Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4806/2022 06.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair 2(003)-3138/2021 saylı mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı və Cavabdeh Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində Hövsan südçülük sovxozunun ərazisində yaşayırlar. Cavabdeh iddiaçıdan 20 iyun 2019-cu il və 29 iyul 2019-cu il tarixlərdə hər dəfə 6000 manat olmaqla iki dəfəyə cəmi 12000 manat borc almış, bu barədə yazılı qəbz vermiş və borcunu iki ay müddətində qaytaracağını bildirmişdir.
a) Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 12000 manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıdan 20 iyun 2019-cu il və 29 iyul 2019-cu il tarixlərdə hər dəfə 6000 manat olmaqla iki dəfəyə cəmi 12000 manat borc alsa da, ötən müddətdə borcu qaytarmamışdır.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3138/2021 saylı iş üzrə 05 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur. (hakim X1)
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı və Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin iddiaçıdan borc götürməsi barədə öz xətti ilə yazdığı əlyazmaları mötəbər sübut kimi qəbul etməməklə səhvə yol vermişdir. Halbuki, Cavabdeh borclu olduğu digər şəxslərin analoji iddiaları məhkəmələr tərəfindən təmin olunmuşdur. Hesab edir ki, cavabdehin iddiaçıya borclu olmasını həmin əlyazmalardan daha mötəbər sübut təsdiq edə bilməz. Bundan əlavə, birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclas katibi dəfələrlə Cavabdeh ilə əlaqə saxlasa da, cavabdeh yalan vədlər verməklə məhkəməyə gəlməkdən imtina etmişdir. Məhkəmə qeyd olunanları nəzərə almadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına, o cümlədən onunla telefon əlaqəsi saxlanılmasına və ünvanına sms bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.4 Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu
Maddə 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Maddə 9.1.20 Məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Apellyasiya baxışının hədləri
11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
12. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunub iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.
14. İş materiallarından görünür ki, Cavabdeh İddiaçı 20 iyun 2019-cu il və 29 iyul 2019-cu il tarixlərdə hər dəfə 6000 manat olmaqla iki dəfəyə cəmi 12000 manat borc almış, bu barədə 20 iyun, 21 iyun və 29 iyul 2019-cu il tarixlərdə 3 dəfə yazılı qəbz vermiş və borcunu iki ay müddətində qaytaracağını bildirmişdir. Cavabdeh götürdüyü borcu qaytarmamış və müqavilədən irəli gələn öhdəliklərinə əməl etməmişdir. Göründüyü kimi, iddiaçı cavabdeh tərəfindən yazılmış, pulun verilməsini təsdiq edən qəbzləri məhkəməyə təqdim etməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirmişdir. Cavabdeh isə qəsdən məhkəmə iclaslarına gəlməmiş, iddia tələbinə qarşı etiraz verməmişdir.
15. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən məbləği 3000 manatdan yuxarı olan borc müqavilələrinin yazılı formada bağlanması dedikdə, müqavilənin həm notarial, həm də sadə yazılı formada bağlanması nəzərdə tutulur. İşdən görünür ki, tərəflər arasında borcun verilməsinə dair sənəd qəbz formasında olsa da, həmin sənəd mahiyyət etibarilə borcun verilməsi barədə sadə yazılı müqaviləyə uyğun gəlir.
16. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddianın təmin olunmasına dair yeni qətnamə çıxarılmalıdır.
17. İddiaçı məcburi köçkün olmaqla iddia ərizəsi və apellyasiya şikayəti verilərkən dövlət rüsumu ödəməkdən azad olunduğundan, həmin məhkəmə xərcləri cavabdehdən alınıb dövlət büdcəsinə keçirilməlidir.
18. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3138/2021 saylı mülki iş üzrə 05 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. Cavabdeh 12000 (on iki min) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia ərizəsi verilərkən ödənilməli olan 126 manat və apellyasiya şikayəti verilərkən ödənilməli olan 63 manat pul Cavabdeh alınıb dövlət büdcəsinə keçirilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.