Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4836/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X3 və X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli 2(009)-691/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 24000 manat kompensasiya məbləğinin və ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh “xxxx” ASC tərəfindən inşa edilən Taxtakörpü-Ceyranbatan su kanalının tikintisi zamanı ona məxsus Siyəzən rayonu Qarasiyəzən kəndində yerləşən fərdi yaşayış evinin qəzalı vəziyyətə düşərək uçması nəticəsində ona 38000 manat məbləğində ziyan dəymiş, həmin ziyanın 24017 manat hissəsi cavabdeh tərəfindən ödənilmiş, qalan hissəsi isə ödənilməmişdir. Artıq 8 ildir ki, iddiaçı ailəsi ilə birlikdə kirayədə yaşayır. Vurulmuş ziyanın qalan hissəsinin ödənilməsi barədə cavabdehə və digər aidiyyəti orqanlara müraciət etsə də, nəticəsi olmamışdır. Cavabdeh təşkilat məhkəməyə təqdim etdiyi etiraz ərizəsində göstərmişdir ki, “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə daxil olan “Taxtakörpü- Ceyranbatan kanalının tikintisi” obyektinin tikintisinə 2008-ci ildə başlanılmış və 2013-cü ildə tikinti-quraşdırma işləri başa çatdırılmışdır. Tikinti-quraşdırma işlərinin sifarişçisi “xxxx” ASCnin “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin həyata keçirilməsi üzrə İşçi Qrupu, podratçısı isə “xxxx” ASC olmuşdur. Siyəzən rayonu Qarasiyəzən kənd sakini İddiaçı 2011-ci ildə ərizə ilə müxtəlif dövlət orqanlarına müraciət edərək ona məxsus fərdi yaşayış evinin yaxınlığında Taxtakörpü-Ceyranbatan kanalının tikintisi aparılarkən evinin qəzalı vəziyyətə düşdüyünü bildirmiş və evinin təmir olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Həmin evə baxış keçirilərkən müəyyən edilmişdir ki, evin qəzalı vəziyyətə düşməsinə səbəb Taxtakörpü-Ceyranbatan kanalının tikintisi deyil, fərdi yaşayış evinin tikintisinin tikinti norma və qaydalarına uyğun aparılmamasıdır. Belə ki, qeyd edilən evin divarlarında beton sütunlar, mərtəbəarası antiseysmik kəmərlər və tirlər inşa olunmamışdır. Əgər su kanalının tikintisi aparılan ərazidə iddiaçının iddia etdiyi hal olsaydı, həmin kənddə iddiaçının evinin yanındakı təsərrüfat binasına və ondan kanala yaxın qonşuluqdakı digər fərdi yaşayış evlərinə də analoji ziyan dəyməli idi. İddiaçının maddi vəziyyəti nəzərə alınaraq ona təmir üçün yardım göstərilməsi qərara alınmışdır. Mütəxəssislər tərəfindən evin təmiri üçün görüləcək işlər müəyyənləşdirilərək, həmin işlərin məbləği hesablanmış və iddiaçıya “xxxx” ASC-nin hesabına 14017 manat pul vəsaiti ödənilmişdir. İddiaçı bu məbləğlə razılaşmışdır. Cavabdeh hesab edir ki, hazırkı iddia tələbi əsassızdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli 2(009)-691/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və yeni qətnamə çıxarılaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi “xxxx” ASC-nin sifarişi əsasında işi görən və rəhbərlik edən “xxxx” ASC-nin (hal-hazırda X2 “xxxx” Açıq Səhmdar Cəmiyyəti) əlavə cavabdeh qismində cəlb edilməsi barədə vəsatəti qəbul etməmiş, vurulmuş zərərin məbləğini müəyyən etmək üçün məhkəmə tikinti-texniki ekspertizası təyin etməmiş, kifayət qədər araşdırma aparmadan qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin nümayəndələri X5 və X4 isə şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli 2(009)-691/2021 saylı qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı cavabdeh “xxxx” ASC tərəfindən inşa edilən Taxtakörpü-Ceyranbatan su kanalının tikintisi zamanı ona məxsus fərdi yaşayış evinin qəzalı vəziyyətə düşərək uçması nəticəsində ona dəymiş ziyanın əvəzinin ödənilməsini tələb edir. İşin faktiki hallarından görünür ki, “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə daxil olan “Taxtakörpü-Ceyranbatan kanalının tikintisi” obyektinin tikinti-quraşdırma işlərinin sifarişçisi “xxxx” ASC-nin “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin həyata keçirilməsi üzrə İşçi Qrupu, podratçısı isə “xxxx” ASC olmuşdur. 2011-ci ilin oktyabr ayında İddiaçı evinə vurulmuş zərərə görə 14017 manat məbləğində kompensasiya “xxxx” ASC-nin hesabına ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 762.1-ci maddəsinə görə podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Azərbaycan Republikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İşin faktiki hallarından göründüyü kimi iddiaçıya dəymiş zərərə görə mülki məsuliyyəti podratçı, yəni “xxxx” ASC daşımışdır və İddiaçı sifarişçiyə qarşı yox, podratçıya qarşı iddia tələbi ilə müraciət etməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Birinci instansiya məhkəməsi “xxxx” ASC-nin cavabdeh qismində hazırkı iddiaya cavab verməli şəxs olmadığını müəyyən etmədən işin faktiki hallarını araşdıraraq qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən “xxxx” ASC-nin sifarişi əsasında işi görən və rəhbərlik edən “xxxx” ASC-nin (hal-hazırda X2 “xxxx” Açıq Səhmdar Cəmiyyəti) əlavə cavabdeh qismində cəlb edilməsi barədə vəsatətin qəbul edilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPMin 51.3-cü maddəsinə əsasən, başqa cavabdehin cəlb edilməsi iddiaçının razılığı ilə ola bilər. İş materiallarında isə iddiaçı tərəfin belə bir vəsatəti yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi “xxxx” ASC-nin hazırkı iddiaya cavab verməli şəxs olub-olmadığını müəyyən etmədən, podratçı təşkilat olan “xxxx” ASC-ni (hal-hazırda X2 “xxxx” Açıq Səhmdar Cəmiyyəti) müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb etmədən prosessual hüquq normalarını pozmaqla qətnamə çıxardığından, apellyasiya şikayəti qismən təmin edilərək qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi ona cavab verməli olmayan şəxsə qarşı yönəldiyindən rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.6, 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli 2(009)-691/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumu və apellyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4836/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4836/2021
08.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver