Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4792/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli, 2(003)-2548/20 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti “xxxx” X5 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən “xxxx” X4 vurulmuş ziyana görə 6394 manat məbləğində pulun və dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim H.Hüseynli, iş № 2(003)-2548/20) iddia qismən təmin olunaraq Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 6373 (altı min üç yüz yetmiş üç) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti “xxxx” X3 xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş və şikayətində qətnamənin ləğv edilməsini, iddianın qismən - 1373 manat hissəsində təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 06 iyun 2018-ci il tarixdə idarə etdiyi “Ford” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı avtomaşınla “xxxx” X3 balansında olan 1 ədəd “Palermo” tipli işıq dirəyini vurub sıradan çıxarmış və nəticədə müəssisəyə 6394 manat dəyərində maddi ziyan yetirmişdir. Cavabdeh ziyanın ödənilməsi ilə bağlı müəssisəyə dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 iyun 2019-cu il tarixli, 8285 saylı ekspert rəyinə əsasən 2015-ci il tarixdə istismara verilmiş 1 ədəd “Palermo” tipli işıq dirəyinin istismarına 4,5 % köhnəlmə tətbiq edilməklə qalıq qiyməti 6373,00 manat müəyyən edilmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsasandırılmışdır ki, 14.11.2017-ci il tarixli icbari sığorta müqaviləsi əsasında “Ford” markalı, ** JG *** dövlət qeydiyyat nişanlı avtomobil 14.11.2017-ci il tarixdən “xxxx” ASC-də icbari sığorta ilə sığortalanmışdır. Əmlaka vurulan zərərə görə sığorta məbləği 5000 manat təşkil edir. Həmçinin iddiaçı sığorta şirkətinə müraciət edərək ödəniş aparılmasını xahiş etmiş, lakin sığorta şirkəti iddiaçıya ödəniş etməkdən imtina etmişdir. Məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın qismən – 1373 manat hissəsinin təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işdə iştirak etməyə cəlb olunmuş “xxxx” SŞ ASC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə 21 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi işin araşdırılan hallarına əsasən müəyyən etmişdir ki, Cavabdeh 06 iyun 2018-ci il tarixdə idarə etdiyi “Ford” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı avtomaşınla “xxxx” X1 balansında olan 1 ədəd “Palermo” tipli işıq dirəyini vurub sıradan çıxarmış və nəticədə müəsisəyə maddi ziyan yetirmişdir. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən 2015-ci il tarixdə istismara verilmiş 1 ədəd “Palermo” tipli işıq dirəyinin istismarına 4,5 % köhnəlmə tətbiq edilməklə qalıq qiyməti 6373,00 manat müəyyən edilmişdir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq bu qənaətə gəlmişdir ki, Cavabdeh 6373 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti “xxxx” X4 ödənilməlidir. Məhkəmə iddianın əsaslı olması ilə bağlı mövqeyini hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1097.1-cı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31.05.2002-ci il tarixli qərarı və s. ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini əsaslı, apellyasiya şikayətinin dəlillərini isə əsassız sayır və şikayətin zərərə görə 5000 manatın sığorta şirkəri tərəfindən ödənilməli olması barədəki dəlili ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən Sığorta Şirkətinə qarşı hər hansı tələb irəli sürülməmişdir. Yəni, Sığorta Şirkəti hazırkı işdə cavabdeh deyildir. Bu baxımdan məhkəmə kollegiyası iş üzrə cavabdeh olmayan şəxsin üzərinə hər hansı vəzifə qoya bilməz. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Qanunun mənasına görə cavabdeh bir qayda olaraq iddiaçının hüququnu pozan, yaxud onun hüququnu mübahisələndirən tərəf olur. Hazırkı işdə iddiaçı hüququnun məhz Cavabdeh tərəfindən pozulduğunu hesab etdiyinə görə yalnız ona qarşı iddia qaldırmışdır. Cavabdehin apellyasiya şikayətinə əlavə edilmiş icbari sığorta müqaviləsinə dair məlumatdan məlum olur ki, “FORD Transit Yük” markalı, ** JG *** seriyalı avtomobil “xxxx” Sığorta Şirkəti ASC-də 14 noyabr 2017-ci il tarixli müqavilə əsasında icbari sığortalanmış, sığorta şəhadətnaməsi 15.11.2017-ci il tarixdən 15.11.2018-ci il tarixədək qüvvədə olmuşdur. Avtomobil qəzası 06 iyun 2018-ci il tarixdə, şəhadətnamə qüvvədə olan müddətdə baş vermişdir. Məhkəmə kollegiyası cavabdehə izah edir ki, o, tutulan məbləğin icbari sığorta hissəsinin “xxxx” Sığorta Şirkəti ASC-dən tələb olunmasına dair sonuncuya qarşı ayrıca icraatda müstəqil iddia qaldıra bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə 21 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-4792/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4792/2021
14.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver