Məhkəmə qərarları › İş №2(103)-4812/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4812/2024

28.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4812/2024 28.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Maarif oğluna qarşı iş üzrə (Açar sözlər: ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 377/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “Hyundai Elantra minik” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X2 mülkiyyətindədir.

2. Mülkiyyətçi tərəfindən xx.xx.2021-ci il tarixli, ƏN-V 774275 №-li etibarnamə əsasında İddiaçı MMC-yə xx.xx.2028-ci il tarixədək nəqliyyat vasitəsini idarə etmək səlahiyyətləri verilmişdir.

3. Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 103 nömrəli İcarə Müqaviləsinə əsasən, İcarəyə verən İddiaçı MMC (direktor Nümayəndə şəxsində) tərəfindən “Hyundai Elantra” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil İcarəyə götürən Cavabdeh müvəqqəti istifadəsinə verilmişdir. İcarə haqqı hər gün üçün 60 manat məbləğində müəyyən edilmişdir.

4. Həmin müqavilənin 4.5.4-cü bəndinə görə, “İcarəyə götürən” müqavilə müddətində, yəni nəqliyyat vasitəsinin onun icarəsində olma müddətində avtomobil qəzaya düşərsə, yol nəqliyyat hadisəsin baş verərsə, avtomobilə dəyən zərəri ödəməli, avtomobili bərpa etməli, götürdüyü vəziyyətdə “İcarəyə verən”ə təhvil verməlidir. Razılaşma əsasında avtomobilə dəymiş zərər, tərəflər arasında razılaşma yolu ilə, nağd şəkildə də “İcarəyə götürən” tərəfindən “İcarəyə verən”ə ödənilə bilər.

5. 103 №-li Akt ilə müəyyən olunur ki, nəqliyyat vasitəsi Cavabdeh xx.xx.2023-cü il saat 16:15-dən xx.xx.2023-cü il tarixi saat 16:15-dək icarəyə verilmişdir.

6. İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir.

7. AR DİN-in BDYPİ tərəfindən verilmiş “Nəqliyyat vasitəsinin zədələnməsi barədə” arayışa əsasən “Hyundai Elantra minik” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ön hissəsi zədələnmişdir.

8. “X8” tərəfindən verilən xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən “Hyundai Elantra minik” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 7.800 manat məbləğində müəyyən edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh icarəyə götürdüyü buraxılış ili 2016, dövlət qeydiyyat nişanı **-BD-*** olan “HYUNDAİ ELANTRA” markalı avtomobilə dəymiş 7.800 manat ziyanın, 1.500 manat əldən çıxmış faydanın və ödənilmiş 113 manat dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 9.413 manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçı şirkətinin hesabına ödənilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Nümayəndə İddiaçı MMC-nin (VÖEN **********) təsisçisi və direktoru olaraq, şirkətə və digər şəxslərə məxsus olan avtomobilləri gündəlik və aylıq icarəyə verməklə məşğul olur. xx.xx.2023-cü il tarixli 103 saylı icarə müqaviləsinə əsasən buraxılış ili 2016, dövlət qeydiyyat nişanı 77BD165, ban nömrəsi KMHD74LF8HU176329 olan, sedan tipli, qara rəngli “HYUNDAİ ELANTRA” markalı avtomobili Cavabdeh tərəfindən rəhbərlik etdiyi İddiaçı MMC-dən icarəyə götürülmüşdür. İcarə müqaviləsinin şərtlərinə görə, nəqliyyat vasitəsinin icarə qiyməti hər gün üçün 60 (altmış) manat təşkil etmişdir. İcarə müqaviləsinin əlavəsi olan 103 saylı xx.xx.2023-cü il tarixli “İcarəyə verilən avtomobilin texniki vəziyyəti və təhvil-təslim haqqında” akta əsasən avtomobil “İcarəyə götürən”ə təhvil veriləndə saz vəziyyətdə olmuş, heç bir texniki qüsuru olmamışdır. Lakin xx.xx.2023-cü il tarixdə saat 04:00 radələrində Cavabdeh icarəyə götürdüyü avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə hərəkətdə olarkən avtomobili yol kənarındakı beton maneəyə çırpmaqla qəza törətmişdir. AR DİN Bakı şəhəri DYPİ-nin nəqliyyat vasitələrinin zədələnməsi haqqında müvafiq arayışına əsasən, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan olmasa da, avtomobilin ön hissəsi ciddi şəkildə əzilməklə xeyli miqdarda maddi ziyan dəymişdir. Hadisə yerində Cavabdeh barəsində xx.xx.2023-cü il tarixli İXP5649833 saylı protokol tərtib olunmuş və o, təqsirli bilinərək Bakı şəhəri DYPİ-nin xx.xx.2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında Qərarı ilə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qaydada cərimə olunmuşdur. “X8” şirkətinin xx.xx.2023-cü il tarixli qüsur aktında buraxılış ili 2016, dövlət qeydiyyat nişanı **-BD-*** olan avtomobilə dəymiş ziyan zədələnmiş hissələrin təmiri və dəyişməsi, həmçinin işçilik pulu daxil olmaqla cəmi 7.800 manat məbləğində qiymətləndirilmişdir. Cavabdehə avtomobilə dəymiş ziyan məbləğinin İddiaçı MMC-nə ödəməsinə dair müqavilə öhdəliyi olması barədə dəfələrlə xəbərdarlıq edilməsinə və onun qeydiyyatda olduğu ünvana poçt vasitəsilə pretenziya məktubu göndərilməsinə baxmayaraq, bu günə kimi cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır. Cavabdehin qanunazidd əməlləri nəticəsində şirkəti xeyli məbləğdə ziyana düşmüşdür. Belə ki, qəza nəticəsində zədələnmiş avtomobil istismar olunsaydı, şirkət aradan keçmiş müddətdə 1.500 manat gəlir (əldən çıxmış fayda) əldə edərdi. 103 saylı xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqavilənin: - 4.5.2-ci bəndinə görə, “İcarəyə götürən” müqavilə müddətində, yəni nəqliyyat vasitəsinin onun icarəsinə olma müddətində avtomobil üçün, avtomobilin texniki vəziyyəti üçün, təhlükəsizliyi üçün, yol nəqliyyat hadisəsinin baş verməsi, avtomobilin oğurlanması, zay olması, məhv olması, təbii fəlakətlə bağlıməhv olması və s. halları üçün cavabdühlik və məsuliyyət daşıyır; - 4.5.3-cü bəndinə görə, icarəyə götürdüyü avtomobilisaz və işlək vəziyyətdə “İcarəyə verən”ə qaytarmalıdır; - 4.5.4-cü bəndinə görə, avtomobil qəzaya düşərsə, yol nəqliyyat hadisəsin baş verərsə, avtomobilə dəyən zərəri ödəməli,avtomobili bərpa etməli, götürdüyü vəziyyətdə “İcarəyə verən”ə təhvil verməlidir. Razılaşma əsasında avtomobilə dəymiş zərər, tərəflər arasında razılaşma yolu ilə, nağd şəkildə də “İcarəyə götürən” tərəfindən “İcarəyə verən”ə ödənilə bilər. Lakin “İcarəyə götürən” Cavabdeh özünün imzaladığı müqavilə öhdəliklərini pozaraq, icarəyə götürdüyü avtomobilə vurduğu ziyan məbləğinin şirkətə ödənilməsindən imtina etməsi səbəbindən iddiaçının qanunla qorunan hüquqlarının müdafiəsi məqsədi ilə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalmışdır. Ona görə də hesab edir ki, pozulmuş hüquqlarının bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbi tam təmin edilməlidir.

11. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/9342 saylı rəyi ilə “Hyundai Elantra" markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 7.800 manat müəyyən edilmişdir.

13. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-377/2024 nömrəli qətnaməsi ilə (hakim S.İ.Ədilova) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh dəymiş maddi zərərə görə 7.300 manat pulun, əldən çıxmış faydaya görə 1.500 manatın və 113 manat ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması, aparılmış ekspertiza tədqiqatının dəyəri kimi Cavabdeh 50 manat məbləğində pulun tutulması və Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, “Hyundai Elantra" markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyətçi X5 tərəfindən xx.xx.2023-cü il tarixədək İddiaçı MMC-nin etibarnamə ilə istifadəsinə verilmiş, yuxarıda qeyd edilən yol-nəqliyyat hadisəsi baş verərkən də cəmiyyətin qanuni sahibliyində olmuşdur. Bu isə o deməkdir ki, iddiaçı cəmiyyət həmin yol-nəqliyyat hadisəsi baş verərkən avtomobil cəmiyyətin mənafeləri üçün istifadə edilmiş və buna mülkiyyətçinin qanuni əsaslarla razılığı olmuşdur. Bu zaman o nəticəyə gəlmək olur ki, hazırki iş üzrə iddiaçının qanuni istifadəsində olan, həmin istifadədən lazımi qaydada faydalanmaq niyyəti ilə icarəyə verdiyi avtomobilə üçüncü şəxslər tərəfindən dəymiş zərəri tələb etməkdə həm qanuni əsasları, həm də hüquqi şəxs olaraq maraqları mövcuddur. Belə ki, Mülki Məcəllənin 158.2-ci və 158.4-cü maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

15. Həmçinin, avtomobilin istifadəsi ilə bağlı verilmiş etibarnamə anlayışı ilə mülki hüquqdakı etibarnamə anlayışları bir-birilərindən fərqli olmaqla birinci anlayışda etibarnamə verilən şəxs mülki hüquqdakı kimi etibarnamə verənin mülkiyyətlə bağlı hüquq və mənafelərini təmsil etmir, öz şəxsi istifadəsinin (cəmiyyətin mənafelərinin ) qanuni əsasını digər üçüncü şəxslər qarşısında müdafiə etmək imkanı qazanır.

16. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı sözügedən yol-nəqliyyat hadisəsi baş verərkən istifadəsində olduğu avtomobili qanuni əsaslarla, yəni bu istifadə etibarnaməni verən şəxsin deyil, cəmiyyətin mənafelərinin təmsili üçün həyata keçirildiyindən hazırki iş üzrə iddiaçının qeyd edilən tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ mövcud olmuşdur.

17. İşin faktiki hallarından göründüyü kimi baş vermiş yol nəqliyyat qəzası zamanı, “Hyundai Elantra" markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyanın vurulması, Cavabdeh qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində zərərin vurulduğu və bu hərəkətlərlə (hərəkətsizliklə) ziyanın arasında səbəbli əlaqənin olduğu sübuta yetmişdir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi üzrə mübahisələndirilən faktlar iddiaçının təqdim etdiyi sübutlar, həmçinin cavabdehin məhkəmə iclası zamanı verdiyi izahatla sübuta yetmişdir.

18. Məhkəmə qeyd etmişdir ki, hazırki iddia tələbi üzrə mübahisələndirilən hissə dəymiş maddi ziyanın məbləğidir. Belə ki, iddiaçı təqdim etdiyi qüsur aktına əsasən 7.800 manat olduğunu əsas gətirərək, həmin vəsaitin ona ödənilməsini tələb edir. Məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilən ekspert rəyinə əsasən avtomobilə dəymiş zərərin məbləği də 7.800 manat müəyyən edilmişdir.

19. Məhkəmə hesab etmişdir ki, cavabdehin etirazı əsassızdır. Bundan başqa cavabdeh tərəf məhkəmə araşdırması zamanı verilmiş müddət ərzində etirazının dəlilini təsdiqləyən mütəxəssis rəyi təqdim edə bilərdi. Lakin göründüyü kimi, verilmiş müddətdə iddia tələblərinin təkzib edilməsi üçün zəruri olan hərəkətləri etməmişdir. Məhkəmə, cavabdeh tərəfin iddiaçının dəymiş ziyanla bağlı heç bir mötəbər sübut (qəbz) təqdim etməməsi ilə bağlı etirazına münasibətdə qeyd etmişdir ki, “Gold Avto” servis xidməti tərəfindən tərtib edilmiş qüsur aktında yol-nəqliyyat hadisəsi nəticəsində ziyan vurulmuş avtomobilin təmirinə və ehtiyat hissələrinin dəyişdirilməsinə çəkiləcək xərcin həcmi müəyyən olunmuş, o cümlədən “Hyundai Elantra" markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində aşkar olmuş qüsurlar öz əksini tapmış, həmin qüsurların aradan qaldırılması üçün zəruri olan vəsaitin həcmi qeyd olunmuş, hazırda iddiaçı da həmin məbləği haqlı olaraq tələb etmişdir. Göründüyü kimi, cavabdeh ziyan dəymiş ehtiyat hissələrinin dəyişdirilməsinə çəkiləcək xərcin daha az miqdarda olduğunu sübut edəcək dəlillərini məhkəməyə təqdim etməmişdir. Qeyd edilən hallara əsasən məhkəmə, cavabdehin şifahi etirazının dəlillərini əsassız hesab edir.

20. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən 500 manat pul vəsaiti iddiaçıya ödənildiyindən, (iddiaçı izahatında etiraf etmişdir) iddia tələbi bu hissədə qismən təmin edilərək, qanunvericiliyin tələbinə görə vurulmuş zərər, yəni 7.300 manat məbləğində pul Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır.

21. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixli İcarə müqaviləsinin 3-cü maddəsinə əsasən, tərəflər nəqliyyat vasitəsinin icarə qiymətini hər gün üçün 60 manat razılaşdırmışlar. İddiaçı tərəf iddia tələbinin dəlillərində nəqliyyat vasitəsinin istifadəsindən məhrum olduğu müddətin daha çox olduğu halda, iddia tələbində yalnız 25 günlük dövrlə kifayətləndiklərini bildirmişdir. Məhkəmə qeyd olunan müddətin ağlabatan olduğu qənaətinə gələrək hesab etmişdir ki, əldən çıxmış faydanın əvəzi olaraq 1.500 manat (25 gün x 60 manat) cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir.

22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllləsinin 21.1, 21.2, 88, 158.2, 158.4, 1096.1, 1097.1, 1097.3, 1108.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 76.1, 76.2, 80, 81, 88, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

23. Cavadbeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə qərəzli yanaşaraq yalnız iddiaçının mövqeyindən çıxış edərək, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı araşdırılmadan və müdafiə hüququna şərait yaratmadan qanuna zidd qətnamə qəbul etmişdir. Hazırkı iş üzrə qətnamə çıxararkən birinci instansiyası məhkəməsi, iş üzrə düzgün araşdırma aparmadan, sübutlara düzgün qiymət verməmiş, konstitusiya ilə qorunan hüquqlarını, ədalətli araşdırma prinsipini, çəkişmə prinsipini pozaraq, qanunsuz və ədalətsiz olaraq bir tərəfli qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi yalnız iddiaçı tərəfin qanunsuz və səthi dəlilləri əsasında işə baxmış, işin konkret halları və qanunun normaları nəzərə alınmamış, maddi və prosessual hüquqları pozulmuş, həmçinin iş üzrə həqiqi hallar və tərəflərin qarşılıqlı münasibətləri hərtərəfli araşdırılmamışdır. Belə ki, iddia ərizəsi buna hüququ olmayan şəxs İddiaçı tərəfindən verilmiş olsa da və cavabdeh tərəfindən buna etiraz edilərək iddiaçının məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququnun olmadığını göstərsə də, işə baxan məhkəmə qeyd olunan etirazları nəzərə almamış və iddia vermək üçün subyektiv hüququ olmayan şəxs tərəfindən verilmiş iddia ərizəsinə baxaraq qanunsuz və əsassız qətnamə çıxarmışdır. İş materiallarına əlavə edilmiş etibarnamədən görünür ki, avtomobilin mülkiyyətçisi X3r. Həmin nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti əsasında xx.xx.2028-ci il tarixədək iş üzrə İddiaçınə etibarnamə əsasında etibar etmişdir. Həmin etibarnamə əsasında iddiaçı nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixdə cavabdehə icarəyə vermiş olsa da, lakin nəqliyyat vasitəsinin mülkiyyətçisi tərəfindən iddiaçıya həmin etibarnamədə mülkiyyətçi adından əmlakı satmaq, bağışlamaq, icarəyə vermək və.s kimi səlahiyyətlər verilməmişdir. Belə olduğu halda hesab edir ki, ümumiyyətlə həmin etibarnamə əsasında nəqliyyat vasitəsinə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq üçün ümumiyyətlə iddiaçının subyektiv hüququ olmamışdır. Bundan əlavə, ümumiyyətlə iddiaçının nəqliyyat vasitəsinin mülkiyyətçisi Orxan Kərimov tərəfindən nəqliyyat vasitəsinin icarəyə verilməsi barədə verilmiş etibarnamədə hər hansı bir səlahiyyət vermədiyi halda iddiaçı nəqliyyat vasitəsini cavabdehə icarəyə vermiş və bununla bağlı tərəflər arasında icarə müqaviləsi bağlanmışdır. Qeyd olunan pozuntular məhkəmə iclası zamanı aşkar edilmiş olsada, lakin işə baxan məhkəmə həmin pozuntuları nəzərə almamış və nəticədə cavabdehin mülkiyyət hüquqlarını pozacaq qanunsuz qətnamə çıxarmışdır. Bundan əlavə cavabdeh olaraq iddiaçının iddia ərizəsində nəqliyyat vasitəsinə vurulmuş ziyanın və ziyanın əvəzi olaraq tələb edilən 7.800 manat məbləğində pulun iddiaçı tərəfindən fantastic rəqəmlərlə şişirdildiyi barədə etirazını bildirsə də, məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim olunan “X8” tərəfindən tərtib edilmiş qüsur aktında göstərilən şişirdilmiş rəqəmlərə istinad etməklə iddia ərizəsini təmin etmişdir. Cavabdeh tərəfindən nəqliyyat vasitəsinə vurulmuş ziyanın həqiqət olmadığını bunun qərəzli olaraq iddiaçı tərəfindən şişirdildiyini dəfələrə bildirmiş olsa da, lakin işə baxan məhkəmə bunları nəzərə almamış və nəticədə iddiaçı tərəfindən təqdim edilmiş sübutları təhrif etmişdir. Hətta iddiaçı hüquqi şəxs tərəfindən nəqliyyat vasitəsi təmir edilərkən nəqliyyat vasitəsinin sıradan çıxmış detallarının həqiqətən də alınması və ödənilmiş pullarla bağlı qaimə və s. sübutlar tələb etmiş olsa da, iddiaçı bunları məhkəməyə təqdim edə bilməmiş və işə baxan məhkəmə iddiaçının maraqlarına xidmət edən “X8” tərəfindən tərtib edilmiş qüsur aktında göstərilən şişirdilmiş rəqəmlərə istinad etməklə iddia ərizəsini təmin etmişdir. Məhkəməyə vəsatət verilərək vurulmuş ziyanın iddiaçı tərəfindən şişirdildiyini və bununla bağlı iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş rəyin əsassız olduğunu əsas götürərək "Hyundai" markalı avtomobillərin Azərbaycan Respublikasında rəsmi servis mərkəzi "Hyundai Azərbaycan" xidməti fəaliyyət göstərdiyini, işin obyektiv, tam və hərtərəfli araşdırılması üçün "Hyundai Elantra" markalı **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin həcminin nə qədər təşkil etməsini müəyyən etmək üçün "Hyundai Azərbaycan" xidmətindən mütəxəssis rəyi alınmasının təmin edilməsini xahiş etsə də, məhkəmə heç bir əsaslandırma göstərmədən cavabdeh tərəfindən təqdim edilmiş vəsatəti təmin etmədən, iddiaçı tərəfindən təqdim edilmiş qüsur aktında şişirdilmiş rəqəmlərə istinad edərək iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarmışdır. Bundan əlavə, əldən çıxmış fayda ilə bağlı qeyd edir ki, iddiaçı tərəf onlara məxsus MMC-də davamlı olaraq hər gün nəqliyyat vasitəsinin icarəyə verilməsi və hər gün üçün nə qədər məbləğdə icarə haqqı alınması barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Hətta məhkəmə qəbul etdiyi qətnamədə iddiaçının nəqliyyat vasitəsinin istifadəsindən məhrum olduğu müddətin daha çox olduğu halda, iddia tələbində yalnız 25 günlük dövrlə kifayətləndiklərini əsas götürsə də, iddiaçı bu müddət ərzində nəqliyyat vasitəsinin həqiqətən də istifadə edilməməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Hesab edir ki, iddiaçı tərəfindən nəqliyyat vasitəsinin hansı müddətlər ərzində istifadə olunub-olunmadığı barədə məhkəməyə hər hansı bir sübut təqdim etmədiyi halda məhkəmə ehtimallar əsasında qeyd olunan müddəti öz xəyali hesablamaları ilə hesablayaraq hər gün üçün əldən çxmış faydanı müəyyən etməsi və həmin pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə gəldiyi nəticə qanunsuz və əsassızdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X5 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

27. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddia tələbində 25 gün tələb edilsə də, avtomobil 3 ay istifadə oluna bilməmişdir. Gecə qəza törətdikdən sonra cavabdeh avtomobili oradan tərpətməyib qoyub getmişdi. Onlara polis məlumat vermişdir. İddiaçı avtomobili evakuatorla aparmışdır. Cavabdeh bir müddət gizlənmişdir. Daha sonra avtomobili özü təmir etdirəcəyini bildirmiş, iddiaçı da razılaşmışdır. Onun özünün razılığı ilə avtomobili “X8”ə aparmışlar. Daha sonra 500 manat təmir üçün vermiş və xərcin çox olduğunu gördükdən sonra ödəməkdən boyun qaçırmışdır. Yay fəsli sezon olduğu üçün həmin ərəfədə avtomobil hər gün icarədə olmuşdur.

28. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq yolda hərəkətin dayanmasına səbəb olan tıxac olduğu üçün məhkəmə iclasına vaxtında gəlib çata bilməyəcəyini, apellyasiya şikayətini müdafiə etdiyini bildirmiş və məhkəmə iclası iştirakı olmadan keçirilərək apellyasiya şikayətinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

29. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X5 məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, özü ölkə xaricində (X1) yaşadığı üçün məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Cari işlə əlaqədar "xxxx" MMC-nin direktoru Nümayəndəun onun əvəzindən məhkəmədə çıxış etməyinə etiraz etmir və ona dəymiş ziyanın "xxxx" MMC-yə və ya direktoru Nümayəndə verilməsini xahiş edir.

Tətbiq edilən hüquq

30. Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 193.1. Güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 682. Kirayəçi kirayəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi nəticəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Hazırkı işdə iddia qismən təmin olunduğundan və apellyasiya şikayətinin məzmununa əsasən cavabdeh qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi əldən çıxmış faydaya görə 1500 manatın cavabdehdən tutulması hissəsində dəyişdirilməli, həmin məbləğ 600 manat məbləğində müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

35. İşdən müəyyən olunur ki, “Hyundai Elantra" markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyətçi X5 tərəfindən etibarnamə ilə xx.xx.2028-ci il tarixədək İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Sonuncu tərəfindən həmin nəqliyyat vasitəsi Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə əsasında icarəyə verilmiş, avtomobil Cavabdeh tərəfindən idarə edilən zaman yol-nəqliyyat hadisəsi baş vermiş və nəqliyyat vasitəsi zədələnmişdir.

36. Müqavilənin 4.5.4-cü bəndinə görə, “İcarəyə götürən” müqavilə müddətində, yəni nəqliyyat vasitəsinin onun icarəsində olma müddətində avtomobil qəzaya düşərsə, yol nəqliyyat hadisəsin baş verərsə, avtomobilə dəyən zərəri ödəməli, avtomobili bərpa etməli, götürdüyü vəziyyətdə “İcarəyə verən”ə təhvil verməlidir.

37. Kollegiya ilkin olaraq qeyd edir ki, apellyasiya araşdırması zamanı sözügedən nəqliyyat vasitəsinin mülkiyyətçisi X5 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş, Orxan Kərimov məhkəməyə ərizə ilə müraciət edərək hazırki mübahisəyə münasibətini bildirmiş, ərizəsində ona dəymiş ziyanın "xxxx" MMC-yə və ya direktoruna verilməsini xahiş etmişdir.

38. Cavabdeh apellyasiya şikayətində həmçinin nəqliyyat vasitəsinə dəymiş zərərin düzgün müəyyən edilmədiyini bildirmişdir.

39. Kollegiya bununla bağlı qeyd edir ki, qüsur aktında nəqliyyat vasitəsinə dəymiş zərərin müəyyən edilmiş məbləği, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası nəticəsində alınmış ekspert rəyi ilə də təsdiq edilmişdir.

40. Bununla yanaşı, cavabdeh uzun müddət davam edən məhkəmə araşdırması zamanı zərərin məbləği ilə razılaşmadığı təqdirdə məhkəməyə özü başqa mütəxəssis rəyi, o cümlədən qeyd elədiyi rəsmi servis tərəfindən alınmış rəyi təqdim edə bilərdi, lakin bunu etməmişdir.

41. Məhkəmə kollegiyası iş üzrə alınmış ekspert rəyinin kifayət qədər əsaslandırıldığını nəzərə alaraq və mötəbər sübut kimi qəbul edərək belə qənaətə gəlir ki, cavabdehdən 7.300 manatın (ekspert rəyi ilə müəyyən edilmiş 7.800 manatdan cavabdehin iddiaçıya ödəmiş olduğu 500 manat çıxılmaqla) tutularaq iddiaçıya ödənilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur.

42. Kollegiya tələb olunan əldən çıxmış fayda məbləği ilə bağlı hissədə qeyd edir ki, iddiaçı MMC-nin adından da bəlli olduğu kimi, fəaliyyəti nəqliyyat vasitələrini icarəyə (kirayəyə) verərək mənfəət əldə etməklə bağlıdır. Bu mənada iddiaçı nəqliyyat vasitəsinin istifadəsindən məhrum olduğu müddətə görə əldən çıxmış faydanı tələb etməkdə haqlı olmuşdur.

43. Məhkəmə kollegiyasının təklifinə əsasən iddiaçı tərəfindən məhkəməyə qeyd olunan nəqliyyat vasitəsinin cavabdehdən öncə başqa şəxslərə kirayəyə verilməsinə dair müqavilələr təqdim edilsə də, kollegiya hesab edir ki, iddiaçının nəqliyyat vasitəsini cavabdeh tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi baş verdikdən sonra 25 gün (yolnəqliyyat hadisəsi baş verdiyi xx.xx.2023-cü il tarixdən məhkəməyə iddia verilənədək müddət) davamlı olaraq hər gün icarəyə verə bilmə ehtimalı ağlaban olmadığından iddia bu hissədə qismən əsaslıdır. Kollegiya iddiaçının nəqliyyat vasitəsinin istifadəsindən məhrum olduğu müddətin 10 gün müəyyən olunmasını daha ağlabatan hesab edir.

44. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında nəqliyyat vasitəsinin icarə qiymətinin hər gün üçün 60 manat razılaşdırılması nəzərə alınaraq cavabdehdən əldən çıxmış faydaya görə 600 manat məbləğində pul tutulmalıdır.

45. Şərh olunanlara əsasən, Kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-377/2024 nömrəli qətnaməsi əldən çıxmış faydaya görə 1.500 manatın cavabdehdən tutulması hissəsində dəyişdirilməli, həmin məbləğ 600 manat məbləğində müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 377/2024 nömrəli qətnaməsi əldən çıxmış fayda məbləği ilə bağlı hissədə dəyişdirilsin. Cavabdeh əldən çıxmış faydaya görə 600 manat məbləğində vəsait tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 99 manatı Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar