Məhkəmə qərarları › İş №2(103)-4830/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4830/2024

10.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4830/2024 10.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 may 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı Bankın buna səlahiyyəti olan nümayəndəsi Bankın adından cavabdehə qarşı kiçik mübahisələrə dair işlər üzrə icraat qaydasında iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Ümumi oferta müqaviləsi” üzrə yaranmış və cavabdeh tərəfindən ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 3.334,23 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 541,60 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 20 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 58,96 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı Bank arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Ümumi oferta müqaviləsinə” əsasən cavabdehə illik 27,6 faiz dərəcəsi ilə 7.700 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh həmin müqavilə ilə üzərinə öhdəlik götürmüşdür ki, kreditdən məqsədli təyinatına uyğun istifadə edəcək və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytaracaq. Bank, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə və cavabdehə kredit versə də, cavabdeh, Bank qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməmiş, istifadə etdiyi krediti faizi ilə birlikdə ödəməmişdir. Nəticədə cavabdehin 3.334,23 manat məbləğində əsas kredit borcu, 541,60 məbləğində faiz borcu yaranmışdır. Bank, öhdəliyin cavabdeh tərəfindən icra edilməməsini nəzərə alaraq müqavilənin şərtinə əsasən cavabdehə 20 manat cərimə hesablamışdır. Bank, yazılı qaydada cavabdehə müraciət edərək borcun ödənilməsini tələb etsə də, borc ödənilməmişdir. Bu səbəbdən də, Bank, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman 58,96 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, Bank, qeyd edilən məbləğlərin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə, mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh, onunla iddiaçı Bank arasında xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi pozmuş, öhdəliyi lazımınca icra etməmiş, iddiaçı Banka ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmişdir. Bankın təqdim etdiyi hesablamadan görünür ki, cavabdehin Banka 3.334,23 manat məbləğində əsas kredit borcu, 541,60 məbləğində faiz borcu mövcuddur. Bank ilə cavabdeh arasında bağlanmış müqavilədə nəzərdə tutulmuşdur ki, əgər borcalan olan cavabdeh öz öhdəliklərini lazımı qaydada icra etməzsə və borcu müqavilədə qeyd edilən qaydada və müddətdə ödəməzsə, Bank borcalana cərimə (dəbbə) hesablaya bilər. Bankın təqdim etdiyi hesablamadan görünür ki, Bank, onunla cavabdeh arasında bağlanmış müqavilənin şərtinə əsasən cavabdehə 20 manat məbləğində cərimə hesablamışdır. Məhkəmə cəriməni tənəssübsüz surətdə yüksək hesab etmir. c) apellyasiya şikayəti barədə məlumat

6. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, borc müqaviləsinin bağlanması üçün müqaviləni bağlayan hər iki tərəfin iradə ifadəsi zəruridir. Bununla belə pul vəsaitinin olduğu kart cavabdehə təqdim edilərəkən debet kart kimi təqdim edilmiş, sonradan bilmədiyi bir şəkildə kredit kartına keçirilmişdir. Kredit kartının balansında olan pul isə müəmmalı şəkildə yoxa çıxmışdır. Sözügedən vəsait cavabdeh tərəfindən istifadə edilməmiş, bankın təhlükəsizlik sisteminin zəif olması nəticəsində naməlum şəkildə yoxa çıxmış, bununla bağlı hüquq mühafizə orqanlarına müraciət edilmiş, nəticədə Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, cavabdehə məxsus bank kartından 7.699 manat məbləğində pulun gizli olaraq talanması faktında Azərbaycan Respublikasının CM-nin 177.2.3-1-ci maddəsinin tərkib əlamətləri vardır və toplanmış material üzrə həmin maddə ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. Lakin həmin cinayət işi yekunlaşanadək iş üzrə icraatı dayandırmalı olduğu halda cavabdehin bu barədə vəsatəti təmin edilməmişdir. Rayon Məhkəməsi deliktlərdən yaranmış öhdəliyə aid normaları tətbiq etməli olduğu halda, borc müqaviləsinə aid normaları tətbiq etmişdir. d) apellyasiya baxışı iclasında tərəflərin iştirakı barədə məlumat

8. İşə apellyasiya qaydasında baxılmanın iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş iddiaçı Bankın nümayəndəsi və cavabdeh apellyasiya baxışı iclasında iştirak etməmişlər. İddiaçı Bankın nümayəndəsi bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. İş üzrə cavabdeh isə teleqram ilə Məhkəməyə müraciət edərək, səhhətində yaranmış problem ilə bağlı apellyasiya baxışı iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Səhhətində problemin yaranmasını bildirmiş cavabdeh bu halı təsdiq edə biləcək sübutu (tibbi arayışı) Məhkəməyə göndərməmiş, təqdim etməmişdir.

9. Məhkəmə, qeyd edilən halların məhz üzürlü səbəbdən baş verməsini müəyyən etmədiyindən işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-cİ maddəsinin tələbinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki həmin maddənin tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

10. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

11. İddiaçı Bankın iddia ərizəsindən və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh ilə iddiaçı Bank arasında xx.xx.2022-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Bank tərəfindən cavabdehə 7.700 manat kredit xətti açılmışdır.

12. Həmin müqavilənin şərtlərinə görə, bank borcalana bankın apardığı təhlil ilə müəyyən etdiyi məbləğlərdə, razılaşdırılmış müddətə, illik 30 faiz dərəcəsinədək bir neçə dəfə 10.000 manatadək və 60 ayadək kredit limiti ayırır, ona bank hesabı açır və ödəniş kartı təqdim edir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür (maddə 5.1.). Bu müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi maksimum 34,02% təşkil edir (maddə 5.2.). Əgər borcalan ödəmə müddətinin sonunadək ən azı öhdəliyini minimal ödənişlə icra etməsə, növbəti gündən etibarən öhdəlik gecikdirilmiş hesab edilir və öhdəliyin icra edilməməsinə görə tariflərdə nəzərdə tutulmuş birdəfəlik dəbbə pulu və minimal ödəniş məbləğinin gecikdirilmiş hissəsinə illik 180%-lə cərimə tətbiq edilir (maddə 5.7.4.).

13. Bankın təqdim etdiyi sənədlərdən görünür ki, cavabdehin kredit limiti sms vasitəsilə xx.xx.2022-ci il tarixdə 7.700 manat artırılmış, xx.xx.2023-cü il tarixdə isə 3.334,23 manata endirilmişdir.

14. İş materiallarından həmçinin müəyyən edilir ki, cavabdehə 7.700 manat məbləğində kredit xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər illik 27,6 faiz dərəcəsi ilə 35 ay müddətinə ödəmək şərti ilə verilmişdir.

15. Bankın təqdim etdiyi sənədlərdən görünür ki, cavabdehin müqaviləsi üzrə 3.334,23 manat əsas borcu, 541,60 manat isə faiz borcu yaranmışdır.

16. Bankın xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Bank tərəfindən cavabdehə qeyd edilən müqavilə üzrə yaranmış borc barədə məlumat verilmiş və borcun 3 iş gün müddətində ödənməsi xahiş edilmiş, əks halda borcun məhkəmə qaydasında tutulması ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq verilmişdir.

17. Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Orxan Allahquliyevin “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh məxsus bank kartından 7.699 manat pulun gizli olaraq talanması faktında Azərbaycan Respublikasının CM-nin 177.2.3-1-ci maddəsinin tərkib əlamətləri vardır və toplanmış material üzrə həmin maddə ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir.

18. İş materiallarında olan sənəddən görünür ki, Bank tərəfindən ***-***-**-** nömrəsinə xx.xx.2023-cü il tarixdə “Təsdiq kodun ******.***** kartın “Apple Pay”-e daxil edildi. “Apple Wallet”-de kartı seçib, təsdiq kodunu daxil et. Kod ** dəqiqə ərzində aktiv olacaq.” , “Şifrə: ****. Şifrəni başqa birinə ötürmədiyinizə əminsiniz. Bank əməkdaşları heç vaxt müştəridən şifrəni soruşmurlar. c*ZZm*WfoDl” məzmunlu mesajlar göndərilmişdir.

19. İş materiallarında olan sənəddən görünür ki, Bank tərəfindən ***-***-**-** nömrəsinə xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il xx.xx.2023-cü il, xx.xx.2023cü il, xx.xx.2023-cü il tarixlərdə mesajlar ünvanlanmışdır.

20. İş materiallarında olan sənəddən görünür ki, cavabdehin kart hesabından xx.xx.2023-cü il tarixdə saat 21:19:18-də 1.734 manat, xx.xx.2023-cü il tarixdə saat 21:19:52-də 1.734 manat, xx.xx.2023-cü il tarixdə saat 21:21:03-də 1.734 manat, xx.xx.2023-cü il tarixdə saat 21:21:38-də 1.734 manat, xx.xx.2023-cü il tarixdə saat 21:22:10-da 759,9 manat, xx.xx.2023-cü il tarixdə saat 21:23:33-da 4,08 manat məbləğində pul məxaric edilmiş, xx.xx.2023-cü il tarixdə saat 17:36:44-də 1.734 manat, xx.xx.2023-cü il tarixdə saat 17:37:46-da 1.734 manat, xx.xx.2023-cü il tarixdə saat 17:39:31-də 1.170,25 manat məbləğində pul mədaxil edilmişdir.

21. İş materiallarında olan sənəddən görünür ki, Bank tərəfindən xx.xx.2023-cü il tarixdə ***-***-**-** nömrəsinə “Təsdiq kodun ******.***** kartın “Apple Pay”-e daxil edildi. “Apple Wallet”-de kartı seçib, təsdiq kodunu daxil et. Kod ** dəqiqə ərzində aktiv olacaq.” məzmunlu mesaj göndərilmişdir.

22. "Bakcell” MMC-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, 55-712-88-75 nömrəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İmei kod **********76199 olan Samsung J320FDS markalı telefonda, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İmei kod **********64974 olan Samsung J320FDS markalı telefonda, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək İmei kod **********45321 olan LG H324T markalı telefonda, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək İmei kod **********04103 olan X5 11S markalı telefonda, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək İmei kod **********96790 olan Samsung A035F markalı telefonda istifadə edilmişdir.

23. "Bakcell” MMC-nin izahlı qaimə sənədində ***-***-**-** mobil nömrəsinə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" (“LeoBank”)- dan gələn zəng və sms əks olunmuşdur. xx.xx.2023-cü il tarixdə 4 dəfə məlumatların daxil olması görünür.

24. Məhkəmə qeyd edir ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizəanketdən müəyyən edilir ki, tərəflər arasında müqavilə bağlanmış və həmin müqavilə əsasında 7.700 manat məbləğində kredit 35 ay müddətinə, illik 27.6 % ödəmək şərti ilə cavabdehin hesabına köçürülmüşdür. Nəticədə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş və pulu cavabdehin kart hesabına köçürmüşdür.

25. Cavabdeh bildirir ki, hesabına köçürülən pul məbləğinin Bank ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləsi etibarsız hesab edilməlidir. Hesabına köçürülən pul məbləği kartından naməlum şəkildə oğurlanmışdır.

26. Cavabdehin bu dəlili ilə bağlı Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1.-ci maddəsinin tələbinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

27. Cavabdeh kart hesabından oğurlanan pulun özü tərəfindən çıxarılmadığını bildirsə də, bunu əsaslı dəlillərlə sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Məhkəmə həmçinin qeyd edir ki, oğurluq hadisəsi baş vermiş olsa belə iddiaçı Bankın bu hal üçün təqsiri müəyyən edilmir. X3 3.1.10-cu bəndinə əsasən, kartdan istifadə olunmaqla aparılmış bütün əməliyyatlara, imza etdiyi kart-çeklərə görə müştəri məsuliyyət daşıyır.

29. Eyni zamanda, iş materiallarına əlavə olunmuş "Bakcell” MMC-nin izahlı qaiməsindən görünür ki, cavabdehə məxsus ***-***-**-** mobil nömrəsinə "xxxx" (“LeoBank”)-dan xx.xx.2023-cü il tarixdə hesab üzrə əməliyyatlar aparılması üçün məlumat daxil olmuşdur.

30. Belə olan halda müəyyən edilir ki, kartdan köçürmələr cavabdeh tərəfindən həyata keçirilmişdir. Cavabdeh ərizə-anketi imzalandığını özü etiraf edir, müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı əsas müəyyən edilmir.

31. Məhkəmə, iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Ümumi oferta müqaviləsinin” etibarsız hesab edilməsi üçün əsasların olmamasını və kredit kartından pulun cavabdehin özü tərəfindən istifadə edildiyini nəzərə alaraq hesab edir ki, Bank, həmin müqaviləyə əsaslanaraq hazırki iddianı cavabdehə qarşı irəli sürmək üçün subyektiv hüquqa malikdir.

32. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki iddia əsaslıdır. Çünki Mülki Məcəllənin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-in 77-ci maddəsinə görə, isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın üzərinə düşür. Cavabdeh iddiaçı Bank qarşısında icra edilməmiş öhdəliklərinin olmasını mübahisələndirmir.

33. Bankın təqdim etdiyi hesablamalardan görünür ki, cavabdehin onunla Bank arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyi tam deyil, qismən icra etməsi səbəbindən cavabdehin 3.334,23 manat məbləğində əsas kredit borcu və 541,60 manat məbləğində faiz borcu yaranmışdır.

34. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsi əsaslıdır. Çünki Mülki Məcəllənin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəm əli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1.). Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1.).

35. Bunla da müəyyən edilir ki, apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlilləri əsassızdır.

36. Bundan başqa qeyd edilməlidir ki, iddiaçı Bank, cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə yaranmış borcun ödənilməsinin gecikdirilməsinin nəzərə alaraq müqavilənin şərtlərinə əsaslanaraq cavabdehə cərimə tətbiq etmiş və cərimənin ödənilməsi məqsədi ilə 20 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etmişdir.

37. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə bu tələbi də təmin etmişdir.

38. Bununla bağlı Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin tələblərinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər (maddə 462.). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (maddə 465.2.).

39. Göstərilənləri və iddiaçı Bank, cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədə borcun ödənilməsinin gecikdirilməsinə görə kreditorun borcluya cərimə (dəbbə) hesablaması və hesablanmış cərimənin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulduğundan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsi əsaslı, apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlili isə əsassızdır.

40. İddiaçı Bankın buna səlahiyyəti olan nümayəndəsi Bankın adından verdiyi iddia ərizəsində xahiş etmişdir ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün Bank tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 58,96 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçı Banka ödənilsin.

41. İddia ərizəsinə əlavə edilmiş “Ödəniş tapşırığından” görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün Bank tərəfindən 58,96 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

42. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə həmin məbləğin cavabdehdən tutularaq Banka ödənilməsini qət etmişdir.

43. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin bu nəticəsi də əsaslıdır. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlili əsassızdır.

44. Belə ki, MPM-in tələblərinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir (maddə 107.). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (maddə 119.1.).

45. Məhkəmə onu da qeyd edir ki, iddiaçı Bankın cavabdehə ziyan vurması və ya cavabdehin hesabına əsassız varlanması halı apellyasiya baxışının nəticəsi ilə müəyyən edilmir.

46. Əgər cavabdehə qarşı cinayət törətmiş şəxs (şəxslər) gələcəkdə yuxarıda qeyd edilən cinayət işi üzrə müəyyən edilərsə, onda hazırkı iş üzrə cavabdeh həmin şəxsə (şəxslərə) qarşı ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı mülki iddia qaldıra bilər. f) apellyasiya baxışının nəticəsi

47. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunu, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

48. Məhkəmə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən apellyatorun özünə aid edilməlidir.

49. Məhkəmə həmçinin bildirir ki, iddianın qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə olmadığından hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz.

50. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 392, 393, 402-ci maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 may 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyin andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar