Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4796/2021 07.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-167/2021 saylı, 15 fevral 2020-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiаçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən Cavabdeh 1556.09 ABŞ dolları əsas, 977.65 ABŞ dolları müddət sonuna hesablanan faiz, 1113.49 ABŞ dolları məbləğində cərimə və 237.38 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respubliikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 3884.61 ABŞ dolları məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan “Mercedes Benz C-230” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-167/2021 saylı, 15 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iş üzrə qətnamə çıxararkən cavabdeh tərəfindən məhkəməyə təqdim olunan iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərə alaraq sözügedən kredit müqaviləsi üzrə iddia müddətinin axımı müqavilənin icra müddətinin bitdiyi 29.05.2017-ci il tarixdən hesablanması və iddia tələbinin rədd edilməsi düzgün deyil. Çünki, hakim işin tam və obyektiv araşdırılması üçün iddiaçının iddia müddəti ilə bağlı ərizəyə mövqeyini öyrənməli idi. Həmin dövr ərzində ölkədə və dünyada baş verən COVİD-19 koronavirusun pandemiyası nəticəsində Azərbaycan Respublikasında Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejimi tətbiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejiminin tətbiq edilməsinə dair 13.03.2020-ci il tarixli qərarına əsasən karantin rejimi tətbiq edilmiş və əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı qərarının 2 nömrəli əlavəsinə əsasən, Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fondu məlumatları işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra hərəkətinə yol verilən dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin siyahısında yer almışdır. Buna görə də bankın yalnız bir əməkdaşının adı "icaze.e-gov.az” portalına daxil edilirdi. İcraatda olan iş sayı da çox olduğuna görə iddia müddəti ötürülmüşdür. Birinci instansiya məhkəməsi tələbin iddia müddətinin tətbiq edilməsi əsası ilə rədd edərək iddiaçının mənafeyini və cavabdeh tərəfindən hüquqların pozulub-pozulmamasını nəzərə almamışdır. Belə ki, iddia tələbinin mahiyyətindən də görünür ki, cavabdehlə kredit müqaviləsi bağlanmış və cavabdeh həmin kredit müqaviləsi üzrə 2700 ABŞ dolları kredit götürmüşdür. İddiaçının iddia tələbinin əsasını cavabdeh tərəfindən kredit müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməməsi təşkil edir. Məhkəmə isə sözügedən mübahisəni araşdırmadan iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi əsasına istinad edərək iddianı rədd etmişdir və iddiaçının pozulmuş hüquqlarının məhkəmə müdafiəsini həyata keçirməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 şikayətin təmin olunmamasını xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında iddiaçıya lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı nümayəndəsinin iştirakını təmin etməmişdir. Apellyasiya instansiya məhkəməsi, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı 29.05.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 22 faizlə, 24 ay müddətinə 2700 ABŞ dolları kredit vermişdir. Borcalan bu krediti qəbul edərək müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Lakin borcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, bu səbəbdən iddiaçı Bank məhkəməyə müraciət edərək cavabdehdən borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəf isə iddianı qəbul etməmiş, iddiaçının iddia müddətini ötürdüyünü bildirmiş, bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli olan öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.1 və 377.2-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli Qərarında (L.İ.Binnətovanın şikayəti üzrə) qeyd edilir ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası MM-nin 373cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.” Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərilən dəlilləri əsassız olduğundan qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, 29.05.2015-ci il tarixdə tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 29.05.2017-ci il tarixdə bitmişdir. Belə olan halda həmin müqavilə üzrə iddia müddəti 29 may 2020ci il tarixdə bitmişdir. İddiaçı isə həmin müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı iddia tələbi ilə 10 iyul 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair maddələrinin şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedən də görünür ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Kredit münasibətlərindən yaranan mübahisələrə MMin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri). Apellyasiya instansiya məhkəməsi şikayətin digər dəlilləri ilə bağlı qeyd edir ki, ölkədə və dünyada baş verən COVİD-19 koronavirus pandemiyası nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejiminin tətbiq edilməsinə dair 13.03.2020ci il tarixli qərarına əsasən karantin rejimi tətbiq edilmişdir. Həmin vaxta qədər kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən 2 il, 9 aydan çox müddət keçmiş, başqa sözlə iddia müddətinin keçməsinə 2 aydan bir qədər artıq vaxt qalmışdır. İddiaçı bank bu dövrədək cavabdehə qarşı iddia irəli sürə bilərdi. Həmin vaxtadək iddia irəli sürməyə iddiaçı təşkilata hər hansı bir maneə yox idi. İddia müddətinin bitməsinə bir-iki ay qalmış iddia qaldıraraq pandemiya ilə bağlı karantin rejiminin tətbiq edildiyini əsas gətirmək isə şikayətin əsaslı olduğuna dəlalət etmir və təmin edilməsi üçün şərt deyildir. İş sayının çox olduğuna görə iddia müddətinin ötürülməsi dəlili də şikayətin təmin olunması üçün əsas ola bilməz. Mülki Prosessual Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apelliyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla iddiaçıya münasibətdə, mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Aapellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-167/2021 saylı, 15 fevral 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4796/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4796/2021
07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver