Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4790/2023 10.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), x oğlu və y oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi m oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-1200/2023 nömrəli qətnaməsindən cavabdehin apellyasiyasının mümkünlüyünü yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 avqust 2008-ci il təvəllüdlü X3, 22 aprel 2017-ci il təvəllüdlü X2 və 17 dekabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər bir uşağa görə 220 manat, cəmi 660 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)- 1200/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 28 avqust 2008-ci il təvəllüdlü X3, 22 aprel 2017-ci il təvəllüdlü X2 və 17 dekabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulmalı olan, Bakı Apellyasiya Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(103)- 10443/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 28 avqust 2008-ci il təvəllüdlü X3, 22 aprel 2017-ci il təvəllüdlü X2 və 17 dekabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 170 manat, cəmi 510 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi, məhkəmə xərclərinin Cavabdeh aid edilməsi, iddiaçının ödəməkdən azad edildiyi 34.40 manat məbləğində dövlət rüsumunun ondan alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
3. Qətnamə ilə razılaşmayan cavabdeh tərəf ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və hər uşaq üçün 150 manat aliment məbləğinin müəyyən edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamənin 3.6-cı bəndinə əsasən: Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.2-ci maddəsində nəzərdə tutulan “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. “Elektron kabinet”dən istifadə təlimatının 8.2-ci bəndində proses iştirakçıları tərəfindən apellyasiya şikayətinin verilməsi qaydası, 8.2.6-cı bəndində isə şikayətin imzalanması qaydası izah edilmişdir. Maddə 74.2. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Maddə 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Maddə 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
5. İşdən görünür ki, “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş apellyasiya şikayəti cavabdehin vəkili kimi Vəkil tərəfindən elektron imza ilə təsdiq edilmiş, lakin şikayətə vəkilin birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermək, apellyasiya şikayətini imzalamaq səlahiyyətlərini təsdiq edən etibarnamə əlavə edilməmişdir. Bundan başqa, şikayətə əlavə edilmiş vəkilin orderindən görünür ki, həmin order Bakı Apellyasiya Məhkəməsində deyil, Bakı Şəhəri Nizami Rayon Məhkəməsində hüquqi yardımın göstərilməsi üçün verilmişdir.
6. Göründüyü kimi, işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur.
7. Birinci instansiya məhkəməsi mülki-prosessual qanunvericiliyin tələblərini nəzərə almamış, verilmiş şikayəti geri qaytarmalı olduğu halda bunu etməmişdir.
8. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün sayılmalı və şikayət geri qaytarılması üçün işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir.
9. Göstərilənlərə əsasən və MPM-in 361, 363, 366 və 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-1200/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayət üzrə apelyasiya qeyrimümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.