Məhkəmə qərarları › İş №2(103)-483/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-483/2022

15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-483/2022 15.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit məbləğinin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-26/2020 saylı, 03 mart 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ləğv prosesində olan İddiaçı xeyrinə, - C91/13 nömrəli, 11 mart 2013-cü il tarixli kredit müqaviləsinə əsasən 03.03.2017-ci il tarixə Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC qarşısında əsas borc üzrə 9.782,45 (doqquz min yeddi yüz səksən iki dollar 45 sent) ABŞ dolları, faiz borcu üzrə 6 112,88 (altı min yüz on iki dollar 88 sent) ABŞ dolları, cərimə borcu üzrə 2.200,82 (iki min iki yüz dollar 82 sent) ABŞ dolları, cəmi 18.096,15(on səkkiz min doxsan altı dollar 15 sent) ABŞ dolları, - 65/13 nömrəli, 19 aprel 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 554.790 (beş yüz əlli dörd min yeddi yüz doxsan) manat, faiz borcu üzrə 323 438,97 (üc yüz iyirmi üç min dörd yüz otuz səkkiz manat 97 qəpik) manat, cərimə borcu üzrə 216.829,54 (iki yüz on altı min səkkiz yüz iyirmi doqquz manat 54 qəpik) manat, cəmi 1.095.058,51(bir milyon doxsan beş min əlli səkkiz manat 51 qəpik) manat, - C267/12 nömrəli, 21 noyabr 2012-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 32.818,01 (otuz iki min səkkiz yüz on səkkiz manat 01 qəpik) manat, faiz borcu üzrə 20.434,04 (iyirmi min dörd yüz otuz dörd manat 04 qəpik) manat, cərimə borcu üzrə 2.204,42 (iki min iki yüz dörd manat 42 qəpik) manat, cəmi 55 456,47 (əlli beş min dörd yüz əlli altı manat 47 qəpik) manat, - C13/11 nömrəli, 19 yanvar 2011-ci il tarixli kredit müqaviləsinə əsasən isə əsas borc üzrə 266.999,31 (iki yüz altmış altı min doqquz yüz doxsan doqquz dollar 31 sent) ABŞ dolları, faiz borcu üzrə 170.797,55 (yüz yetmiş min yeddi yüz yetmiş yeddi dollar 55 sent) ABŞ dolları, cərimə borcu üzrə 83.037 (səksən üç min otuz yeddi) ABŞ dolları, cəmi 520.825,86 (beş yüz iyirmi min səkkiz yüz iyirmi beş dollar 86 sent) ABŞ dolları və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, 1 (bir) manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Müştəri xidmət Departamenti ilə Cavabdeh arasında bağlanmış C91/13 nömrəli, 11 mart 2013-cü il tarixli kredit müqaviləsinə əsasən ona illik 12 %-lə, 36 ay müddətinə 10.000 (on min) ABŞ dolları, 65/13 nömrəli, 19 aprel 2013-cü il tarixli kredit müqaviləsinə əsasən illik 15 %-lə, 12 ay müddətinə 600.300 (altı yüz min üç yüz) manat, C267/12 nömrəli, 21 noyabr 2012-ci il tarixli kredit müqaviləsinə əsasən illik 12 %-lə, 36 ay müddətinə 50.000 (əlli min) manat və C13/11 nömrəli, 19 yanvar 2011-ci il tarixli kredit müqaviləsinə əsasən illik 12%-lə, 60 ay müddətinə 267.000 (iki yüz altmış yeddi min) ABŞ dolları məbləğində kredit verilmiş, bununla belə cavabdeh kredit müqavilələri üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında münasibətlərin məhkəmədən kənar qaydada həll etmək məqsədilə cavabdehə borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, o, borcun qaytarılması istiqamətində müsbət addım atmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli, 2(001)-26/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmiş, iddia ərizəsinin məhkəməyə təqdim olunması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, məhkəmə-mühasibatlıq ekspertizalarının və məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar aparılmış tədqiqatların 145 (yüz qırx beş) manat, 145 (yüz qırx beş) manat və 156 (yüz əlli altı) manat məbləğində dəyərlərinin İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28.10.2020-ci il tarixli, 2(103)- 5448/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli, 2(001)-26/2020 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10.06.2021-ci il tarixli, 2(102)-2345/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28.10.2020-ci il tarixli, 2(103)-5448/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ekspert rəyinə əsaslanaraq digər sübutlara qiymət verməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında gəlmədiyindən və məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində aşağıdakılar müəyyən edilmişdir: - 19 yanvar 2011-ci il tarixdə bağlanılmış C13/11 saylı kredit xətti müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti borcalan Cavabdeh 24 ay müddətinə illik 18 faiz olmaqla 20.000 ABŞ dolları məbləğində kart krediti verməyi öhdəsinə götürmüşdür; müqavilənin 1.2-ci bəndində həmin kreditin bankın kredit kartı vasitəsilə istifadə ediləcəyi, 1.3-cü bəndində isə, kredit məbləğinin müqavilə bağlandıqdan sonra 1 (bir) gün ərzində karta yerləşdiriləcəyi nəzərdə tutulmuşdur. -11 fevral 2013-cü il tarixdə C13/11 saylı kredit xətti müqaviləsi üzrə 1 saylı əlavə bağlanılmış, həmin əlavəyə əsasən sözügedən kredit müqaviləsinin müddəti 14 yanvar 2015-ci il tarixə qədər uzadılmışdır. -18 fevral 2013-cü il tarixdə C13/11 saylı kredit xətti müqaviləsi üzrə 1 saylı əlavə bağlanılmış, həmin əlavəyə görə sözügedən kredit müqaviləsinə uyğun olaraq Cavabdeh ayrılmış 30.000 (otuz min) məbləğində kredit xəttinə 70.000 (yetmiş min) ABŞ dolları artırılaraq 100.000 (yüz min) ABŞ dolları məbləğinə çatdırılmışdır. -20 fevral 2013-cü il tarixdə C13/11 saylı kredit xətti müqaviləsi üzrə 1 saylı əlavə də bağlanılmış, bununla da həmin kredit müqaviləsinə uyğun olaraq Cavabdeh ayrılmış 100.000 (yüz min) məbləğində kredit xəttinə 30.000 (otuz min) ABŞ dolları artırılaraq 130.000 (yüz otuz min) ABŞ dolları məbləğinə çatdırılmışdır. 06.04.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 19.01.2011-ci il tarixli C13/11 nömrəli kredit müqaviləsi üzrə banka 266.999,31 ABŞ dolları əsas, 170.797,55 ABŞ dolları faiz, 83.037 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 520.825,86 ABŞ dolları məbləğində borcu vardır. - 21 noyabr 2012-ci il tarixdə bağlanılmış C267/12 saylı kredit kartı vasitəsi ilə verilən kredit xətti müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti borcalan Cavabdeh 24 ay müddətinə 50.000 manat məbləğində kart vasitəsi ilə bərpa olunan kredit xətti açmış, sonuncu isə həmin kredit xəttinin müqavilə ilə müəyyən olunmuş şərtlərlə istifadəsini və ödənilməsini qəbul etmişdir; müqavilənin 1.3-cü bəndinə görə plastik kartın alınması, istifadəsi ilə bağlı yaranacaq digər münasibətlər tərəflər arasında bağlanacaq plastik kart müqaviləsi ilə tənzimlənəcəkdir. -Müqaviləyə edilmiş 18 fevral 2013-cü il tarixli əlavəyə görə, həmin kredit müqaviləsinə uyğun olaraq Cavabdeh ayrılmış 50.000 (əlli min) manat məbləğində kredit xətti 50.000 (əlli min) manat artırılaraq 100.000 (yüz min) manat məbləğinə çatdırılmışdır. -Müqaviləyə edilmiş 20 fevral 2013-cü il tarixli əlavəyə görə, sözügedən kredit müqaviləsinə uyğun olaraq Cavabdeh ayrılmış 100.000 (yüz min) manat məbləğində kredit xəttinə 50.000 (əlli min) manat artırılaraq 150.000 (yüz əlli min) manat məbləğinə çatdırılmışdır. 06.04.2017-ci il tarixli maliyyə arayışına görə, Cavabdeh 21 noyabr 2012-ci il tarixdə bağlanılmış C267/12 saylı kredit kartı vasitəsi ilə verilən kredit xətti müqaviləsi üzrə banka 32.818,01 manat əsas, 20.434,04 manat faiz, 2.204,42 manat cərimə borcu olmaqla, cəmi 55.456,47 manat məbləğində borcu vardır. - 19 aprel 2013-cü il tarixdə bağlanılmış 65/13 saylı Təminatsız Bərpa olunan Kredit Xətti müqaviləsinə görə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti borcalan Cavabdeh 12 ay müddətinə illik 15 % olmaqla 320.000 manat məbləğində bərpa olunan kredit xəttinin verilməsini, borcalan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada həmin krediti və faizlərini qaytarmağı öhdəsinə götürmüşdür. 06.04.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 19 aprel 2013-cü il tarixdə bağlanılmış 65/13 saylı Təminatsız Bərpa olunan Kredit Xətti müqaviləsi üzrə banka 554.790 manat əsas, 323.438,97 manat faiz, 216.829,54 manat cərimə borcu olmaqla, cəmi 1.095.058,51 manat məbləğində borcu vardır. - 29.06.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 11.03.2013-cü il tarixdə bağlanılmış C91/13 saylı Kredit müqaviləsi üzrə banka 9.782,45 ABŞ dolları əsas, 4.968,58 ABŞ dolları faiz borcu olmaqla, cəmi 14.751,03 ABŞ dolları məbləğində borcu vardır. - Cavabdeh İddiaçı ASC-dən 19.01.2011-ci il tarixdə 20.000 (iyirmi min) ABŞ dolları, 11.02.2013-cü il tarixdə 30 000 (otuz min) ABŞ dolları, 18.02.2013-cü il tarixdə 100 000 (bir yüz min) ABŞ dolları, 20.02.2013-cü il tarixdə 130 000 (bir yüz otuz min) ABŞ dolları, 19.04.2013-cü il tarixdə 320 000 (üç yüz iyirmi min) manat, 19.04.2013-cü ildə 314 000 manat, 22.04.2013-cü il tarixdə 15 700 (on beş min yeddi yüz) manat, 23.04.2013-cü il tarixdə 37 000 (otuz yeddi min) manat, 07.05.2013-cü il tarixdə 21 176 (iyirmi bir min yüz yetmiş altı) manat, 08.05.2013-cü il tarixdə 7 880 (yeddi min səkkiz yüz səksən) manat, 10.05.2013-cü il tarixdə 12 000 (on iki min) manat, 29.05.2013-cü il tarixdə 27 000 (iyirmi yeddi min) manat, 07.06.2013-cü il tarixdə 10 000 (on min) manat, 09.07.2013-cü il tarixdə 10 000 (on min) manat, 10.07.2013-cü il tarixdə 10 000 (on min) manat, 11.07.2013-cü il tarixdə 10 000 (on min) manat, 12.07.2013-cü il tarixdə 10 000 (on min) manat, 15.07.2013-cü il tarixdə 33 000 (otuz üç min) manat, 02.08.2013-cü il tarixdə 10 000 (on min) manat, 13.08.2013-cü il tarixdə 10 000 (on min) manat məbləğində pul vəsaitlərini qəbul etmişdir; həmin kassa məxaric orderlərində Cavabdeh aid imza “faksimile”lə icra edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticələrinə dair Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2018-cu il tarixli 17409 saylı rəyindən görünür ki, Cavabdeh banka 11 mart 2013-cü il tarixli C91/13 saylı müqavilə üzrə 06.04.2017-ci il tarixə 9 782,45 ABŞ dolları əsas, 6 112,88 ABŞ dolları faiz borcu, 19.04.2013-cü il tarixli 65/13 saylı müqavilə üzrə 06.04.2017-ci il tarixə 554 790,00 ABŞ dolları əsas, 323 438,97 ABŞ dolları faiz borcun, 21.11.2012-ci il tarixli C267/12 saylı müqavilə üzrə 06.04.2017-ci il tarixə 32 818,01 ABŞ dolları əsas, 20 434,04 ABŞ dolları faiz borcu, 19.01.2011-ci il tarixli C13/11 saylı müqavilə üzrə 06.04.2017-ci il tarixə 266 999,31 ABŞ dolları əsas, 170 797,55 ABŞ dolları faiz borcunun olduğu müəyyən edilmişdir. Bundan başqa, keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının nəticələrinə dair 18 oktyabr 2018-ci tarixli, 25417 saylı rəyində ekspert belə nəticəyə gəlmişdir ki, “1. a) ekspertizaya təqdim olunmuş, mülki işin 61-62-ci, 133-134-cü vərəqələrində İddiaçı ilə Cavabdeh adından bağlanmış olan 21 noyabr 2012-ci il tarixli C267/12 nömrəli kredit kartı vasitəsilə verilən kredit xətti müqaviləsinin 1-ci, 2-ci nüsxələrinin 1-ci vərəqələrində aşağı sağ küncdəki, 2-ci vərəqələrində “Borc alan” qrafalarındakı imzalar, 69, 144-cü vərəqələrində İddiaçı ilə Cavabdeh adından bağlanmış olan 19 yanvar 2011-ci il tarixli C13/11 nömrəli kredit müqaviləsinə 11 fevral 2013-cü il tarixli 1 saylı əlavənin 1-ci, 2-ci nüsxələrində “Borc alan” qrafalarındakı imzalar – Eyni şəxs Cavabdeh tərəfindən icra olunmuşdur. b) ekspertizaya təqdim olunmuş, mülki işin 72-78-ci və 135- 141-ci vərəqələrində İddiaçı ASC ilə Cavabdeh adından bağlanmış olan 65/13 nömrəli 19 aprel 2013-cü il tarixli kredit xətti müqaviləsinin 1-ci, 2-ci nüsxələrində “Borc alan” qrafalarında əks olunmuş imzalar, 63, 64-cü vərəqələrində İddiaçı ilə Cavabdeh adından bağlanmış olan 21 noyabr 2012-ci il tarixli C267/12 nömrəli kredit kartı vasitəsilə verilən kredit xətti müqaviləsinə 20 fevral 2013-cü il tarixli və 18 fevral 2013-cü il tarixli əlavələrdə “Borc alan” qrafalarında əks olunmuş imzalar, 68, 70-ci, 145, 146-cı vərəqələrində İddiaçı ilə Cavabdeh adından bağlanmış olan 19 yanvar 2011-ci il tarixli C13/11 nömrəli kredit xətti müqaviləsinə 20 fevral 2013-cü il tarixli, 18 fevral 2013-cü il tarixli əlavələrin 1- ci, 2-ci nüsxələrində “Borc alan” qrafalarında əks olunmuş imzalar, mülki işin 286-301-ci vərəqələrində 09 iyul 2013-cü il tarixli, 08 may 2013-cü il tarixli, 23 aprel 2013-cü il tarixli, 29 may 2013-cü il tarixli, 19 aprel 2013-cü il tarixli, 10 may 2013-cü il tarixli, 07 iyun 2013- cü il tarixli, 13 avqust 2013-cü il tarixli, 11 iyul 2013-cü il tarixli, 02 avqust 2013-cü il tarixli, 12 iyul 2013-cü il tarixli, 10 iyul 2013-cü il tarixli, 15 iyul 2013-cü il tarixli “10000” məbləğ göstəricisi olan, 15 iyul 2013-cü il tarixli “33000” məbləğ göstəricisi olan, 07 may 2013-cü il tarixli, 22 aprel 2013-cü il tarixli kassa məxaric orderlərində “Təhvil aldım” qrafalarında əks olunmuş imzalar – Eyni şəxs Cavabdeh tərəfindən icra olunmuş imzanın əksidir. Ekspertizaya təqdim olunmuş, mülki işin 66-67-ci, 142-143-cü vərəqələrində İddiaçı ilə Cavabdeh adından bağlanmış olan 19 yanvar 2011-ci il tarixli C13/11 nömrəli kredit xətti müqaviləsinin 1-ci, 2- ci nüsxələrində “Borc alan” qrafalarındakı imzalar – Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bundan başqa, keçirilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının nəticələrinə dair Məhkəmə Ekspertizası Mərkəzinin 19 dekabr 2019-cu il tarixli 7845 saylı rəyinə görə isə, Cavabdeh banka 19.04.2013-cü il tarixli 65/13 saylı müqavilə üzrə 19.04.2014-cü il tarixə 554 790,00 manat əsas, 77 714,19 manat faiz, cəmi 632 504,19 manat borcu, 21.11.2012-ci il tarixli C267/12 saylı müqavilə üzrə 21.11.2014- cü il tarixə 32 818,01 manat əsas, 17 180,94 manat faiz, cəmi 50 178,95 manat borcu olduğu müəyyən edilmişdir. İşin təkrar apellyasiya baxışı zamanı təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın nəticələrinə dair Məhkəmə Ekspertizası Mərkəzinin 19 yanvar 2022-ci il tarixli 9/9500 saylı rəyinə görə, Cavabdeh banka,

1. 19.01.2011-ci il tarixli, C13/11 saylı müqavilə üzrə 29.06.2017-ci il tarixə (maliyyə arayışı verilən tarixə) əsas borcu 266.999.01 ABŞ dolları, faiz borcu üzrə 132.594.19 ABŞ dolları, 14.01.2015-ci il tarixə (müqavilə müddətinin sonuna) əsas borcu 266.999.01 ABŞ dolları, faiz borcu üzrə 99.775.56 ABŞ dolları və 03.03.2020-ci il tarixə (qətnamə qəbul edilən tarixə) əsas borcu 266.999.01 ABŞ dolları, faiz borcu üzrə 168.342.39 ABŞ dolları;

2. 21.11.2012-ci il tarixli, C267/12 saylı müqavilə üzrə 21.11.2014-cü il tarixə (müqavilə müddətinin sonuna) əsas borcu 32.818.01 manat, faiz borcu üzrə 17.180.94 manat, 28.06.2017-ci il tarixə (maliyyə arayışı verilən tarixə) əsas borcu 32.818.01 manat, faiz borcu üzrə 21.451.84 manat və 03.03.2020-ci il tarixə (qətnamə qəbul edilən tarixə) əsas borcu 32.818.01 manat, faiz borcu üzrə 25.850.36 manat;

3. 11.03.2013-cü il tarixli, C91/13 saylı müqavilə üzrə 11.04.2016-cı il tarixə (müqavilə müddətinin sonuna) əsas borcu 9.782.45 ABŞ dolları, faiz borcu üzrə 4.968.58 ABŞ dolları, 29.06.2017-ci il tarixə (maliyyə arayışı verilən tarixə) əsas borcu 9.782.45 ABŞ dolları, faiz borcu üzrə 5.563.68 ABŞ dolları və 03.03.2020-ci il tarixə (qətnamə qəbul edilən tarixə) əsas borcu 9.782.45 ABŞ dolları, faiz borcu üzrə 6.873.44 ABŞ dolları;

4. 19.04.2013-cü il tarixli, 65/13 saylı müqavilə üzrə 19.04.2014-cü il tarixə (müqavilə müddətinin sonuna) əsas borcu 554.790.00 manat, faiz borcu üzrə 77.714.19 manat, 28.06.2017-ci il tarixə (maliyyə arayışı verilən tarixə) əsas borcu 554.790.00 manat, faiz borcu üzrə 166.249.43 manat və 03.03.2020-ci il tarixə (qətnamə qəbul edilən tarixə) əsas borcu 554.790.00 manat, faiz borcu üzrə 240.606.7 manat təşkil edir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, “kredit müqavilələrindən birində “Borc alan” qrafalarındakı imzaların cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunması, digər müqavilə və əlavələrdəki (habelə kassa məxaric orderlərindəki) imzaların isə cavabdehə məxsus imzanın əksi olması – yəni, faksmiledən istifadə edilməklə icra edilmiş olması, xüsusilə onların rəsmiləşdirildiklər bir çox hallarda cavabdehin ölkə ərazisindən kənarda (xaricdə) olması ilə bağlı işin faktiki halları da cavabdehin “onun faksmile çıxartmadığı və heç vaxt faksmiledən istifadə etmədiyi” barədə dəlillərini inandırıcı hesab etməyə əsas verir. Digər tərəfdən hər hansı əqdin bağlanmasında iştirak edən bir şəxsin (indiki halda cavabdehin) imzasını bilavasitə imza etmək imkanı olduğu halda imzasının əksindən (faksmiledən) istifadə etməsi də məntiqli deyildir. İddia tələblərinin əsassız olması barədə gəldiyi qənaətə uyğun olaraq məhkəmə, iddia müddətinin tətbiqinə dair cavabdehin (nümayəndəsinin) ərizəsinə də ayrıca qiymət verməyi zəruri hesab etmir.” Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyinə görə, “19.01.2011-ci tarixli kredit müqaviləsinə münasibətdə apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandrımışdır ki, məhkəmə xətşünaslıq ekspertizasının 18 oktyabr 2018-ci tarixli rəyi ilə İddiaçı ilə Cavabdeh adından bağlanmış olan 19 yanvar 2011-ci il tarixli kredit xətti müqaviləsinin 1-ci və 2ci nüsxələrində “Borc alan” qrafalarındakı imzaların – Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu göstərilmişdir. Həmin rəydə həmçinin sözügedən kredit xətti müqaviləsinə 20 fevral 2013-cü il tarixli, 18 fevral 2013-cü il tarixli əlavələrin 1-ci, 2-ci nüsxələrində “Borc alan” qrafalarında əks olunmuş imzaların Cavabdeh tərəfindən icra olunmuş imzanın əksi (faksmile) olduğu, başqa sözlə həmin imzaların bilavasitə Cavabdeh tərəfindən icra olunmadığı qeyd edilmişdir. X3 Xidməti Sərhəd Nəzarətinin 27.09.2018-ci il tarixli məktubu ilə də cavabdehin dövlət sərhədindən 17.01.2011-ci il tarixdə çıxış edərək, 09.02.2011-ci il tarixdə geri qayıtdığı, başqa sözlə sözügedən müqavilənin bağlandığı tarixdə ümumiyyətlə ölkədə olmadığı müəyyən edilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, 19.01.2011-ci tarixli kredit müqaviləsi üzrə 11.02.2013-cü il tarixli əlavə müqavilə bağlanılmış, həmin əlavəyə əsasən sözügedən kredit müqaviləsinin müddəti 14 yanvar 2015-ci il tarixə qədər uzadılmışdır. Məhkəmə-xətşünaslıq ekspertizasının 18 oktyabr 2018ci tarixli rəyi ilə 19.01.2011-ci tarixli kredit müqaviləsi üzrə 11.02.2013-cü il tarixli əlavə müqavilənin Cavabdeh tərəfindən imzalandığı müəyyən edilmişdir. Göründüyü kimi, 19.01.2011-ci il tarixli müqavilə cavabdeh tərəfindən imzalanmasa da həmin müqaviləyə əlavə cavabdeh tərəfindən imzalanmışdır. Bu hal 19.01.2011-ci il tarixli müqavilənin cavabdeh tərəfindən bəyənilməsi anlamına gəldiyi halda apelyasiya instansiyası məhkəməsi bu halla bağlı araşdırma aparmamış və həmin hala hüquqi qiymət verməmişdir. Bundan başqa iş materiallarından görünür ki, cavabdeh 19 aprel 2013-cü il tarixli müqavilə üzrə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Bu isə cavabdeh tərəfindən 19 aprel 2013-cü il tarixli müqavilənin etibarllılığının qəbul edilməsini və yalnız iddia müddəti keçdiyinə görə iddianın rədd edilməsinin tələb edildiyini ehtiva etdiyinə görə apelyasiya instansiyası məhkəməsi bu ərizəni verməklə cavabdehin qeyd edilən müqaviləni etibarlı bir müqavilə kimi qəbul edib-etməməsini araşdırmamış və hüquqi qiymət verməmişdir. Həmçinin iş materiallarından görünür ki, 19 aprel 2013-cü il tarixli müqavilə də faksimillə imzalanmışdır. Ona görə də nəzərə alınmalıdır ki, cavabdehin 19.04.2013-cü il tarixli müqaviləni etibarlı bir müqavilə kimi qəbul etməsi təsbit edildiyi halda bu hal digər kredit müqavilələri üzrə tələbin imzanın faksimillə icra edilməsi əsası ilə rədd edilməsini istisna edir. Bununla yanaşı iş materiallarından görünür ki, hazırkı iş üzrə mübahisə predmeti olan kredit müqavilələri üzrə ödənişlər edilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, həmin ödənişlərin kim tərəfindən edildiyinin müəyyənləşdirilməsi hazırkı mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyətə malik olsa da apelyasiya instansiyası məhkəməsi bu halı da araşdırmamış və həmin hala da hüquqi qiymət verməmişdir.” Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri və kassasiya instansiya məhkəməsinin göstərişləri əsasında yenidən apellyasiya qaydasında yoxlayaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir:

1. İddiaçı ilə cavabdeh arasında C13/11 nömrəli, 19.01.2011-ci tarixli kredit müqaviləsi bağlanmış, 20000 (iyirmi min) ABŞ dolları məbləğində 24 (iyirmi dörd) ay müddətində, illik 18 faizlə kredit vəsaiti verilmiş, işdə olan ekspertiza rəyinə əsasən bu müqavilədə borcalan qrafasındakı imza cavabdehə məxsus olmamışdır. Həmçinin, bu müqaviləyə 11.02.2013-cü il tarixli, 18.02.2013cü il tarixli və 20.02.2013-cü il tarixli əlavələr olmuşdur. Lakin, 19.01.2011 tarixli kredit müqaviləsi üzrə müqavilənin bitmə tarixinin 14.01.2015-ci il tarixədək uzadılması barədə tərəflər arasında bağlanmış olan 11.02.2013-cü il tarixli kredit müqaviləsinə əlavənin cavabdeh tərəfindən imzalanması işin mübahisəsiz halıdır.

2. İddiaçı ilə cavabdeh arasında C267/12 nömrəli, 21.11.2012-ci il tarixli kredit müqaviləsi bağlanmış, 50000 (əlli min) manat məbləğində, 24 (iyirmi dörd) ay müddətində kredit vəsaiti verilmiş və müqaviləni cavabdeh şəxsən imzalamışdır. Həmçinin, bu müqaviləyə də 18.02.2013-cü il tarixli, 20.02.2013-cü il tarixli əlavələr olmuşdur və bu əlavələr faksmil ilə imzalanmışdır. Müqavilənin müddəti 21.11.2014-cü il tarixdə bitmişdir.

3. İddiaçı ilə cavabdeh arasında 65/13 nömrəli, 19.04.2013-cü il tarixli kredit müqaviləsi bağlanmış, 320000 (üç yüz iyirmi min) manat məbləğində, 12 (on iki) ay müddətində, illik 15 faizlə kredit vəsaiti verilmiş və müqaviləni cavabdeh şəxsən imzalamasa da, cavabdeh əvvəlki məhkəmə baxışı zamanı 19 aprel 2013-cü il tarixli müqavilə üzrə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Müqavilənin müddəti 19.04.2014-cü il tarixdə bitmişdir. Məhkəmə kollegiyasının cavabdeh tərəfindən iş üzrə olan hər üç kredit müqavilələri və onlara əlavələrin faksimile klişe imza vasitəsilə imzalanmasının tanınması barədə mövqeyi ondan ibarətdir ki, həmin əqdlərdə cavabdehin adı göstərilmiş qrafalarda imzanın həmin şəxs tərəfindən birbaşa deyil, faksimile klişe vasitəsi ilə imzalanması bu əqdlərin saxta olması və ya etibarlı olmaması barədə birmənalı qənaətə gəlməyə əsas vermir. Belə ki, cavabdeh müvafiq müqavilələr üzrə pulları qəbul etmiş, kredit müqavilələri əsasında açılmış kart hesablarından xarici ölkələrdə daim istifadə etmiş, lakin kredit öhdəliklərini vaxtlıvaxtında tam icra etməmiş, müqavilələr üzrə vaxtaşırı ödənişlər etmişdir. Bu vəziyyətdə isə əqdlərdəki imzanın həmin şəxs tərəfindən icra edilməməsi aktın etibarlılığını birmənalı şübhə altına almır. Əgər həmin əqd imzalandıqdan sonra tərəflər öz hüquqlarının həyata keçirilməsinə və öhdəliklərinin icra edilməsinə başlamışlarsa deməli, hər iki tərəf əqdi bəyənmişdir. Mülki Məcəllənin 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Həmin Məcəllənin 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Həmin Məcəllənin 331.3-cü maddəsinə əsasən əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.08.2020-ci il tarixli qərarına əsasən, Yazılı formalı müqavilələr iki üsulla bağlanır. Birinci üsul bir sənəd tərtib etməkdən ibarətdir. Sənəd tərtibi yolu ilə bağlanan müqavilə onun şərtlərini əks etdirir və müqaviləni bağlayan tərəflər onu imzalayırlar. Tərəflərin vəkil etdikləri şəxslər də müqaviləni imzalaya bilərlər. Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. İkinci üsul isə sənədlər mübadiləsindən ibarətdir. Sənədlər mübadiləsi yolu ilə müqavilə bağlanarkən poçt, teleqraf, teletayp, telefon, elektron və digər rabitə vasitələrindən istifadə edilir. Yalnız zəruridir ki, həmin rabitə vasitələri sənədin müqavilə iştirakçısından (tərəfindən) gəlməsini dürüst müəyyənləşdirməyə imkan versin. Mülki Məcəllənin 331.3-cü maddəsinə görə, əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir. Qeyd edilən normanın mənası ondan ibarətdir ki, müqaviləni bəyənən şəxs onun şərtləri ilə əvvəlcədən tanış olmur və razılığı olmur. Sonradan bəyənmənin mahiyyəti ondan ibarətdir ki, tərəf əqdin şərtlərini sonradan bəyənir, əqdin bəyənilməsi zamanı onun tərəfləri, əsas şərtləri müəyyən edilir. Bundan başqa məhkəmə kollegiyası iddiaçı ilə cavabdeh arasında bağlanmış 65/13 nömrəli, 19.04.2013-cü il tarixli kredit müqaviləsi üzrə iddia müddətinin tətbiqi barədə ərizəyə hüquqi qiymət verərək qeyd edir ki, kredit müqaviləsi 12 ay müddətinə bağlanılmış və kredit müqaviləsinin sonu 19.04.2014-cü il tarixdə bitmişdir. İddiaçı isə iddia tələbi ilə 10.04.2017-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda həmin müqavilə üzrə iddia müddəti ötürülməmişdir. Məhkəmə kollegiyası müqavilələrin faksmil ilə imzalanmasına və işdə olan ekspertiza rəylərinə digər sübutlarla birlikdə hüquqi qiymət verərək hesab edir ki, hazırki işin araşdırılmış halları qeyd edilən müqavilə üzrə tərəflərin kredit münasibətlərində olmasına dəlalət edir. Belə ki, cavabdeh tərəf faksmillə imzalanmış müqavilələr üzrə iddiaçı ilə arasında kredit münasibətlərin olmamasına dair məhkəməyə hər hansı mötəbər və tutuarlı sübutları təqdim etməmişdir. Kassasiya instansiyası məhkəməsinin bu iş üzrə qərarında müqavilələrin faksmillə imzalanması ilə bağlı mövqeyindən də aydın olur ki, hər bir halda cavabdeh iddiaçı ilə kredit münasibətlərində olmuş, üzərinə öhdəlik götürmüş, faksmillərdə olan əlavələrə şəxsən imza etməklə faktiki olaraq bu müqavilələr üzrə münasibətlərinin mövcudluğunu təsdiq etmişdir. Eyni zamanda kollegiya hesab edir ki iddiaçı tərəf iddia tələbində istinad etdiyi C91/13 11.03.2013-cü il kredit müqaviləsini təqdim etməsə də, həmin müqavilə üzrə hesabdan çıxarışların mövcudluğu yuxarıda qeyd edilmiş əsaslarla tərəflər arasında öhdəlik münasibətlərinin olmasına dəlalət edir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin yaranması işin mübahisəsiz halı kimi dəyərləndirilməlidir. Belə ki, müqavilələrə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, pul məbləğini borcluya vermiş, bunun nəticəsində bankın borcludan müqavilə üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdeh isə öhdəlikləri yerinə yetirməmişdir. Borclu müqavilə üzrə öhdəlikləri yerinə yetirməməsinə görə onun bank qarşısında olan öhdəliyi icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəlik icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İlk əvvəl iddia tələbinin əsas borcun tutulması hissəsinə hüquqi qiymət verən məhkəmə kollegiyası bildirir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc faizlə də verilə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür və bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə kredit pul vəsaitinin verilməsi və cavabdehin bank qarşısında kredit müqaviləsi əsasında öhdəliklər daşıması işin mübahisəsiz hallarına aiddir. Göründüyü kimi cavabdeh bank qarşısında olan öhdəliklərini icra etməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kredit müqavilələri üzrə cavabdehə yönəlmiş tələbləri əsaslıdır və iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Bundan başqa, iddiaçı onunla cavabdeh arasında C91/13 nömrəli, 11.03.2013-cü il tarixli kredit müqaviləsi bağlanmasını göstərsə də, işdə bu müqavilənin əsli və ya təsdiq edilmiş surəti təqdim edilməmişdir. Lakin, bu müqavilə üzrə iddiaçı tərəfindən maliyyə arayışı təqdim edilmiş, həmçinin məlum olmuşdur ki, cavabdehin də bu müqavilə üzrə ödənişlər də etmişdir. Həmin ödənişlərin kimin tərəfindən aparılması müəyyən edilməsə də, cavabdeh ödənişlərin onun tərəfindən aparılmamasına dair sübutlar təqdim edilməmişdir. Kollegiya qeyd edir ki, C91/13 nömrəli, 11.03.2013-cü il tarixli kredit müqaviləsi iş materiallarına əlavə edilmədiyindən, həmçinin kredit pul məbləğinin verilməsi şərtləri müəyyən edilməyindən faiz və digər tələblər üzrə borcun hesablanması mümkün deyil. Belə olan halda, ekspertiza rəyi əsasında bu müqavilə üzrə yalnız müəyyən edilmiş əsas borc məbləği cavabdehdən tutulmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı cavabdehin bankla aralarında olan 3 kredit müqaviləsi üzrə banka əsas və faiz borcunun olması işin mübahisəsiz halı olduğu üçün təyin edilmiş iş üzrə sonuncu olan məhkəməmühasibatlıq ekspertizasının rəyi əsas götürülərək borc məbləğinin müqavilələrin sonunadək hesablanmasını rəydə qeyd edilən həcmdə müəyyən etməklə işin obyektiv həll edilməsində ədalətli balansı qoruduğunu hesab edir. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, apellyator tərəfindən qeyd olunan ekspertiza rəyinin isə mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlillər irəli sürülməmiş, buna dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Belə ki, Cavabdeh banka 19.01.2011-ci il tarixli, C13/11 saylı müqavilə üzrə əsas borcu 266.999.01 ABŞ dolları, faiz borcu üzrə 99.775.56 ABŞ dolları, 21.11.2012-ci il tarixli, C267/12 saylı müqavilə üzrə əsas borcu 32.818.01 manat, faiz borcu üzrə 17.180.94 manat, 11.03.2013-cü il tarixli, C91/13 saylı müqavilə üzrə əsas borcu 9.782.45 ABŞ dolları və 19.04.2013-cü il tarixli, 65/13 saylı müqavilə üzrə əsas borcu 554.790 manat, faiz borcu üzrə 77.714.19 manat təşkil edir. Bundan başqa iddianın cərimə borcu ilə məhkəmə kollegiyası qeyd edir ki, cərimənin (dəbbə pulu) ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə cəriməni azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə almır. Cərimə ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən müqavilələr üzrə hesablanmış cərimə borclarının məbləği hesablanmış əsas borclara mütənasib deyil. Belə olan halda, Cavabdeh banka 19.01.2011-ci il tarixli, C13/11 saylı müqavilə üzrə cərimə borcu 20.000 ABŞ dolları, 21.11.2012-ci il tarixli, C267/12 saylı müqavilə üzrə cərimə borcu 1000 manat və 19.04.2013-cü il tarixli, 65/13 saylı müqavilə üzrə cərimə borcu 50000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, Cavabdeh ödənilmiş 31 manat dövlət rüsumunun əvəzi tutularaq, iddiaçı LPO İddiaçı ASC-nin hesabına və məhkəmə ekspertizalarının dəyərini təşkil edən 596 manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından cavabdeh iddianın əsassız olmasına dair öz hüquqi mövqeyini sübut edilə bilməmiş və bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmiş, birinci instansiya məhkəməsi isə işin hallarını tam araşdırmadan iddianın rədd edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən qətnamə ləğv edilməli və iş üzrə yuxarıda göstərilən əsaslarla iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 372, 384-386, 388, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı LPO İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-26/2020 saylı, 03 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh C13/11 nömrəli, 19 yanvar 2011-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 266.999.01 ABŞ dolları, faiz borcu üzrə 99775.56 ABŞ dolları, cərimə borcu üzrə 20000 ABŞ dolları, cəmi 386774.57 ABŞ dolları, C267/12 nömrəli, 21 noyabr 2012-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 32818.01 manat, faiz borcu üzrə 17180.94 manat, cərimə borcu üzrə 1000 manat, cəmi 50998.95 manat, C91/13 nömrəli, 11 mart 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 9782.45 ABŞ dolları və 65/13 nömrəli, 19 aprel 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 554790 manat, faiz borcu üzrə 77714.19 manat, cərimə borcu üzrə 50000 manat, cəmi 682504.19 manat tutularaq iddiaçı LPO İddiaçı ASC-nin hesabına ödənilsin. Cavabdeh ödənilmiş 31 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı LPO İddiaçı ASC-nin hesabına və məhkəmə ekspertizalarının dəyərini təşkil edən 596 manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə iddiaçıya rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar