Məhkəmə qərarları › İş №2(103)-480/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-480/2025

14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-480/2025 14.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-3653/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı İcarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən, icarəçi icarəyə verənə məxsus Toyota Prius (hibrit) minik markalı buraxılış ili 2006-cı il olan ** LY *** qeydiyyat nişanlı avtomobili 1 il müddətinə hər ay 450 manat icarə haqqı ödəmək şərti ilə icarəyə götürmüşdür. İcarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən, icarəçi icarəyə verənə məxsus Chevrolet Aveo minik markalı buraxılış ili 2011 olan ** SY *** dövlət nömrə nişanlı avtomobili 1 il müddətinə hər ay 500 manat icarə haqqı ödəmək şərti ilə icarəyə götürmüşdür. Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair xx.xx.2022-ci il tarixli etibarnaməyə əsasən, Toyota Prius markalı avtomobili idarə etmək üçün X3 xx.xx.2023-cü il tarixdək qüvvədə olan etibarnamə verilmişdir. Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair xx.xx.2022-ci il tarixli etibarnaməyə əsasən, Chevrolet Aveo minik markalı avtomobili idarə etmək üçün X5 xx.xx.2023-cü il tarixədək qüvvədə olan etibarnamə verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh ünvanladığı pretenziyadan müəyyən olunur ki, icarəçi tərəfindən ödənişlərin edilmədiyi üçün müqavilələrin ləğv edildiyini bildirmiş və ödənişlərin aparılmasını tələb etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək (dəqiqləşdirilmiş tələblə), Cavabdeh tərəfindən Toyota Prius (hibrit) minik markalı və Chevrolet Aveo minik markalı avtomobillərə görə ödənməmiş 781 manat icarə haqqını, 750 manat Toyota Prius (hibrit) minik markalı avtomobilə vurduğu zərərə görə çəkdiyi xərc, 200 manat həmin avtomobildə yaranan cərimə borcu və 620 manat Chevrolet Aveo minik markalı avtomobilə vurduğu zərərə görə çəkdiyi xərci nəzərə alaraq, göstərilən məbləğlərdə ona vurulan maddi ziyanın və qanunvericiliyə müvafiq olaraq məhkəmə xərclərinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsi əsasında cavabdeh iddiaçıya məxsus Toyota Prius (hibrit) minik markalı buraxılış ili 2006-cı il olan ** LY *** qeydiyyat nişanlı avtomobili 1 il müddətinə icarəyə götürmüşdür. Müqaviləyə uyğun olaraq hər ay 450 manat sonradan şifahi razılaşma ilə 500 manat ödəməyi eyni zamanda avtomobili kasko siğorta etməyi, avtomobili tam işlək vəziyətdə təhvil verməyi öhdəsınə götürmüşdür. Eyni zamanda xx.xx.2022-ci il tarixli digər bir icarə müqaviləsi əsasında cavabdeh iddiaçıya məxsus Chevrolet Aveo minik markalı buraxılış ili 2011 olan ** SY *** dövlət nömrə nişanlı avtomobili 1 il müddətinə icarəyə götürmüşdür. Müqaviləyə uyğun olaraq hər ay 500 manat ödəməyi və avtomobili tam işlək vəziyətdə təhvil verməyi öhdəsinə götürmüşdür. Cavabdeh vasitəçi rolu oynayırdı, yəni avtombilləri 3-cü şəxslərə istifadə üçün verirdi və iddiaçı həmin şəxslərə avtomobili istifadə hüququ verən etibarnamə verirdi. Lakin, cavabdeh öz öhdəliklərini 2022-cı ilin dekabr ayından etibarən tam icra etməmiş müqavilənin şərtlərini pozaraq, dekabr və yanvar ayları ərzində etməli olduğu ödənişləri natamam etmiş, bununla da xx.xx.2023-cü il tarixinə ödənməmiş 704 manat borcu yaranmışdır. Fevral ayı üçün isə cavabdehin aşağıda göstərilən tarixlər ərzində 227 manat borcu yaranmış həmin ay üzrə sadəcə 150 manat ödəniş etmişdir. Müqavilə şərtlərini pozduğuna görə Chevrolet Aveo minik markaiı avtomobili 02.02 2023-cü il tarixində geri qaytarmışdır. Həmın vaxt avtomobili yaxınlıqdakı avtoservısə aparan zaman müqaviləyə zidd olaraq bir çox texniki problemlər aşkarlanmış və bu qüsurların bir qismi tərəfindən 620 manat xərclənməklə aradan qaldırılmışdır. Avtomobilin ciddi texniki probləmlərı olduğundan dəyərindən xeyli aşağı qiymətə satılmışdır. İcarəyə verdiyi digər Toyota Prius (hibrit) minik markalı avtomobil kasko sığorta edilməmişdir. Eyni zamanda dəfələrlə tələbinə rəğmən nə ödəniş edilmiş, nə də avtomobil geri verilmişdir. Məhz bundan sonra 3cü şəxsə verdiyi etibarnaməni xx.xx.2023-cü il tarixində ləğv etmişdir. Avtomobil DYP tərəfindən saxlanılaraq cərimə meydançasına xx.xx.2023-cü il tarixində qoyulduqdan sonra avtomobili geri ala bilmişdir. Avtomobildən tapdığı cavabdehlə 3-cü şəxsin iradəsinə zidd olaraq öz aralarında bağladığı alqı-satqı müqaviləsi isə cavabdehin dələduzluq edərək avtomobili gələcəkdə 3-cü şəxsin adına keçməsi şərti ilə istifadəyə verdiyi, yəni satdığı faktını aşkara çıxarmışdır. Həmin müqavilədən aydın görünür ki, cavabdeh 3-cü şəxsdən 1900 manat ilkin ödəniş, hər ay isə 450 manat almışdır. Eyni zamanda bu avtomobilin də ABS sistemi tam yararsız hala düşmüş, bunun üçün iddiaçı 750 manat vəsait xərcləmişdir. Cavabdehin iki icarə müqaviləsi üzrə 781 manat borcu, 1370 manat avtomobillərə dəyən maddi zərər və 200 manat inzibati xətalara görə borcu, ümumilikdə 2351 manat borcu yaranmışdır. Cavabdeh İddiaçı etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı verdiyi iddianın tamamilə əsassız olduğunu bildirir. Belə ki, İddiaçı onunla yaxın dostluq münasibətində olmuş və Bakı şəhərində iş qurmaq istədiyini, yalnız nəzarət edə bilməyəcəyi, işlərinə nəzarət etdiyi halda ona da hörmət edəcəyini bildirmişdir. İddiaçı 2 avtomobil alaraq günlük icarəyə verməklə, gündəlik pul qazanmasını istəmişdir. Bundan sonra onunla icarə müqaviləsi bağlayaraq maşınları istədiyi şəxslərə etibarnamə ilə vermişdir. Lakin maşını etibarnamə ilə idarə edənlərdən pulları ala bilmədiyi halda Bakı şəhərində yaşadığına görə ona kömək etmə vəzifəsini daşımışdır. İcarə müqaviləsində göstərildiyi bütün məbləğləri, yəni bir maşın üçün 450 AZN, digər maşın üçün 500 AZN olmaqla, cavabdehin iddiaçının maşınını etibarnamə ilə idarə edən vətəndaşlardan pulu alaraq iddiaçıya verməyini aralarında danışmışlar. İddiaçı 2 avtomobili eyni anda idarə edə bilməyəcəyi bir faktdır. Cavabdehə icarəyə vermiş maşınları özünün etibarnamə ilə verdiyi kənar şəxslərə etibarnamə ilə idarə etdirərək pul qazanan İddiaçı 2023-cü ilə qədər avtomobillərinin və avtomobillərini etibar etdiyi şəxslərin harda və nə işlə məşğul olması barədə xəbər tutmaya bilməzdi. İddiaçı iddiasında göstərdiyi kimi, çarəsizliyi və şiddətə dözməsi tamamilə absurddur. İddiaçı bütün bu müddətlərdə icarə müqaviləsini cavabdehin adına bağlayaraq, iddiaçıya olan etibarından istifadə edərək pul qazanmış və bütün məsuliyyəti isə cavabdehin üzərinə qoymağa çalışır. İddiaçının maşınların təmiri ilə əlaqədar 620 manat xərc çəkməsi barədə heç bir sübut yoxdur. İddiaçının avtomobillərinin iddiaçının etibarnaməsi ilə digər şəxslərə idarə edibsə və iddiaçı da bundan pul qazanıbsa təmir xərclərini cavabdeh çəkməli deyil. Bundan başqa iddiaçının etibarnamə ilə idarəsinə verdiyi avtomobil idarə olunarkən dövlət yol polisi tərəfindən gəlmiş 200 AZN cəriməni özü və ya avtomobili idarə edərkən etibar etdiyi şəxs ödəməlidir. İddiaçı iş qurarkən cavabdehə bu sahədə naşı olmasını və onun yalnız ona dəstək olmağını istəsə də, göründüyü kimi deyilmiş, əksinə etibardan suistifadə edərək dörd və beş tərəfli qazanc əldə etmək istəyir. Bütün bunlara görə icarə müqaviləsinin ilk gündən etibarsız olmasını və iddiaçının tələblərinin rədd olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən caabdeh Cavabdeh izahat verərək qeyd etdi ki, onun iddiaçıya icarədən qalan 400-500 manat məbləğində borcu var. İddiaçı tərəfindən təqdim edilmiş audio diskdəki onun səsinə dair qeyd edir ki, o, həqiqətən iddiaçıya olan 2000 manat borcunu etiraf etmişdir, indi də etiraf edir, lakin həmin borcun qaytarılmasını avtomobillərin onda qalması ilə şərtləndirmişdir. Belə ki, avtomobillər onda qalsa idi o, həmin avtomobillərlə qazanc əldə edib borcunu qaytara bilərdə, indi isə həmin pulu qaytarmaq iqtiranda deyil, yalnız 400-500 manat qalıq borcunu hissə-hissə qaytara bilər. İddianın rədd edilməsini xahiş edir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 3653/2024 nömrəli qətnaməsinə əsasən, iddia qismən təmin edilərək Toyota Prius (hibrit) minik markalı və Chevrolet Aveo minik markalı avtomobillərə görə ödənməmiş icarə haqqı və avtomobillərə vurulmuş zərərə görə Cavabdeh 2000 manat məbləğində pulun və 40 manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, 4,60 manat məbləğində dövlət rüsum iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdehin arasında iki icarə müqaviləsi bağlanılmış, cavabdeh müqavilə şərtlərini pozmuş, icarə haqqını vaxtında və tam ödəməmiş, avtomobillərin istismarından avtomobillərə zərər dəymiş, həmin zərər iddiaçı tərəfindən aradan qalıdrılmışdır. Belə olan halda, məkəmə hesab edir ki, nə qədər ki, cavabdeh 2000 manat məbləğinə qədər iddiaçıya olan borcunu etiraf edir və həmin borcu icarə haqqı və zərərə bölmək mümkün olmur, ümumilikdə cavabdehdən iddiaçının xeyrinə 2000 manat pul tutulmalıdır. Məhkəmə cavabdehin 2000 manat məbləğində olan borcunu iddiaçıya şərtlə ödənilməsinə dair cavabdehin etirazında qeyd etdiyi dəlilə münasibət bildirərək qeyd etmişdir ki, əvvəla, cavabdeh səsli mesajında belə bir şərt qoymamışdır. Bundan başqa, məhkəmə hesab edir ki, belə bir şərt qoymuş olsaydı belə, həmin şərtin hər-hansı hüquqi qüvvəsi olmazdı. Belə ki, qeyd edildiyi kimi, iddiaçı hər iki müqaviləni birtərəfli qaydada ləğv etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 2000 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda hesab etmişdir ki, nə qədər ki, avtomobilə cərimələr X4 tərəfindən edilmiş pozuntulara görə yazılmış və iddiaçı özü ona etibarnamə vermişdir, həmin cərimələrin pulları da məhz X1 istənilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 386.1, 442, 433.1, 448.1, 448,2, 675, 700.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumununun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» xx.xx.2023-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(008)-3653/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi, iddianın tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3653/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiasının qismən təmin edilməsi, Toyota Prius (hibrit) minik markalı və Chevrolet Aveo minik markalı avtomobillərə görə Toyota Prius (hibrit) minik markalı və Chevrolet Aveo minik markalı avtomobillərə görə ödənməmiş icarə haqqı və avtomobillərə vurulmuş zərərə görə cavabdeh kimi ondan 2000 manat məbləğində pul və 40 manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmə iddianı qismən təmin etməklə işin hallarına çox səthi yanaşmış, obyektiv araşdırma aparmadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə eyni zamanda iddia tələbindən də kənara çıxmışdır. Belə ki, İddiaçı ona qarşı 2351 manat məbləğində iddiası iki icarə müqaviləsi üzrə guya ödənilməmiş 781 manat icarə haqqı üzrə borc, 1370 manat guya avtomobillərə dəymiş maddi zərər və 200 manat inzibati cərimə borcundan ibarət olsa da, məhkəmə tərəfindən cəmi 2000 manat məbləğində ondan pulun tutulmasını qət edərkən, bu məbləğin tərkibinə icarə haqqının və ya avtomobillərə dəymiş ziyana görə məbləğin daxil olub-olması, daxildirsə hansı məbləğləri təşkil etməsi göstərilməmişdir. Ümumiyyətlə məhkəməyə iddiaçı tərəfindən nə icarə haqqının ödənilməməsi, nə də ki, avtomobillərə vurulmuş ziyan məbləği ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Buna baxmayaraq heç bir sübuta əsaslanmadan onun hansısa səs yazısının konteksi təhrif olunaraq əsassız qətnamə qəbul edilmişdir. Əlavə olaraq qeyd edir ki, maşınların icarəsi ilə məşğul olan iddiaçı fərdi sahibkar kimi faktiki olaraq bu fəaliyyətindən gəlir əldə etsə də, vergi uçotuna durmamış, VÖEN olmadan bu işlə məşğuldur. Şikayətçinin onunla bağladığı icarə müqavilələrinə gəlincə, müqavilə öhdəlikləri ilk növbədə iddiaçının özü tərəfindən pozulmuşdur. İddiaçı həri ki müqavilədə göstərilmiş 1 illik icarə müddətini gözləmədən avtomobilləri müxtəlif üsullarla geri götürmüş, onun icarəyəgötürən kimi öhdəliklərini yerinə yetirməsini mümkünsüz etmişdir. Avtomobilləri başqa şəxslərə özü icarəyə vermiş, onlar istismar edilmişdir. Avtomobilləri ondan təhvil aldıqdan sonra ondan icarə haqqını tələb etməsi əssasız olmuş, maşınları guya xarab etdiyini iddia etsə də, bununla bağlı heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Avtomobilləri ondan alıb başqa şəxslərə icarəyə verən iddiaçının müəyyən müddət sonra gəlib maddi zərərə görə ondan pul tələb etməsi onun hesabına əsassız varlanma faktıdır. Məhkəmə iddianı qismən təmin edilməklə bağlı qeyd etdiyi 2000 manat məbləği əsaslandıra bilməmişdir. Şikayətçinin iddiaçıya ödədiyi ödəniş qəbzlərini məhkəmə qəbul etməmişdir. Ümumiyyətlə, məhkəmə işin hallarını araşdırmağa, həqiqəti üzə çıxarmağa səy göstərməmişdir. Şikayətçinin səs yazısındakı məsələ maşınların onda qalacağı təqdirdə onların bütün xərclərini ödəməyi mənasında olmuşdur. İddiaçı da çox yaxşı bilirdi ki, o həmin avtomobilləri gündəlik icarəyə verməklə gəlir əldə edə bilərdi. İddiaçı öz hərəkətləri xüsusilə maşınları vaxtından əvvəl ondan almaqla ona ziyan vurmuşdur. Çünki müqavilə bağlayarkən ümid etdiyi faydadan məhrum olunmuşdur. Əslində müqavilə üzrə onun hüquqları iddiaçı tərəfindən pozulmuşdur. Maşınlar onda olduğu vaxtda saz vəziyyətdə olmuşdur, iddiaçı əgər sonradan onları kiməsə yenidən icarəyə verib gəlir edibsə, bu zaman əgər onlara ziyan dəyibsə buna cavabdehliyi o daşıya bilməz. Aralarında bağlanmış müqavilələrin vaxtından əvvəl icarəyə verən tərəfindən ləğvi halları və qaydası nəzərdə tutulmamışdır. Məhkəmə də verdiyi izahatı da iddiaçının xeyrinə təhrif edilmişdir. Guya o, 2000 manat borcu olduğunu etiraf edibsə, bu borcun nədən yarandığı araşdırılmamışdır. Misal üçün belə bir borcun icarə müqavilərinə aidiyyəti olmaya da bilərdi. Məhkəmə qətnaməsində göstərilir ki, “Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında iki icarə müqaviləsi bağlanılmış, cavabdeh müqavilə şərtlərini pozmuş, icarə haqqını vaxtında və tam ödəməmiş, avtomobillərin istismarından avtomobillərə zərər dəymiş, həmin zərər iddiaçı tərəfindən aradan qaldırılmışdır.” Lakin bu halları təsdiq edən heç bir sübut, iş materialı olmamış, məhkəmə qeyd olunan nəticələrə nəyin əsasında gəldiyini qeyd etməmişdir. Ona görə də Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3653/2024 nömrəli, 12 avqust 2024-cü il tarixli qətnaməsinin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi, iddianın tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3653/2024 saylı,xx.xx.2024 cü il tarixli qətnaməsindən appeliyasiya şikayəti vermişdir. Hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, apellyasiya şikayətində ilkin olaraq göstərilir ki, məhkəmə 2000 manat pul və 40 manat dövlət rüsumunun ödənməsi ilə bağlı qətnamə qəbul edərkən işə səthi yanaşmış, araşdırma aparmadan qanunsuz və əssasız qətnamə qəbul etmişdir. Lakin məhkəmə qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 95.3 cü maddəsini rəhbər tutaraq onun tərəfindən məhkəməyə təqdim olunan səs qeydini sübut kimi qəbul etmişdir. Apellyasiya şikayətində göstərilən digər əsas olaraq göstərilmişdir ki, məhkəmə onun 781 manat icarə haqqı, 1370 manat avtomobillərə dəyən zərər və 200 manat cərimə borcu ilə bağlı iddia tələbinə baxarkən, 2000 manat borcun cavabdehdən tutulmasını qət etmiş, lakin bu məbləğin tərkibində icarə haqqının və ya avtomabillərə dəymiş ziyana görə məbləğin olub olmaması, daxildirsə hansı məbləğlər təşkil etməsi göstərilməmiş, ümumiyətlə onun tərəfindən nə icarə haqqının nə də avtomabillərə dəymiş ziyana görə hər hansı sübut təqdim edmədiyini qeyd etmişdir. Lakin iddia ərizəsinə əlavə etdiyi bank rekvizitlərində son 3 ay ərzində cavabdehin icarə haqqlarını natamam ödədiyi öz əksini tapmışdır. Avtomobillərə dəyən zərərə gəldikdə o, hər iki avtomobili icarəyə verərkən hər ikisinin iştiraki ilə texniki yoxlanışdan keçirilmiş və avtomobillər saz vəziyyətdə olduğu məlum olmuş və bu fakt hər iki icarə müqaviləsində öz əksini tapmışdır. Ancaq avtomobilləri geri alan zaman dəfələrlə avtomobillərin texnixi yoxlanışına birgə getməklə bağlı telefon ilə əlaqə saxlasa da ya danışmaq mümkün olmamış, yada özü yoxlanışa gəlməkdən imtina etmişdir. Məhkəməyə təqdim etdiyim whatsap səs yazısındanda məlum olduğu kimi özü ona inandığını onun iştirakı olmadan texnixi yoxlanışları etdirməsini və bu yoxlanışları etdirən zaman bir dəfədə olsa avtomobillərin vəziyəti ilə maraqlanmadığnı bildirmiş və qeyd olunan borcu qəbul etmişdir. Digər tərəfdən cavabdeh bildirmişdir ki, o, vergi uçotuna durmadan və VÖEN olmadan bu işlə məşğul olmuşdur. Lakin bildirmək istəyir ki, cavabdeh 37 avtomobili müxtəlif şəxslərdən alaraq taksi fəaliyətinə verdiyini bildirmişdir. Yəni cavabdeh avtomobil almaq üçün vəsait xərcləmədən başqa şəxslərə aid avtomobilləri icarəyə götürərək 3-cü şəxslərə taksi fəaliyyəti üçün vermiş və həmin avtomobillərə icarə müqaviləsi əsasında nəzarət funksiyasını daşımış və qazanc əldə etmişdir. Cavabdeh bu səbəbdən onda VÖEN olduğunu bildirmiş və şifahi olaraq vergi öhdəliyini üzərinə götürməyə razılaşmışdır. Etiraza əlavə etdiyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi səyfəsindən əldə etdiyi çıxarışda cavabdehin həqiqətəndə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu və VÖENl-i olduğu məlum olur. Cavabdehin digər qeyd etdiyi fakt olan avtomobilləri icarə müqaviləsi üzrə 1 illik müddət bitmədən geri alması ilə bağlı isə qeyd edir ki, yuxardada qeyd etiyi hallar üzrə cavabdeh üç ay əssasız olaraq müxtəlif bəhanələrlə icarə haqqını gecikdirmişdir. Eyni zamanda cavabdehin avtomobildə aşkar etdiyi öhdəlik müqaviləsi ilə onun iradəsinə zidd olaraq avtomobili sürücülük hüququ ilə verilən şəxsə qanunsuz olaraq satdığı məlum olmuş yəni bir növ dələduzluq etmişdir. O, qeyd olunan halları və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsini nəzərə alaraq (tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur) avtomobilləri geri almışdır. Cavabdehin avtomobilləri aldıqdan sonra icarəyə verilməsi qeydi isə həqiqəti əks etdirmir, belə ki, yuxarıdada qeyd etdiyi kimi cavabdehdən aldıqdan dərhal sonra avtomobili texnixi yoxlanışa cəlb etmiş və çoxsaylı texniki problemlərin olması aşkar olunmuşdur. Digər tərəfdən cavabdeh məhkəmənin onun izahatını təhrif etdiyini qeyd etmişdir, beləki borcu cavabdeh etiraf edibsə onun nə ilə bağlı olduğu göstərilmədiyini qeyd etmişdir. Lakin səs qeydini dinədikdə göstərilən borcun avtomobillərlə bağlı olduğu aşkar olunur. Birinci instansiya məhkəməsində baxış zamanı cavabdeh yazılı olaraq müraciət etdiyi ərizəsində belə bir borcun olmadığını bildirmiş, prosesdə iştirakı təmin edildikdən sonra 400-500 manat borcunun olduğunu bildirmiş, daha sonra məhkəməyə təqdim edilən səs qeydi ona məlum olduqdan sonra 2000 manat borcu etiraf etmiş, avtomobillər onda qalacağı təqdirdə ödəyəcəyini bildirmişdir. Lakin təqdim etdiyi səs qeydində həmin şərtin olmadığı, ayın 1-indən işə çıxacağı və ödənişləri edəcəyini öhdəsinə götürdüyü məlum olur. Beləliklə cavabdehin ziddiyətli izahatlarında bu məqamda iddianın təmin olunması üçün sübut hesab olunmaldır. Eyni zamanda cavabdehin iş matreallarına əlavə etdiyi 3-cü tərəflə onun avtomobilinə dair alğı-satqı müqaviləsi bağlaması onun dələduzluq niyətini göstərir və izahatlarındakı səmimiyətini şübhə altında qoyur. Ona görə də Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3653/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin təmin olunmaması və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3653/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edib, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi İ. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. İİİ. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Maddə 127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri İ.Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; .... Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 682. Kirayəçi kirayəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi nəticəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır. Maddə 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər. Maddə 697.2. Əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqq-ədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir. Maddə 697.4. Kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı: “Nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. Göründüyü kimi, müqavilənin ləğv edilməsi xitam anlayışı ilə əhatə olduğu halda, müqavilənin xitam edilməsi heç də hər zaman onun ləğv edilməsi anlamına gəlmir... Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: – digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (məsələn, Mülki Məcəllənin 719.7-ci maddəsində müəyyən edildiyi kimi); – Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda (məsələn, Mülki Məcəllənin 786.1-ci maddəsində göstərilən hal).... Əlavə olaraq o da vurğulanmalıdır ki, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Mülki Məcəllənin 421.2-ci maddəsinin birinci cümləsindən “məhkəmənin qərarına əsasən" müddəası çıxarılmaqla, ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsi müəyyən edilmişdir ki, bu da müvafiq münasibətlərin hüquqi tənzimlənməsinin əsas prinsiplərindən irəli gəlmişdir... Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində qeyd olunan əsasların mövcud olduğu hallarda müqavilənin ləğv edilməsinin məhkəmədən kənar qaydası, Məcəllənin 423.2-ci maddəsində isə ləğvetmənin xüsusi qaydası (müstəsna hal - Mülki Məcəllənin 422.1-ci maddəsinə uyğun olaraq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi mövcud olduğu təqdirdə) nəzərdə tutulmuşdur. Məhkəmədən kənar qayda iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə şərtləndirildiyi halda, xüsusi qayda məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir... Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Həmçinin, müqavilədən imtina yalnız öhdəliyin pozulması nəticəsində mümkün olduğu halda, müqavilənin ləğv edilməsi üçün öhdəliyin pozulması heç də həmişə şərt kimi çıxış etmir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir... O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər... Maddənin tətbiqi tərəflər arasında sinallagmatic öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir... Mülki Məcəllənin öhdəliyin icrasından imtinanı nəzərdə tutan 443.5-ci maddəsinə əsasən, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər... Müqavilənin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələri birbaşa müqavilə münasibətlərinin hüquqi rejimindən irəli gəlir. Belə ki, Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Məcəllənin 399.4-cü maddəsində göstərildiyi kimi, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.” “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı: Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia qismən təmin edildiyindən və qətnamə apellyasiya şikayətinə əsasən cavabdeh tərəfindən iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi, icarəyə verilmiş nəqliyyat vasitələrinin dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin tutulması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi zərərin əvəzinin tutulması hissəsində tam rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iddia tələblərindən müəyyən olunur ki, İddiaçı Cavabdeh tərəflər arasında bağlanmış icarə müqavilələrinə əsasən icarə haqqı borcuna görə 781 manat, icarəyə verilmiş nəqliyyat vasitələrindən istifadə nəticəsində vurulmuş zərərin əvəzi olaraq cəmi 1370 (750+620=1370) manat tələb edir. Birinci instansiya məhkəməsi iddiaçının tələbini qismən təmin edərkən öz qənaətini avtomobillərə cavabdehin istifadəsində olarkən dəymiş zərərin iddiaçı tərəfindən aradan qaldırılması, cavabdehin iddiaçıya olan 2000 manat borcunu etiraf etməsi, etiraf olunan məbləğin icarə haqqı və zərərə bölməyin mümkün olmaması səbəbindən ümumilikdə cavabdehdən iddiaçının xeyrinə 2000 manatın tutulması kimi əsaslandırsa da, icarəyə verənin icarəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddialarının, icarəyə verənin icarəyə verilmiş əşyanı geri aldığı andan altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşməsini nəzərə almamış, bununla da, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Belə ki, mülki işdən müəyyən olunur ki, nəqliyyat vasitələrini 2023-cü ilin fevral ayında təhvil alan iddiaçı bu tələblə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə müddəti ötürmüşdür. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020ci il 12 mart tarixli Qərar). İstinad olunanlara əsasən, kollegiya belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(008)-3653/2024 nömrəli qətnaməsi icarəyə verilmiş nəqliyyat vasitələrindən istifadə nəticəsində vurulmuş zərərin əvəzi olaraq Cavabdeh İddiaçı xeyrinə 1219 manatın tutulması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi müddətin keçməsinə görə rədd edilməli, apellyasiya şikayəti qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası icarə haqqı borcuna görə cavabdehdən iddiaçının xeyrinə 781 manatın tutulmasına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən bu hissəsində əsassızdır. Belə ki, iddiaçıya 2000 manat borcunun olmasını bildirən cavabdeh icarə haqqı borcunun 400-500 manat təşkil etməsinə dair hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamə ilə iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 3653/2024 nömrəli qətnaməsi icarəyə verilmiş nəqliyyat vasitələrindən istifadə nəticəsində vurulmuş zərərin əvəzi olaraq Cavabdeh İddiaçı xeyrinə 1219 manatın tutulması hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar