Məhkəmə qərarları › İş №2(103)-4804/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4804/2023

20.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4804/2023 20.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı “X7” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: kredit borcu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, iddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 20 dekabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 115İK/17 saylı kredit müqaviləsinə əsasən borcverən 140000 manat məbləğində krediti 288 ay müddətinə, illik faiz dərəcəsi 6,8% olmaqla borcalana verməyi, borcalan isə əsas borc və ona hesablanacaq faizləri bu müqaviləyə əsasən ödəməyi öhdəsinə götürmüşdür.

2. X3, ipoteka saxlayan "xxxx" ASC və borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən satıcı Abşeron rayonu, Qobu qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən 0,23 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evini alıcı-ipoteka qoyanın mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Daşınmaz əmlakın satış qiyməti 210000 manatdır. Əmlak dəyərinin 70000 manat məbləğində olan hissəsi alıcı-ipoteka qoyan özü tərəfindən, 140000 manat məbləğində olan hissəsi isə kreditor-ipoteka saxlayan tərəfindən xx.xx.2017-ci il tarixli 115İk/17 saylı kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş vəsait hesabına ödəyir.

3. Abşeron rayonu, Qobu qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən 0,23 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evi xx.xx.2018-ci il tarixdə "xxxx" ASC-nin xeyrinə xx.xx.2017-ci ildən xx.xx.2042-ci il tarixinədək ipoteka ilə yüklü edilmişdir. Hüququ yüklü edilən şəxs Cavabdeh1dur.

4. Cavabdeh2 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, Cavabdeh2 X6 mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən 0,23 ha torpaq sahəsini və həmin sahədə yerləşən 7 saylı fərdi yaşayış evini alqısatqı müqaviləsinə əsasən gələcəkdə həyat yoldaşı Cavabdeh1 məxsus olacaq yuxarıda göstərilən fərdi yaşayış evinin və torpaq sahəsinin əldə edilməsindən sonra ipotekaya qoyulmasına etiraz etmədiyini, ipotekaya qoyulmuş əmlaka yönəldiyi halda onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəyini bildirmişdir.

5. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən X5 xx.xx.2022-ci il tarixinə 133677,58 manat əsas, 9395,71 manat faiz borcu olmaqla, cəmi 143073,29 manat borcu vardır.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 115İK/17 saylı kredit müqaviləsinə xitam verilməsi, cavabdehdən 133 677,58 manat əsas, 9395,71 manat faiz, cəmi 143073,29 manat borcun və ödənilmiş 433,08 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə bağlı 30 manat xidmət haqqının, ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı 1000 manat xidmət haqqının tutulması, tələbin cavabdehin mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Qobu qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən 0,23 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın hərracda satılması, satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi və əmlak satıldıqdan sonra cavabdehlərin tutduğu yaşayış sahəsindən ən geci 1 ay ərzində çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka tələb olunan məbləğdə borcu yaranmışdır.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim F.Əyyubov, iş № 2(004)-5476/22) iddia təmin edilmişdir.

9. Məhkəmənin qənaətinə görə iddiaçı "xxxx" KB ASC Cavabdeh1 müqavilə üzrə razılaşdırılmış məbləğdə və şərtlərlə kredit verərək öhdəliyini yerinə yetirmiş, Cavabdeh1 isə müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməyərək borcunu tam ödəməmişdir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1, 421.2, 739.1-ci, “İpoteka haqqında “ Azərbaycan Respublikası Qanununun 34, 39.3.3, 59.3.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən iş üçün əhəmiyyətli olan bütün halları araşdırmamış, məhkəmə iclasında iştirakı təmin olunmamışdır. “Bildirişin qeydə alınması barədə ərizə”də bildirişin ona göndərildiyi tarix olaraq xx.xx.2021-ci il göstərilmişdir, lakin bildirişin bu tarixdə ona çatdırılmasını təsdiq edən sübut kimi məhkəməyə heç bir poçt qəbzi və s. sənəd təqdim edilməmişdir. Bundan əlavə bildirişin qeydə alınması barədə ərizə də iş materiallarına əlavə edilməmişdir. Buna görə də qanunverciliyin tələblərinə uyğun olaraq bildirişin qeydə alınması barədə ərizənin 1 iş günü müddətində təqdim edilib-edilməməsi bizə bəlli deyil. Yasamal Rayon Məhkəməsində işə baxılan zaman ipoteka predmeti olan evin dəyərinə dair "xxxx" MMC-nin təqdim etdiyi rəy əsas götürülməklə qətnamə çıxarmışdır. Həmin rəyə uyğun olaraq, ipoteka predmetinin ilkin satış (likvid) qiymətini 210.000 min manat, bazar qiymətini isə 215.000 manat müəyyən etmişdir. Qeyd olunan qiymətləndirmə rəyi ilə razı deyil, əmlak dəyəri göstəriləndən daha aşağı qiymətləndirilmişdir. Məhkəmə iclasında iştirak edə bilmədiyinə görə ekspertizanın təkrar keçirilməsinə dair vəsasət verə bilməmişdir.Qeyd olunan maddələrdən görünür ki, mütəxəssis rəyi sübut kimi qiymətləndirilə bilməz. Odur ki, həmin evin dəyəri verdiyi rəy üçün məsuliyyət daşımayan mütəxəssis tərəfindən deyil, ekspertin verdiyi rəy əsasında qiymətləndirilməlidir. Məhkəmə tərəflərin razılaşması və "xxxx" MMC tərəfindən müəyyənləşdirilən qiyməti əsas götürsə də, ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı xidmət haqqı kimi Bank tərəfindən "xxxx" MMC-yə ödənilmiş 1000 manatın ondan tutularaq iddiaçıya ödənilməsini qət etmişdir. Əsas və faiz borcu ilə razı deyil, hesab edirlər ki, məhkəmə mühasibatlıq ekspertizası təyin edilməlidir. İddiaçı “iddia tələbi irəli sürməmişdən əvvəl pretenziya qaydasına əməl etməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsinin tələblərini pozaraq mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət etməmişdir. Yəni, iddiaçı qeyd olunan tələblə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl ona məlumat verməli idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c)Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

15. İddiaçının nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

17. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

18. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

19. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu

20. Maddə 34. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir.

21. Maddə 39.3.3. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

22. Maddə 59.3.1. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Hazırkı apellyasiya şikayətində cavabdeh qətnamənin ləğv edilməsini xahiş etdiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. İddiaçı cavabdehin müqavilə öhdəliklərini yerinə yetirmədiyinə istinad edərək hazırkı iddianı qaldırmışdır.

26. İddiaçının tələbi 133 677,58 manat, 9395,71 manat faiz, cəmi 143073,29 manat borcun və 433,08 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə bağlı 30 manat xidmət haqqının tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədədir.

27. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixinə 133677,58 manat əsas, 9395,71 manat faiz borcu olmaqla, cəmi 143073,29 manat borcu vardır.

28. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh apellyasiya şikayətində əsas və faiz borcunu mübahisələndirmişdir. Apellyasiya şikayətinin dəlillərinin yoxlanılması məqsədilə apellyasiya baxışı zamanı məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspetiza Mərkəzinin 15 noyabr 2023-cü il tarixli, 9/7521 saylı rəyi ilə əsas borcun məbləği 134.365,1 manat, faiz borcunun məbləği 8836,02 manat müəyyən edilmişdir.

29. MPM-nin 218.3-cü maddəsinin tələbinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

30. Ekspert rəyi ilə müəyyən edilmiş əsas borcun məbləği tələb həddini aşdığından Kollegiya əsas borcun məbləğini birinci instansiya məhkəməsinin müəyyən etdiyi həcmdə, yəni tələb həddində tutulmasını qanuni və əsaslı sayır.

31. Məhkəmə kollegiyası faiz borcu ilə bağlı ekspert rəyində göstərilənləri mötəbər sübut kimi qəbul edərək bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi 9395,71 manat faiz borcunun tutulması hissəsində dəyişdirilməli və faiz borcunun məbləği 8836,02 manat müəyyən edilməlidir. Nəticədə cavabdehdən əsas borca görə 133 677,58 manat, faiz borcuna görə 8836,02 manat olmaqla, cəmi 142 513,6 manat pul tutulmalıdır.

32. İpoteka predmeti olan əmlakın göstəriləndən daha aşağı qiymətləndirilməsinə dair apellyasiya şikayətinin dəlilinə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir.

33. İşə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən iki dəfə əmlakın qiymətləndirilməsi aparılmışdır. "xxxx" MMC-nin rəyinə uyğun olaraq ipoteka predmetinin ilkin satış (likvid) qiyməti 210.000 min manat, bazar qiyməti isə 215.000 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil etmişdir. "xxxx" MMC tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli rəydə isə Abşeron rayonu, Qobu qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən 0,23 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evinin hazırkı bazar qiyməti 208000 manat, likvid dəyəri isə 200000 manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 1000 manat təşkil etmişdir.

34. Kollegiya hesab edir ki, təqdim olunmuş rəylər arasında əmlakın qiyməti ilə bağlı cüzi fərq vardır. "xxxx" MMC-nin rəyi daha dolğun, əsaslandırılmış olduğundan birinci instansiya məhkəməsi həmin rəyi əsas götürmüş, ipoteka predmetinin qiymətini rəyə uyğun müəyyən etmişdir.

35. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

36. Məhkəmə kollegiyası izah edir ki, iddiaçı tərəfin kassasiya qaydasında mübahisələndirə biləcəyi hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan o, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verə bilməz.

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli qətnaməsi Cavabdeh1 9395,71 manat məbləğində faiz borcunun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh1 tutulacaq faiz borcunun məbləği 8836,02 manat (səkkiz min səkkiz yüz otuz altı manat, iki qəpik) müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar