Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4791/2022 29.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, onun vəkili Vəkil3, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi zərərin və əldən çıxmış faydanın əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, maddi zərərin, yəni xx.xx.2020-xx.xx.2021-ci il tarixlərində “BMW 3281” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirinə iddiaçı tərəfindən çəkilmiş xərcin əvəzi kimi 9.290 manat, əldən çıxmış faydanın əvəzi kimi 2.500 manat, cəmi 11.790 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Tələb onunla əsaslandırılıb ki, iddiaçı ilə cavabdehin arasında xx.xx.2020-ci il tarixdə “Avtomobil alışı üzrə məsləhət xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanıb, cavabdeh avtomobil alışı üzrə iddiaçıya məsləhət xidmətləri göstərməyi öhdəsinə götürüb. İddiaçı heç bir texniki nasazlığı olmayan avtomobilin alınmasına dair məsləhət verilməsini cavabdehdən xahiş edib. Lakin cavabdeh iddiaçını aldadaraq qüsuru olan avtomobili 12.114,30 ABŞ dollarına almağı məsləhət görüb. Həmin pul xx.xx.2020-ci il tarixində bank vasitəsilə Gürcüstana göndərilib, habelə iddiaçıdan 35,15 komissiya haqqı alınıb. Bundan başqa, müqavilə bağlandıqdan sonra cavabdeh tərəf iddiaçıdan nağd şəkildə 1.500 AZN pul alınmışdır ki, iddiaçıya xidmət göstərəcək, avtomobilin yararlı olubolmaması ilə bağlı rəy bildirəcək. İddiaçı cavabdehə mütəxəssis kimi inanıb müqavilə bağlayıb. Avtomobil sentyabr ayında gəlib. İddiaçıya məhz bu avtomobili seçməsi deyilmişdi, cavabdehin rəhbəri iddiaçıya video ilə göstərmişdir ki, avtomobil yaxşı vəziyyətdədir. Avtomobil ölkəyə çatdıqdan sonra iddiaçı onu işə sala bilməmişdir. Avtomobilin qüsuru aşkar edildikdən sonra iddiaçı onun qaytarılması ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh isə bildirmişdir ki, avtomobili “Akay Avto” salona təmir üçün aparsın, təmirin pulunu özü ödəyəcək. İddiaçı avtomobili evakuator vasitəsilə cavabdehin dediyi təmir servisinə aparmışdır. Avtomobil təmir olunandan sonra cavabdeh heç bir ödəniş etməmişdir. Avtomobilin təmirinə 9.290 manat ödənilib. Ona görə də həmin məbləğ maddi zərərin əvəzi kimi cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Bundan başqa, həmin vəsaitdən iddiaçı 2.500 manat gəlir əldə etmiş olardı, lakin cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı əldə edə biləcəyi gəlirdən məhrum olub. Xətai RM-nin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil3 apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Tərəflərin arasında “Avtomobil alışı üzrə məsləhət xidmətlərinin göstərilməsi haqqında” xx.xx.2020-ci il tarixli, FM-20/028 nömrəli müqavilə bağlanıb. Müqavilənin 1.1-ci bəndinə görə iddiaçı (sifarişçi) avtomobil alışı üzrə məsləhət xidmətlərinin göstərilməsini sifariş verib və buna görə razılaşdırılmış xidmət haqqını ödəməyi öhdəsinə götürüb, cavabdeh (icraçı) isə sifarişçinin müəyyən etdiyi qaydada avtomobil alışı üzrə məsləhət xidmətlərini göstərməyi öhdəsinə götürür. Bundan sonra iddiaçı 2016-cı il buraxılışlı “BMW 3281” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobili almışdır. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən (iş v. 19) görünür ki, avtomobil xx.xx.2020-ci il tarixdə iddiaçının mülkiyyəti kimi qeydə alınıb, qeydiyyata əsas kimi “Gömrük vəsiqəsi – 701359 BGİ” göstərilib. İddiaçı iddia edir ki, cavabdeh müqavilə öhdəliyini lazımi qaydada yerinə yetirməyib, nəticədə o, qüsurlu avtomobil alıb, qüsurun aradan qaldırılması üçün 9.290 manat xərc çəkib. “Akay Avto” adlı avtoservisin adından verilmiş arayışdan görünür ki, avtomobilin təmirinə xx.xx.2020-ci il tarixdə başlanmış, təmir xərci 9.290 manat təşkil etmişdir (iş v. 101). Müqavilədən göründüyü kimi, cavabdehin öhdəliyi məsləhət verilməsindən ibarətdir. Məsləhət – xidmət sayılır. Xidmətin qüsurlarla və ya öhdəliyin məzmununu ilə müəyyən edilmiş digər şərtlər pozulmaqla icra edilməsi “öhdəliyin icra edilməməsi” sayılır (Mülki Məcəllə, maddə 442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (Mülki Məcəllə, maddə 443.1). Avtomobilin qüsuruna görə satıcı məsuliyyət daşıyır, cavabdeh satıcı deyil. Avtomobilin qüsurlu olması faktı özözlüyündə xidmətin (məsləhətin) qüsurlu olması demək deyil. Xidmətin (məsləhətin) qüsurlu olub-olmaması xidmətin məzmununa əsasən müəyyənləşdirilir. Xidmətin məzmunu isə müqaviləyə əsasən müəyyən olunur. Tərəflərin bağladığı yazılı müqavilədən xidmətin məzmununu müəyyənləşdirmək mümkün deyil. Belə ki, müqavilənin 2.2-ci bəndinə görə, icraçı (cavabdeh) sifarişçinin (iddiaçının) sifariş verdiyi avtomobilin alışı üzrə məsləhət xidmətlərini həyata keçirir. Müqavilənin 3.2.1-ci bəndinə görə, müqavilədə nəzərdə tutulan qaydada sifarişçinin (iddiaçının) müəyyən etdiyi avtomobilin alışı üzrə məsləhət xidmətlərini həyata keçirmək icraçının (cavabdehin) vəzifəsidir. Göründüyü kimi, məsləhət xidmətinin məzmunu müqavilədə açıqlanmayıb, yalnız qeyd olunub ki, məsləhət xidməti sifarişçinin müəyyən etdiyi avtomobilin alışı üzrə həyata keçirilir. “Sifarişçinin müəyyən etdiyi avtomobilin alışı üzrə” ifadəsi onu təsdiq edir ki, avtomobili iddiaçı özü müəyyən etməlidir, cavabdeh isə iddiaçının müəyyən etdiyi avtomobilin alışı üzrə məsləhət xidməti həyata keçirməlidir. İddiaçının müəyyən etdiyi avtomobil istifadə olunmuş və qəzaya uğramış avtomobilidir. Bunu iddiaçının özü də bilib, buna görə də həmin avtomobili eyni modelli, eyni markalı və eyni buraxılış ili olan avtomobilin qiymətindən aşağı qiymətə əldə edib. İddiaçının özünün müəyyən etdiyi həmin avtomobilə dair cavabdehin göstərməli olduğu məsləhət xidmətinin məzmunu qeyri-müəyyən olduğundan cavabdehin müqavilə öhdəliyini pozmaqda (xidməti qüsurlu icra etməkdə) təqsirləndirilməsi mümkün deyil. Beləliklə, məhkəmə Mülki Məcəllənin 442 və 443-cü maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4791/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4791/2022
29.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver