Məhkəmə qərarları › İş №2(103)-4804/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4804/2024

31.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4804/2024 31.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli qərardadından iddiaçı Cavabdeh2 tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli 2(002)- 1825/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdeh2 xx.xx.2024-cü il tarixdə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli qərardadı ilə buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməmişdir. Cavabdeh2 həmin qərardaddan şikayət vermiş, şikayəti onunla əsaslandırmışdır ki, qərardad qəbul edilən zaman o artıq qeydiyyatda olduğu ünvan 1 ünvanında yaşadığına görə Bakı Apellyasiya Məhkəməsinin və Qaradağ Rayon Məhkəməsinin qərardadlarından xəbəri olmamışdır. Xəbəri olsaydı, apellyasiya şikayəti verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərdi. Bakı Apellyasiya Məhkəməsinin və Qaradağ Rayon Məhkəməsinin qərardadlarından yalnız qətnamənin icrası ilə əlaqədar Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsinə çağrıldığı zaman xəbəri olmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, məhkəmənin 20 iyul 2023-cü il tarixli qətnaməsi xx.xx.2023-cü ildə Cavabdeh2 poçt xəbərnaməsinə imza edilməklə çatdırılmış, sonuncu qətnamədən apellyasiya şikayətini xx.xx.2023-cü il tarixdə vermiş, apellyasiya şikayəti Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməməsi əsası ilə geri qaytarılmış və həmin qərardad Cavabdeh2 elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Bundan sonra Cavabdeh2 dövlət rüsumu ilə bağlı qüsuru aradan qaldıraraq xx.xx.2023-cü il tarixdə məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsindən yenidən apellyasiya şikayəti vermiş, şikayət apellyasiya insansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-6156/2023 saylı qərardadı ilə apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyi üçün qeyri-mümkün hesab edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-1825/2023 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmış və sonuncu qərardad Cavabdeh2 elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Hazırda Cavabdeh2 apellyasiya şikayəti ilə xx.xx.2024-cü il tarixdə yenidən müraciət etmişdir. Göründüyü kimi, şikayət verilən məhkəmə qətnaməsinin Cavabdeh2 xx.xx.2023-cü il tarixdə çatmasına və həmin qətnamədən apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad Cavabdeh2 məxsus elektron kabinetə xx.xx.2023-cü il tarixdə yerləşdirilməsinə baxmayaraq apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddət 10 aydan artıq müddətə ötürülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Ərizəçi prosessual müddətin ötürülməsini məhkəmənin qeyd edilən qərarlarından məlumatı olmadığı ilə əlaqələndirsə də, bu hal müddətin üzürlü səbəbdən ötürülməsi barədə qənaətə gəlməyə əsas vermir. Buna görə də Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Cavabdeh2 tərəfindən apellyasiya şikayəti vermə müddətinin üzrsüz səbəbdən buraxıldığı qənaətinə gəlmişdir. Şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar