Məhkəmə qərarları › İş №2(103)-4797/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4797/2021

03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4797/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-392/2021 saylı, 01 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası cəlb edilməklə) “borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 20 iyun 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi və ödədiyi bütün məbləğin mərkəzləşdirilmiş kredit reyestrinə düzgün daxil edilməsi öhdəliyinin "xxxx" ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 10 fevral 2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək 20 iyun 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsinə və ödədiyi bütün məbləğin mərkəzləşdirilmiş kredit reyestrinə düzgün daxil edilməsi öhdəliyinin "xxxx" ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-392/2021 saylı, 01 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətləri və onun dəlilləri: Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, şikayətin dəlili kimi qeyd etmişdir ki, tərəflər arasında 07 dekabr 2015-ci il tarixdə "xxxx" ASC-dən 10-19-23- 08191 nömrəli kredit müqaviləsinə əsasən 36 ay müddətinə, illik 27 % olmaqla 3 900 ABŞ dolları məbləğində kredit müqaviləsi bağlanmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 may 2017-ci il tarixli 2(009)-1900/2017 saylı qətnaməsi ilə cavabdeh İddiaçı "xxxx" ASC-nin xeyrinə 3 525,02 ABŞ dolları əsas, 804,04 ABŞ dolları faiz borcu olmaqla cəmi 4 329,06 ABŞ dolları kredit borcunun və dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pulun tutulması qərara alınmışdır. Bundan sonra qətnamə icraya yönəldilmiş, borc üzrə İddiaçı pensiyasından 1693,89 ABŞ dolları tutulmuş, 308,08 ABŞ dolları İddiaçı özü tərəfindən ödənmiş, daha sonra məlum fərmanın tələblərinə uyğun olaraq Mərkəz Bank tərəfindən 1295,90 ABŞ dolları İddiaçı borcundan banka ödənilmişdir. Bundan sonra 20.06.2019-cu il tarixdə 2 821,46 manat məbləğində borc restrukturizasiya olunaraq 5 il müddətinə illik 1 %-lə ödənilməsi öhdəliyi İddiaçı üzərinə qoyulub. İddiaçı həmin müqaviləni özü bağlamışdır. Mərkəzi Bankın problemli kreditlərin kompensasiyasına dair verdiyi çıxarışdan görünür ki, İddiaçı qalıq borcu 01.03.2021-ci tarixə 2821,46 manat təşkil edir. Həmin məbləğlə də tərəflər arasında yeni kredit müqaviləsi bağlanmışdır. Həmçinin hazırkı tələbə inzibati icraat qaydasında baxılmalıdır. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Ə.Pənahov apellyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, borcun müəyyən olunması Bankın deyil, Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətindədir. Əlavə olaraq, iddiaçı onun Banka 2821,46 manat borcunun olmasına dair 20 iyun 2019-cu il tarixli müqaviləni könüllü şəkildə imzalanmış və borcla razılaşmışdır. Bu səbəbdən, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, onun bankla restrukturizasiya müqaviləsi bağlanan dövrə cavabdehə heç bir borcu olmamış, Bank 20 iyun 2019-cu il tarixli müqaviləni onu aldatmaq yolu ilə imzalatmışdır. Göstərilənlərə əsasən, şikayətin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 may 2017-ci il tarixli 2(009)-1900/2017 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı "xxxx" ASC-nin xeyrinə 3 525,02 ABŞ dolları əsas, 804,04 ABŞ dolları faiz borcu olmaqla cəmi 4 329,06 ABŞ dolları kredit borcunun və dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pulun tutulması qət edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat İdarəsi tərəfindən 05 aprel 2019cu il tarixdə verilmiş 1412 nömrəli Arayışdan görünür ki, İddiaçı pensiyasından 2 699,70 manat tutularaq "xxxx" ASC-nin hesabına ödənilmişdir. Xəzinə mədaxil orderlərindən görünür ki, İddiaçı "xxxx" ASC-ə 2016-cı ilin fevral ayından oktyabr ayınadək 1 661 manat, 2017-ci ilin iyun ayından oktyabr ayınadək isə 524 manat ödəniş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4797/2021 saylı, 02.06.2021-ci il tarixli qərardadı ilə, hazırkı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur:

1. İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış 07 dekabr 2015-ci il tarixli krediti müqaviləsinə əsasən iddiaçı tərəfindən Banka hansı məbləğdə ödənişlər edilməsi müəyyən edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən iddiaçının Banka olan borcundan silinən məbləğ müəyyən edilsin.

3. İddiaçının Banka etdiyi ödənişlər, eləcə də 28 fevral 2019-cu il tarixli 2019-cu il tarixli müqavilə bağlanan tarixə borcunun olub-olmaması, əgər olmuşsa borcun məbləği müəyyən edilsin. Məhkəmə Ekspertizası Mərkəzinin 9/4974 saylı, 30 iyul 2021-ci il tarixli ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, 1-ci sual üzrə, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış 07 dekabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Banka 4510,76 ABŞ dolları məbləğdə ödəniş edilmişdir. Həmin rəydə ikinci sual üzrə, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019cu il tarixli Fərmanına əsasən iddiaçının Banka olan borcundan silinən məbləğ 1295,90 ABŞ dolları təşkil etdiyi, üçüncü sual üzrə, iddiaçının 20 iyun 2019-cu il tarixli müqavilə bağlanan tarixə borcunun məbləği əsas borc üzrə 2293,42 ABŞ dolları, faiz borcu üzrə 504,21 ABŞ dolları təşkil etdiyi müəyyən olunmuşdur. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Kollegiya bildirir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4797/2021 saylı, 02.06.2021-ci il tarixli qərardadı ilə, hazırkı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 9/4974 saylı, 30 iyul 2021-ci il tarixli ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, 1-ci sual üzrə, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış 07 dekabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Banka 4510,76 ABŞ dolları məbləğdə ödəniş edilmişdir. Həmin rəydə ikinci sual üzrə, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019cu il tarixli Fərmanına əsasən iddiaçının Banka olan borcundan silinən məbləğ 1295,90 ABŞ dolları təşkil edir. Rəydə üçüncü sual üzrə göstərilir ki, iddiaçının 20 iyun 2019-cu il tarixli müqavilə bağlanan tarixə borcunun məbləği əsas borc üzrə 2293,42 ABŞ dolları, faiz borcu üzrə 504,21 ABŞ dolları təşkil edir. İddiaçı hazırkı tələbinin əsası kimi ona istinad etmişdir ki, cavabdeh bankla 20 iyun 2019-cu il tarixli restrukturizasiya müqaviləsi bağlanan tarixə onun banka borcu qalmamış, bankın əməkdaşları onu aldadaraq müqaviləni imzalatmışlar. İddianı təmin edən rayon məhkəməsi iddiaçının bu dəlilini əsaslı hesab etmişdir. Halbuki, iddiaçı bankla bağladığı 20.iyun 2019-cu il tarixli yeni müqaviləyə əsasən banka müvafiq ödənişlər etdiyini özü təsdiq etmişdir. Bundan başqa Məhkəmə Ekspertizası Mərkəzinin 9/4974 saylı, 30 iyul 2021-ci il tarixli ekspert rəyində də, 20 iyun 2019-cu il tarixli restrukturizasiya müqaviləsi bağlanan tarixə iddiaçının borcunun məbləği əsas borc üzrə 2293,42 ABŞ dolları, faiz borcu üzrə 504,21 ABŞ dolları təşkil etdiyi müəyyən olunmuşdur. Bununla da müəyən olunur ki, iddiaçının restrukturizasiya müqaviləsi bağlanan zaman borcunun olmaması barədə irəli sürdüyü dəlillər təkzib olunur. Belə olan halda məlum olur ki, rayon məhkəməsi gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halları araşdırmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuşdur ki, məhkəmə qərarları qanuna və sübutlara əsaslanmalıdır. Eyni tələb MPM-in məhkəmə aktlarının qanuni və əsaslı olmasını tənzimləyən 217-ci maddəsində də nəzərdə tutulmuşdur (Maddə 217.3). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də dəfələrlə öz qərarlarında qeyd etmişdir ki, məhkəmə aktlarının əsaslandırılmaması, qərarlarda qanunvericilik aktlarının sadəcə olaraq sadalanması ədalətli məhkəmə araşdırmasına olan hüquqa xələl gətirir, başqa sözlə Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermir. Avropa Məhkəməsi «Kastravet Moldovaya qarşı» iş üzrə 13 mart 2007-ci il tarixli qərarında məhkəmələr tərəfindən hüquq tətbiqediciliyinə aid olan daha bir hüquqi mövqeyini ifadə edərək belə qənaətə gəlmişdir ki, müvafiq məsələləri həll edərkən ölkə məhkəmələri qanunvericiliyin müddəalarını təkrar etməklə kifayətlənərək onların bu işə tətbiqini izah etməmişlər və beləliklə, həmin qərarlar əsaslandırılmış və kifayətedici deyildir. Avropa Məhkəməsi həmin işdə milli məhkəmələr tərəfindən Konvensiyanın 6-cı maddəsinin pozuntusunu müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda birinci instansiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırma aparılmadığından və düzgün olmayan nəticəyə gəlindiyindən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməli, ekspert xərci iddiaçıdan tutlmalıdır. Nəticə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-392/2021 saylı, 01 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəfin özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat dövlət büdcəsinə SAP (XİİS) hesabı X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına İddiaçı alınaraq ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar