Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4795/2025 09.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-4795/2025 (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh1, onun və eyni zamanda digər cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-80/2025 nömrəli 05 iyun 2025-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə 09 sentyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 95 saylı evin 14/15 saylı mənzili paylı mülkiyyət kimi 1/2 pay hüququ ilə X2, 1/2 pay hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 278 nömrəli reyestr kitabının 26704 nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 95 saylı evin 48 saylı mənzili xüsusi mülkiyyət kimi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 287 nömrəli reyestr kitabının 27325 nömrəli vərəqində qeydiyyata alınmışdır.
3. 13 saylı MKİS tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, MKİS-in rəisi, mühəndisi və sahə nəzarətçisi sakin İddiaçı müraciətinə əsasən yerində araşdırma aparmışlar. Məlum olmuşdur ki, İddiaçı məxsus 15 saylı mənzil Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospektində yerləşən 95 saylı evin 3-cü mərtəbəsində yerləşir, qonşusu 4-cü mərtəbədə yerləşən 48 saylı mənzildə qeydiyyatda olan Cavabdeh2 mənzilindən əvvəllər bir neçə dəfə su axıntısı baş vermiş, su axıntısı nəticəsində İddiaçı məxsus mənzilin tavanı, divarı, divar kağızları tam yararsız vəziyyətə düşüb, mənzilə xeyli miqdarda maddi ziyan dəyib. Hal-hazırda su axıntısı dayandığından axıntının baş vermə səbəbini araşdırmaq mümkün olmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, dəymiş ziyanın əvəzi olaraq 3.020 manat pulun, mənəvi zərərə görə 1.000 manat pulun cavabdeh tərəfdən tutularaq ona ödənilməsi, eləcə də 60 manat məbləğində dövlət rüsumunun və mütəxəssis rəyinə görə 300 manat pulun cavabdeh tərəfdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 95 ünvanında yerləşən 15 nömrəli mənzil 20 ilə yaxındır ki, onun mülkiyyətindədir. Ailəsi ilə bu mənzildə yaşayır. Başqa yaşayış yeri yoxdur. Mənzil 3-cü mərtəbədə yerləşir. Mənzilə köçən zaman evi təmir edərkən fikir vermişdir ki, üst qonşularının eyvanlarının üstü açıq olduğuna görə nə zamansa eyvanına və mənzilinə yağış suyu axa bilər. 4-cü mərtəbədə, birbaşa üstündə yaşayan qonşu İqorun maddi durumunu nəzərə alıb ondan razılıq (sonda da minnətdarlıq) alaraq onun mənzilinin eyvanının yerini etibarlı şəkildə təmir etmişdir. Həmin üstündəki mənzillə yanaşı yerləşən hazırki cavabdehlərin də eyvanını təmir etmək istədikdə, evin o vaxtkı sahibi (1-ci cavabdehin babası, 2-ci cavabdehin atası) razılıq verməmişdir. Cavabdeh tərəfin evindən bu günə qədər ümumilikdə 5 dəfə mənzilini müxtəlif dərəcədə yararsız hala salan su axması olmuşdur. Bu hal ilin soyuq mövsümlərində baş vermişdir. Səbəbi yağış suları idi. Onun eyvanındakı qapı-pəncərələri artıq çətinliklə açılırdı, su axmadan çökmə baş vermişdi. Növbəti müraciəti zamanı cavabdeh tərəf (2-ci cavabdeh) təmir etməsinə etiraz etmədi və o, birbaşa üstündəki mənzilin eyvanını təmir etdiyi kimi bu mənzilin də eyvanının yerini yenidən «styajka» edərək hidroizolyasiya etmişdir. Bu azmış, bu ilin avqust ayında cavabdehlərin artıq mənzilin içindən su axaraq evini əməlli-başlı yararsız hala gətirmişdir. O, cavabdehə demişdir ki, vurduğu ziyanı aradan qaldırsın, korladığı yerləri təmir etsin. Cavabdeh də (2-ci cavabdeh) etinasız şəkildə cavab vermişdir ki, «gəl sənə yüz manat verim». Onu da qeyd edir ki, cavabdeh tərəfin evinin birbaşa altında yerləşən və onunla divar qonşusu olan Yaşar adlı şəxsin evinə də su axıdılaraq ziyan dəymişdir. Lakin Yaşar xaricdə olduğundan hələ məhkəmə iddiası qaldırmamışdır. Beləliklə, cavabdeh tərəf ona maddi ziyan vurmuş, rahat yaşayışını pozmuş, əsəbiləşdirmiş və bununla da mənəvi zərər yetirmişdir. Mənzilinə dəyən ziyanın qiymətləndirilməsinə dair rəyi əlavə etməklə cavabdeh tərəfdən təzminat istəyir.
6. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş iddia icraatına keçirilmişdir.
7. Daha sonra, İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, dəymiş ziyanın əvəzi olaraq 3.020 manat pulun, mənəvi zərərə görə 1.000 manat pulun cavabdeh tərəfdən tutularaq ona ödənilməsi, eləcə də 60 manat məbləğində dövlət rüsumunun və mütəxəssis rəyinə görə 300 manat pulun cavabdeh tərəfdən tutularaq ona ödənilməsi, eləcə də ziyan olaraq ödəniləcək pulun (3.020 manat) məhkəməyə müraciət edilən xx.xx.2023-cü il tarixdən hesablanmaqla faktiki ödəniş edilən günədək illik 5 % vəsaitin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı 18 dekabr 2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi iddia ərizəsinə əlavədə qeyd etmişdir ki, işə baxılma müddətində məhkəmə tikintitexniki ekspertizası təyin etmiş, cavabdehlər tərəfindən qapı açılmamaqla ekspertə evə baxış keçirilməsi əngəllənmişdir. Bu səbəbdən baxış keçirilmədən, digər hallar öyrənilməklə 18 iyul 2024-cü il tarixli rəy verilmişdir. Rəyin nəticə hissəsində cavab olaraq birmənalı göstərilmişdir ki, «....Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 95 saylı evin 15 saylı mənzilinə, həmin mənzil ilə eyni proyeksiyada yerləşən 48 saylı mənzildən su axıdıldığı, nəticədə 15 saylı mənzilin yaşayış otağı tikilisinə ziyan vurulduğu müəyyən edilmişdir». Rəyin nəticə hissəsinin sonunda su sızmanın birbaşa mənbəyinin göstərilməsinin mümkünsüzlüyü qeyd olaraq göstərilmişdir. Beləliklə, məhkəmənin sualı birmənalı cavablandırılıb və dəqiqlik olaraq heç nəyi dəyişməyən qeyd əlavə edilib. İkinci dəfə təyin olunmuş ekspertizanın keçirilməsində ekspert qapı açılmamaq səbəbindən imtina etmişdir. İşin bütün halları nəzərə alınaraq və nəzərə alınaraq ki, cavabdehin mənzili sonuncu mənzildir və onun mənzilinin üstündə artıq binanın açıq damı yerləşir, deməli su ya damdan axa bilər, ya da cavabdehin mənzilindən. Belə olan halda maddi məsuliyyətdən yayınmaq üçün ekspertə qapısını açmayan cavabdeh öz hərəkəti ilə də təsdiq edir ki, su damdan deyil, onun mənzilindən axır. Damdan onun da evinə su axıdılsaydı, o, əvvəldən bu halı bildirər və həm iddiaçıya və həm də ki, ekspertə həmin mənzərəni nümayiş edərdi, evə dəvət edib öz tavanını göstərərdi ki, «baxın, mənim də evimi damdan su basıb». Göründüyü kimi, cavabdeh səmimi deyil və mübahisənin məhkəmədə həllinə mane olmaq istəyir. O, iki ildir ki, məhkəmədə hüququnun müdafiəsinə nail olmaq istəyir. Məsələnin uzanması onun qan qaralığına səbəb olur, onun pul vəsaitinin (bərpa dəyərinin məbləği) haqsız yerdən başqa şəxsdə qalmaqdadır. Cavabdehin bu cür şüurlu hərəkətləri, yəni özgənin vəsaitini qaytarmaması, onun bu gecikməyə iradəsinə əks olaraq dözməsinin, vaxtının alınmasının, gözləntidə qalmasının, əsəbiləşməsinin təzminatı olmalıdır.
9. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli CE-**********48 saylı mütəxəssis rəyindən görünür ki, aparılmış təhlil və hesabatlar nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri Azadlıq prospekti 95 ünvandakı binanın 3-cü mərtəbəsində yerləşən İddiaçı məxsus 15-ci mənzilinə həmin binanın 4-cü mərtəbəsində yerləşən 48 saylı mənzildən su axıdılması nəticəsində dəymiş ziyanın (bərpa işlərinin) dəyəri 3.020 manat təşkil edir. Mütəxəssis rəyinin hazırlanması xərci 300 manat təşkil etmişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyul 2024-cü il tarixli 3-16-16/2-10/201 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 15 saylı mənzilin yaşayış otağı tikilisinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospektində yerləşən 95 saylı evin 15 saylı mənzilinə, həmin mənzil ilə eyni proeksiyada yerləşən 48 saylı mənzildən su axıldığını, nəticədə 15 saylı mənzilin yaşayış otağı tikilisinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, 48 saylı mənzilin qapısı bağlı olduğundan, 15 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 15 saylı mənzilə su sızması 48 saylı mənzilin sukanalizasiya xətlərinin gözlə görünməyən hissələrində yaranmış nasazlıq və ya mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospektində yerləşən 95 saylı evin 15 saylı mənzilində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2.584 manat məbləğində müəyyən olunmuşdur. Rəyə 1 vərəqdən ibarət smeta əlavə olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 aprel 2025-ci il tarixli 3-16-16/2-10/10107/2024 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospektində yerləşən 95 saylı evin 48 saylı mənzilinin sanitar qovşağı tikilisi təmirli olduğundan, sukanalizasiya xətlərinin gözlə görünən hissələrində hər hansı bir qüsur olmadığından 15 saylı mənzilə su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 05 iyun 2025-ci il tarixli 2(006)-80/2025 nömrəli qətnaməsi ilə (hakim Vüsalə Musayeva) iddianın qismən təmin edilməsi, dəymiş maddi ziyana görə 2.584 manat, mənəvi ziyana görə 300 manat pul vəsaiti və ödənilmiş 61 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə tutulması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat xərc cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi qət edilmişdir.
13. Məhkəmə iddianın yönəldiyi cavabdehlərlə bağlı qeyd etmişdir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etdiyi zaman Cavabdeh1 mənzilin mülkiyyətçisi olsa da, yetkinlik yaşına çatmamış şəxs olmuşdur və odur ki, onun hüquqlarını məhkəmədə qanuni nümayəndəsi qismində digər cavabdeh atası-Cavabdeh2 təmsil etmişdir. Məhkəmə qətnaməsi qəbul edilən tarixə Cavabdeh1 yetkinlik yaşına çatmışdır. Bununla belə məhkəmə qeyd etmişdir ki, su axıdılması baş verən mənzilin mülkiyyətçisi Cavabdeh1 olmasına baxmayaraq delikt törədilən anda mənzilin faktiki sahibliyini Cavabdeh2 həyata keçirdiyindən hazırki iddia tələbində hər iki şəxs cavabdehlik daşıyır və məsuliyyət onlar arasında bölüşdürülməlidir.
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbi maddi zərərin tutulması hissəsində ekspertin rəyində müəyyən edilən məbləğdə, yəni 2.584 manat məbləğində təmin edilməli, mənəvi ziyana gəldikdə iddiaçının əmlakına zərər dəyməsi onda mənfi emosiyalara səbəb olduğundan bu hissədə də iddia tələbi qismən təmin edilməklə 300 manat pul və ödənilmiş dövlət rüsumu isə tam şəkildə iddiaçının xeyrinə cavabdehlərdən tutulmalıdır.
15. Məhkəmə iddia tələbinin mütəxəssis rəyinə görə 300 manat pulun tutulması hissəsi ilə bağlı hesab etmişdir ki, iddiaçı qeyd edilən məbləği ödəməsinə dair qəbzi iddia ərizəsinə əlavə etməmiş və sonradan məhkəməyə təqdim etməmişdir. Belə olan təqdirdə iddiaçı tərəfindən mütəxəssis rəyinə görə həqiqətən də 300 manat məbləğində pulun ödənişi öz təsdiqini tapmadığından bu hissədə iddia təmin edilə bilməz.
16. Məhkəmə iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etdiyi tarixdən faktiki ödəniş olunan günədək illik 5 % hesablanmaqla pulun tutulması hissəsi ilə bağlı hesab etmişdir ki, qeyd edilən tələb qeyri-müəyyən olduğundan hazırki mərhələdə təmin edilə bilməz.
17. Məhkəmə xərcləri isə tam şəkildə cavabdehlərdən müştərək qaydada tutulmaqla aidiyyəti üzrə ödənilməlidir.
18. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 30.3, 1096.1, 1096.2, 1097.1, 1104.1, 1104.2, 1104.4, 1111.1, 1111.2, Mülki Prosessual Məcəllənin 77.1, 80, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
19. Qətnamədən cavabdehlər birgə apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
20. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı“bir mənalı” formada özünün də qeyd etdiyi kimi mənzilinə axıdılmış olan suyunmənbəyi “mövsümu yağış suları”dır. Axıdılmış olan “yağış sularının” cavabdehlərin mənzilindən axıdılması həqiqətən olması faktı ilə bağlı təyin edilmiş xx.xx.2025-ci il tarixli ekspertiza nömrəsi 10/10107 olan tikinti-texniki ekspertizasına əsasən iddiaçının mənzilinə su axıdılması ilə bağlı ziyan dəymişdir, lakin konkret olaraq mənzildən axıdılması heç bir formada ekspertizanın rəyində konkret olaraq öz əksini tapmır. xx.xx.2025-ci il tarixli ekspertiza nömrəsi 10/10107 olan tikinti-texniki ekspertizanın keçirilməsi ilə bağlı rəydə qeyd edilmişdir ki, güya mənzilinin qapısı açmayaraq mütəxəssisə ekspertizanın keçirilməsi üçün şərait yaratmamışdır. Qeyd edir ki, bu fikirlə razılaşmır. Belə ki, mənzilin qapısının açan olmaması faktı həqiqəti əks etdirmir, ən azı qonşudan soruşmaq və ya məlum olan mobil telefonla əlaqə saxlayaraq mənzildə ekspertizanın keçirilməsini bildirərək məqsədə nail olmaq olardı. Məhkəmə işin hallarını nəzərdən keçirərək qənaətə gəldiyi mövqe hesab edir ki, əsassızdır. Belə ki, məhkəmə cavabdehə dəymiş ziyanın bir mənalı formada onun mənzilindən axıdılmasını texniki cəhətdən müəyyən etmək mümkün olmaması qeyd etsə də, bu faktı məhkəmə mübahisənin obyektiv qiymətləndirilməsinə mane olmamış və hansı mənbəyə əsaslanması məlum olmayan səbəbdən cavabdehin təqsirli olmağımı bildirərək qərar vermişdir. Eyniz amanda iddiaçıya dəymiş ziyan da 2584 azn müəyyən edilməsi reallığı əks etdirmir, buna görə də hesab edir ki, təkrar ekspertiza keçirilməli və həmin rəyin əsasında rəy verilməlidir. Beləliklə birinci instansiya məhkəməsi iş üzrə zəruri olan bütün faktiki halları araşdırmamış, nəticədə hazırki qanunsuz və əsassız qətnaməni qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
22. Məhkəmə iclasında iştirak edən cavabdeh, onun və eyni zamanda digər cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər.
23. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
24. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
25. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
26. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
27. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
28. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
29. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 33.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
36. Qətnamə cavabdehlərin apellyasiya şikayəti həddində, yəni iddianın təmin edilən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Beləliklə müəyyən edilmişdir ki, cavabdehlər iddiaçının üst qonşusu olan mənzilin paylı mülkiyyətçiləridir. 13 saylı MKİS tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, MKİS-in rəisi, mühəndisi və sahə nəzarətçisi sakin İddiaçı müraciətinə əsasən yerində araşdırma aparmışlar. Məlum olmuşdur ki, İddiaçı məxsus 15 saylı mənzil Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospektində yerləşən 95 saylı evin 3-cü mərtəbəsində yerləşir, qonşusu 4-cü mərtəbədə yerləşən 48 saylı mənzildə qeydiyyatda olan Cavabdeh2 mənzilindən əvvəllər bir neçə dəfə su axıntısı baş vermiş, su axıntısı nəticəsində İddiaçı məxsus mənzilin tavanı, divarı, divar kağızları tam yararsız vəziyyətə düşüb, mənzilə xeyli miqdarda maddi ziyan dəyib. Hal-hazırda su axıntısı dayandığından axıntının baş vermə səbəbini araşdırmaq mümkün olmamışdır.
39. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyul 2024-cü il tarixli 3-16-16/2-10/201 saylı ekspert rəyindən görünür ki, cavabdehlər tərəfindən iddiaçıya vurulmuş maddi zərər 2584 manat təşkil edir.
40. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını, ekspert rəyini əsas götürərək, dəymiş maddi ziyanın əvəzi olaraq 2584 manatın iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir.
41. Cavabdehlərin apellyasiya şikayətinə münasibətdə kollegiya qeyd edir ki, MKİS tərəfindən tərtib edilmiş aktdan, eləcə də ekspert rəyindən də görünür ki, iddiaçının mənzilinə dəymiş ziyan məhz yuxarı qonşu ilə olan divardan mənzilə keçmişdir.
42. Cavabdehlər dəymiş ziyanın məbləğini mübahisələndirərək təkrar ekspertiza keçirilməsini tələb etsələr də, daha əvvəl keçirilmiş ekspertizalar üzrə rəyləri şübhə altına alan hər hansı mötəbər dəlil təqdim etməmişlər.
43. Kollegiya hesab edir ki, məhkəmənin bu hissədə qənaəti qanuni və əsaslı olmuşdur.
44. Bundan başqa iddiaçıya dəymiş mənəvi zərərə görə cavabdehlərdən 300 manat hissəsində təmin edilmiş, hazırda cavabdehlər qətnaməni həmin hissədə mübahisələndirmişlər.
45. Kollegiya qeyd edir ki, cavabdehlərin hüquqa zidd əməli, iddiaçının mülkiyyətində olan daşınmaz əmlakına vurulmuş ziyanın aradan qaldırılması və onun öz hüquqlarının bərpası məqsədilə çəkmiş olduğu xərclərin yaranmasına, o cümlədən, mənəvi satsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarmışdır.
46. Belə olan halda kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. İddiaçıya dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya müəyyən edilməli və iddiaçıya dəymiş mənəvi zərərin əvəzi 300 manat həddində qiymətləndirilməkdə məhkəmə haqlı olmuşdur.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-80/2025 nömrəli 05 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.