Məhkəmə qərarları › İş №2(103)-4799/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4799/2025

03.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4799/2025 03.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı ilk, Cavabdehlər Elmira Ələsgərovna və İddiaçı2 qarşı qarşılıqlı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “maddi və mənəvi zərərin ödənilməsi, subyektiv hüquq” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1, İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “müəlliflik və əqli mülkiyyət hüququnun müdafiəsi və zərərin ödənilməsi” tələbinə dair ilk, Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi və yazılı qaydada üzr istənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 314/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. 2023-cü ilin 27 aprel və 1 may tarixləri arasında keçirilmiş "8-ci X5 Teknoloji Yarışması”, yəni Texnofest müsabiqəsi üçün İddiaçı1 mentorluğu ilə əzələ kütlələrinin elektrik enerjisi vasitəsilə inkişafını təmin edən cihaz layihəsi təqdim olunmuşdur.

2. Azərbaycan Dövlət Neft və Sənaye universitetinin Elektronika və avtomatika kafedrasının sabah qrupları fakultəsinin tələbəsi X11 (Cavabdeh elmi rəhbərliyi ilə) X6 Əzələ İnkişafının təmin olunması yazısında göstərilmişdir ki, təqdim olunan işdə X6 əzələ inkişafının təmin olunması məsələsinə baxılmışdır. Məlumdur ki, dayaq-hərəkət aparat sinir sistemi vasitəsilə tənzimlənir. Tədqiqatın məqsədi əzələnin xarici təsir vasitəsilə elektrik siqnalları sayəsində süni yolla daha effektiv işləməsini təmin etməkdir. Elektrik siqnalları çox kiçik ölçüdə olur buna baxmayaraq insan bədəninə əks-təsir göstərməməsi üçün ölçülməsi, uyğun qiymətində tətbiq olunması vacibdir. Bunun üçün isə ölçü cihazı kimi voltmetr tələb olunur. Baxılan prosesdə ölçülən siqnalın gərginliyi çox kiçik diapazonda olduğu üçün gücləndirici voltmelrlərdən istifadə etmək məsləhətdir. Sabit və eləcə də dəyişən gərginliyin ölçülmə funksiyasını yerinə yetirmək üçün gücləndirici voltmetr sxemi şəkildə göstərilmişdir. Hal-hazırda gərginliyi ölçmək üçün istifadə edilən elektron voltmetrin geniş yayılmasına səbəb onların dəqiqliyinin yüksək olması, cəld işləmə qabiliyyəti, çox kiçik kəmiyyətlərin ölçülmə imkanı, nəticənin ekranda rəqəmsal şəkilidə görünməsidir. Elektron voltmetrlər təyinatına görə müxtəlif olurlar. Elektron voltmetrin giriş müqaviməti çox böyük (1015 Om civarında) olması onlara çox kiçik güclü elektrik dövrələrində də ölçmələr aparmaq imkanı verir. Elektron voltmetri elektromexaniki cihazlarla müqayisədə daha da yüksək həssaslığa (0.1 mkV-ə yaxın ölçüdə) malikdir. Elm və texnikanın müasir inkişaf mərhələsi bu sahədə də elektron cihazların istifadəsinin vacibliyini əsaslandırır. İstifadə edilməsi təklif edilən elektron voltmetrlərin struktur sxemləri şəkil 2-də göstərilibdir. Təklif edilən yanaşmada əzələ sisteminin X6 inkişafının təmin olunması məsələsinə baxılmışdır.

3. 2022-ci ilin dekabr ayında keçirilmiş “Şuşa İli”nə həsr olunmuş tələbələrin 71-ci elmitexniki konfransının prorqamından görünür ki, Səlim Heydərov tərəfindən “X6 əzələ inkişafının təmin olunması” adlı layihə Konfransa təqdim edilmişdir.

4. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin xx.xx.2024-cü il tarixli 11- 4/2-3942024 saylı məktubuna əsasən İddiaçı1 və İddiaçı2 adlı şəxslər tərəfindən “Əzələ kütlələrinin elektrik enerjisi vasitəsilə inkişafını təmin edən cihaz” layihəsinə müəlliflik hüquqlarının rəsmiləşdirilməsi üçün Agentliyə müraciət daxil olmamış və göstərilən layihə müəlliflik hüququnun obyekti kimi qeydiyyatdan keçirilməmişdir. Həmçinin sözügedən layihənin patentləşdirilməsi barədə də iddia sənədi Agentliyə təqdim edilməmiş və Dövlət reyestrlərində qeydiyyata alınmamışdır. Nəzərə alınması xahiş olunur.

5. Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyi "Azərbaycan Dövlət Neft və Sənaye Universiteti" publik hüquqi şəxsin X3 ünvanladığı xx.xx.2024-cü il və xx.xx.2024cü il tarixli məktublarda göstərilmişdir ki, "Sizinlə daha əvvəl 5 il müddətinə bağlanılmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixində başa çatmışdır. xx.xx.2024-cü il tarixində müsabiqənin keçiriləcəyi müddətdə Sizinlə 2 ay müddətinə əmək müqaviləsi bağlanılmışdır. Siz müsabiqədə iştirak etmək üçün müvafiq ərizə ilə müraciət etmiş, ərizəniz təmin olunmuş və müsabiqəyə buraxılmışdı. İlk olaraq, xx.xx.2024-cü il tarixində iddiaçılar barədə rəy bildirilməsi ilə bağlı keçirilmiş “Elektronika və avtomatika” kafedrasının iclasında (protokol №10) açıq səsvermənin nəticəsi aşağıdakı kimi olmuşdur: lehinə - 4, əleyhinə - 17, bitərəf - 3 nəfər. Qaydalara əsasən kafedrada mənfi rəy bildirilmiş iddiaçı fakültə Şurasında seçkidə iştirak edə bilər. İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin Elmi Şurasında xx.xx.2024-cü il tarixində baş tutmuş seçkidə Sizə iclasda iştirak edən 19 nəfərdən lehinə 2 səs, əleyhinə 17 səs verilmişdir. Bununla da, o, seçkidə müvəffəqiyyət qazana bilmədiyi üçün növbəti 5 il o iddia etdiyi vəzifəyə seçilə bilməmişdir. Bu səbəbdən, Sizinlə ADNSU PHŞ arasında əmək münasibətləri başa çatmışdır."

6. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin xx.xx.2024-cü il tarixli 11- 4/2-612/2024 saylı məktubuna əsasən Agentlik tərəfindən “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) tələblərinə uyğun olaraq “Əzələ kütlələrinin elektrik enerjisi vasitəsilə inkişafını təmin edən cihaz layihəsi" ilə “Elektrik sınaqları vasitəsiləəzələ inkaşafının təmin olunması” adlı məqalə müqayisə olunmuşdur. Müqayisə nəticəsində müəyyən edilmişdir ki təqdim olunmuş layihənin və məqalənin məzmunu oxşarlıq təşkil etsə də, onların ifadə forması bir-birindən fərqlidir. Bildirilir ki, Qanunun 5-ci maddəsinə əsasən müəlliflik hüququ “təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir”. Bu da o deməkdir ki, müəlliflik hüququ əsərin məzmununu yox, onun ifadə formasını qoruyur. Layihədə və məqalədə təsvir olunan cihazın eyni olub-olmamasının müəyyən olunması sahə üzrə xüsusi biliklərə malik olan mütəxəssis tərəfindən qiymətləndirilə bilər. Odur ki, qeyd edilən məsələ ilə əlaqədar müvafiq ixtisas bilikləri olan mütəxəsislər tərəfindən rəy bildirilməsi daha məqsədə uyğun olardı. Nəzərə alınması xahiş olunur.

7. Azərbaycan Neft və Sənaye Universitetinin müraciəti əsasında AMEA İdarəetmə sistemləri İnstitutunun dosenti M.M.İsayevin verdiyi rəydən görünür ki, “Elektrik sınaqları vasitəsi ilə əzələ inkişafının təmin olunması” adlı tezisdə “elektron voltmetrin elektrik ölçmələri sahəsi üzrə məlum struktur və elektron voltmetr haqqında bilgilər verilib. “Əzələ kütlələrinin elektrik enerjisi vasitəsilə inkişafını təmin edən cihaz” Layihəsində, adından göründüyü kimi yeni bir cihaz təklif edilib. Təklif edilən layihə də yeni fikirdir – ideyadır. Heydərov Səlimin konfransa təqdim etdiyi materialda isə elektrik ölçmələri sahəsi üzrə elektron voltmetrin məlum strukturuna, ölçmə dəqiqliyi məsələsinə baxılmışdır. Heydər Səlimovun müəllifi olduğu “Elektrik sınaqları vasitəsi ilə əzələ inkişafının təmin olunması” adlı material göndərilmiş Layihə ilə tam fərqlidir. Təqdim olunan məqalə dos.Cavabdeh aid deyil, materialın müəllifi Heydərov Səlimdir. (Bu fakt Konfransın proqramından və materiallarından götürülüb.

8. Azərbaycan Texniki Universitetinin «Mühəndis fizikası və elektronika» kafedrasının dossenti S.X.Xəlilovun rəyindən görünür ki, iddiaçı E.Ə.Xasməmmədovanın təklif etdiyi tibbi cihazla bağlı məlumatda cihazın sxemi, şəkil və ya onun nədən ibarət olması haqqında hec bir məlumat verilməmişdir. Cihazın sxemi və ya ideyası o vaxt mülkiyyət hesab oluna bilər ki, müəllifin ixtira hüququ haqqında sənədi olsun. Digər tərəfdən iddiaçının yazdığına əsasən onun təklif etdiyi ideya həyata keçirilərsə onda cihazın qoşulduğu yerdə əzələnin kütləsi artmalıdır. Onu da qeyd etmiş ki, bu təklifə razı deyil. Cavabdehin təqdim etdiyi konfrans materiallarında isə artıq məlum cihazın baxılan bloksxemdən yazılır və qeyd edilir ki,ondan istifadə etməklə süni yolla əzələnin daha effektiv işləməsini təmin etmək olar. Tezsidə yeni bir cihaz və ya ideya yoxdur. Ədəbiyyatda olan məlumatlardan istifadə edilib və xarici müəlliflərin 3 ədəbiyyatına istinadlar verilmişdir. Yekun rəy iddiaçının və cavabdehin verdikləri təkliflər fərqi məsələrə yönəlmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 5/73 rəyinə əsasən 1. Təqdim olunan “Əzələ inkişafında geri qalan fərdlər və ümumi bədən sağlamlığının yaxşılaşdırılması məqsədilə X4 təkmilləşdirilməsi” və “X6 əzələ inkişafının təmin olunması” adlı məqalələr məzmun baxımından bir-birinə uyğun deyil. Hər iki məqalədə təqdim edilən cihazlar həm texniki funksiyalarına, həm də layihələndirilmə məqsədlərinə görə fərqlənir. 2. Məqalələrdə irəli sürülən ideyalar, funksional istiqamətlər, yanaşmalar və hədəflər bir-birindən fərqlənir. Məqalələr arasında plagiatlıq əlamətləri aşkar edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçılar İddiaçı1 İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən əqli mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə 30000 AZN məbləğində pul vəsaitinin tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

11. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh həmin kafedranın dosenti vəzifəsində çalışır. İddiaçı tələbə İddiaçı2 və digər 4 tələbə ilə birlikdə 3 aydan çox müddət ərzində əzələ kütlələrinin elektrik enerjisi vasitəsilə inkişafını təmin edən cihazın layihəsi üzərində işləmişdir. Həmin Layihə 2023-cü ilin 27 aprel və 1 may tarixləri arasında keçirilmiş "8-ci X5 Teknoloji Yarışması” yəni Texnofest müsabiqəsi üçün komanda adından hazırlanmış və təqdim olunmuşdur. İddiaçı1 layihənin mentoru olaraq daima tələbələrlə layihə barədə müzakirələr aparmış, cavabdeh bu müzakirələr vasitəsilə layihədən xəbər tutmuşdur. Cavabdeh 12 noyabr 2022-ci il tarixində Layihənin texniki əməkdaşı olan X12 Whatsapp şəbəkəsi vasitəsilə yazmış, layihənin elmi rəhbərinin adı dəyişdirilərək cavabdehin adının qeyd olunmasını və həmin layihənin cavabdehin adından 2023-cü ilin dekabr ayında ADNSU-da keçiriləcək “Şuşa İli”nə həsr olunmuş tələbələrin 71-ci elmitexniki konfransına təqdim olunmasını təklif etmişdir. X16 cavabdehin bu təklifinə razı olmamış, cavabdeh sonralar dərs zamanı ona yaxınlaşmış, layihənin onun adından konfransa verilməsi üçün yenidən israrla təklif vermiş, sonunda X13 razı salmışdır. Cavabdeh X13 manipulyasiya etmiş, yanlış məlumatlar verməklə onu bu hərəkəti etməyə məcbur etmişdir. Konfransın qalibləri açıqlandıqdan sonra layihənin konfransdan çıxarılması və X1 məqsədilə cavabdeh tərəfindən onun bank hesabına 90 manat məbləğində pul köçürülmüş, baş verənlərin İddiaçı1-ə bildirilməməsi və ona şikayət etməməsi barədə təkid edilmişdir. X2 əməlindən peşman olmuş, izahatla ADNSU-nun direktoruna müraciət ünvanlamış, məsələ ilə bağlı müvafiq ölçünün götürülməsini xahiş etmişdir. Bildirirlir ki, cavabdehin əməlləri nəticəsində iddiaçıların müəlillik hüquqları kobud şəkildə pozulmuşdur və bu pozuntular nəticəsində dəymiş zərərin əvəzi ödənilməlidir.

12. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 Ələsgərovna və İddiaçı2 qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi və yazılı qaydada üzr istənilməsi” barədə qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir.

13. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ADNSU-nun “Şuşa İlinə” həsr 71-ci elmi-texniki Konfransı 2023-cü ilin dekabr ayında keçirilib. Lakin iddia ərizəsinə əlavə edilmiş “Şuşa İlinə” həsr 71-ci elmi-texniki Konfransın proqramından görünür ki, həmin Konfrans 13-14 dekabr 2022-ci il tarixlərində keçirilmişdir. Bu iddiaçıların işə kifayət qədər əhəmiyyət vermədiyini təsdiq edir. Belə ki, plagiat işlərində tarixlər çox önəmlidir. X21 tezisi, iddiaçıların layihəsindən əvvəlki tarixlidirsə demək ki, layihə, tezisdən istifadə olunaraq hazırlanıb. İşə əlavə olunmuş “Şuşa İlinə” həsr 71-ci elmi-texniki Konfransın proqramından görünür ki, həmin Konfrans 13-14 dekabr 2022-ci il tarixlərində keçirilib və xx.xx.2024-cü il tarixində saat 14.00-da 1420 nömrəli auditoraiyada keçirilən 3- cü iclasda “X6 əzələ inkişafının təmin olunması” tezisi onun müəllifi Səlim Heydərov təqdim edib. İddia ərizəsindən görünür ki, iddiaçıların iddia etdikləri əzələ kütlələrinin elektrik enerjisi vasitəsilə inkişafını təmin edən cihazın Layihəsi, iddiaçı Seyidov və digər 4 tələbə birlikdə 3 aydan çox müddət ərzində hazırlanmış və həmin layihə xx.xx.2023-cü il-xx.xx.2023-cü il tarixləri arasında keçirilmiş “8-ci X5 Teknoloji Yarışmasına” komanda adından göndərilmişdir. Göründüyü kimi, iddiaçıların iddia etdikləri Layihə, X15 göndərdiyi Tezisdən sonrakı tarixlidir. Əgər, bir plagiat varsa demək ki, layihə müəllifləri iddiaçı Seyidov və digərləri bunu Səlim Heydərovun tezisindən ediblər. 2) İddia ərizəsində yenə deyilir ki, layihə xx.xx.2023-cü il - xx.xx.2023-cü il tarixləri arasında keçirilmiş “8-ci X5 Teknoloji Yarışmasına” komanda adından göndərilmişdir. Lakin bununla bağlı da işdə heç bir sübut yoxdur. Əgər göndərilibsə demək ki, həmin yarışı keçirən rəsmi qurumun məktubu işdə olmalı idi. Lakin belə bir sübut yoxdur. Bu durum həm də Layihənin var olub olmadığını, əsər olubolmadığını şübhə altına salmaqdadır. 3) Bundan başqa iddia ərizəsində də deyilir ki, həmin Layihənin texniki əməkdaşlarından, yəni Layihənin hazırlayanlardan biri də Səlim Heydərovdur. Əgər həmin Layihə bir əsərdisə və onun hazırlayanlar o cümlədən Səlim Heydərov onun müəllifidir. Müəllif öz əsərindən heç kimdən icazə almadan təbii ki, alıntı edə bilər. Belə durumlarda qanun pozuntusu yaranmır. 4) Bundan başqa, iddia ərizəsindən məlum olur ki, iddiaçıların iddia etdiyi Layihə, iddiaçı “Seyidov və digər 4 tələbə ilə birlikdə 3 aydan çox müddət ərzində hazırlanıb və xx.xx.2023-cü il - xx.xx.2023-cü il tarixləri arasında keçirilmiş “8-ci X5 Teknoloji Yarışmasına” komanda adından təqdim olunub. Göründüyü kimi, həmin Layihəni hazırlayanlar arasında İddiaçı1 yoxdur. Yəni həmin Layihə ilə bağlı İddiaçı1 heç bir müəlliflik hüququ yoxdur. Hesab edir ki, olmayan hüquq pozula bilməz. Başqa bir ifadə ilə həmin Layihə ilə bağlı İddiaçı1 heç bir müəlliflik hüququ olmadığı üçün onun bu iddianı qaldırmağa ümumiyyətlə subyektiv hüququ yoxdur. Göründüyü kimi, İddiaçı1 məqsədi, bu yolla da Mehdiyevaya stres yaşatmaq, onu mənəvi olaraq sarsıtmaqdır. Məhz buna da nail oldu. Belə ki, bu iddia ərizəsi məhkəməyə veriləndən sonra Mehdiyeva mənəvi olaraq sarsıntı və iztirab keçirdi, xəstələndiyi üçün müalicə götürdü və hələ də müalicə olunur. 5) Daha sonra iddia ərizəsində deyilir ki, “guya Mehdiyeva onun adından tezisin Konfransa verilməsi üçün yenidən israrla təklif vermiş, sonunda Heydərov buna razı olmuşdur”. Lakin bunu da təsdiq edən işdə heç bir sübut yoxdur, ancaq fərziyyə xarakterli olub, tamamilə qarayaxmadır. 6) “Şuşa İlinə” həsr 71-ci elmi-texniki Konfransın proqramından görünür ki, xx.xx.2024-cü il tarixində saat 14.00-da 1420 nömrəli auditoraiyada keçirilən 3-cü iclasda “X6 əzələ inkişafının təmin olunması” tezisin müəllifi olaraq S.Heydərov göstərilir, yəni həmin tezisin müəllifi A.Məmmədov deyildir. Başqa bir ifadə ilə, iddiaçıların “bizim əsərimiz” olduğunu bildirdikləri tezisin müəllifi olaraq Konfrans Proqramında A. Mehdiyeva deyil, S.Heydərov göstərilib. Yəni həmin tezisin (əsərin) Cavabdeh, heç bir şəkildə özünə aid olduğunu, onun üzərində özünün müəllif hüquqları olduğunu bildirmir. Başqa bir ifadə ilə Mehdiyeva heç kimin müəllif hüququnu pozmayıb, əksinə o, öz sahəsində həm Respublikada, həm də Beynəlxalq aləmdə kifayət qədər yaxşı tanınan alimdir, onun həm Respublikada, həm də bir çox nüfuzlu-yüksək indeksli Beynəlxalq elmi jurnallarda əsərləri dərc olunub. Cavabdeh Xanməmmədovanın fikri Mehdiyevanın qarlamaq, onun bu tanınmışlığını indidə də bu yolla şübhə altına salmaqdır (A. Mehdiyevanın məqalələrindən bəziləri əlavə olunur). Məhz Xanməmmədovanın, Mehdiyevaya qarşı uzun müddətdən bəri sistematik qanunsuz hərəkətləri davam edir. 7) Bu iddia ərizəsi Xanməmmədovanın, Mehdiyevaya qarşı uzun müddətdən bəri sistematik qarayaxmaların, qanunsuz hərəkətlərinin davamıdır. Belə ki, Mehdiyeva bildirir ki, “onunla Xanməmmədova bir kafedrada işləyiblər. Xanməmmədovanın ADNSU ilə olan əmək müqaviləsinin müddəti 2024-cü ilin mart ayında başa çatdı və kafedra iclasında onun seçkisi keçirildi. İclasda iştirak edənlərdən 17 nəfəri onun əleyhinə, 3 nəfər isə lehinə səs verdiyi üçün yeni müddətinə seçilmədi. Kafedra iclasının həmin qərarı X24 üçün tövsiyə xarakteri daşıyır, əsas seçki X19 aparılır. ADNSUnun İTİF-in X7 seçki məsələsi qoyulanda Xanməmmədova seçkiyə gəlmədi, Şuranın Elmi katibi ona zəng edib iclasa dəvət edəndə Xanməmmədova deyib ki, “Prezident aparatındayam gələ bilməyəcəm”. X23 üzvü olan bir professor “Kafedradan tövsiyə olunmayıb, bizi isə saymırsa biz niyə lehinə səs verməliyik?” deyib və 19 nəfərdən 17-si əleyhinə səs verib. Xanməmmədovanın ADNSU-da olan karyerasına həmin tarixdə son qoyulub. Həmin gündən Prezident aparatından başlayan Xanməmmədova azı 10-15 dəfə Təhsil nazirinə və s. qurumlara şikayət ərizəsi ilə müraciət edib, eyni mövzuları təkrartəkrar yazıb. Kafedranın 13 müəllimi, fakültə dekanı, 2 prorektor və ADNSU rəhbərliyi haqda böhtan, təhqir xarakterli şikayətlər yazıb. Kafedrada dekanın məsləhəti ilə belə qərara gəlindi ki, reaksiya verilməsin. İndi onun (Mehdiyevanın) qarşılaşdığı bu hadisə də məhz iddia olunun 2022-ci, 2023-cü ildə deyil, niyə 2024-cü ildə gündəmə gəldiyi də aydın olur. Məhz o, ADNSU-dan işdən azad ediləndən sonra Mehdiyeva barəsində silsilə qarayaxmalarına davam edib” Bundan başqa Mehdiyeva bildirir ki, 2022-ci il oktyabr ayında tələbə Heydərov Səlim ondan elmi məqalə və ya tezis yazmaq və nəşr etdirmək üçün kömək istədi. Magistraturanı xaricdə oxumaq istədiyini, bunun üçün 2 elmi işinin olmasının tələb olunduğunu bildirdi. Bir tezisi hazırlayıb 2 həm müəlliflə ABŞ-ın Boston şəhərində keçirilən Konfransa göndərdilər. Həmin tezisdə də o həmmüəllif deyildi. İkinci tezis üçün Səlim özünün bir mövzu üzərində işlədiyini, texnofestə vermək istədiyini bildirdi. O, həmin mövzuya toxunmadan o işdə istifadə ediləcək qurğunun ölçmə dəqiqliyinin artırılması məsələsinin qoyulmasının mümkünlüyünü izah etmişdir. Onun təqdim etdiyi tezisi diqqətlə oxuyun, orada ideya haqda ümumi yanaşma var ki, elektrik siqnalı vasitəsi ilə əzələ inkişafının təmin edilməsinə baxmaq mümkündür. Necə, hansı üsulla və ya yeni qurğu ilə kimi mövzulara toxunulmur. Bildirilir ki, elektrik siqnalı ölçülməlidir, 50-60 il bundan əvvəl elmə məlum olan elektron voltmetrin sxemi verilir və müəllif - Səlim Heydərov konfransda izah etdi ki, siqnal bir qovşaqdan digərinə ötürüldükdə özü ilə apardığı küy-meyletmə növbəti qovşaqda daha da artır. Deməli, dəqiqlik mütləq təmin edilməlidir. İddiaçılardan heç birinin baxmadığı tezisdə təkcə bir qovşaqda – kod çeviricisində 3 növ küy (xəta) yarana bilir. O, dərsdə də Səlimgilə öyrətmişdir ki, ən elementar misala baxsınlar. Əgər elektrik siqnalının gücünü dolayı üsulla ölçdükdə cərəyan və gərginliyin hərəsində 2 vahid səhv etmiş olsalar, bu gücdə 2 dəfə artıq alınacaq. Səlimin tezisi bu məsələyə həsr edilib. Göründüyü kimi, İddiaçı1 məqsədi, bu yolla da Mehdiyevaya stres yaşatmaq, onu mənəvi olaraq sarsıtmaqdır. Məhz buna da nail oldu. Belə ki, bu iddia ərizəsi məhkəməyə veriləndən sonra Mehdiyeva mənəvi olaraq sarsıntı və iztirab keçirdi, xəstələndiyi üçün müalicə götürdü və hələ də müalicə olunur. Mehdiyeva, İddiaçı1 ona vurulmuş mənəvi ziyanın ödənilməsini tələb edir.

14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)- 314/2025 nömrəli qətnaməsi ilə ilk və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. (hakim X14)

15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 314/2025 nömrəli xx.xx.2025ci il tarixli əlavə qətnaməsi ilə iş üzrə keçirilmiş ekspertizanın dəyəri olaraq 320 manatın iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

16. Birinci instansiya məhkəməsinin hakimi belə qənaətə gəlmişdir ki, MPM-in 14-cü maddəsinin tələbi baxımından iddiaçı tərəfdən əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi və ya X11 iş üzrə cavabdeh qismində cəlb edilməsi, ona qarşı iddia tələbi irəli sürüb-sürməyəcəyi müzakirə olunmuş, lakin iddiaçı tərəf cavabdehin əvəz edilməsinə razı olmamış, iddia tələbini düzgün olaraq Cavabdeh qarşı irəli sürdüklərini israr etmişlər. X11 iş üzrə cavabdeh qismində cəlb edilməsini istəməmiş və ona qarşı hazırda heç bir tələblərinin olmadığını bildirərək, iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişlər. Bu səbəbdən Azərbaycan Respublikası MPM-in 54.2-ci maddəsinə əsasən məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Belə olan halda məhkəmə qeyd edir ki, tələb üzrə iddiaya cavab verməli olan şəxs hazırkı iş üzrə Cavabdeh olmadığından, ona münasibətdə iddia rədd olunmalıdır. Göründüyü kimi, işdə olan mütəxəssis və ekspert rəyləri ilə Şuşa konfransında təqdim olunmuş məqalənin iddiaçıların məqaləsi ilə məzmun baxımından eynilik təşkil etməməklə, fərqli istiqamətlərə yönəldiyi öz təsdiqini tapmışdır. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçıların hüquqlarının pozulduğunu güman edərək məhkəməyə müraciət etmələri qarşı tərəfin mənəvi zərərlə üzləşməsinə əsas ola bilməz. Odur ki, hazırkı halda cavabdehin mənəzi zərərə məruz qalması istisna edildiyindən, 30000 manatın tutulması barədə qarşılıqlı iddia təmin edilə bilməz. Eyni zamanda qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə tələb rədd edildiyindən, həmin tələbdən irəli gələn digər qarşılıqlı iddia tələbləri də (yazılı qaydada üzr istənilməsi, məhkəmə xərclərinin iddiaçılardan tutulması) təmin edilməməlidir.

17. Məhkəmə öz mövqeyini “Müəlliflik və əlaqəli hüquqlar haqqında” qanunun 1,5,8ci maddələrinə, “Antiplagiat sistemi üzrə” Qaydaları 1-ci, 3-cü, 4-cü, 5-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 217.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

18. Qətnamədən ilk iddia üzrə İddiaçı1 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsi ilə eynilik təşkil edir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olaraq göstərilmişdir ki, İddiaçı1 iddia etdiyi, əslində isə iddiaçıya deyil, İddiaçı2 və digər 4 tələbəyə məxsus olan “Əzələ inkişafında geri qalan fərdlər və ümumi bədən sağlamlığının yaxşılaşdırılması məqsədilə X4 təkmilləşdirilməsi” məqaləsi ilə Cavabdeh deyil, üçüncü şəxs X11 təqdim etdiyi “X6 əzələ inkişafının təmin olunması” məqalələri bir-birindən məzmun, texniki funksiyalar, layihələndirilmə məqsədləri, irəli sürülən ideyalar, funksional istiqamətlər, yanaşmalar və hədəflər baxımından tamamilə fərqli olub, onların arasında plagiatlıq, yəni müəllif hüquqlarının pozulması yoxdur. Belə olan halda İddiaçı1, heç bir sübut olmadan öz qanunsuz və əsassız iddiasının təmin olunması tələb etməsi qəbul edilməzdir, hətta hesab edirik ki, buna subyektiv hüququ da yoxdur. Çünki iddia etdiyi məqalə ona deyil, İddiaçı2 və digər 4 tələbəyə məxsusdur.

ç) Proses iştirakçılarının izahatı

21. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

22. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Konstitusiyası Maddə 30 (2-ci hissə). Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur.

24. “Müəlliflik və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanunun:

Maddə 1. Bu Qanun Azərbaycan Respublikası ərazisində elm, ədəbiyyat və incəsənət əsərlərinin (müəlliflik hüququ), habelə ifaların, fonoqramların, efir və ya kabel yayımı təşkilatlarının verilişlərinin (əlaqəli hüquqlar) yaradılması və istifadəsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir; Maddə 5 (1-ci hissə). Müəlliflik hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur; Maddə 5 (2-ci hissə). Müəlliflik hüququnun şamil edildiyi həm açıqlanmış, həm də açıqlanmamış əsərlər aşağıdakı obyektiv formalarda mövcud ola bilər: yazılı (əlyazması, makina yazısı, not yazısı və s.); şifahi (kütləvi çıxış, kütləvi ifa və s.); səs, yaxud videoyazılma (mexaniki, maqnit, rəqəmli, optik və s.); təsviri (rəsm, eskiz, şəkil, plan, cizgi, kino-, tele-, video-, yaxud fotokadr və s.); həcmli — fəzavi (heykəl, model, maket, tikili və s.); digər formalar. Əsərin hissələri (adı, personajı və s.) bu maddənin 1ci hissəsində göstərilən əlamətlərə malik olduğu və müstəqil istifadə oluna bildiyi halda müəlliflik hüququnun obyekti sayılır; Maddə 8 (1-ci hissə). Əsəri yaradan şəxs onun müəllifi sayılır. Əsərə müəlliflik, digər sübutlar yoxdursa, adı altında açıqlanmış şəxsə məxsusdur. Müstəsna müəlliflik hüququnun sahibinin əsərə öz hüquqlarını bildirməsi üçün əsərin hər hansı nüsxəsində və üç ünsürdən ibarət olan müəlliflik hüququnu qoruma nişanından istifadə etmək hüququ vardır: dairəyə alınmış S latın hərfi — ©; müstəsna müəlliflik hüquqlarının sahibinin adı (fiziki və hüquqi şəxslər); əsərin ilk dəfə dərc edildiyi il. Kütləyə çatdırılmış və ya çatdırılmamış əsərə müstəsna müəlliflik hüquqlarının sahibləri onu müəlliflik hüququnun qüvvədə olduğu müddətdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumda qeydiyyatdan keçirə bilərlər. Əsəri qeydiyyatdan keçirən hüquq sahibinə nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş şəhadətnamə verilir. Mübahisə yaranan hallarda, digər sübutlar olmadıqda, qeydiyyat haqqında şəhadətnamə məhkəmə tərəfindən müəlliflik prezumpsiyası kimi tanınır.

25. “Antiplagiat sistemi üzrə” Qaydalarının:

Bənd 1. Bu Qaydalar Təhsil müəssisələrində hazırlanan tədris vəsaitlərində plagiat halları ilə mübarizənin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Təhsil Nazirinin 464№-li 2016-cı il 05 iyul tarixli əmri ilə tənzimlənir. 1.2. X18 X8 və ya onun bölmələrində (fakültələr, kafedralar, və s.) Antiplagiat Qaydalarının təmin olunmasını müəyyən edir. 1.3. Bu Qaydalar bakalavr, magistr, doktorluq və digər elmi işlərin (tədris metodiki vəsaitlər) yoxlanılmasını nəzərdə tutur. 1.4. Rektor tərəfindən təyin edilmiş “Antiplagiat Komissiya”nın müsbət rəyi bakalavr, magistr, doktorantların imtahana (diplom müdafiəsinə) buraxılması üçün əsasdır. Bənd 2. Antiplagiat sisteminin əsas məqsədi buraxılış işlərinin magistr və doktorluq dissertasiyalarının, həmçinin məqalələrin və monoqrafiyaların oxşarlığının yoxlanılmasını təşkil etməkdir; Bənd 3. Antiplagiat sistemi tərəfindən diplom və ya dissertasiya işinin yoxlanmasından öncə istifadəçi StrikePlagiarism Antiplagiat İnternet-Sistemində fərdi hesabını aktivləşdirir (bənd 3.3). Kompüter çap materialının mətni elektron variantının mətni ilə eyni olmalıdır (bənd 3.7). Antiplagiat sisteminə yüklənən mətnin bilərəkdən təhrif olunmasına, işin yüklənilməsi zamanı mətnin hər hansı bir hissəsinin buraxılmasına, şriftin bilərəkdən dəyişdirilməsinə, digər əlifba işarələrinin istifadə olunmasına, xüsusi işarələrin əlavə olunmasına, sözlərdə işarələrin sırasının dəyişdirilməsinə, mətndə olan bir sıra işarələrin buraxılmasına və s. görə istifadəçi bir başa intizam məsuliyyəti daşıyır (bənd 3.8). Müdafiəyə-imtahana buraxılmış bütün elmi işlər müdafiənin başlanılması tarixindən sonra 48 saat ərzində Administrator tərəfindən Strikeplagiarism.som X9 daxil edilir; Bənd 4.1. Diplom və dissertasiya işi antiplagiat sistemində yoxlanıldıqdan sonra kafedra nümayəndəsi 3 nüsxədə qısa hesabatı çap edir və bir nüsxəsini elmi rəhbərə çatdırmaq məsuliyyətini daşıyır (Hesabatın digər nüsxəsi isə elektron formada səlahiyyətli komissiya administrator tərəfindən olunur). Sonuncu nüsxə istifadəçidə qalır. Elmi rəhbər və komissiya sədrinin qərarı protokolu 1-dəki kimi aşadığakı qaydada rəsmiləşdirilir: iş orijinaldır və müdafiəyə qəbul edilmişdir; iş düzgün şəkildə formalaşdırılmayıb və yenidən işlənilməlidir; işdə plagiat faktları aşkar olunub, intizam tədbiri zəruridir (bənd 4.2). Sonra antiplagiat yoxlamasının nəticəsinin və protokolların baxılması üçün elmi rəhbərlər və komissiyanın üzvləri görüş keçirir. Elmi rəhbər və komissiya rəhbərinin qərarına uyğun olaraq imtahana (Müdafiəyə) buraxılmaq haqqında qərar qəbul edilir; Bənd 5. Yoxlanılmış elmi məqalələr və tədris vəsaitlərində (Proqram, metodiki göstəriş, dərs vəsaitləri, dərslik və monoqrafiyalar) müəyyən edilən oxşarlıq limiti aşağıdakı kimidir: Metodiki göstərişlər üzrə: İ Oxşarlıq Əmsalı 50%-dən çox İİ Oxşarlıq Əmsalı 4%-dən çox olmamalıdır; Məqalələr üzrə:- İ Oxşarlıq Əmsalı 50%-dən çox İİ Oxşarlıq Əmsalı 4%-dən çox olmamalıdır.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. İlk iddia üzrə iddiaçı tərəfindən qətnamə ilk iddia tələbinin təmin olunması xahiş edildiyindən, qətnamə həmin hissələrdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

31. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

34. Konstitusiya Məhkəməsinin bu Qərarda nümayiş etdirilmiş hüquqi mövqeyi bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Plenumun Qərarında öz əksini tapmışdır.

35. Bununla belə, qanunvericiliyin tələbləri baxımından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Bu baxımdan da işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olub-olmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehin bu pozuntunu edib-etməməsini araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

36. İddiaçıların irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 həmmüəllif kimi birlikdə Cavabdeh qarşı iddia qaldıraraq sonuncu tərəfindən müəlliflik hüquqlarının pozulması ilə əlaqədar zərərin ödənilməsini tələb edirlər və iddialarını onunla əsaslandırırlar ki, cavabdeh sözügedən layihənin texniki əməkdaşı olan X12 təsir göstərməklə layihənin məzmununu ələ keçirmiş və “Şuşa İli”nə həsr olunmuş tələbələrin 71-ci elmi-texniki konfransında öz adından layihənin təqdim olunmasına nail olmuş, bununla da iddiaçıların müəlliflik hüquqlarını kobud şəkildə pozmuşdur.

37. Cavabdeh isə iddiaya etiraz edərək, iddianın rədd olunmasını xahiş edir və etirazını onunla əsaslandırır ki, iddiaçıların bəhs etdikləri layihəni hazırlayanlar arasında İddiaçı1 yoxdur, yəni, həmin layihə ilə bağlı İddiaçı1 heç bir müəlliflik hüququ mövcud deyil, bu baxımdan layihə ilə bağlı İddiaçı1 hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur, bundan başqa iddiaçıların onlara məxsus olduğunu iddia etdikləri tezisin müəllifi olaraq Konfrans Proqramında Cavabdeh deyil, S.Heydərov göstərilmişdir, yəni, həmin tezisin (əsərin) üzərində Cavabdeh özünün müəllif hüquqlarının olduğunu bildirmir, bu işdə nə üsulun, nə texnologiyanın, nə qurğunun nədən ibarət olduğundan məlumatı belə yoxdur, sadəcə müəllif Səlim Heydərov tezisini hazırlayanda o, təkcə elmi rəhbəri olaraq ona ölçmələrin çevirmələrin dəqiqliyinə nəzarət etməyi tapşırıq kimi vermişdir.

38. Məhkəmə kollegiyasının qənaətinə əsasən iddiaçının irəli sürdüyü sözügedən faktiki hal, onun iddia tələbinin qanuni əsası kimi nəzərdən keçirilməsi mümkün olan qanunvericilik müddəalarının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır.

39. Belə ki, hazırkı işin faktiki hallarına əsasən 2023-cü ilin 27 aprel və 1 may tarixləri arasında keçirilmiş "8-ci X5 Teknoloji Yarışması”, yəni Texnofest müsabiqəsi üçün xx.xx.2022-ci il tarixdə (səh.150) İddiaçı1 və İddiaçı2 “Əzələ kütlələrinin elektrik enerjisi vasitəsilə inkişafını təmin edən cihaz layihəsi” təqdim olunmuşdur. 2022-ci ilin dekabr ayında keçirilmiş “Şuşa İli”nə həsr olunmuş tələbələrin 71-ci elmi-texniki konfransının prorqamında isə Səlim Heydərov tərəfindən “X6 əzələ inkişafının təmin olunması” adlı layihə Konfransa təqdim edilmişdir. Texnofest müsabiqəsinə təqdim edilmiş layihə üzrə özlərini həmmüəllif hesab edən iddiaçılar İddiaçı1 və İddiaçı2 hazırkı iddianı qaldırmağa subyektiv hüquqları olsa da (Qeyd edilməlidir ki, müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur, layihədə İddiaçı2 ideya müəllifi kimi göstərilsə də, o, izahatında İddiaçı1 da müvafiq layihə üzrə həmmüəllif olduğunu təsdiq etmişdir), müvafiq iddia, ona cavab verməli olmayan şəxsə qarşı qaldırılmışdır.

40. Lakin iddiaçı hazırki tələbini layihənin müəllifi olmayan şəxsə qarşı irəli sürmüş və mövcudluğunu iddia etdiyi hüququnun reallaşmasını onlardan tələb edir. Belə ki, 2022ci ilin dekabr ayında keçirilmiş “Şuşa İli”nə həsr olunmuş tələbələrin 71-ci elmi-texniki konfransının prorqamında “X6 əzələ inkişafının təmin olunması” adlı layihənin hazırkı iş üzrə Cavabdeh tərəfindən deyil, X16 tərəfindən təqdim olunması müəyyən edilmişdir. Eyni zamanda cavabeh etirazında da özünün sözügedən layihənin müəllifi olmamasını israr etmişdir. Habelə şahid qismində dindirilmiş Səlim Heydərov da Konfransda sözügedən layinəni özünün təqdim etdiyini bildirmişdir. Hüquqi nəticə etibarı ilə cavabdeh mövcud vəziyyətdə ümumiyyətlə hazırki iddiaya cavab verməli olan şəxs deyil. Bu da öz növbəsində iddiaçının müəlliflik və əqli mülkiyyət hüququnun olmasını (yaranmasını) araşdırmadan məhz qeyd edilən əsasla iddianın rədd edilməsini şərtləndirir.

41. Eyni zamanda iş materiallarından göründüyü kimi MPM-in 14-cü maddəsinin tələbi baxımından iddiaçı tərəfdən əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi və ya X11 iş üzrə cavabdeh qismində cəlb edilməsi, ona qarşı iddia tələbi irəli sürübsürməyəcəyi müzakirə olunmuş, lakin iddiaçı tərəf cavabdehin əvəz edilməsinə razı olmamış, iddia tələbini düzgün olaraq Cavabdeh qarşı irəli sürdüklərini israr etmişlər. X11 iş üzrə cavabdeh qismində cəlb edilməsini istəməmiş və ona qarşı hazırda heç bir tələblərinin olmadığını bildirərək, iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişlər.

42. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının özünə məxsus olmasını iddia etdiyi müəlliflik hüquqlarının pozulmasına dair iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidr. Həmçinin, qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı.

43. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

44. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının hüquqi yardımın göstərilməsi haqqında EM-1234VK-3537/24 nömrəli xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya instansiya məhkəməsi üçün vəkillə bağladığı müqaviləyə görə 300 manat məbləğində pul ödəmiş və belə olan halda da həmin vəkil xərci də ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə tutulmalıdır.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 314/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. İddiaçı Cavabdeh hüquqi yardım göstərilməsi ilə bağlı vəkillə bağladığı müqaviləyə görə ödədiyi 300 manat məbləğində pul ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar