Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4819/2025 28.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: borc müqaviləsi üzrə pulun tutulması X1 (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iş üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)- 2371/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə Cavabdeh (bundan sonra “cavabdeh”) arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli borc müqaviləsinə əsasən iddiaçı 51.000 manat məbləğində pulu cavabdehə borc vermiş, cavabdeh isə xx.xx.2023-cü il tarixədək həmin məbləği notariusun depozit hesabı vasitəsilə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarxli pretenziya məktubunda qeyd edilən borc müqaviləsinin icra olunmadığı bildirilmiş və həmin borcun (51.000 manat), ona hesablanmış faiz borcunun (2.550 manat), habelə vurulmuş mənəvi zərərin əvəzinin (5.000 manat) ödənilməsi tələb edilmiş, əks halda məsələ ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi cavabdehin nəzərinə çatdırılmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 51.000 manat əsas borcun, ona hesablanmış 2.550 manat faiz borcunun, vurulmuş mənəvi zərərin əvəzi olaraq 5.000 manat pulun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 273 manat pulun, cəmi 58.823 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini işin faktiki hallarına uyğun olaraq əsaslandıraraq qeyd etmişdir ki, o, cavabdeh ilə xeyli müddətdir ki, qonşudur. Təxminən 2023-cü ilin ortalarında cavabdeh ona öz biznesini genişləndirmək istədiyini və bunun nəticəsi olaraq yaxşı gəlir əldə edə bilməsinin mümkün olduğunu bildirmiş və bu məqsədlə ondan borc pul istəmişdir. O, cavabdehə borc verməyə razılaşmışdır. Onlar xx.xx.2023-cü il tarixdə 53 saylı notariat ofisində borc müqaviləsi bağlamış və o, cavabdehə xx.xx.2023-cü il tarixdə qaytarmaq şərti ilə 51.000 manat pulu borc vermişdir. Uzun müddət keçməsinə baxmayaraq cavabdeh borcu qaytarmamış, müxtəlif bəhanələrlə bundan imtina edir. Göstərilən səbəbdən o, ağır maddi vəziyyətə düşmüşdür.
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)- 2371/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 51.000 manat pulun, gecikdirilmiş vaxt üçün hesablanan 2.550 manat pulun və 250,50 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X9)
5. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında borc haqqında müqavilə bağlanmaqla Cavabdeh iddiaçıdan borc aldığı 51.000 manat məbləğində pulu xx.xx.2023-cü il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürməsi, lakin öhdəliyini lazımı qaydada icra etməməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlar və iş materialları ilə öz təsdiqini tapır. Qeyd olunan maddi hüquq normalarına və işin hallarına əsaslanaraq məhkəmə hesab etmişdir ki, cavabdeh yerinə yetirməli olduğu öhdəliyi icra etmədiyi üçün, yəni onun tərəfindən imzalanmış müqaviləyə əsasən qaytarmalı olduğu borcu vaxtında qaytarmadığı üçün İddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır və 51.000 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
6. Məhkəmə, iddianın “gecikdirilmiş vaxt üçün hesablanmış 2.550 manat ödənilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsində 51.000 manat məbləğində borcun xx.xx.2023-cü il tarixədək qaytarılmasını cavabdeh öz öhdəsinə götürsə də, öhdəliyini hazıradək icra etməmişdir. Məhkəmə hazırki tələbin qanuni əsasının qanunvericilikdə nəzərdə tutulduğunu nəzərə alaraq, iddianı həmin hissədə də əsaslı hesab etmişdir.
7. Məhkəmə, iddianın mənəvi zərərin vurulması ilə bağlı hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, hazırki işdə iddiaçı cavabdehin hərəkətlərinin onun şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia bu hissədə təmin edilməməlidir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 427.1-ci, 739.1-ci, 445.7-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 119.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həmin borc müqaviləsi əsasında rəsmi olaraq yazıldığı kimi 51.000 manat pul ona təqdim edilməmişdir. Tərəflər arasında razılıq əldə olunmuş və iddiaçı tərəfindən ona 30.000 manat məbləğində pulun verilməsi ilə bağlı notariusda borc müqaviləsinin rəsmiləşdirilməsi qərara alınmışdır. Şifahi olaraq razılaşdırılmışdır ki, 30.000 manat pul qaytarılarkən üzərinə əldə edəcəyi qazanc da əlavə olunaraq 3 ayın sonunda 35.000 manat qaytarılacaqdır. Borc müqaviləsi imzalanarkən notariat ofisindən çıxan kimi iddiaçı 30.000 manat məbləğində pulu ona vermişdir. Danışığa əsasən verilmiş bu pula müəyyən işlər görüləcək və noyabr ayında onun tərəfindən 50.000 manat iddiaçıya qaytarılmalı idi. Lakin həmin ərəfələrdə, elə avqust ayının sonlarında onun işlərində qəflətən müəyyən çətiniklər yaranmış və tələb olunan 50.000 manat pulu tam şəkildə qaytara bilməmişdir. Yalnız 30.000 manat hissəsini və əlavə olaraq 5.000 manat pulu avqustun sonu sentyabrın əvvəllərində qaytarmaq istəsə də, iddiaçı bununla razılaşmamış və 50.000 manatı tam şəkildə ödəməsini bildirmiş və 35.000 manatı da qəbul etməmişdir. Onun 50.000 manatı tam ödəməyə maddi imkanı olmadığına görə 35.000 manatı verməyi sonradan yenə də 5.000 manat məbləği də 1 ay ərzində qaytarmağı bildirsə də iddiaçı bununla da razılaşmamışdır. Sonradan xx.xx.2024-cü il tarixində axşam saat 21:00-23:00 radələrində iddiaçıya məxsus olan və Bayıl ərazisində yerləşən “Bayıldım” restoranında iddiaçının şəxsi otağında 31.500 manat pul onun tərəfindən iddiaçıya şəxsən əlbəəl təqdim olunmuşdur. Qalan məbləği də ayın sonuna qədər ödəniləcəyinə razılaşmışlar. Həmin vaxt otaqda müşahidə kameraları olmuş və onun yanında Nicat və Ceyhun adlı iş yoldaşları olmuşdur. Lakin bir müddət sonra iddiaçı onunla əlaqə saxlayaraq pulun 1 ay ərzində tam qaytarılmasını tələb etmiş və tam ödəməyəcəyi halda notarial qaydada bağlanmış müqavilə əsasında məhkəməyə müraciət edərək 51.000 manatı tam şəkildə tələb edəcəyini bildirmişdir. Görünən odur ki, iddiaçı hesab etmişdir ki, o, pulu dediyi vaxtda qaytarmadığına görə onu cəzalandırmaq istəmiş və 31.500 manat ödənildiyi halda yenidən qalıq 51.000 manatı tələb etmək fikrinə gəlmişdir. Nəticə etibarilə iddiaçı ona ödənilmiş 31.500 manat məbləğində pulu nəzərə almadan 51.000 manat pulu tam tələb etməkdədir. Belə olduğu halda öhdəlik qismən icra olunmuş və danışıqlara əsasən iddiaçıya qaytarılmalı olan 50.000 manat məbləğdən 31.500 manat qaytarılmış və qalıq 18.500 manat icra edilməmiş öhdəlik mövcuddur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında Cavabdeh, habelə onun nümayəndəsi və vəkili Vəkil ayrıayrılıqda apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermişlər və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdirlər.
13. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, onunla cavabdeh arasında sahibkarlıq fəaliyyətindən irəli gələn hər hansı münasibət mövcud olmamış, o, cavabdehin müraciətinə əsasən ona 51.000 manat məbləğində pulu borc vermiş və bununla bağlı onunla borc müqaviləsi bağlanmışdır. Lakin həmin müqavilə üzrə cavabdeh tərəfindən ona hər hansı məbləğdə pul qaytarılmamışdır. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
14. Məhkəmə iclasında iştirakı cavabdeh tərəfindən təmin edilmiş şahid X8 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, iddiaçı və cavabdeh onun qonşusudur, iddiaçı ilə onun atası sinif yoldaşı olubdur. Cavabdeh tərəfindən iddiaçıya 31.500 manat pulun qaytarılması zamanı orada olmuş və pul onun iştirakı ilə iddiaçıya qaytarılmışdır. Həmin məbləğ cavabdehə onun tərəfindən verilmişdir. Belə ki, 2024-cü ilin yanvar ayında cavabdeh onunla birlikdə iddiaçı və onun qardaşı Qəzənfər adlı şəxslə görüşmüşdülər. Həmin şəxslər onlardan 2025-ci ilin yanvar ayının 15-nə kimi borcun qaytarılmasını tələb etmişdilər. Onun həmin gün oraya getməyinin səbəbi onlardan vaxt istəmək idi, o, həmin vaxt cavabdehlə ortaq işlər görürdü. Daha sonra o, özü 31.500 manat toplamış və cavabdehə birlikdə gedib, həmin pulu iddiaçıya verilməsini bildirmişdir. Verilmiş suallara cavab olaraq isə həmin pulu cavabdehə borc kimi vermədiyini, bağışladığını, ondan öncə də cavabdehlə aralarında pul bağışlamalarının olduğunu, pulun iddiaçının qardaşı Qəzənfərin Bayıl qəsəbəsində yerləşən obyektində verildiyini, pul verilərkən iddiaçının ilkin olaraq vəsaitin az olmasından narazı olduğunu, daha sonra isə qəbul etdiyini, lakin qalan məbləğin də tez bir zamanda verilməsini tələb etdiyini, həmin vaxt orada cavabdehin, onun, iddiaçının və iddiaçının köməkçisinin olduğunu, köməkçisini üzdən tanısa da, adını bilmədiyini bildirmişdir. İddiaçının suallarına cavab olaraq isə iddiaçı ilə cavabdeh arasında borcla bağlı notarial qaydada müqavilənin bağlandığını, həmin müqavilədə 30.000 ABŞ dolları pulun verilməsinin göstərildiyini qeyd etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir; 529.3-cu maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir; 529.5-ci maddəsinə əsasən borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir; əvvəlki redaksiyada 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; əvvəlki redaksiyada 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; əvvəlki redaksiyada 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4819/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı iddia tələbinin “cavabdehdən gecikdirilmiş vaxt üçün hesablanmış 2.550 manat faiz borcunun tutulması” hissəsindən imtinası qəbul edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)- 2371/2024 saylı qətnaməsi “cavabdehdən gecikdirilmiş vaxt üçün hesablanmış 2.550 manat faiz borcunun tutulması” hissəsində ləğv edilərək, iş üzrə icraata həmin hissədə xitam verilmişdir.
20. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın yalnız 18.500 manat pulun tutulması hissəsində təmin edilməsi xahiş olunduğundan, habelə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4819/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə icraata “cavabdehdən gecikdirilmiş vaxt üçün hesablanmış 2.550 manat faiz borcunun tutulması” hissəsində xitam verildiyindən, xitam verilmiş hissə də nəzərə alınmaqla, iddia yalnız cavabdehdən 31.500 manat pulun tutulması hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası tərəfləri, habelə şahidin ifadəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirib, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv edilməsinə və iddianın qismən təmin edilməsinə hər hansı əsas yoxdur.
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, xx.xx.2023-cü il tarixdə bağlanmış borc müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixədək qaytarmaq şərti ilə 51.000 manat məbləğində pul borc verilmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən həmin borcun bugünədək qaytarılmadığını, cavabdehin 51.000 manat məbləğində borcunun olduğunu iddia edərək, bu məbləğin cavabdehdən tutulmasını tələb edir.
23. Cavabdeh ötən dövr ərzində həmin borcun 31.500 manat hissəsini qaytardığını, onun cəmi 18.500 manat borcunun qaldığını bildirir və ondan yalnız bu məbləğin tutulmalı olduğunu vurğulayır.
24. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.
25. Bu baxımdan iddiaçı cavabdehə 51.000 manat məbləğində pulu borc verməsini sübut etməli idi. İddiaçı da öz mövqeyinə uyğun olaraq bu məbləğə dair cavabdehlə aralarında notarial qaydada bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsini təqdim edir və həmin məbləğin hər hansı hissəsinin bügünədək ona qaytarılmadığını bildirir.
26. Cavabdeh isə borcun məbləği ilə bağlı ziddiyyətli mövqedən çıxış edir. Belə ki, tərəfindən verilmiş apellyasiya şikayətində aralarında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən ona cəmi 30.000 manat məbləğində pulun borc verildiyini bildirən cavabdeh, eyni zamanda, ötən dövr ərzində bu məbləğin 31.500 manat hissəsinin iddiaçıya qaytarıldığını və hazırda iddiaçıya cəmi 18.500 manat borcunun qaldığını vurğulayır və iddianın qismən təmin edilərək, ondan məhz bu məbləğin tutulmasını tələb edir. Halbuki, iddiaçıdan cəmi 30.000 manat məbləğində pulu borc alan və nəticədə 31.500 manat qaytaran cavabdeh sadə riyazi hesablamaya əsasən iddianın qismən təmin edilməsini (ondan 18.500 manat pulun tutulmasını) deyil, öhdəliyin tam (hətta artıqlaması ilə) icra edilməsi əsası ilə iddianın rədd edilməsini tələb etməli idi.
27. İddiaçı 18.500 manat borcu etiraf etməsini xx.xx.2023-cü il tarixli borc müqaviləsində verilmiş borc məbləği qismində 51.000 manatın göstərilməsi və reallıqda yalnız 30.000 manat məbləğində pulu borc alması barədə sübutunun olmaması ilə əsaslandırır. Başqa sözlə, bu məbləği etiraf etməyə məcbur qaldığını bildirir. Halbuki, 31.500 manat borcunun qalmadığını təkidlə bildirən cavabdeh bu məsələ ilə yanaşı, həmçinin 18.500 manat məbləğində pulun da onun tərəfindən borc qismində alınmamasını mübahisələndirə bilərdi. Lakin nəticədə bu məbləğdə borcunun olduğunu etiraf etmişdir.
28. Məhkəmə kollegiyası ziddiyyətli məqam kimi o halı da qeyd edir ki, cavabdeh apellyasiya şikayətində 30.000 manat pulu borc aldığını və 3 ayın sonunda üzərinə əldə ediləcəyi qazanc da əlavə edilməklə 35.000 manat pulun qaytarılması ilə bağlı iddiaçı ilə razılığa gəldiklərini, iki cümlə sonra isə aralarında olmuş danışığa əsasən bu məbləğ hesabına müəyyən işlərin görüləcəyini və 2023-cü ilin noyabr ayında 50.000 manat pulun iddiaçıya qaytarılması barədə razılaşdıqlarını qeyd edir. Bununla belə, cavabdeh biri-birinə zidd olan hər iki halı aralarında olan razılaşma (qarşılıqlı iradə ifadəsi) kimi təqdim edir. Belə ki, çıxır ki, həcmi baxımından qaytarılmalı olan pulun məbləği cavabdehi maraqlandırmamış, onun əsas məqsədi iddiaçıdan 30.000 manat pulun alınması olmuşdur ki, bu da ümumiyyətlə insan təfəkkürünə sığan bir yanaşma deyil. Belə ki, borc alan şəxs aldığı məbləği qaytarmalı olduğunu dərk etdiyindən, yəni bu məbləği qaytarmaq şərti ilə aldığından, bununla bağlı sövdələşən zaman nəticədə hər hansı səbəbdən daha artıq məbləği (faizlərin hesablanması, gecikdirməyə görə cərimənin ödənilməsi və sair) qaytarmaq öhdəliyi üzərinə götürməli olursa, artıq ödənişin məbləğini mütanasiblik baxımından dəyərləndirməlidir, bu məsələ onu maraqlandırmaya bilməz. Hər bir halda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan və bu baxımdan gəlir əldə etmək məqsədi güdən cavabdeh bunu bilməyə bilməz. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, biri birinə zidd olmaqla yanaşı hər iki hal ümumiyyətlə reallığı əks etdirmir.
29. Digər tərəfdən 30.000 manat məbləğində pulu 3 ay müddətinə, nəticədə 50.000 manat qaytarmaq şərti ilə borc aldığını bildirən cavabdeh, nəticə etibarı ilə bu məbləği aylıq 20%-dən də artıq dərəcə ilə faiz ödəmək şərti ilə götürmüş olur. Halbuki, mövcud vəziyyətdə bank təşkilatları nəinki ay, hətta il etibarı ilə daha aşağı faiz dərəcəsi ilə kredit verir. Cavabdeh qənaətbəxş olmayan və kreditin verilməsindən imtina üçün əsas olan kredit tərixçəsinə malik olduğunu da bildirmir. Belə olan halda, habelə hər hansı maddi çətinliyə düşdüyünü bildirməyən və bu məbləği məhz qazanc əldə etmək məqsədi ilə borc götürdüyünü vurğulayan cavabdehin özünü belə ağır şərtlər altına salmağı da inandırıcı deyil. Başqa sözlə, bunun üçün hər hansı əsas müəyyən edilmir.
30. Maraqlısı ondan ibarətdir ki, cavabdehin borc aldığı, qaytardığı, nəticədə borclu qaldığı kimi göstərdiyi məbləğlərin cəmi 50.000 manat təşkil edir. Halbuki, borc müqaviləsində 51.000 manat göstərilmişdir. Bu baxımdan cavabdehin göstərdiyi məbləğlərin cəmi ilə müqavilədə göstərilən məbləğin özü eynilik təşkil etmir. Qeyd edilənlər, o cümlədən borc müqaviləsində göstərilən məbləğ belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh məhz 51.000 manat məbləğində pulu borc götürmüşdür və onun bu məbləği “məcburiyyət” qarşısında qalaraq etiraf etməsi ilə bağlı mövqeyi verilən borcun daha az məbləğdə olması təəssüratını yaratmaq, həmçinin, bu fonda iddia etdiyi kimi bu məbləğin 31.500 manat hissəsinin real olaraq qaytarılması ilə bağlı inamın formalaşdırılmasına təsir etmək məqsədi daşıyır.
31. Məhkəmə kollegiyası 31.500 manat məbləğində pulun qaytarılması ilə bağlı qeyd edir ki, bu halın təsdiqi olaraq cavabdeh yalnız həmin pulun qaytarılmasında iştirak edən şahidə əsaslanır. Apellyasiya şikayətində bu məbləğin iki şahidin iştirakı ilə qaytarıldığını bildirsə də, məhkəmə iclasında yalnız bir şahidin - X4 iştirakını təmin etmişdir. Halbuki, bu barədə vəsatət məhz cavabdeh tərəfindən verilmiş və şahidlərin iştirakının təmin edilməsi üçün məhkəmə kollegiyası tərəfindən cavabdehə kifayət qədər vaxt verilmişdir.
32. Məhkəmə iclasında iştirak edən şahid X8 tərəflərin hər ikisini tanıdığını, onlarla qonşu olduğunu, cavabdeh tərəfindən iddiaçıya 31.500 manat pulun qaytarılması zamanı orada olduğunu və pulun onun iştirakı ilə iddiaçıya qaytarıldığını, həmin görüşdə iddiaçının köməkçisinin də iştirak etdiyini, lakin onu üzdən tanısa da, adını bilmədiyini bildirmişdir. Halbuki, şahidin 2023-cü ilin sonu 2024-cü ilin əvvəlində cavabdehlə ortaq işlər gördüyü də (ifadəsində bildirir) nəzərə alınmaqla həmin günü bir yerdə olduğu cavabdehin köməkçisi olan şəxsin adını bilməməsi anlaşılmazdır.
33. Digər tərəfdən şahid bu vəsaiti topladığını (deməli bu məbləğdə pul kütləsi həmin vaxt onun özündə də olmayıbdır), bu pulu cavabdehə borc vermədiyini, bağışladığını bildirir. Lakin tərəflərin nəinki əvəllər biri-birinə belə yüksək məbləğdə pulu güzəşt etməsi (bağışlanması), ümumiyyətlə onların arasında bu məbləğdə pulun güzəşt edilməsinə (bağışlanmasına) əsas yaradan münasibətlərin olması müəyyən edilmir. Hər bir halda, belə yüksək məbləğdə pulun cavabdehə bağışlanması üçün bir əsas (vaxtı ilə cavabdeh ona bu və ya oxşar qaydada və şəraitdə dəstək olmuş, əvəzsiz qaydada onun xeyrinə yüksək dəyəri olan işlər görmüş, şahid cavabdeh qarşısında hər hansı formada borclanmış, onları uzun illərin dostluq münasibətləri birləşdirir və sair), səbəb və ya şuurlu izah olmalıdır. Lakin qeyd edilənlərdən hər hansı birinin mövcudluğu müəyyən edilmir. Şahid sadəcə olaraq öz ifadəsində cavabdehlə qonşu olduğunu (heş dost olduqlarını bildirmir) və 2023-cü ilin sonu 2024-cü ilin əvvəlində onunla ortaq işlər gördüyünü söyləyir. Eyni zamanda, aralarında əvvəllər də pul bağışlamalarının olduğunu qeyd etsə də, kiminkimə nə bağışladığını açıqlaya bilmir. Şahid heç müqavilədə borcun manatla göstərildiyini və 51.000 manat olduğunu bilmir, 30.000 ABŞ dolları qeyd edir. Bu rəqəmlər məbləğ etibarı ilə eynilik təşkil etsə də, cavabdehə bu dərəcədə səmimi münasibət bəsləyən və bu məsələdə cavabdehə görə bu dərəcədə can yandıran bir şəxs olaraq, şahid müqavilədə 51.000 manat olduğunu bilməli idi.
34. Şahidin bu ifadəsi nəticə etibarı ilə cavabdehin iddiaçıdan borc alması halının özü ilə ziddiyyət təşkil edir. Belə ki, cavabdehin həyatda qüvənəcək belə bir yoldaşının olduğu (ona görə özünə məxsus 31.500 manat məbləğində puldan əvəzsiz qaydada keçməyə hazır olan və nəticədə keçən. Baxmayaraq ki, özünün nikaha daxil olmasına və bununa bağlı toy şənliyi təşkil etməsinə iki aydan da az vaxt qalmışdır. Bu prosesin heç də az olmayan xərc tələb etdiyi mübahisəzidir.) halda, onun bundan 5 ay əvvəl (31.500 manatın xx.xx.2024-cü il tarixdə qaytarıldığı iddia edilir), yəni 2023-cü ilin avqust ayında 30.000 manat X3 deyil, ağır şərtlərlə (30.000 manat alıb 50.000 manat qaytarmaq şərti ilə) iddiaçıdan almasına olan ehtiyac aydın deyil. Hər bir halda, hazırda belə bir güzəşt edən şəxs olaraq X8 həmin vaxt da eyni davranış nümayiş etdirmiş olardı. Lakin cavabdeh iddiaçıdan borc alan zaman, ilkin olaraq ondan maddi köməklik istədiyini bildirmir.
35. Bundan başqa, apellyasiya şikayətində cavabdeh bu məbləğin X4 iştirakı ilə iddiaçıya qaytarıldığını göstərir, lakin bu məbləğin ondan aldığını bildirmir. Həmçinin, ilk öncə 35.000 manat qaytarmaq imkanının olduğunu, lakin iddiaçı ondan tam məbləği tələb etdiyindən, bu məbləği qəbul etmədiyini, sonradan isə iddiaçıya 31.500 manat məbləğində pul ödədiyini bildirir. Nəticədə 35.000 manat ödəməyə hazır olduğu və bu məbləği qəbul etməkdən imtina edən iddiaçının bir müddət sonra bu məbləğdən də az məbləği, yəni 31.500 manat pulu qəbul etməsinə, habelə qaytarılan məbləğin 3.500 manat azalmasına da izah verilmir. Maraqlısı ondan ibarətdir ki, şahidin ifadəsinə münasibət bildirən iddiaçı onunla iki dəfə görüşdüyünü, lakin bu görüşlərdə cavabdehin iştirak etmədiyini, şahidin ondan vaxt verilməsini xahiş etdiyini və ona hər hansı məbləğdə pulun verilmədiyini qətiyətlə vurğulayır. Bu səbəbdən məhkəmə kollegiyası şahidin ifadələrini mötəbər hesab etmir, əksinə həmin ifadələrə tənqidi yanaşır və cavabdehin belə bir sübutla çıxış etməsini borcun 31.500 manat hissəsinin ödənilməsindən yanınmaq məqsədi ilə atılmış addım kimi qiymətləndirir.
36. Komunikasiya vasitələrinin, xüsusilə də mobil telefon aparatlarının, bu aparatlar vasitəsi ilə müxtəlif, o cümlədən “whatsapp” proqram təminatlarının geniş istifadə edildiyi bir dövr olmasına və tərəflərin bu qaydada biri-biri ilə ünsiyyətdə olmaq imkanına malik olmasına baxmayaraq, cavabdeh borcun, onun hər hansı hissəsinin ödənilməsi ilə bağlı aralarında bu qaydada aparılmış yazışmaları da təqdim edə bilmir. Cavabdeh tərəfindən məhkəmə iclasında kollegiyaya nümayiş etdirilmiş və cavabdehin telefonunda olan “Whatsapp” proqram təminatı üzərindən aparılmış yazışmada isə cavabdehin iddiaçıya 18.500 manat borcun tezliklə qaytarılacağı barədə yazının olduğu müəyyən edilir. Lakin bu ismarıca iddiaçı tərəfindən hər hansı münasibət bildirilmir. Başqa sözlə, cavabdeh bu yazını birtərəfli qaydada yazmış və hər hansı cavab almamışdır.
37. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, tərəflər arasında yaranmış borc münasibətləri notarial qaydada təsdiq edilmiş borc müqaviləsi ilə rəsmiləşdirilmiş və həmin müqavilənin 2-ci bəndində cavabdeh krediti xx.xx.2023-cü il tarixədək iddiaçıya notariusun depozit hesabı vasitəsi ilə qaytarmağı öhdəsinə götürmüşdür. Bu qaydada rəsmiləşdirmə aparan və fərdi sahibkar kimi fəaliyyət göstərən, yəni rəsmiləşdirmə (bu proseslər) barədə tam məlumatlı olan cavabdeh götürdüyü borcun hər hansı hissəsini həqiqətəndə qaytarmışdırsa da, bu qaytarmanı razılaşdığı kimi notariusun depozit hesabı vasitəsi ilə həyata keçirməli və bu halı təsdiq rəsmi sənədi almalı idi. İddiaçıdan borcun bir hissəsinin qəbul edilməsini xahiş etməyə, onu razı salmaq üçün onunla görüşə X6 göndərməyə hər hansı ehtiyac yox idi. Habelə, iddiaçının özündən bu halı, yəni öhdəliyi hissəvi olaraq icra etməsini təsdiq edən sübut, yəni yazılı iltizam, sadə formada tərtib edilmiş qəbz və sair tələb etməli idi. İddiaçı özü də bu mövqedən çıxış edir. Lakin cavabdeh bu barədə də hər hansı sübuta malik deyil. Qeyd edilənlər öz növbəsində apellyasiya şikayətinin əsassız olduğunu təsdiq edir və onun rədd edilməsini şərtləndirir.
38. Bununla belə, məhkəmə kollegiyası aparılmış araşdırmanın nəticələrini əsas götürüb, tərəflərin izahatını, habelə digər sübutları müqayisəli şəkildə təhlil edib belə qənaətə gəlir ki, iddiaçı ilə cavabdeh arasında onların qarşılıqlı iradə ifadəsi əsasında yazılı borc müqaviləsi bağlanmışdır. Həmin borc müqaviləsinə əsasən iddiaçı cavabdehə 51.000 manat məbləğində pulu borc vermiş və bununla da həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Cavabdeh həmin məbləğdə pulu iddiaçıdan almış, lakin bu məbləğin xx.xx.2023-cü il tarixədək qaytarılması barədə üzərinə öhdəlik götürsə də, bugünədək qaytarmamış, bununla da həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək, həmin müqavilənin şərtlərini pozmuşdur.
39. Buna görə, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və bu səbəbdən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış 51.000 manat məbləğində borcunu eyni zamanda, bu məbləğə uyğun olaraq, ödənilmiş dövlət rüsumunun əvəzini iddiaçıya ödəməlidir.
40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-2371/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə yoxlanılan (31.500 manat pulun tutulması) hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.