Məhkəmə qərarları › İş №2(103)-4835/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4835/2024

07.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4835/2024 07.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “alimentin dəyişdirilməsi ” hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin dəyişdirilməsi" tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1132/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Cavabdeh qarşı ( iddia tələbinin dəqiqləşdirilməsi barədə) ərizə ilə müraciət edərək iddia tələbinin “alimentin artırılması” kimi deyil, “alimentin dəyişdirilməsi” kimi oxunmasını, 04 aprel 2010cu il təvəllüdlü X3, 16 iyun 2011-ci il təvəllüdlü X6 və 21 oktyabr 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün tutulan aliment məbləğinin dəyişdirilərək hər uşaq üçün 235 manat cəmi 705 manat məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə istinadən qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 yanvar 2018-ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 10 mart 2017-ci il tarixli, 2(007)-1682/2017 saylı qətnaməsi “uşaqların hər birinə 60 manat olmaqla, hər ay 180 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun” hissəsində dəyişdirilməsi və həmin hissə “uşaqların hər birinə 50 manat olmaqla, hər ay cəmi 150 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun” kimi müəyyən edilməsi, qətnamə Cavabdeh apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Uşaqların saxlanması üçün məhkəmə tərəfindən təyin olunmuş məbləğ yetərli deyildir və uşaqların tələbatlarını heç cürə ödəmir. Cavabdeh vaxtı-vaxtında da aliment ödəmir. Uşaqlarının ikisi xəstədir, əməliyyata ehtiyacları var, lakin cavabdeh tərəfindən heç bir maddi yardım göstərilmir.

2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1132/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 04 aprel 2010-cu il təvəllüdlü X3, 16 iyun 2011-ci il təvəllüdlü X6 və 21 oktyabr 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulmalı olan, Bakı Apellyasiya Məhkəməsinin 19 yanvar 2018-ci il tarixli 2(103)-231/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməsi, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 04 aprel 2010-cu il təvəllüdlü X3, 16 iyun 2011-ci il təvəllüdlü X6 və 21 oktyabr 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 180 manat cəmi 540 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinə aid olan 6.80 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub dövlət büdcəsinə köçürülməsi qət edilmiş və “ Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13, 19; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1.1, 76.2, 112.1; “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarı; “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8- 2/2016 nömrəli Qərarının 8.2, 8.12, 8.14; 2024-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 112.1.3, 119.2, 124.1, 233.4; “ Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2, 9.1-1, 9.1.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 mart 2017-ci il tarixli, 2(007)-1682/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 04 aprel 2010-cu il təvəllüdlü X3, 16 iyun 2011-ci il təvəllüdlü X6 və 21 oktyabr 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında və uşaqların hər birinə 60 manat olmaqla, hər ay 180 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması, Cavabdeh 13 fevral 2017-ci il tarixdən başlayaraq X4 21 oktyabr 2015-ci il tarixdə doğulduğu gündən üç il ərzində hər ay 50 manat məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 yanvar 2018-ci il tarixli 2(103)- 231/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 mart 2027-ci il tarixli, 2(007)-1682/2017 saylı qətnaməsi “uşaqların hər birinə 60 manat olmaqla, hər ay 180 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun” hissəsində dəyişdirilməsi və həmin hissə “uşaqların hər birinə 50 manat olmaqla, hər ay cəmi 150 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun” kimi müəyyən edilməsini, qətnamə Cavabdeh apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Hazırda ana uşaqların saxlanılmasında çətinlik çəkdiyi üçün tutulan alimentin miqdarının dəyişdirilməsini xahiş edir. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşaqların əvvəlki təminatının səviyyəsinə də qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göründüyü kimi Cavabdeh heç bir yerdə işləmir. İddiaçı isə işləyir və 345 manat əmək haqqı alır. Cavabdeh bildirmişdir ki, işləmədiyi halda 4-5 aydır ki, uşaqların saxlanması üçün 450 manat aliment ödəyir. İddiaçı da məhkəmə iclasında bunu təsdiq etmişdir. Göründüyü kimi 2018-ci ildən bəri cavabdehin maddi durumunda dəyişiklik olmamışdır. Lakin 2018-ci ildən 2024-cü ilə münasibətdə yaşayış səviyyəsi dəyişmiş və uşaqların tələbatları artmışdır. 2024-cü ildə yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin 19 yanvar 2018-ci il tarixli 2(103)-231/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 180 manat, cəmi 540 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməli, qalan hissədə iddia təmin edilməməlidir. Hazırki halda, alimentin tutulması ilə bağlı ödənilməli olan 66.80 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində mediasiya xərcindən çox olduğundan, 6.80 manat cavabdehdən tutulub dövlət büdcəsinə köçürülməlidir. 3.Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki; - “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə 15 dekabr 2023-cü il tarixli, MŞB/8/2023-02555 saylı arayışa əsasən, hər iki tərəf 15 dekabr 2023-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etsə də, mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat mediasiya xərcini ödəmişdir; - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 yanvar 2018-ci il tarixli 2(103)-231/2018 saylı qətnaməsinin surətinə əsasən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 mart 2027-ci il tarixli, 2(007)-1682/2017 saylı qətnaməsi “uşaqların hər birinə 60 manat olmaqla, hər ay 180 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun” hissəsində dəyişdirilməsi və həmin hissə “uşaqların hər birinə 50 manat olmaqla, hər ay cəmi 150 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun” kimi müəyyən edilməsini, qətnamə Cavabdeh apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir;- Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 yanvar 2018-ci il tarixli 2(103)-231/2018 saylı qətnaməsinin surətinə əsasən, “Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 mart 2027-ci il tarixli, 2(007)- 1682/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 04 aprel 2010-cu il təvəllüdlü X3, 16 iyun 2011-ci il təvəllüdlü X6 və 21 oktyabr 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında və uşaqların hər birinə 60 manat olmaqla, hər ay 180 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması, Cavabdeh 13 fevral 2017-ci il tarixdən başlayaraq X4 21 oktyabr 2015-ci il tarixdə doğulduğu gündən üç il ərzində hər ay 50 manat məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir”; - AZ-T seriyalı, 274481 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 04 aprel 2010-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; - AZ-T seriyalı, 274480 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 16 iyun 2011-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; - AZ-T seriyalı, 274482 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 21 oktyabr 2015-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; - “AEMİS”-dən çıxarışdan görünür ki, İddiaçı “X5”nda “çeşidləyici, meyvələr” vəzifəsində işləyir. Aylıq əmək haqqı 345 manatdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli 2(007)-1132/2024 saylı qətnaməsinin dəyişdirilərək, 04 aprel 2010-cu il təvəllüdlü X3, 16 iyun 2011-ci il təvəllüdlü X6 və 21 oktyabr 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər uşaq üçün 235 manat, cəmi 705 manat məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və Azərbaycan Respublikası Konstitusiyasının 34, Ailə Məcəlləsinin 78.1, 78.2, 81.1, 81.2; Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa istinadən şikayətdə qeyd edilmişdir ki, cavabdehin rəsmi iş yeri olmasa da, sabit gəlir mənbələri mövcuddur və ondan tutulacaq alimentin məbləği artırılaraq, uşağın minimum tələbatlarına uyğun olaraq hər ay 235 manat məbləğində müəyyən edilməlidir. Nizami rayon Məhkəməsi işə baxarkən, qətnamədə iddia tələbinin qismən təmin edilməsinin əsası kimi yalnız Cavabdeh heç bir yerdə işləmədiyini, iddiaçının isə işlədiyini və 345 manat əmək haqqı almasını qeyd etsə də, iddiaçının sonuncu iş yeri fərdi sahibkar X1 VÖEN üzrə çeşidləyici meyvələr qeyd olunsa da, həmin əmək müqaviləsi mülki iş məhkəmənin icraatında olan zaman, xx.xx.2024-cü il tarixdə bağlanmış, əmək müqaviləsi ünvanlı sosial yardım almaq üçün bağlanmış və 10 gündən sonra xx.xx.2024-cü il tarixdə qüvvədən düşmüşdür. Nizami rayon Məhkəməsi sistemdən əmək müqaviləsinin bağlanması barədə çıxarışı iş materiallarına əlavə etsə də, müqavilə yalnız 10 gün müddətində qüvvədə olmuş, iddiaçı həmin iş üzrə hər hansı əmək haqqı almamış, iddiaçının iş prosesində heç bir fəaliyyəti olmamışdır. Lakin, Cavabdeh rəsmi qaydada heç yerdə işləməsə də, kifayət qədər qazancı və gəlir mənbələri mövcuddur. Belə ki, cavabdehlə birgə yaşadıqları evdə 2 gözəllik salonu açaraq, icarəyə vermiş və aylıq 1000 manat icarə haqqı alır. Birgə yaşadıqları evi kirayə vermiş, oradan da gəlir əldə edir. Özü qeyri rəsmi taksi fəaliyyəti ilə məşğul olur və eyni zamanda taksi fəaliyyəti ilə məşğul olmaq üçün əlavə 3 avtomobili icarəyə verib, oradan qazanc əldə edir. O isə 3 uşaqla birlikdə kirayə yaşayır. Uşaqların tələbatlarını təkbaşına ödəməkdə çətinlik çəkir. Nizami rayon Məhkəməsi onun məhkəmə iclasında bildirdiklərini qətnamədə qeyd etməmiş, cavabdehin kifayət qədər qazancı və gəlir mənbələri olmasına baxmayaraq, heç bir araşdırma aparmamış, formal olaraq qüvvədən düşmüş əmək müqaviləsi barədə bildirişə istinad etmişdir. Lakin, uşaqlar azyaşlı olduğundan, heç yerdə işləmədiyindən, uşaqların minimum tələbatları cavabdeh tərəfindən ödənilməli, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməlidir Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 5.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, cavabdehin rəsmi iş yerinin olmaması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razı olmadığını, cavabdehin həm taksi fəaliyyəti ilə məşğul olduğunu, həm də birgə yaşadıqları evi kirayəyə verib ordan da gəlir əldə etdiyini, təkbaşına 3 uşağa baxmaqda çətinlik yaşadığını, uşaqlar böyüdükcə tələbatlarının da artdığını, hal-hazırda özünün də işsiz olduğunu qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini əsassız hesab etdiyini, iddiaçının qeyd etdiyi kimi onun əlavə gəlir mənbələrinin olmadığını, hər uşağa görə 235 manat məbləğində aliment ödəməyə imkanının olmadığını, iddiaçının özünün kifayət qədər qazancının olduğunu bildirmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya baxışının hədləri: 7.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Mübahisə edilən hissə müəyyən edilən alimentin məbləğidir. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

8. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir və cavabdehin maddi vəziyyətinin ağır olması ( işsizlik və s.) isə valideynin övladı qarşısında olan vəzifələrinin həyata keçirilməsindən tam və ya qismən azad edilməsi üçün əsas ola bilməz. Uşaqların bir valideynin yanında qalması digər valideyn tərəfindən ödənilən aliment məbləğinin müəyyən edilməsinə təsir edəcək amil kimi çıxış edir, alimentdən əlavə xərclərdə iştirakçılıq, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq bir çox hallar aliment məbləğinin müəyyən edilməsi və ya dəyişdirilməsi zamanı nəzərə alınası ciddi meyarlardır. Bu mənada xüsusi ilə diqqət yetirilməlidir ki, şəxsin (uşağın) yaşayışı yalnız minimum istehlak səbətinin təmin edilməsi ilə deyil, onun tərbiyə və inkişafında təhsil, mənzil, tibbi yardım və sair hüquqlarının, o cümlədən mənəvi inkişafın təmin edilməsinə aid məsrəflər də nəzəzərə alınmalıdır.Ona görə uşağın minimum təminat səviyyəsinə uyğun kollegiya hesab edir ki, minimum yaşayış həddi, uşağın saxlanılması üçün minimum dolanacaq xərcini əhatə edir və uşağın digər təminatları, yəni ona layiqli şəkildə baxılması, digər zəruri tələbatlarının təmin edilməsi ilə bağlı valideyn öhdəlikləri üzrə vəzifə bərabərliyi baxımından sübutetmə yükü tərəflərin üzərinə düşür. Kollegiya hesab edir ki, uşaq üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. Dəyişən şəraitə və tələbatlara müvafiq aliment məbləğinin müəyyən edilməsi (dəyişdirilməsi) üzrə tələblərin yenidən baxılmasını istisna etmir. Hazırki münasibətlər həddində qeyd edilməlidir ki, artıq 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Alimentin minimum yaşayış səviyyəsinə uyğunlaşdırılması böyüməkdə olan uşağın artan tələbata uyğun bütün təminatlarını əhatə etmir və bu baxımdan diqqətə çatdırılmalıdır ki, digər tələbatlar uşaqlarla yaşayan valideyn tərəfindən qarşılandığı hamıya bəlli olan haldır və əlavə sübuta ehtiyacı yoxdur. Qeyd edilənlərə görə birinci instansiya məhkəməsinin qətnaməsi alimentin məbləğinə münasibətdə dəyişdirilməli və apellyasiya şikayəti təmin edilməlidir. 9.Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləyə görə: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. 11.Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

12. Həmçinin mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. 13.Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, kollegiya Q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1132/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi sabit pul məbləğində alimentin tutulması hissəsində dəyişdirilərək hər uşağa görə 235 manat olaraq, cəmi 705 manat sabit pul məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar