Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4830/2021 07.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(001)-867/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(001)-867/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 02 aprel 2018-ci il tarixli kredit müqaviləsi üzrə 1.938,01 ( min doqquz yüz otuz səkkiz manat, bir qəpik) manat əsas, 225,26 (iki yüz iyirmi beş manat, iyirmi altı qəpik) manat faiz, cəmi 2.163,27 (iki min yüz altmış üç manat, iyirmi yeddi qəpik) manat borc, həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, habelə 0,40 (qırx) qəpik bank xidməti haqqının əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin qismən, faiz borcu hissəsində ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, uzun müddət hər ay cədvəl üzrə ödənişlər həyata keçirilmişdir, kreditin çox hissəsi tərəfindən ödənilmişdir, son zamanlarda maddi vəziyyətinin pisləşdiyi üçün ödənişləri yerinə yetirməkdə çətinlik çəkmişdir. Lakin bu qədər faiz borcunun olması mümkün deyildir. İddiaçı tərəfə faiz borcunun qalması mümkün deyildir. Belə ki, aylar üzrə ödənişlər yerinə yetirildiyi təqdirdə əsas borc məbləği ilə yanaşı faizlər də azalır və uzun müddətli ödəmələr müqabilində belə çıxır ki, faiz hissəsində düzgün hesablama aparılmamışdır və faiz borcu şişirdilmişdir. Məhkəmə iclasında Cavabdeh1 bildirdi ki, özü müharibə iştirakçısıdır, imkanı çatdıqca ödəniş edir. Müharibədə iştirak edəndə ödəniş edə bilməmişdir. Elə bilirdi, bank faiz borcunu dayandırıb, amma faiz davam edirmiş, borc da yığılıb qalmışdı İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan digər şəxslər lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasında iştirak edən olmamışdır. Apellyasiya instansiya məhkəməsi, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, Cavabdeh1 əsas borcun hissə-hissə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahişi ilə bağlı qeyd edir ki, bu məsələ hazırki mərhələdə deyil, artıq məhkəmə tərəfindən qəbul edilmiş qətnamənin icra olunması mərhələsində baxılan və həll edilən məsələdir ki, bununla da bağlı cavabdehə onun aidiyyəti hüquqları izah edilmişdir. Məhkəmə, cavabdehin iddia tələbini “faiz borcunun tutulması” hissəsində qəbul etməməsi ilə bağlı ödəniş cədvəlinə və hesabdan çıxarışa istinadən qeyd edir ki, cavabdeh 36 ay ərzində hər ay 201,50 manat, sonuncu ay isə 199,01 manat məbləğində pul ödəməli idi. Lakin bir neçə ay istisna olmaqla hər ay bu məbləğdən xeyli az məbləğdə ödəniş etmiş və nəticədə cədvəl üzrə deyil, daha yüksək əsas borc məbləği yaranmışdır. Buna uyğun olaraq, illik 26 faiz dərəcəsi ilə hesablama da mövcud olan daha yüksək əsas borc məbləği üzrə aparılmışdır. 28.08.2020-ci il tarixdən sonra isə ümumiyyətlə ödəniş edilməmişdir. Bununla belə, illik faiz dərəcəsinin 26%, əsas borc məbləğinin isə 1.938,01 manat olması nəzərə alındığı təqdirdə, təkcə son beş ay üçün (1938,01 x 26 / 100 = 503,88 manat faiz borcu 1 il üçün, 503,88 / 12 = 41,99 manat faiz borcu 1 ay üçün, 41,99 x 5 = 209,95 manat faiz borcu 5 ay üçün) 209,95 manat məbləğində faiz borcu yaranmış olur. Bu səbəbdən məhkəmə cavabdehin mövqeyini əsassız hesab edir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi və iddianın həmin hissədə rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətinin obyektini qətnamənin bir hissəsi, yəni iddianın təmin edilən faiz hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddia tələbinin təmin edilən faiz borcu hissəsində yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Hazırki iş üzrə, mübahisələndirilən hissədə iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir. Əvvəla, Cavabdeh1 şikayətində faiz borc məbləğinin şişirdildiyini, borcun qismən olaraq ödənildiyini qeyd etsə də bu dəlillər əsaslı ola bilməz. Çünki, o, iddia tələbinə etirazının əsası kimi istinad etdiyi bu hallara, eləcə də apellyasiya şikayətində göstərdiklərinə dair heç bir sübut təqdim etməmişdir. Göstərdiyi bu halları sübut etmək yükü isə onun üzərinə düşür. Məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə də zərurət və əsas olmamışdır. Çünki, iddia tələbində göstərilən aiz borcun məbləği işin faktiki hallarına uyğundur və düzgünlüyü şübhə yaratmadığından ekspertizanın keçirilməsi üçün də əsaslar mövcud deyildir. İkincisi, cavabdeh iddiaçı ilə qeyd olunan müqaviləni könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşlar. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil edir, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də qaytarmaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə,... kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır... Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, Cavabdeh1 apelliyasiya şikayətində göstərdiyi dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(001)- 867/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4830/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4830/2021
07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver