Bankın ödəniş gününə olan manat ekvivalenti ilə) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfin verdiyi vəsatət məhkəmə tərəfindən təmin edilərək iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021ci il tarixli, 9/7495 saylı Ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, xx.xx.2012-ci il tarixli, 6-G-2-0- 220-12/1 saylı kredit kredit müqaviləsinin qeyd edilən şərtləri nəzərə alınmaqla, xx.xx.2016-cı il tarixdə Cavabdeh1 tərəfindən ‘‘Nikoil” İKB ASC-yə kredit borcunun (əsas, faiz borcu üzrə) tam ödənildiyi müəyyən edilir, o cümlədən Borcalan tərəfindən 5876,03 ABŞ dolları məbləğində artıq ödəniş aparılmışdır.
12. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-22/2022 saylı, 06 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədova) ilkin iddia qismən təmin olunmuş, Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 385341,46 manat məbləğində əsas borc, 498449,5 manat məbləğində faiz borcu, 20.000,00 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 903790,96 manat pul məbləği və ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının əvəzinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən, 159.4 kv.metr ümumi sahədən ibarət 11 nömrəli evin 2 nömrəli mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 551000,00 manat müəyyən edilməsi və həmin mənzilin açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə edilən məbləğ qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tutulma ipoteka predmetinə yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 Nurəddin oğlunun mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməklə, ünvan 2 ünvanında yerləşən, 159.4 kv.metr ümumi sahədən ibarət 11 nömrəli evin 2 nömrəli mənzilinin boşaldılaraq banka təhvil verilməsi, Cavabdeh1 ilə "xxxx" İKB asc arasında bağlanılmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi qət edilmiş, ilkin iddia tələbi qalan hissədə rədd olunmuşdur.
13. Qətnamə ilə həmçinin qarşılıqlı iddia tələbi təmin edilərək, İddiaçı ASC-dən Cavabdeh1 xeyrinə məhkəmə qətnaməsinin icra edildiyi günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla 5876,03 ABŞ dolları məbləğində vəsait və qarşılıqlı iddia ilə bağlı ödənilmiş 120 manat dövlət rüsumunun əvəzinin tutulması, tutulmalı olan vəsaitin Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə tutulmalı olan 903790,96 manat pul məbləğinə yönəldilərək həmin məbləğdən çıxılması, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 250,00 manat pulun Cavabdeh1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, Məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 150,00 manat pulun İddiaçı ASCdən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, Əmlakın qiymətləndirilməsi ilə bağlı 200 manat xərc məbləğinin Cavabdeh1 tutularaq "Əmlak Ekspertiza Mərkəzi” MMC-yə ödənilməsi qət edilmişdir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279, 295, 296.1, 421.2, 442, 448.1, 739.2, 741 385.1, 442, 445, 448.1, 739.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 47.4, 59.3.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – ilkin iddianın təmin olunmuş hissəsində ləğv, qətnamənin iddia tələbinin əsas borc, faizlər və ipoteka predmetinin ilkin satış qiyməti hissəsində apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla dəyişdirilməsini, qətnamənin “satışdan əldə edilən məbləğ qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin” və “Tutma ipoteka predmetinə yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 Nurəddin oğlunun mənzilə istifadə hüquqları itirilmiş hesab edilməklə, ünvan 2 ünvanında yerləşən, 159.4 kv.metr ümumi sahədən ibarət 11 nömrəli evin 2 nömrəli mənzili boşaldılaraq banka təhvil verilsin” hissəsində isə tamamilə ləğv edilməsi və həmin hissələrdə iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İş apellyasiya icraatında olarkan apelyator apellyasiya şikayətinin həddini azaltmış və bunu ipoteka predmeti ilə bağlı hissəni, ipoteka predmetinin ilkin satış qiymətini mübahisələndirmək hüququnun Cavabdeh2 məxsus olması ilə əsaslandırmışdır.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2015-ci ildə bankdan cəmi 180000 ABŞ dolları kredit götürmüş, bank ona dolların 2-3 manata qalxacağını bildirmişdir. Buna görə də borcu manata çevirilməsi ilə bağlı əlavə saziş bağlamışlar və nəticədə bank 180.000 ABŞ dolları əsas borc və 80-90 min faiz borcu gələrək dolların manata məzənəsini 1.74 manat hesablayaraq manata çevirmişlər. Bank 385.000 manata əsas borc, 425000 manat faiz borc hesablamışdır. Bank tərəfindən şişirdilmiş ağlasığmayan faizlər müəyyən etmişdir. Beləliklə tərəflər arasında bağlanmış əlavə kredit sazişi faktiki olaraq əvvəlki kredit müqaviləsinin restruktrizasiyasından ibarət olmuş, bu zaman bank mülki qanunvericiliyin tələblərinə zidd olaraq əsas borcla yanaşı, özünün birtərəfli qaydada hesabladığı faiz borcu da kapitallaşdırmış, bu hesablama üsulu isə faizlərə də faiz hesablanması ilə nəticələnmişdir. Məhkəmə isə qeyd olunan xüsusatı nəzərə almamışdır. Eyni zamanda mövcud faizlərin və cərimə borcunun yığılması da məhz bankın öz təqsiri üzündən baş vermiş, lakin məhkəmə belə olan halda iddia tələbini cərimə borcu hissəsində tamamilə rədd etmək əvəzinə onu 20 min manat hissədə də olsa qismən təmin etmişdir. Eyni zamanda, Məhkəmə iddia tələbini ipoteka predmeti olan əmlakın tutma yönəldilməsi ilə bağlı keçiriləcək hərracların nəticələri məlum olmadan 1 ay ərzində boşaldılaraq banka təhvil verilməsini qət etmişdir. Halbuki, bu hüquq yeni mülkiyyətçiyə məxsus müstəsna hüquqdur. Bununla yanaşı, məhkəmə əsassız olaraq iddia tələbinin əmlak satıldıqdan sonra qalan məbləğin ümumi qaydada tutulmasını da qət etmişdir. Halbuki, keçiriləcək hərrac prosesində əmlakın alıcılar arasında yaranan rəqabət nəticəsində müəyyən edilmiş ilkin satış qiymətindən daha artıq qiymətə satılması ehtimalı da həm nəzəri, həm də praktiki cəhətdən mümkündür. Belə olan halda məhkəmənin çatışmayan məbləğin ümumi qaydada tutulmasını qabaqcadan proqnozlaşdıraraq qət etməsi tamamilə əsassızdır. Belə olan halda məhkəmə ya iddia tələbini həmin hissədə təmin etməməməli (çünki, əmlakın dəyəri qət edilmiş məbləği ödəmədikdə iddiaçı üçün qətnamənin icra üsulunun dəyişdirilməsi imkanı da mövcuddur və belə prosessual hüquq məhz qeyd olunan hallar üçün nəzərdə tutulub), yaxud iddia tələbini bu hissədə təmin edirdisə, həm də cavabdehin, mülkiyyətçinin hüquqlarını və qanuni mənafelərini də nəzərə alaraq əmlakın hərracda satış qiymətinin borc məbləğindən artıq olan hissəsinin mülkiyyətçiyə qaytarılmasını da qət etməli idi. Bununla yanaşı, məhkəmə əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi zamanı rəhbər tutduğu qiymətləndirmə rəyinin mahiyyətinə, qiymətləndiricinin tətbiq etdiyi üsul və metodlara, bu zaman prosessual hüquqların müdafiəsinə, rəyin mötəbərliyinə diqqət yetirməmiş, bununla da rəydə əmlaka müəyyən edilən qiymət onun real qiymətindən aşağı olmuşdur. Bank tərəfindən müqavilə üzrə məbləğin birdəfəlik tələb hüququnun yarandığı zaman borclu tərəfindən edilmiş ödənişlər ilk növbədə onun üçün daha ağır olan tələbə, yəni əsas borca yönəldilməli, daha sonra qalan məbləğdən faizlər çıxılmalı idi. Halbuki, hazırki mülki iş üzrə iddiaçının təqdim etdiyi maliyyə arayışı, ödəniş cədvəlləri və s. sənədlərdən göründüyü kimi sözügedən kredit müqaviləsi üzrə tərəfimizdən ödənilmiş pul vəsaitləri Mülki Məcəllənin 440-cı və 741-ci maddəsində göstərilmiş ardıcıllıqla ümumi borc məbləğindən silinməmiş, borc qanunamüvafiq qaydada hesablanmamışdır. Nəticədə süni şəkildə və əsassız olaraq şişirdilmiş faizlərdən ibarət olan pul tələbi iddiaçı tərəfindən irəli sürülmüşdür. İş üzrə aparılmış mühasibatlıq ekspertizasında da qeyd olunan məsələlərə diqqət yetirilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
21. Maddə 279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.
22. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər;
23. Maddə 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir;
24. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər;
25. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
26. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
27. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
28. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
29. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
30. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər;
31. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır;
32. Maddə 47.4. Ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır.
33. Maddə 59.3.2. İpoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər.
Apellyasiya baxışının hədləri
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Hazırkı apellyasiya şikayətində qətnamə yalnız iş üzrə Cavabdeh1 tərəfindən mübahisələndirildiyindən, iddiaçı və digər cavabdehlər apellyasiya şikayəti vermədiklərindən qətnamənin əsaslılığı yalnız apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılır. Həmin hissə apelyatorun nümayəndəsinin ərizəsi nəzərə alınaraq qətnamənin əsas və faiz borcunun tutulması kimi müəyyən olunur. Yəni, apellyasiya baxışının predmeti Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 385341,46 manat məbləğində əsas borc, 498449,5 manat məbləğində faiz borcu tutulması hissəsində qətnamənin əsaslılığının yoxlanılmasından ibarətdir və məhkəmə kollegiyası qətnamənin əsaslılığını yalnız həmin hissədə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə apelyasiya qaydasında mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin əsas və faiz borcunun daha az olması ilə bağlı dəlilini əsassız sayır və həmin dəlilə münasibətdə qeyd edir ki, borc ekspert rəyinə əsasən müəyyən edilmişdir və apelyator ekspert rəyinin mötəbərliyini şübhə altına alan, eləcə də mübahisələndirdiyi borc məbləğlərinin daha az olmasına dair sübutlar təqdim etməmişdir.
38. Belə ki, apellyasiya şikayətinin dəlillərinin yoxlanılması məqsədilə apellyasiya baxışı zamanı əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 21 dekabr 2022-ci il tarixli, 9/8255 saylı ekspert rəyi ilə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə borcalanın xx.xx.2022-ci il tarixə "xxxx" İKB ASC-yə ödənilməli olan əsas kredit borcunun 388.841,46 manat, faiz borcunun isə 498.678,45 manat olduğu müəyyən edilmişdir.
39. Göründüyü kimi, ekspert rəyi ilə müəyyən olunan əsas və faiz borcunun məbləği hazırkı işdə qətnamə ilə tutulan məbləğlərdən çoxdur.
40. Məhkəmə kollegiyası iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini və məhkəmənin MPM-nin 218.3-cü maddəsinə əsasən yalnız verilmiş tələblər üzrə işə baxmalı olduğunu nəzərə alaraq əsas və faiz borcunun tutulması hissəsində qətnamənin dəyişdirilməsini mümkün saymır. Belə ki, qətnamənin qeyd olunan hissələrdə dəyişdirilməsi apelyatorun maraqlarına zidd olardı.
41. Ekspert rəyi ilə həmçinin müəyyən edilmişdir ki, işdə olan hesabdan çıxarış materiallarından göründüyü kimi Cavabdeh1 tərəfindən istifadə etdiyi kredit vəsaitinə görə xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək "xxxx" İKB ASC-yə cəmi 12000 manat məbləğində ödəniş aparılmışdır. Həmin məbləğ kredit müqaviləsi üzrə faiz borcuna silinmişdir.
42. Beləliklə, faiz borcuna əlavə faiz hesablandığı barədə şikayətin dəlilləri öz təsdiqini tapmamış, ödənişlər Mülki Məcəllənin 440-cı maddəsinin tələbinə əsasən növbəlilik əsasında faizlərə, daha sonra əsas borca silinmişdir.
43. MPM-ə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (maddə 385.2).
44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh1 apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 385341,46 manat məbləğində əsas borc, 498449,5 manat məbləğində faiz borcu tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.