Məhkəmə qərarları › İş №2(103)-4796/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4796/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4796/2024 08.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi X3 iştirakları ilə Sabunçu Rayon Məhkəməsinin 2(008)-2454/2024 nömrəli, xx.xx.2024-cü il il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2020-ci il tarixli kredit kartı üzrə 1831,40 manat əsas, 1097,50 faiz borcu olmaqla, cəmi 2928,90 manat borcun, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 6530,65 manat əsas borcun və ödənilmiş 124,43 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddia tələbinin əsasları ondan ibarət olmuşdur ki, iddiaçı "xxxx" ASC-nin Sabunçu filialı ilə X7 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********18 №-li kredit müqaviləsinə əsasən bank tərəfindən 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 2000 manat məbləğində kredit kartı və xx.xx.2020-ci il tarixli, BPM**********18 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən 48 ay müddətinə, illik 23 faiz dərəcəsi ilə hesablanmaqla 9000 manat məbləğində kredit X5 verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.1-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X2 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 3 saylı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən X4 vərəsəsi Cavabdehdır. Maliyyə arayışına əsasən, X4 banka ödənilməmiş qalan xx.xx.2020-ci il tarixli, BPM**********18 nömrəli kredit kartı üzrə 1831.4 manat əsas, 1097.5 manat faiz borcu olmaqla cəmi 2928.9 manat borcu və xx.xx.2020-ci il tarixli, BPM**********18 nömrəli kredit müqaviləsi üzrə kredit borcu üzrə 6530.65 manat əsas borcu qalmışdır. Cavabdeh vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.

3. Sabunçu Rayon Məhkəməsinin 2(008)-2454/2024 nömrəli, xx.xx.2024-cü il il tarixli qətnaməsi (hakim Həqiqət Mahmudova) ilə iddia tələbini qismən təmin edilməsi, Cavabdeh xx.xx.2020-ci il tarixli, BPM**********18 №-li kredit müqaviləsi üzrə 2296,48 (iki min iki yüz doxsan altı manat, qırx səkkiz qəpik) manat məbləğində kredit borcu və dövlət rüsumuna görə ödənilmiş 42,96 (qırx iki manat, doxsan altı qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, cavabdeh isə qətnaməni mübahisələndirməmişdir. Apellyasiya şikayəti və onların dəlilləri:

5. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qeyd etmişdir ki, Cavabdeh miras əmlakını yəni miras qoyanının aktivlərini tam həcmdə qəbul edərək, miras passivlərini də tam həcmdə qəbul etmişdir. Beləliklə, miras əmlakını tam həcmdə qəbul etdiyi üçün borc öhdəliklərini tam həcmdə ödəməyi öz üzərinə götürmüşdür. Nəticədə, iddia ərizəsində göstərilən borc tələbi cavabdehdən tam tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Lakin, məhkəmə qeyd edilən halları, nəzərə almadan, qanunsuz yekun məhkəmə qərarı qəbul etmişdir. İddiaçı həmçinin qeyd etmişdir ki, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Göstərilənlərə əsasən Sabunçu Rayon Məhkəməsinin e-2(008)-24542024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, X4 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********18 nömrəli kredit kartı üzrə 1831.4 manat əsas, 1097.5 manat faiz borcu olmaqla cəmi 2928.9 manat borcun və xx.xx.2020-ci il tarixli, BPM**********18 nömrəli kredit borcu üzrə 6530.65 manat əsas borcun ödənilmiş 124.43 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi L.Talıbova Əhmədova apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək və onu müdafiə edərək, əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən müqavilə öhdəlikləri tam olaraq yerinə yetirilməmişdir. Birinci instansiya məhkəməsi isə əsassız olaraq iddia tələbini rədd etmişdir. Göstərilənlərə əsasən iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

7. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi R.Namazov apellyasiya şikayəti ilə razılaşmayaraq göstərdi ki, mərhumdan hər hansı əmlak və sair miras qalmamış, yalnız onun ölümünə görə iş yerindən verilən dəfn üçün nəzərdə tutulan müavinət olmuşdur, həmin məbləğə uyğun olaraq borcu ödəməyə imkanları var, odur ki, şikayətin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:

8. "xxxx" ASC ilə X7 arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 2000 manat məbləğində kredit kartı və xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 48 ay müddətinə, illik 23 faiz dərəcəsi ilə hesablanmaqla 9000 manat məbləğində kredit verilmişdir.

9. Maliyyə arayışından görünür ki, X4 "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixə kredit kartı üzrə 2928,90 manat borcu vardır.

10. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.

11. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi olmuş və o, miras əmlakdan tam hissədə pay almışdır. Miras əmlak, X4 vəfat etməsi ilə əlaqədar veriləsi orta əmək haqqının 3 misli qədəri müavinət 2296,48 manat pul məbləğində ibarət olmuşdur.

12. İddiaçı "xxxx" ASC-nin Cavabdeh ünvanladığı bildirişdən görünür ki, cavabdehə bank tərəfindən müqavilə üzrə yaranmış kredit borcu barədə xəbərdarlıq olunaraq həmin borcun ödənilməsi üçün vaxt verilmiş, lakin cavabdeh, ona edilmiş xəbərdarlığa baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişdir. Tətbiq edilən maddi hüquq normaları:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 425.1-ci maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 428.4-cü və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. 739.1-ci və 739.2-ci maddələrinin məzmunundan görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1255-ci maddəsinə görə, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən isə, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Rerspublikası Konstitusiya Məhkəməsinin 04 iyun 2018-ci il tarixli qərarında göstərilir ki, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Tətbiq edilən prosessual hüquq normaları:

14. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

15. Hazırkı halda, rayon məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edildiyindən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən, yalnız iddia tələbinin təmin edilməyən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

16. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

17. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə X7 arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 2000 manat məbləğində kredit kartı və xx.xx.2020ci il tarixli kredit müqaviləsinə əsasən 48 ay müddətinə, illik 23 faiz dərəcəsi ilə hesablanmaqla 9000 manat məbləğində kredit verilmişdir, N.Namazov tərəfindən öhdəliklər icra edilməmişdir, X7 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.

18. Hazırda iddiaçı kredit müqaviləsi üzrə borclunun vərəsəsinə qarşı borcun tutulması barədə tələblə məhkəməyə müraciət etmişdir.

19. Mülki iş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi olmuş və o, miras əmlakdan tam hissədə pay almışdır. Miras əmlak, X4 vəfat etməsi ilə əlaqədar veriləsi orta əmək haqqının 3 misli qədəri müavinət 2296,48 manat pul məbləğindən ibarət olmuşdur.

20. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən isə, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

21. Göründüyü kimi, cavabdeh ona çatan miras payı həcmində miras qoyanın kreditoru qarşısında məsuliyyət daşıdığından, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********18 nömrəli kredit müqaviləsi üzrə 2296,48 (iki min iki yüz doxsan altı manat, qırx səkkiz qəpik) manat məbləğində, yəni ona çatan miras payı həcmində kredit borcu, dövlət rüsumuna görə ödənilmiş 42,96 (qırx iki manat, doxsan altı qəpik) məbləğində pul vəsaiti tutulmalıdır.

22. İddiaçı tərəf isə apellyasiya şikayətində cavabdehin miras əmlakını tam həcmdə qəbul edildiyindən borc öhdəliklərinin də tam həcmdə ödəməyi öz üzərinə götürməsini, nəticədə, iddia ərizəsində göstərilən borc tələbinin cavabdehdən tam tutularaq iddiaçının xeyrinə ödənilməli olmasını bildirsə də, işin qeyd edilən halları və istinad edilən maddi hüquq normalarının tələbləri baxımından eləcə də, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Rerspublikası Konstitusiya Məhkəməsinin 04 iyun 2018-ci il tarixli qərarına əsasən borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıdığından, hazırda cavabdeh də iddiaçı qarşısında qəbul edilməyən (əslində mövcud olmayan) mirasa görə ölmüş borclunun kreditoru qarşısında məsuliyyət daşımır. Bu səbəbdən, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Nəticə:

23. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.

25. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabunçu Rayon Məhkəməsinin 2(008)-2454/2024 nömrəli, xx.xx.2024-cü il il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar