Məhkəmə qərarları › İş №2(103)-4793/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4793/2025

02.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4793/2025 02.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Sarkarda Alievin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-4793/2025 (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, Cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Sarkarda Alievin Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3358/2025 nömrəli 19 iyun 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 02 sentyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sarkarda Aliev ilə X2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli Kredit müqaviləsindən görünür ki, Sarkarda Aliev Cavabdeh 28700 manat məbələğində borc vermiş, borcalan isə borcu xx.xx.2023-cü il tarixədək 8000 manat, xx.xx.2023-cü il tarixədən başlayaraq hər ayın ilk həftəsi ayda 500 manat olmaqla xx.xx.2026-cı ilədək qaytarmağı öhdəsinə götürmüşdür.

2. Pretenziya məktubundan görünür ki, cavabdeh 28700 manat məbləğinin 5 gün ərizəndə ödənilməsi barədə xəbərdar edilmiş, əks təqdirdə məhkəməyə müraciət edilməsi barədə məlumatlandırılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Sarkarda Aliev Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 yanvar 2023-cü tarixli kredit müqaviləsi üzrə ödənilməli olan 28700 manat, 177 manat dövlət rüsumunun və vəkilə ödənilmiş 500 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 13 yanvar 2023cü tarixli notarial qaydada təsdiq olunmuş kredit müqaviləsi var. Həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı 28700 (iyirimi səkkiz min yeddi yüz) manat borc almış və bu günə qədər ödəməmişdir. Müqaviləyə görə borc məbləği xx.xx.2023-cü il tarixədək 8000 manat birdəfəlik, qalan məbləğ isə xx.xx.2023-cü il tarixindən başlayaraq hər ayın ilk həftəsində 500 manat olmaqla, xx.xx.2026-cı il tarixinədək İddiaçı qaytarılmalı olsa da, Cavabdeh müqavilə şərtlərini kobud surətdə pozaraq hər hansı ödəniş etməmişdir. Bununla bağlı tərəfindən pretenziya məktubu ilə müraciət olunsa da, Cavabdeh yenə pulu ödəməkdən imtina etmişdir.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-3358/2025 nömrəli 19 iyun 2025-ci qətnaməsi ilə (hakim Nilufər Cəfərli) iddia təmin edilməsi, Cavabdeh 28700 manat məbləğində pul vəsaitinin, 177 manat dövlət rüsumunun və 500 manat vəkil xərcinin tutularaq iddiaçı Sarkarda Alieva ödənilməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh iddiaçı Sarkarda Alievə 28700 manat borcu olmuşdur, sözügedən borcu xx.xx.2023-cü il tarixdək 8000 manat hissəsini, qalan hissəsini isı xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı məhkəməyə müraciət edərək cavabdeh tərəfindən borc pulun heç bir hissənin geri qaytarılmadığını bildirmişdir, cavabdeh isə məhkəmə iclasına çağırılmasını baxmayaraq məhkəməyə gəlməmiş və ya qeyd edilən borcdan hər hansı bir ödəniş etməsinə dair əsaslı sübutlarını məhkəməyə təqdim etməmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 448.2, 739.1 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 88, 107, 119.1, 121.1, 216-220 və 360-cı maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətində göstərilmişdir ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi tamamilə formal xarakter daşıyır. Çünki cavabdeh Sarkarda Alievə ümumiyyətlə hər hansı bir borcu olmayıb. Müqavilə başqa münasibətləri pərdələmək adı ilə bağlanılıb, yəni görünüş üçün bağlanılan müqavilədir. Tərəflər müqavilə bağlayarkən guya Cavabdeh iddiaçı Sarkarda Alievdən borc pul götürdüyü görüntüsü yaradıblar. Cavabdehin bildirdiyinə görə iddiaçı ilə heç bir dostluq, tanışlıq münasibətində olmayıb, yalnız bir şirkətdə fəaliyyət göstəriblər. Cavabdehlə fəaliyyət göstərdiyi şirkət arasında maliyyə münasibətləri olub. Lakin bu münasibətlər rəsmi olmadığından onlar bu yolla uydurma əqd bağlayıblar. Lakin faktiki olaraq iddia tələbində qeyd edilən pul məbləği ümumiyyətlə Hüseyin Talıbova verilməmişdir. Tərəflər müqavilə bağlanılması üçün notatiat orqanına yaxınlaşmışlar, daha sonra kredit müqaviləsi bağlanılmış və notariat ofisinin daxilində yerləşən bank filialının kassasına pul məbləği iddiaçı tərəfindən təqdim edilmiş, bundan sonra yenidən iddiaçının özü tərəfindən həmin pul məbləği geri götürülmüşdür. İşə Sabunçu Rayon Məhkəməsində baxılan zaman cavabdehin məhkəmə iclaslarından xəbəri olmamış və bu səbəbdən ədalətli məhkəmə araşdırılması hüququndan məhrum olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

13. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

15. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 16.Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 17.Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 18.Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 19.Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 20.Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 22.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 23.Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

24. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

25. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

26. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 27.Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 134.1. Məhkəmə işdə iştirak edən şəxslərə aşağıdakı məhkəmə sənədlərini rəsmi qaydada verməlidir: 32.134.1.1. iddia ərizəsini; 33.134.1.4. məhkəmə bildirişini; 34.134.1.5. birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını. 35.Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.

36. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

40. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Göründüyü Cavabdeh iddiaçı Sarkarda Alievə xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 28700 manat borcu olmuşdur, sözügedən borcu xx.xx.2023-cü il tarixdək 8000 manat hissəsini, qalan hissəsini isə xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixədək ödəməyi öhdəsinə götürmüşdür.

43. Tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.

44. Hazırda iddiaçı məhkəməyə müraciət edərək cavabdeh tərəfindən borc pulun heç bir hissənin geri qaytarılmadığını bildirmişdir, cavabdeh isə məhkəmə iclaslarına gəlmədiyindən və borcun məbləğini mübahisələndirmədiyindən məhkəmə iddianı tam təmin etmişdir.

45. Hazırda cavabdeh apellyasiya şikayəti vermişdir, şikayətdə borcun qaytarılması ilə bağlı hər hansı ödəniş etməsindən bəhs olunmur.

46. Bunun əksinə cavabdeh müqavilənin iddiaçı ilə birgə işlədiyi şirkətə borcu yarandığını, münasibətlər rəsmi olmadığından yaranmış borcu iddiaçı ilə bağlanmış uydurma müqavilə ilə rəsmiləşdirdiklərini qeyd edir.

47. Kollegiya əvvəla qeyd edir ki, hər hansı hüquqi şəxsin kredit müqaviləsinin tərəfi olmasını qadağan edən hər hansı norma yoxdur, ona görə də kredit (borc) müqaviləsi şirkətin özü ilə bağlana bilərdi.

48. Hazırki halda cavabdehin etirazı müqavilə bağlanarkən hər hansı məbləğdə pul verilib-alınmaması səbəbindən həmin müqavilənin etibarsız (uydurma) olması ilə bağlıdır.

49. Kollegiya hesab edir ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin uydurma əqd olması nəticəsinə gəlmək üçün heç bir əsas yoxdur. Tərəflərin müqavilə ilə başqalarının gözündə bağlanmış əqdin qanuni olması görüntüsünü yaratmaq kimi niyyətlərinin olması, eyni məqsəd güdməsi və eyni mənafedən çıxış etməsi müəyyən olunmur.

50. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən hər bir tərəf istinad etdiyi halı sübuta yetirməlidir. Lakin cavabdeh tərəfindən müqavilənin etibarsızlığına dair hər hansı sübut təqdim edilməmişdir.

51. Kollegiya onu da qeyd edir ki, cavabdeh şəxsən məhkəmə iclasına gəlib irəli sürdüyü arqumentləri əsaslandırmağa belə cəhd göstərməmiş, iddianın əsassız olması ilə bağlı hər hansı sübut təqdim etməmişdir.

52. Hazırki icraat zamanı cavabdehin vəkili-nümayəndəsi cavabdehin xaricdə olması səbəbindən məhkəmə iclasına gələ bilmədiyini bildirib məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, EMİS-dən əldə olunmuş məlumatdan görünür ki, cavabdeh sonuncu dəfə xx.xx.2025-ci il tarixdə ölkəyə daxil olmuş və bir daha xaricə getməmişdir, yəni hazırki icraat zamanı ölkədə olmuşdur. Bu isə cavabdeh tərəfin qeyri-səmimiliyini göstərir.

53. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehin məlumatlandırılmamasına gəlincə kollegiya qeyd edir ki, məhkəmə bildirişləri 08 aprel 2025-ci il tarixli və 10 iyun 2025-ci il tarixli məhkəmə bildirişləri cavabdehin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Bu barədə iş materiallarına müvafiq sifarişli poçt reyestrləri əlavə edilmişdir.

54. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş yekun məhkəmə aktı eyni qayada xx.xx.2025-ci il tarixdə cavabdehə göndərilmiş, ünvanda məhkəmə aktı qəbul edilmiş və cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verilmişdir.

55. Göründüyü kimi cavabdehin məhkəmə iclaslarında iştirakının təmin edilməməsi barədə dəlilləri əsassızdır.

56. Birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir, qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3358/2025 nömrəli iş üzrə 19 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar