Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4826/2024 16.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "alimentin artırılması və aliment müddətinin uzadılması" tələbinə dair mülki iş üzrə (Açar sözlər: aliment) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3015/2024 nömrəli, 28 iyun 2024cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-256/2020 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah pozulmuş, birgə nikahından olan xx.xx.2006-cı il təvəllüdlü X5 ananın yanında qalması və yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2019-cu il tarixədək hər ay 160 manat, xx.xx.2020-ci il tarixdən isə hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
2. Elektron portal çıxarış məlumatlarına əsasən Cavabdeh Azərbaycan Dövlət Bədən X11 Akademiyasında baş müəllim vəzifəsində çalışır və aylıq əmək haqqı 810 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. . İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü X1 üçün Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-256/2020 saylı qətnaməsinə əsasən cavabdehdən tutulan aliment məbləğinin miqdarının artılaraq hər ay 300 manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulması və uşağın təhsili müddətində aliment öhdəliyinin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh həyat yoldaşıdır, onunla aralarında bağlanmış nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2006-cı il təvəllüdlü X6 himayəsində saxlanılmışdır.Yasamal rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)- 256/2020 saylı qətnaməsi ilə qızı Ayanın saxlanması üçün Cavabdeh 170 manat aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul edilmişdir. Hesab edir ki, hazırkı dövrdə ərzaq mallarının qiymətlərinin artması və kommunal xərclərinin artması ilə əlaqədar 170 manat aliment pulu ilə uşağı saxlamaq qeyrimümkündür. Övladı hazırda səhətində nasazlıq olduğundan və Odlar Yurdu Universitetinin kollecinin maliyyə fakültəsində təhsil aldığından, həmçinin kurslara getdiyi üçün bu əlavə xərclərlə bağlıdır. Cavabdeh rəsmi olaraq heç yerdə işləməsə də fərdi əməklə məşğul olduqundan yaxşı qazanc əldə edir. Ona görə də hesab edir ki, cavabdeh uşağın saxlanması üçün hər ay 300 manat sabit pul məbləğində aliment ödəmək iqtidarındadır.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3015/2024 nömrəli, 28 iyun 2024-cü il tarixli qətnaməsi (hakim Ülkər Xəlil) ilə, iddianın qismən təmin edilməsi, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-256/2020 saylı qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X2 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, alimentin tutulma müddətinin qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1, 112.1-ci maddələrinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarına, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 217.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsini, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə cavabdehin iddia tələbini məhkəmədə şəxsən qəbul etməsini nəzərə almamış, onun məhkəməyə ünvanladığı iddianı qəbul etməsi barədə notarial qaydada verdiyi ərizəsini nəzərə almamışdır. X12 Universitetinin kollecinin maliyyə fakültəsində təhsil aldığından, həmçinin əlavə kurslara getdiyi üçün onun əlavə xərcləri yaranmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəmədə izahat verərək bildirmişdir ki, övladının saxlanılması üçün həmişə aliment ödəmiş və bundan sonra da ödəyəcəkdir. O iddianın təmin edilməsinə etiraz etməmişdir. Lakin bütün bunları məhkəmə qətnamə qəbul edərkən nəzərə almamışdır. Aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin ) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanılmasına, daxil olur, onlar tərəfindən uşaqların saxlanılmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Qanunvericilik alimentin təhsil məqsədinə xərclənməsini qadağan etmir. Mən işsizəm, təkbaşına qızımın təhsil xərclərini qarşılaya bilmirəm. Cavabdeh isə aliment şəklində rəsmi qaydada qızının təhsil xərclərini ödəməyə razı olduğunu bildirir. Bunu onun notarial qaydada verdiyi ərizəsi və məhkəmədə verdiyi izahatı da təsdiq edir. Həmin maddədə qeyd olunur ki, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. X3 ödənişli əsasla orta-ixtisas təhsili alması maddi yardım tələb edən kənar xidmətlərə aid edilə bilər. Həmin maddədə müstəsna halların dairəsi qapalı deyil, digər hallara təhsil xərclərini də əlavə etməyi qanun qadağan etmir. Hesab edirəm ki, bu maddədə müəyyən olunan dispozitiv səlahiyyətlərindən məhkəmə sui-istifadə etməməlidir. Məhkəmə işiüzrə hər iki tərəf təhsil xərci ilə bağlı alimentin müəyyənləşməsini məhkəmədən xahiş edirsə, məhkəmə uşağın və ya maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın xüsusi mənafeyini təmin etməlidir. Çox təəssüf ki, birinci instansiya məhkəməsi bu məsələlərə səthi yanaşmış, cavabdehin iddianı etiraf etməsini, uşağın xüsusi mənafeyini nəzərə almamışdır.
c) Proses iştirakçılarının izahatı
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının
11. 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
12. 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin
13. 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay miqdarda aliment tutulur: 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur.
14. 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər
15. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir.
“Uşaq hüquqları haqqında” Konvensiyanın
16. 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün.
17. 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
«Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun
18. 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
19. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
20. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 8.2-ci bəndinə əsasən, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
21. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir....Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir....Mülki Prosessual Məcəllənin 13.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
22. “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən, uşaq mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir.
23. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.
24. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən.
25. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8- ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Hazırki halda iddiaçı qətnamənin dəyişdirilməsini xahiş etdiyindən, qətnamə təmin olunan hissədə cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, apellyasiya şikayəti həddində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası tərəfin izahatını, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3015/2024 nömrəli, 28 iyun 2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Kollegiya qətnamənin yoxlanılan hissəsi, yəni iddiaçının övladının təhsil xərcləri ilə bağlı olaraq onun təhsil aldığı müddətdə aliment öhdəliyinin uzadılması tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, təhsil geniş anlayışdır. Buraya orta təhsil, bakalavr təhsili, magistr təhsili və sair aiddir. Təhsil məcburi olmadığı kimi təhsil alınan ali və orta məktəblər də seçim qaydasında həyata keçirilir. Bu halda iddiaçının öz himayəsində olan övladını ödənişli əsaslarla təhsil verilən məktəbdə oxuması üçün seçim etməsi cavabdehin bunu ödəmək öhdəliyini yaratmır.
34. Eyni zamanda qanunvericilik qaydasında yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün nəzərdə tutulmuş aliment öhdəliyinin uşaq yetkinlik yaşına çatdıqdan sonra da davam etdirilərək uzadılması nəzərdə tutulmamışdır. Odur ki, birinci instansiya məhkəməsi yoxlanılan hissədə iddia əsassız olduğundan düzgün olaraq təmin etməmişdir.
35. Kollegiya apellyasiya şikayətinin dəlili kimi qeyd olunan cavabdehin iddianı qəbul etməsi, notarial qaydada təsdiq edilmiş ərizə ilə övladının 23 yaşınadək aylıq 300,00 manat aliment ödəməyə etiraz etməməsinə münasibətdə hesab edir ki, mülki münasibətlərin iştirakçısı olan hər kəs qanunla qadağan olunmayan, qanunvericiliyə zidd olmayan hərəkətləri etməkdə sərbəstdir. Lakin məhkəmə heç kəsin üzərinə qanunvericilik qaydasında nəzərdə tutulmayan öhdəliyi qoya bilməz. Təhsil aldığı əsası ilə 23 yaşınadək övladını saxlamaq cavabdehin öhdəliyi olmayıb, buna məcbur edilə bilməz. Lakin bu halda şəxsin könüllü olaraq, öz iradəsinə uyğun, mənəvi dəyərlərin təsiri altında üzərinə öhdəlik götürə bilməsi istisna edilmir.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla yoxlanılan hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3015/2024 nömrəli, 28 iyun 2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən iddiaçı rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.