Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4819/2024 10.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 may 2024-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdehin birgə nikahından doğulmuş 1 uşağın – xx.xx.2015-ci il təvəllüdlü Əsmərin yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən onun xeyrinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-1291/2021 saylı qətnaməsi ilə hər ay tutulan 175 manat sabit pul məbləğində alimentin artırılaraq 235 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəlki qətnamə ilə təyin edilmiş 175 manat məbləğində aliment uşağın saxlanılması, artan xərclərinin qarşılanması üçün artıq kifayət etmir. b) iddia tələbinə qarşı etiraz barədə məlumat
3. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, cavabdeh 2023-cü ilin noyabr ayından mühafizəçi vəzifəsinə işə düzəlmişdir və 345 manat əmək haqqı alır. Cavabdeh uşağın aliment ödənişindən başqa mümkün olduqca uşağın saxlanması üçün əlavə xərclər çəkir, lakin tutulan 175 manat məbləğdə alimentdən daha artıq aliment ödəməyə imkanı yoxdur. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay 200 manat sabit məbləğində müəyyən edilməsini, artırılmış alimentin bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmasını, iddianın qalan hissədə təmin olunmamasını qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə, tərəflərin maddi vəziyyətini, eləcə də, iddiaçı tərəfindən cavabdehin tələb olunan məbləğdə (235 manat) alimenti ödəməyə maddi imkanının çatdığını təsdiq edən sübutların məhkəməyə təqdim edilməməsini nəzərə alaraq, alimentin artırılaraq, hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. d) apellyasiya şikayəti barədə məlumat
6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Əsasları iddia ərizəsinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, Rayon Məhkəməsi tərəfindən maddi və prosesual hüquq normalarının tələbləri pozularaq işin müəyyən edilmiş halları üzrə səhv nəticəyə gəlinmişdir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və verdikləri izahatlar barədə məlumat
8. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
9. Cavabdeh işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) apellyasiya baxışının həddi barədə məlumat
10. İddia tələbi qismən təmin olunsa da cavabdeh qətnamədən apellyasiya şikayəti verməmiş, iddia tələbinin bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin nəticəsini mübahisələndirməmişdir.
11. Qətnamədən apellyasiya şikayəti vermiş iddiaçının qətnamənin tam ləğv edilməsini xahiş etsə də, şikayətin dəlillərindən görünür ki, iddiaçı iddia tələbinin bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin nəticəsini mübahisələndirməmişdir.
12. MPM-in 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
13. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
14. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni iddianın təmin edilməməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia təmin edilməlidir.
15. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan bəlli olur ki, iddiaçı ilə cavabdeh xx.xx.2014-cü il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Nikahdan onların bir övladları olsa da, iddiaçı ilə cavabdehin münasibətləri pozulmuş və onlar ər-arvad münasibətlərini kəsərək, ayrılmışlar.
16. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən (iş № 2(005)-4102/2018) görünür ki, həmin qətnamə ilə hazırkı iş üzrə tərəflər arasında olan nikahın pozulması, nikahdan doğulmuş uşağın hazırkı iş üzrə iddiaçının yanında saxlanılması, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hazırkı iş üzrə cavabdehdən hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması qət olunmuşdur.
17. İşdə olan məhkəmə aktlarından görünür ki, hazırkı iş üzrə cavabdehdən hazırkı iş üzrə iddiaçının xeyrinə hər ay tutulan alimentin məbləği aşağıdakı qaydada artırılmışdır: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi (iş № 2(005)-2684/2019) ilə alimentin məbləği artırılaraq 160 manat sabit pul məbləğində müəyyən edilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi (iş № 2(005)-2240/2020) ilə alimentin məbləği artırılaraq 170 manat sabit pul məbləğində müəyyən edilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi (iş № 2(005)-1291/2021) ilə alimentin məbləği artırılaraq 175 manat sabit pul məbləğində müəyyən edilmişdir.
18. Hazırda iddiaçı uşağın saxlanılması üçün tutulan alimentin miqdarının artırılmasını və “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna uyğun olaraq hər uşaq üçün 235 manat məbləğində müəyyən edilməsini xahiş edir.
19. İşə baxmış Rayon Məhkəməsi iddianı yuxarıda göstərilən əsaslara görə qismən təmin etmişdir
20. Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayan iddiaçı ki, uşağın artan xərcləri nəzərə alınaraq ayda 200 manat uşağın saxlanılması üçün kifayət etmir. Cavabdehdən hər ay heç olmasa uşağın yaşayış minimumunu təmin edən 235 manat aliment tutulmalıdır.
21. AZEMİS “Elektron məhkəmə” informasiya sistemində cavabdehin gəlir məlumatlarından çıxarışdan müəyyən edilir ki, cavabdeh “X4” MMC-də fəhlə işləyir və aylıq əmək haqqısı 900 manat təşkil edir. İddiaçının isə rəsmi gəliri yoxdur.
22. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1.). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2.). Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxs tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1.).
23. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanununa görə, 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat təşkil edir.
24. Qeyd edilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Lakin bununla yanaşı nəzərə alınmalıdır ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə hər ay 175 manat sabit pul məbləğində aliment tutulması qət edildikdən sonra, yaşayış minimumu ildən ilə tədricən artmışdır. Bundan başqa nəzərə alınmalıdır ki, uşaq böyüdükcə uşağın xərcləri artır və ötən dövr ərzində bazar qiymətləri də qalxmışdır. Belə olan halda, müəyyən edilir ki, Rayon Məhkəməsi tərəfindən cavabdehdən tutulmalı olan alimentin miqdarının 200 manat müəyyən edilməsi uşağın mənafeyinə uyğun deyil.
25. Rayon Məhkəməsi “Turan” restoranı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışa istinad edərək cavabdehin xx.xx.2023-cü il tarixdən həmin restoranda mühafizəçi vəzifəsində işlədiyini və aylıq əmək haqqısının 345 manat təşkil etdiyini qeyd etsə də, “Elektron Məhkəmə” informasiya sistemindən müəyyən edilir ki, cavabdeh iş yeri dəyişmiş, aylıq əmək haqqısı isə artaraq 900 manat təşkil etməkdədir.
26. Eyni zamanda nəzərə alınmalıdır ki, cavabdehin aylıq gəlirinin aşağı olması barədə dəlili onu uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal səviyyədə saxlamaqdan, uşağın əlavə xərclərində iştirak etməkdən azad etmir, bu onun, bir valideyn kimi borcudur. Bunu nəzərə alan Məhkəmə apellyasiya şikayətinin alimentin məbləğinə dair dəlillərini əsaslı hesab edir. h) apellyasiya baxışının nəticəsi
27. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməsi iddianın rədd edilməsi hissəsində əsassızdır; apellyasiya şikayətinin dəlilləri isə qismən əsaslıdır.
28. Buna görə də, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni iddianın bir qisminin təmin edilməməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia təmin edilməlidir.
29. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə cavabdeh hazırki qətnamədən kassasiya şikayəti verə bilməz. Çünki MPM-in 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz. Qətnamənin hazırki apellyasiya baxışının predmeti olan hissəsində iddianın qiyməti isə ((235–200=) 35 manat x 12 ay = 420 manat) 5.000 manatdan azdır.
30. İş üzrə iddiaçı da hazırki qətnamədən kassasiya şikayəti verə bilməz. Çünki hazırki apellyasiya baxışı çərçivəsində həll edilmiş məsələ iddiaçının vəziyyətini ağırlaşdırmır.
31. Odur ki, apellyasiyanın nəticələrini nəzərə alan və MPM-in 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 may 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni iddianın bir qisminin təmin edilməməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması məqsədilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-1291/2021 saylı qətnaməsi ilə hər ay tutulan alimentin məbləği artırılsın və Cavabdeh İddiaçı xeyrinə hər ay 235 (iki yüz otuz beş) manat məbləğində aliment tutulsun. Qeyd edilən məbləğdə alimentin tutulması hazırkı qətnamənin qüvvəyə mindiyi 10 sentyabr 2024-cü il tarixdən başlansın. Nəzərə alınsın ki, hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 may 2024-cü il tarixli qətnamənin qalan hissəsi, yəni Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-1291/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmalı olması hissəsi hazırkı apellyasiya baxışının predmeti olmamışdır. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.