Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4812/2025 22.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, 2(011)- 3471/2024 saylı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 iyun 2025-ci il tarixli qərardaddan Cavabdeh verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı irəli sürdüyü “kredit müqaviləsi üzrə yaranmış kredit borcunun ödənilməsi tələbi barədə” iddiasına dair mülki işə baxmış Xətai Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini iddiaçı ASC ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 600804- 423816/2 nömrəli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 19.067,35 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.664,57 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 152,60 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçı ASC-nin xeyrinə tutulmasını qət etmişdir. Hazırda, cavabdeh, ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, bildirmişdir ki, o, Kəlbəcərin, Şuşanın azad olunmasına görə, “Vətən müharibəsi iştirakçısı” və s. medallar ilə təltif olunmuş müharibə veteranıdır. Bu səbəbdən də, o, dövlət rüsumunu ödəməkdən azaddır. Buna görə də, qeyd edilən qətnamə ilə ondan iddiaçı ASC-nin xeyrinə tutulmalı olan 152,60 manat məbləğində dövlət rüsumunun əvəzi ondan deyil, dövlət büdcəsindən tutularaq iddiaçı ADC-yə ödənilməli idi. Göstərilənlərə əsasən o, dövlət rüsumu ilə bağlı məsələnin həll edilməsi ilə bağlı müvafiq qərarın qəbul edilməsini xahiş edir. Ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla ərizənin təmin edilməməsini qərara almışdır. Cavabdehin həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və cavabdehin verdiyi həmin ərizənin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə iddianın verilməsi üçün iddiaçı ASC-nin ödədiyi dövlət rüsumunun iş üzrə tərəflərdən hansına aid edilməsi məsələsini müzakirə etmiş və yuxarıda qeyd edildiyi kimi dövlət rüsumunu cavabdehə aid etmişdir. Qətnamədən görünür ki, bu kimi mövqe qətnamədə, qətnamədə yol verilmiş yanlışlıq nəticəsində deyil, Rayon Məhkəməsinin mövqeyi kimi öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər (maddə 357.1.). Şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi apellyasiya şikayətində göstərilməlidir (maddə 361.1.4.). Göründüyü kimi, qətnamənin dövlət rüsumunun əvəzinin tutulması ilə bağlı hissəsi ilə razılaşmayan şəxs, hazırkı halda, iş üzrə cavabdeh qətnamənin həmin hissəsindən apellyasiya şikayəti verməli idi. Lakin o, apellyasiya şikayəti verməmiş, yuxarıda qeyd edilən məzmunda ərizə vermiş, Rayon Məhkəməsi isə MPM-in qeyd edilən tələblərini nəzərə almamış və cavabdehin verdiyi ərizəyə mahiyyəti üzrə baxmışdır. Buna görə də, Məhkəmə, cavabdehin ərizəsinə və qərardaddan verdiyi şikayətə mahiyyəti üzrə hüquqi qiymət vermədən hesab edir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qərardad ləğv edilməli və cavabdehin verdiyi ərizənin icraata qəbul edilməsi məsələsinə Rayon Məhkəməsi tərəfindən yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərməlidir. Odur ki, göstərilənləri nəzərə alan, MPM-in 398-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan, MPM-in 397, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Cavabdeh şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 iyun 2025-ci il tarixli qərardad ləğv edilsin. Cavabdeh verdiyi “dövlət rüsumunun tutulması ilə bağlı məsələnin həll edilməsi haqqında” ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-4812/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4812/2025
22.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver