Məhkəmə qərarları › İş №2(103)-48/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-48/2023

21.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-48/2023 21.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, X9 qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “müqavilənin ləğvi və borc” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 fevral 2020-ci il tarixli 2(009)-53/2020 nömrəli qətnaməsindən iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı iddia edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında 01 avqust 2014-cü il tarixdə kredit müqaviləsi bağlanmış, bank tərəfindən Cavabdeh biznesin inkişafı məqsədilə 60 ay müddətinə, illik 8% olmaqla 8.000.000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz öhdəliyini icra etməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 5.104.424,73 manat əsas borc, 598.746,57 manat faiz borcu olmaqla, cəmi 5.703.171,30 manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi və İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 400/14 saylı kredit müqaviləsinin ləğvi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 400/14 saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik faiz dərəcəsi 8% ödənilməklə, biznesin inkişafı məqsədilə 8.000.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 3.4.1-ci maddəsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun xx.xx.2017-ci il tarixə hesablanmış banka ödənilməmiş pul borcu 5.104.424,73 manat əsas borc, 598.746,57 manat faiz borcu olmaqla, cəmi 5.703.171,30 manat təşkil edir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 fevral 2020-ci il tarixli 2(009)-53/2020 nömrəli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı xx.xx.2014-cü il tarixli 400/14 saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2017-ci il tarixə kredit öhdəliyi üzrə qalan 5.104.424,73 manat əsas borcun, 598.746,57 manat faiz borcu olmaqla, cəmi 5.703.171,30 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, “Zaminbank“ ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 400/14 saylı kredit müqaviləsinin ləğvi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməmiş və LPO İddiaçı ASC-dən keçirilmiş məhkəmə mühasibatlıq, ilkin və təkrar komission məhkəmə-xəttşünaslıq ekspertiza xərcləri cəmi 442 (dörd yüz qırx iki) manat məbləğində pul tutulması qət olunmuşdur. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 386.1, 387.1, 387.2, 387.3, 389.1 və 390.1-ci maddələrinə istinad edərək onunla əsaslandırmışdır ki, iddiaçının istinad etdiyi xx.xx.2014-cü il tarili kredit müqaviləsindəki imza cavabdehə məxsus deyil və iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə təsdiq edilmişdir ki, kredit müqaviləsindəki, həmçinin müqavilə üzrə pulun cavabdehə verilməsini təsdiq edən sübutlardakı imzalar, yəni xaricə köçürmə barədə ərizələrdəki və nağd ödəniş üçün elanda olan imzalar Cavabdeh tərəfindən icra olunmamışdır. Öhdəliyin yaranmasına əsas olan kredit müqaviləsindəki imza cavabdehə məxsus olmadığından, onun həmin müqavilə üzrə hər hansı öhdəliyi yarana bilməz. Belə olan halda iddiaçının kredit müqaviləsi üzrə yaranmış borcun cavabdehdən tutulmasını tələb etməyə hər hansı hüquqi əsası yoxdur. Eyni zamanda müqavilə üzrə nəzərdə tutulan pulun cavabdehə verilməsi də hər hansı sübutla təsdiq olunmur. Qətnamədən iddiaçı LPO İddiaçı ASC apelyasiya şikayəti verərək, Səbail Rayon Məhkəməsinin 2(009)-53/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsininin ləğv edilib, iddianın təmin olunması barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə əsassız olaraq iddia tələblərini təmin etməmişdir. Belə ki, iddia tələbinin mahiyyətindən görünür ki, cavabdehlə kredit müqaviləsi bağlanmış və cavabdeh həmin kredit müqaviləsi üzrə 8.000.000 (səkkiz milyon) manat kredit götürmüşdür. İddiaçının iddia tələbinin əsasını cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi təşkil edilməsini qeyd etmişdir. Səbail rayon Məhkəməsi iddia tələbinin rədd olunması barədə qətnamə qəbul etdikdə, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 25528 saylı ilkin məhkəmə xətşünaslıq ekspertizasının və xx.xx.2020-ci il tarixli, 32312 saylı komissiyon məhkəmə xətşünaslıq ekspertizasının rəyinə əsaslandığını bildirmişdir. Belə ki, kredit müqaviləsində imzaların Cavabdehli oğlu tərəfindən icra edilməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuşdur. Ekspert rəyində imzaların X7 tərəfindən müəyyən edildiyi üçün məhkəmə iddianın təmin olunmaması qənaətinə gəldiyini və AR Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsini nəzərə almadığını bildirmişdir. Belə ki, ekspertin rəyinin məhkəmə üçün məcburi olmadığını və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirildiyini qeyd etmişdir. Digər tərəfdən, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etmədiyindən qabaq, pretenziya qaydasında, Cavabdehli oğlunun xəbərdar edildiyini, onunla xx.xx.2014-cü il tarixində kredit müqaviləsinin bağlandığını və banka 5.104.424,73 (beş milyon yüz dörd min dörd yüz iyirmi dörd manat yetmiş üç qəpik) manat əsas borcunun, 598.746,57 (beş yüz doxsan səkkiz min yeddi yüz qırx altı manat əlli yeddi qəpik) faiz borcu olmaqla, cəmi 5.703.171,30 (beş milyon yeddi yüz üç min yüz yetmiş bir manat otuz qəpik) manat borcunun olduğu bildirilmişdir. Bundan sonra, cavabdeh tərəfindən banka müqavilənin onun tərəfindən imzalanmadığı bildirilməmiş, bu məcəllənin araşdırılması üçün banka və ya digər quruma məlumat verilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4644/2020 nömrəli iş üzrə 03 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 fevral 2020-ci il tarixli 2(009)-53/2020 nömrəli qətnaməsi iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında hər hansı kredit müqaviləsinin bağlanılması müəyyən edilmədiyindən, təqdim edilmiş kredit müqaviləsindəki imzanın isə cavabdehə məxsus olmaması müəyyən edildiyindən, eyni zamanda kredit müqaviləsində nəzərdə tutulan pulun cavabdehə verilməsi sübut olunmadığından irəli sürülmüş iddia tələbi əsassız hesab edilməsi və təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən əsaslandırmanı iş üzrə komission təkrar məhkəmə-xətt ekspertizasının rəyinə istinadla etmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, ilkin ekspertiza bir ekspert tərəfindən aparıldığı halda, komission ekspertiza ən azı iki ekspertin iştirakı ilə aparılır. Məhkəmə tərəfindən təyin edilmiş ilkin məhkəmə xəttşünaslıq ekspertizasının rəyi bir ekspert, komission ekspertiza isə iki ekspert tərəfindən verilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, komission ekspertizanın rəyi ilkin ekspertiza rəyindən fərqli olaraq iki ekspertin gəldiyi nəticə olduğundan, həmin rəy məhkəmə tərəfindən daha mötəbər sübut kimi qəbul edilir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iş üzrə komission ekspertiza rəyi hazırki iş üzrə mötəbər sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində icraat Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, təkrar komission ekspert rəyi məhkəmə üçün məcburi deyildir və digər sübutlarla yanaşı yoxlanılmalıdır. Lakin apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış və yalnız qeyd edilən ekspert rəyini mötəbər sübut kimi qəbul edərək qətnamə qəbul etmişdir. Halbuki iş üzrə keçirilmiş ilkin ekspertiza ilə komission ekspertiza arasında ziddiyyətlər mövcud olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-871/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 4644/2020 nömrəli iş üzrə 03 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kassasiya instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərə uyğun əsaslandırılmamışdır. Belə ki, iş materiallarındakı rəylərdən görünür ki, ilkin ekspert rəyi ilə təkrar ekspert rəyi arasında zidiyyətlər mövcuddur. Əvvəla, ilkin ekspert rəyində Cavabdeh alınmış imza nümunələri ilə ekspertiza tədqiqatının obyekti olan sənədlərdəki imzalar arasında 6 uyğunluq olduğu müəyyənləşdirilsə də iş üzrə keçirilmiş təkrar komission rəydə cəmi 3 uyğunluq olduğu göstərilmişdir. Bundan başqa təkrar komission rəydə Cavabdeh alınmış imza nümunələri ilə ekspertiza tədqiqatının obyekti olan sənədlərdəki imzalar arasında hərəkətin icra olunması formasında uyğunluğun olduğu göstərilsə də uyğunluğun imzanın hansı hissəsinə münasibətdə olduğu göstərilməmişdir. Halbuki birinci rəydə həmin uyğunluğun “İ” hərfinə münasibətdə olduğu vurğulanmışdır. Apelyasiya intansiyası məhkəməsi rəylər arasında mövcud olan ziddiyyətlərə hüquqi qiymət verərək və həmin ziddiyyətin aradan qaldırılması üçün təkrar ekspertiza keçirməli olduğu halda bununla bağlı hüquqi qiymətləndirmə aparmamış, nəticədə iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Bundan başqa iş materiallarından görünür ki, xx.xx.2014-cü il tarixli müqavilə ilə Cavabdeh ayrılmış kreditin bir hissəsi ödənilmişdir. Lakin həmin ödənişlərin kim tərəfindən edilməsi müəyyənləşdirilməmişdir. Halbuki hazırkı mübahisənin düzgün həll edilməsi üçün həmin ödənişlərin cavabdeh tərəfindən ödənilib-ödənilməməsinin müəyyənləşdirilməsi də mühüm əhəmiyyətə malikdir. Ona görə də işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi bu halı da araşdırmalı və mübahisəyə müvafiq araşdırmanın nəticəsinə uyğun hüquqi qiymət verməlidir. Apellyasiya məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5115/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə X6 barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2.,179.3.2., 308.2 və 320.2-ci maddələri ilə aparılan cinayət işi üzrə preyudisial əhəmiyyət kəsb edən faktlar müəyyən edilməli olduğundan, həmin iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək, hazırkı mülki iş üzrə icraat dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-48/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə X6 barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2.,179.3.2., 308.2 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 1(103)-32/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı qanuni qüvvəsini aldığı üçün mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 apellyasiya şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən iddiaçı tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəlləsi: 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 387.1. Öhdəlikdə onun tərəflərindən hər biri kreditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs iştirak edə bilər. Öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı kreditorun tələblərinin etibarsızlığı, eləcə də bu cür şəxsə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur. 387.2. Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. 387.3. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1.Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki iş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış 01 avqust 2014-cü il tarixli, 400/14 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh biznesin inkişafı məqsədilə 60 ay müddətinə, illik 8% olmaqla 8.000.000 manat məbləğində kredit verilmişdir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arayışa əsasən Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixinə kredit kredit öhdəliyi üzrə 5.104.424,73 manat əsas, 598.746,57 manat faiz borcu, cəmi 5.703.171,30 manat borcu var. İddiaçı qeyd edilən məbləğlərin 01 avqust 2014-cü il tarixli, 400/14 saylı kredit müqaviləsinə əsasən cavabdehdən tutulmasını iddia edir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2019-cu il tarixli rəyinə əsasən hesabdan çıxarış məlumatları, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2017-ci il tarixə Cavabdeh İddiaçı ASC-nə olan borcu 5.701.704,0 manat məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 5.102.957,0 manat, faiz borcu üzrə 598.747,0 manat. İş üzrə təyin edilmiş ilkin məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2019-cu il tarixli, rəyinə əsasən ekspertizaya təqdim olunmuş mülki işin 9-11-ci vərəqələrində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 400/14 saylı kredit müqaviləsinin “Borcalan” qrafasındakı imzalar - Cavabdeh tərəfindən icra olunmuşdur. İş üzrə təyin edilmiş komissiyon təkrar məhkəmə-xəttşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli rəyinə əsasən ekspertizaya təqdim edilmiş mülki işin 9-11-ci vərəqələrində İddiaçı ASC ilə Cavabdeh arasında olan xx.xx.2014-cü il tarixli 400/14 nömrəli kredit müqaviləsinin 1-3-cü vərəqələrində “Borcalan” qrafalarındakı imzalar (04 ədəd), mülki işin 126-127-ci vərəqələrində olan xx.xx.2014-cü il tarixli və xx.xx.2014-cü il tarixli Xaricə köçürmə ərizələrinin aşağı sol hissələrindəki imzalar, 128-ci vərəqəsində olan xx.xx.2016-cı il tarixli Nağd ödəniş üçün elanda “Ödəyənin imzası” qrafasındakı imza - Cavabdeh tərəfindən yox, onun həqiqi imzalarına oxşadılmaqla başqa şəxslər tərəfindən icra olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5115/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə təkrar məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 17 iyul 2021-ci il tarixli 4/846 saylı ekspert rəyi verilmişdir. Həmin rəydən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 9-11-ci vərəqələrində yerləşən İddiaçı ASC ilə Cavabdeh arasında olan xx.xx.2014-cü il tarixli 400/14 nömrəli kredit müqaviləsinin 1-3-cü vərəqələrində “Borcalan” qrafalarındakı imzalar (04 ədəd) Cavabdeh tərəfindən yox, onun həqiqi imzalarına oxşadılmaqla başqa şəxs tərəfindən icra olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5115/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə təkrar məhkəmə-komission xətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 11 oktyabr 2021-ci il tarixli 4/1286 saylı ekspert rəyi verilmişdir. Həmin rəydən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 9-11-ci vərəqələrində İddiaçı ASC ilə Cavabdeh arasında olan xx.xx.2014-cü il tarixli 400/14 nömrəli kredit müqaviləsinin 1-3-cü vərəqələrində “Borcalan” qrafalarındakı imzalar (04 ədəd) Cavabdeh tərəfindən icra olunmuşdur, mülki işin 126-127-ci vərəqələrində olan xx.xx.2014-cü il tarixli və xx.xx.2014-cü il tarixli Xaricə köçürmə ərizələrinin aşağı sol hissələrindəki imzalar, 128-ci vərəqəsində olan xx.xx.2016-cı il tarixli Nağd ödəniş üçün elanda “Ödəyənin imzası” qrafasındakı imza - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Mülki qanunvericiliyin tələblərinə əsasən mülki hüquq münasibətlərin və öhdəliyin yaranması üçün tərəflər arasında müqavilə olmalıdır. İddiaçı iddia ərizəsində xx.xx.2014cü il tarixli kredit müqaviləsinə əsasən istinad edərək cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini və bu səbəbdən xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işdə olan istər birinci instansiya məhkəməsinin, istərsə də apellyasiya instansiyası məhkəməsinin qərardadları ilə təyin edilərək keçirilmiş ekspertiza rəylərinə işdə olan digər sübutlarla birlikdə qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 400/14 saylı kredit müqaviləsinin “Borcalan” qrafasındakı imzalar və xx.xx.2014-cü il tarixli, xx.xx.2014-cü il tarixli Xaricə köçürmə ərizələrinin aşağı sol hissələrindəki imzalar, 128-ci vərəqəsində olan xx.xx.2016cı il tarixli Nağd ödəniş üçün elanda “Ödəyənin imzası” qrafasındakı imzaların - Cavabdeh tərəfindən icra olunması və icra olunmamasına dair müxtəlif rəylərin mövcudluğu ekspertlər tərəfindən qoyulmuş suallar üzrə yekdil rəyə gəlinməsinin mümkün olmamasının göstəricisidir. Buna baxmayaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiasının əsası kimi istinad etdiyi hallar, yəni, kredit müqaviləsinin cavabdeh tərəfindən imzalanması faktı mövcud olmuş olsa da belə, bu hal onun iddiaçı qarşısında öhdəliklə bağlı mülki məsuliyyət daşıyıcısı olmasını təsdiq etmir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçı müqavilənin şərtlərinə əsasən cavabdehə kredit müqaviləsinin bağlanması ilə orada göstərilən pulları verməsini, bununla da öz üzərinə müqavilə üzrə düşən öhdəliyini yerinə yetirməsini təsdiq edən sübutlar təqdim etməmişdir. İşin bu halı iş materiallarında olan qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 1(103)-32/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının məzmunu ilə təsdiq edilir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-32/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 308.2 və 320.2-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 fevral 2022-ci il tarixli, 1(101)-80/2022 nömrəli hökmü dəyişdirilmiş, həmin hökmlə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maliyyə-bank sektorunda rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə təyin olunmuş 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 7 (yeddi) ilə endirilmiş, həmin hökmlə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maliyyə-bank sektorunda rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə təyin olunmuş 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 08 (səkkiz) 06 (altı) aya endirilmiş, X4 hazırki qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 179.3.2-ci maddələri ilə təyin olunan və hökmlə Cinayət Məcəlləsinin 308.2-ci maddələri ilə təyin edilmiş əsas və əlavə cəzaları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 64-cü maddələrinə əsasən qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə X4 qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maliyyə-bank sektorunda rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qərarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən X6 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, qeyrilərinin köməkçiliyi ilə öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vuraraq mənimsəmə yolu ilə talamış, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxs qismində xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vahid niyyətlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, bilə-bilə hüquq verən saxta rəsmi sənəddən təkrarən istifadə etmişdir. Belə ki, o, 2014-cü ilin avqust ayında 5.102.957 manat məbləğində pul vəsaitinin tanışı Cavabdeh adına təminatsız olaraq kredit qismində rəsmiləşdirilib həmin məbləğdə pulun özünə təqdim edilməsinə dair tapşırığı əsasında, köməkçi qismində ona yardım edən bankın səlahiyyətli vəzifəli şəxsləri tərəfindən cinayətdən xəbərsiz Cavabdeh adına həmin məbləğdə pul vəsaitinin kredit qismində rəsmiləşdirilməsi barədə sonuncunun xəbəri olmadan sənədlər tərtib edilməklə yerinə imzalandıqdan sonra maddi məişət şəraiti, gəlir və xərcləri, həmin vəsaiti geri qaytarmaq üçün real imkanlara malik olub olmaması üzrə hər hansı yoxlama və analiz aparılmadan, bankın ünvan 1 ünvanında yerləşən baş ofisində Cavabdeh adından guya biznesin inkişafı təyinatı üzrə xx.xx.2014-cü il tarixli 400/14 saylı kredit müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixdə 2.357.907 manat məbləğində, xx.xx.2014-cü il tarixli 400/14 saylı kredit müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixdə 2.745.050,00 manat məbləğində pul vəsaitinin kredit qismində ayrılmasına nail olaraq 5.102.957 manat məbləğində pul vəsaitini bankın vəzifəli şəxsləri vasitəsi ilə götürüb şəxsi ehtiyaclarına xərcləməklə, xx.xx.2020-ci il tarixədək hər iki müqavilə üzrə ümumilikdə 5.102.957 manat əsas, 1.716.899,81 manat məbləğində faiz və cərimə borcunu, ümumilikdə, qeyd edilən qaydada 10 fiziki, 3 hüquqi şəxs və özünün adına ayrılmış cəmi 72.328.213,37 manat (yetmiş iki milyon üç yüz iyirmi səkkiz min iki yüz on üç manat otuz yeddi qəpik) məbləğində İddiaçı ASC-yə məxsus olmaqla ona etibar edilmiş pul vəsaitini həmin bankın səlahiyyətli vəzifəli şəxslərinin köməkçiliyi ilə öz qulluq mövqeyindən istifadə edərək həmin banka vahid niyyətlə külli miqdarda ziyan vurub mənimsəməklə talamış, həmin hərəkətləri, habelə 31.041.813,11 manat (otuz bir milyon qırx bir min səkkiz yüz on üç manat on bir qəpik) məbləğində faiz məbləğlərini qəsdən ödəməməklə İddiaçı ASC-nin əmlakının qorunub saxlanılması, verilən kredit məbləğləri üzrə öhdəliklərin təminatlılığının və vəsaitlərinin geri qaytarılmasının təmini üzrə əmlak hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli Qərarında vurğulanmışdır ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərarı). Məhkəmənin qanuni qüvvəyə minmiş qərarları preyudisial əhəmiyyətə malikdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarları). Konstitusiya Məhkəməsi Plenumunun G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 65.1 və 65.4-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Ali Məhkəmənin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli Qərarının 4-cü bəndində də göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə müvafiq olaraq, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və yalnız hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın preyudisial əhəmiyyəti prosessual qanunvericiliklə müəyyən edilmiş subyektiv və obyektiv hədlərdə mümkündür. Preyudisiallığın subyektiv həddi şəxslərin dairəsi ilə, obyektiv həddi isə hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 22-23-cü fəsillərində öhdəliklərin icra edilməməsi, öhdəliklərin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 560.1 və 560.2-cü maddəsinə görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Qanunvericiliyin mənasına görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməli, hüquqdan başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməməli və hüquqdan suiistifadəyə yol verilməməlidir. Müqavilə öhdəlikləri üzrə tərəflər öz hüquqlarınl həyata keçirərkən və vəzifələrini icra edərkən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməli, həmçinin əgər öhdəlik lazımınca icra edilmirsə, belə halda öhdəliyin icrası üçün məhkəmədə iddia qaldırıla bilər. Tərəflər bu Məcəllədə nəzərdə tutulmayan müqaviləni o zaman bağlaya bilərlər ki, qanuna zidd olmasın. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, qanunvericiliyin yuxargda qeyd edilən tələblərindən göründüyü kimi, kredit müqaviləsi ilə cavabdehə kreditin verilməsi şərtləndirildiyi halda, həmin məbləğləri məxaric etmədən cavabdehi müqavilə şərtlərini yerinə yetirməməkdə günahlandıraraq ondan iddiada göstərilən məbləğləri tələb etmək hüququ sui-istifadə olmaqla, qeyri-qanuni hüquqların, eləcə də, müdafiə edilməli olan cavabdehin mənafeyinin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı apellyasiya şikayətinin dəlillərinə dair hər hansı bir sübut məhkəməyə təqdim etməmiş, məhkəmə kollegiyasının iclasında birinci instaniya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası kredit müqaviləsində nəzərdə tutulan pulun cavabdehə verilməsi sübut olunmadığından irəli sürülmüş iddia tələbinin əsassız olmasına dair nəticəsi ilə razılaşır. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Hazırki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olaraq 351 (178+173) manat məbləğində pul İddiaçı ASC-dən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 fevral 2020-ci il tarixli 2(009)-53/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 351 (178+173) manat məbləğində pul İddiaçı ASC-dən dövlət büdcəsinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar