Məhkəmə qərarları › İş №2(103)-4845/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4845/2021

23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4845/2021 23.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı “Kar ənd Kantri“ Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 fevral 2021-ci il tarixli qətnamədən iş üzrə iddiaçı MMC-nın verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı MMC-nin qanuni təmsilçisi (direktor) X5, MMC-nın vəkili (nümayəndəsi) X4, cavabdeh Yalçının Məmmədovun özünün, hər iki cavabdehin vəkili (nümayəndəsi) Vəkil1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, MMC-yə məxsus "xxxx" markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehlər tərəfindən satılması nəticəsində cavabdehlərin əldə etdikləri 30.000 manat pulun, 21.08.2008-ci il tarixli RBB 324A saylı "xxxx" MMC tərəfindən cavabdehlərin əvəzinə ödənilmiş 52.771 ABŞ dollarının, pul öhdəliyini cavabdehlər tərəfindən vaxtında yerinə yetirilmədiyinə görə 30.000 manatın illik 7,25% hesabı ilə 6 il üçün 13.050 manat məbləğində və 52.771 ABŞ dolların illik 7,25% hesabı ilə 6 il üçün 22.955 ABŞ dolları məbləğində faiz pulunun, 6 il üçün 100.800 manat məbləğində əldən çıxmış faydanın və MMC-yə məxsus (yuxarıda qeyd edilən) avtomobilin 2014-cü ildə satılması nəticəsində əldə edilmiş pul vəsaitinin vaxtında ödənilməməsinə görə dəyər itkisinin əvəzi olaraq 35.382 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona (MMCyə) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaçı MMC-nin direktoru Dadaş Məmmədovun qardaşı, Cavabdeh2 isə Cavabdeh1 arvadıdır. "xxxx" markalı, **-AL- *** dövlət qeydiyyat nişanlı avtomobil 2008-ci ildən MMC-nin mülkiyyətində olub. Qeyd edilən avtomobilin idarə edilməsi üçün MMC tərəfindən 2014-cü ilə kimi, Cavabdeh1 adına yol vərəqələri verilmişdir. MMC üzrə 31.01.2014-cü il tarixdə verilmiş 14A01 saylı əmr ilə mübahisəli avtomobil ilə bağlı verilmiş bütün yol vərəqələri etibarsız hesab edilmiş və bu barədə Cavabdeh1 məlumat verilərək, avtomobilin MMC-yə qaytarılması tələb edilmişdir. Lakin Cavabdeh1 qeyd edilən avtomobili MMC-yə qaytarmaqdan imtina etdiyi üçün, MMC, 04.08.2014-cü il tarixdə ərizə ilə Baş X10i İdarəsinə ərizə ilə müraciət edərək, avtomobil ilə bağlı verilmiş bütün yol vərəqələrinin etibarsız hesab edilməsi barədə məlumat vermiş və avtomobilin saxta sənəd əsasında idarə edildiyi üçün avtomobilin axtarışa verilərək, MMC-yə qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. Lakin sonradan məlum olmuşdur ki, Cavabdeh1 həmin avtomobili 2014-cü ildə qanunsuz olaraq 30.000 manata satmışdır. MMC, həmin alğı-satqının etibarsız hesab edilməsi barədə müvafiq iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, Rayon Məhkəməsi 09.10.2018-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsini qət etmişdir. Göstərilənləri nəzərə alan MMC hesab edir ki, avtomobilin satılması nəticəsində cavabdehlərin əldə etdikləri 30.000 manat, bu məbləğə illik 7,25% hesabı tətbiq edilməklə 6 il üçün 13.050 manat, avtomobilin satılması nəticəsində əldə edilmiş pul vəsaitinin vaxtında ödənilməməsinə görə dəyər itkisinin əvəzi olaraq 35.382 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməlidir. Bundan başqa MMC bildirir ki, Cavabdeh2 21.08.2008-ci il tarixdə "xxxx" İKB ASC ilə "xxxx" bağlayaraq Bankdan 32.850 ABŞ dolları məbləğində kredit almışdır. Cavabdeh2 həmin "xxxx" üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasının təminatı olaraq MMC-yə məxsus və yuxarıda qeyd edilən avtomobil Bankın xeyrinə girov qoyulmuşdur (həmin vaxt avtomobil hələ satılmamışdır). Bundan sonra Cavabdeh2 kredit borcunu ödəməmiş və bu səbəbdən avtomobilin borca görə açıq hərracdan satılması məsələsi gündəmə gəlmişdir. MMC-də bunun qarşısını almaq üçün Cavabdeh2 Banka olan cəmi 52.771 ABŞ dolları məbləğində borcu Banka ödəmək məcburiyyətində qalmışdır. Buna baxmayaraq, ər-arvad olan cavabdehlər MMC-yə olan həmin borcu bu günə kimi ödəməmişlər. Göstərilənləri nəzərə alan MMC hesab edir ki, qeyd edilən 52.771 ABŞ dolları, bu məbləğə illik 7,25% hesabı tətbiq edilməklə 6 il üçün 22.955 ABŞ dolları məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməlidir. Daha sonra MMC bildirir ki, o, göstərilən pul məbləğlərini dövriyyəyə buraxaraq 6 il ərzində 100.800 manat məbləğində fayda əldə edə bilərdi. Lakin cavabdehlərin qanunsuz hərəkəti nəticəsində o, həmin faydanı əldə edə bilməmişdir. Odur ki, 100.800 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməlidir. Rayon Məhkəməsi tərəfindən işə baxılan zaman məhkəmə baxışı iclasında iştirak etmiş cavabdeh tərəf ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək iddia tələbinə iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı MMC, Cavabdeh2 ilə "xxxx" İKB ASC arasında bağlanmış "xxxx" üzrə hüququnun pozulmasını təxminən 2010-cu ildə, avtomobil ilə bağlı isə hüququnun pozulmasını isə 2014-cü ildə bilirdi. Belə olan halda, MMC, hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizəsi ilə 3 il müddətində, yəni müvafiq olaraq ən geci 2013 və 2017-ci illərdə məhkəməyə müraciət edə bilərdi, lakin bunu etməmiş, iddia ərizəsini 2020-ci ildə məhkəməyə vermişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 17.02.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. İddia tələbinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, MMC iddia müddətini ötürməmişdir. O, əvvəllərdə iddia ərizələri ilə məhkəmələrə müraciət etmiş və həmin iddia ərizələri əsasında başlanmış mülki işlər üzrə qəbul edilmiş qətnamələr qəbul etdikdən sonra, cavabdehlərə qarşı hazırki “pul tələbi barədə” iddianı irəli sürmüşdür. Lakin işə baxmış Rayon Məhkəməsi bunu və iddia tələbinin əsaslı olmasını nəzərə almamışdır. İddiaçı MMC-nin qanuni təmsilçisi (direktor) D.Məmmədov və MMC-nın vəkili (nümayəndəsi) V.Məmmədov apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etdilər və şikayətin dəlillərinə uyğun, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Cavabdeh1, onun və digər Cavabdeh2 birgə vəkili (nümayəndə) Vəkil1 apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin, habelə “iddia tələbinə iddia müddətinin tətbiqi barədə” ərizənin əsaslarına uyğun izahat verdilər. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qəbul etdiyi 01.07.2019-cu il tarixli qərarından (İş № 2(102)-4514/2019) görünür ki, "xxxx"” markalı, **- TE-*** dövlət qeydiyyat nişanlı avtomobil 19.09.2014-cü il tarixli alğı-satqı müqaviləsi ilə X1, sonradan bir neçə dəfə etibarnamə əsasında digər şəxslərə verilmiş və sonuncu dəfə 27.12.2014-cü il tarixli alqı-satqı müqaviləsi ilə X2 mülkiyyətinə keçmiş və hazırda sonuncunun mülkiyyətindədir. Onların vicdanlı əldə edən şəxslər olması və avtomobilin alğı-satqısı Azərbaycan Respublikası DİN X10 İdarəsi vasitəsi ilə həyata keçirilməsi həmin müqavilələrin həqiqiliyi prezumpsiyasına dəlalət edir. İş materiallarında olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri izahatlardan tərəflər arasında mübahisənin yaranma səbəbi kimi müəyyən olunur ki, avtomobil MMC-nin adında olmuş, Cavabdeh1 etibarnamə əsasında avtomobili 2014-cü ildə satmışdır. İddiaçı avtomobilin satılması nəticəsində məhrum olduğu vəsaiti tələb edir. Bundan başqa MMC bildirir ki, Cavabdeh2 21.08.2008-ci il tarixdə "xxxx" İKB ASC ilə "xxxx" bağlayaraq Bankdan 32.850 ABŞ dolları məbləğində kredit almışdır. Cavabdeh2 həmin "xxxx" üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasının təminatı olaraq MMC-yə məxsus və yuxarıda qeyd edilən avtomobil Bankın xeyrinə girov qoyulmuşdur (həmin vaxt avtomobil hələ satılmamışdır). Bundan sonra Cavabdeh2 kredit borcunu ödəməmiş və bu səbəbdən avtomobilin borca görə açıq hərracdan satılması məsələsi gündəmə gəlmişdir. MMC-də bunun qarşısını almaq üçün Cavabdeh2 Banka olan cəmi 52.771 ABŞ dolları məbləğində borcu Banka ödəmək məcburiyyətində qalmışdır. Buna baxmayaraq, ər-arvad olan cavabdehlər MMC-yə olan həmin borcu bu günə kimi ödəməmişlər. İşə baxmış Rayon Məhkəməsi Mülki Məcəllənin 18-ci Fəslində nəzərdə tutulmuş iddia müddəti barədə maddi hüquq normalarını tətbiq etməklə iddia tələbini rədd etmişdir. Məhkəmə belə bir dəyərləndirmə ilə razılaşmır. Belə ki, cavabdehlərdən tutulması tələb olunan pul vəsaitləri iddiaçı MMC-nin iddia etdiyi kimi cavabdehlərdə qalması onların iddiaçı MMC-nin hesabına əsassız olaraq varlanması deməkdir. İddiaçı MMC cavabdehlərin əsassız varlanması ilə əldə etdikləri vəsaitin geri qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Məcəllənin 1095-ci maddəsinə görə, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci 2 il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddiaçı MMC-nin əsassız varlanma nəticəsində əldə edilən pul vəsaitinin qaytarılmasını tələb etmək hüququ, Cavabdeh2 ilə "xxxx" İKB ASC arasında bağlanmış "xxxx" üzrə hüququnun pozulmasını 2010-cu ildə bilməsi nəzərə alınmaqla 2012-ci ildə, avtomobil ilə bağlı isə hüququnun pozulmasını isə 2014-cü ildə bilməsi nəzərə alınmaqla 2016-cı ildə bitmişdir. Lakin MMC, hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizəsi ilə 2020-ci ildə Rayon Məhkəməsinə vermişdir. Apellyasiya şikayətində MMC hüququnun pozulduğunu, əvvəllərdə iddia ərizələri ilə məhkəmələrə müraciət etdikdən sonra həmin iddia ərizələri əsasında başlanmış mülki işlər üzrə qətnamələr qəbul etdikdən sonra bildiyini göstərsə də, Məhkəmə qeyd edir ki, MMC-nin göstərdiyi xüsusat əsaslı deyil. Çünki aşkardır ki, MMC hüququn pozulduğunu ən geci 2014-cü ildə artıq bilirdi. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi iddia müddətinin ötürülməsinə görə iddia tələbini rədd etsə də, iddia müddəti ilə bağlı maddi hüquq normasını səhv tətbiq etmişdir. Odur ki, 385-ci maddəsinin tələbini və işin hallarını nəzərə alan, MPM-nin 384-cü maddəsində təsbit edilmiş səlahiyyətlərindən çıxış edən Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 fevral 2021-ci il tarixli qətnamə ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı “Kar ənd Kantri“ MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi barədə” iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar