Məhkəmə qərarları › İş №2(103)-4846/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4846/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4846/2021 18.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-299/2021 saylı 09.03.2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqdi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməmiş əsas borca görə 2000 ABŞ dolları, müqavilənin bitmə tarixinə hesablanmış faizə görə 720 ABŞ dolları, cəriməyə görə 775,93 ABŞ dolları, müqavilənin bitdiyi tarixdən 17.02.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 % olmaqla 293,44 ABŞ dolları olmaqla cəmi 3789,37 ABŞ dolları borcun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 19.03.2015-ci il tarixli 1873/15 nömrəli kredit müqaviləsinə əsasən borcalana 24 ay müddətinə qaytarmaq illik 18% dərəcəsi ilə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28 fevral 2019-cu il tarixli Fərmanının icrası məqsədilə hazırlanmış fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydasının 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu il dekabrın 31-də başa çatmışdır. Cavabdeh qeyd olunan tarixə kimi banka müraciət etməmişdir. Maliyyə X1 rəsmi saytında (fimsa.az) Cavabdeh üzrə axtarış edərkən fərmanın təsir dairəsinə düşmədiyi üçün məlumat aşkar edilmir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Bu səbəbdən də borc alan Cavabdeh 17.02.2020-ci il tarixinədək İddiaçı ASC-yə ödənilməmiş 2000 ABŞ dolları əsas, müqavilənin bitmə tarixinə hesablanmış 720 ABŞ dolları faiz, 775,93 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən 17.02.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 % olmaqla 293,44 ABŞ dolları borc, ümumilikdə 3789,37 ABŞ dolları kredit borcu vardır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-299/2021 saylı 09.03.2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh 19.03.2015-ci il tarixli 1873/15 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 2000 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, dövlət rüsumuna görə 30 manat ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Qeyd olunan qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, vizual olaraq borc məbləğinin Fərmanın təsir dairəsinə düşməsi görünsə də sözü gedən mülki işlə bağlı Binəqədi Rayon Məhkəməsinin hakimi xanım Səadət Səlimovanın sorğusu əsəsında Mərkəzi Bankın 04.11.2020-ci il tarixli, 16-04438-2020 nömrəli cavab məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası Mərkəzi bankın 01.03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin məlumat bazasına, habelə fərman çərçivəsində yaradılmış məlumat bazasında göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Cavabdeh ilə ləğv prosesində olan İddiaçı ASC arasında 200 ABŞ dolları dəyərində bağlanmış 19.03.2015-ci il tarixli kredit müqaviləsi Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanın təsir dairəsinə düşməmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında ölkə başçısının 28.02.2019-cu il tarixli, 551 nömrəli Fərmanının icrası Mərkəzi bankı 01.03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin məlumat bazasına, habelə fərman çərçivəsində yaradılmış borcun bazasında göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirildiyindən, 21.01.2020-ci il tarixli Xəbərdarlıq məktubu ilə cavabdehə Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28 fevral 2019-cu il tarixli Fərmanının icrasından irəli gələn problemli kreditlərin restrukturizasiyasına dair müvafiq tədbirlər həyata keçiriləcəyini bildirən iddiaçının hansı əsaslara görə cavabdehlə bağlanan kredit müqaviləsinin qeyd olunan Fərmanın təsir dairəsinə düşməməsinə dair sübutlarını məhkəməyə təqdim edə bilməməklə iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Lakin məhz bu səbəbdən iddia tələblərinin rədd olunması haqqında qərar qəbul etmək əvəzinə əsas borcun tutulması hissəsində iddia ərizəsini təmin etmişdir. Digər tərəfdən, Məhkəməyə təqdim olunmuş "İddia ərizəsinin baxılmamış saxlanılması" və "İş üzrə icraata xitam verilməsi" barədə cavabdehin Ərizələrinin təmin olunmaması, ayrıca akt şəklində Qərardad çıxarılmaması və Qətnamədə Ərizələrin təmin olunmamasının əsaslı səbəbləri göstərilməmişdir. Halbuki həmin Ərizələrdə Bakı Apellyasiya Məhkəməsi tərəfindən də təsbit olunmuş "Pretenziya qaydasına" riayət edilməməsi və imkanın mövcudluğu barədə kifayət qədər dəlillər mövcuddur. Məhkəmə tərəfindən qeyd olunan Ərizələr əsaslı hesab edilərək iki prosessual hərəkət-tədbirdən biri seçilməli idi. Məhkəmənin Qətnamədə və Bankın öz qanunsuz fəaliyyətində istinad etdiyi "Qaydalar"-ın hansı orqan tərəfindən qəbul edildiyi, qüvvəyə minib minməməsi, hüquqi qüvvəsinə görə digər normativ hüquqi aktlara münasibətdə qüvvəsi, ümumiyyətlə kim tərəfindən imza edilməsi hər kəsə və Məhkəməyə belə müəmmalıdır. Lakin, ölkə başçisinin, azərbaycan respublikasinin prezidentinin 551 sayli, 28 fevral 2019-cu il tarixli fərmaninin, kim tərəfindən qəbul edildiyi, qüvvəyə minməsi və hazırda qüvvədən düşməməsi, hüquqi qüvvəsinə görə digər normativ hüquqi aktlara münasibətdə qüvvəsi və ən önəmlisi kim tərəfindən imzalanmasi hər kəsə aşkardir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddiaçının apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin dəlillərini isə qəbul etməyərək, rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdehin apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin dəlillərini isə qəbul etməyərək, rədd edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti rədd edilməlidir. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində də müəyyən edilmişdir ki, borcverən “xxxx” ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 19.03.2015-ci il tarixli 1873/15 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana şəxsi istehlak xərcləri üçün 24 ay müddətinə qaytarmaq, illik 18 % ödəmək şərti ilə 2000 ABŞ dolları kredit verməyi öhdəsinə götürmüşdür. “xxxx” ASC-nin 19.03.2015-ci il tarixli məxaric orderindən müəyyən olunur ki, Cavabdeh 1951 ABŞ dollarını bankdan almışdır. 19.03.2015-ci il tarixli 1873/15 saylı kredit müqaviləsinin ödəniş cədvəlindən müəyyən olunur ki, borcalan Cavabdeh 19.04.2015ci il tarixdən 19.03.2017-ci il tarixədək olan dövr ərzində əsas borca görə 2000 ABŞ dolları, faiz borcuna görə 396,36 ABŞ dolları olmaqla cəmi 2396,36 ABŞ dolları borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh ünvanladığı 21.01.2020-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, bank borcalana kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi, Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28 fevral 2019-cu il tarixli Fərmanın icrasından irəli gələn problemli kreditlərin restrukturizasiyasına dair müvafiq tədbirlər həyata keçiriləcəyini bildirmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin 20.02.2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, 19.03.2015-ci il tarixli 1873/15 saylı kredit müqaviləsi üzrə Cavabdeh 17.02.2020-ci il tarixə əsas borca görə 2000 ABŞ dolları, faiz borcuna görə 720 ABŞ dolları (müqavilə müddətinni sonunadək), cəriməyə görə 775,93 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış 5% görə 293,44 ABŞ dolları olmaqla cəmi 3789,37 ABŞ dolları borcu vardır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Mərkəzi Bankının 04.11.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası Mərkəzi bankın 01.03.20l9-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin məlumat bazasına, habelə fərman çərçivəsində yaradılmış məlumat bazasında göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Cavabdeh ilə ləğv prosesində olan İddiaçı ASC arasında 2000 ABŞ dolları dəyərində bağlanmış 19.03.2015-ci il tarixli kredit müqaviləsi Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanın təsir dairəsinə düşməmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında ölkə başçısının 28.02.2019cu il tarixli 551 nömrəli Fərmanının icrası Mərkəzi bankın 01.03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin məlumat bazasına, habelə fərman çərçivəsində yaradılmış məlumat bazasında göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirildiyindən, 21.01.2020- ci il tarixli xəbərdarlıq məktubu ilə cavabdehə Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28 fevral 2019-cu il tarixli Fərmanının icrasından irəli gələn problemli kreditlərin restrukturizasiyasına dair müvafiq tədbirlər həyata keçiriləcəyini bildirən iddiaçının hansı əsaslara görə cavabdehlə bağlanan kredit müqaviləsinin qeyd olunan fərmanın təsiri dairəsinə düşməməsinə dair sübutlarını məhkəməyə təqdim edə bilməməklə iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilmədiyindən məhkəmə iddiaçının cavabdehdən əsas borca görə 2000 ABŞ dolları tələbini əsaslı hesab edib təmin edir. Bundan başqa Məhkəmə cavabdehin iddia ərizəsinə qarşı etirazında istinad etdiyi hallara dair münasibət bildirib qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanının icrası müddəti başa çatdığından etirazda istinad olunan hallar hazırkı iddia tələbləri üzrə icraata xitam verilməsi üçün əsas ola bilməz. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac verdiyini nəzərə alaraq devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyinin göstərilməsini qərara almış, Fərmanın 5-ci bəndində, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə X1 müraciəti əsasında banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsinə göstəriş vermişdir. Fərmanın təsir dairəsinə (8.6-cı bənd) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Həmin Fərmanının 3.1-ci və 7.3-cü bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Maliyyə X1 ********** saylı 27 mart 2019-cu il tarixli Qərarı ilə “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” təsdiq olunmuş, Qaydaların 6.9-6.10-cu bəndlərində, kredit təşkilatlarının vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını bu Qaydanın tələblərini nəzərə almaqla təklif etməli olduqları, fiziki şəxslərlə bağlanmış yeni güzəştli kredit müqavilələri barədə məlumatı hər növbəti həftənin ikinci iş günü bu Qaydanın 3 nömrəli əlavəsində müəyyən edilmiş qaydada Palataya təqdim edəcəkləri müəyyənləşdirilmişdir. Qaydaların 6.15-6.16-cı bəndlərinə görə isə, kredit təşkilatları tərəfindən bu Qaydaya əsasən restrukturizasiya olunmuş kredit borcları üzrə əvvəlki kredit müqaviləsinə xitam verilir və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülür. Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Göründüyü kimi, 31.12.2019-cu il tarixindən sonra fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması üçün onların müraciət etmə imkanları qalmamışdır. Nəzərə almaq lazımdır ki, iddiaçı pretenziya məktubu ilə 21.01.2020ci il tarixdə cavabdehə müraciət etmişdir. Eyni zamanda iş materiallarından görünür ki, 19.03.2015ci il tarixli 1873/15 saylı kredit müqaviləsinin fərmana uyğun olaraq, restruktruzasiya edilməsi ilə bağlı nə iddiaçı cavabdehə, nə də cavabdeh iddiaçıya fərmanda nəzərdə tutulmuş qaydada 31.12.2019-cu il tarixədək müraciət etməmişdir. Həmçinin Azərbaycan Respublikası Mərkəzi Bankının 04.11.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Cavabdeh ilə ləğv prosesində olan İddiaçı ASC arasında 2000 ABŞ dolları dəyərində bağlanmış 19.03.2015-ci il tarixli kredit müqaviləsi Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanın təsir dairəsinə düşməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi 19.03.2015-ci il tarixli 1873/15 saylı kredit müqaviləsinə əsasən, yalnız əsas borcu tutmaqla, faiz, cərimə və əldən çıxmış borcu tutmamaqla səhv nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, işdən göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, kredit müqaviləsində göstərilən pul məbləğini borcluya vermiş, bunun nəticəsində bankın borcludan müqavilə üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, borclu isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclu müqavilə üzrə öhdəlikləri yerinə yetirməməsinə görə onların bank qarşısında müqavilədən irəli gələn öhdəliyi icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəlik icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, cəriməni, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı qətnaməyə hüquqi qiymət verərək bildirir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc faizlə də verilə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür və bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı cavabdehin banka olan əsas və faiz borcunun məbləği iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışı əsasında müəyyən edilməlidir. Belə ki, həmin rəyin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər-hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Ləğv prosesində olan İddiaçı ASC-nin 20.02.2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, 19.03.2015-ci il tarixli 1873/15 saylı kredit müqaviləsi üzrə Cavabdeh 17.02.2020-ci il tarixə əsas borca görə 2000 ABŞ dolları, faiz borcuna görə 720 ABŞ dolları (müqavilə müddətinin sonunadək), cəriməyə görə 775,93 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış 5% görə 293,44 ABŞ dolları olmaqla cəmi 3789,37 ABŞ dolları borcu vardır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi borclu tərəfindən Banka ödənilməmiş əsas borcu 2000 ABŞ dolları müəyyən etməklə düzgün nəticəyə gəlsə də, faiz borcunu tutmamışdır. Belə olan halda faiz borcu 720 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Kollegiya cərimə borcunun tutulması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə kollegiyası dəbbə pulunun tutulması ilə bağlı qeyd edir ki, iddia tələbi dəbbə pulunun tutulması hissəsində qismən əsassızdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən təyin edilmiş ekspertiza zamanı dəbbə pulu məbləğinin hesablanması mümkün olmasa da, tərəflər arasında öz iradə ifadələrinə uyğun şəkildə bağlanmış müqavilədə dəbbə pulunun tutulması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Odur ki, kollegiya borclunun və kreditorun əmlak mənafelərini, ümumi borc məbləğini nəzərə alaraq mövcud müqavilə üzrə dəbbə pulunu 70 ABŞ dolları müəyyən edilməsini ağlabatan və qanuni hesab edir. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə illik 5 faiz dərəcəsi ilə əldən çıxmış faydanın tutulması hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (443.1 və 443.2-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh 293,44 ABŞ dolları məbləğində əldən çıxmış fayda tutularaq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Konstitusiyanın həmin maddəsinin İİİ hissəsinə görə, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. “Məhkəmə qətnamələri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xeyrinə tutulmalı olan məbləğin ABŞ dolları ilə göstərilməsinə baxmayaraq, ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla cavabdehdən tutulmalıdır. Kollegiya cavabdehin apellyasiya şikayəti ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Maliyyə X1 ********** saylı 27 mart 2019-cu il tarixli Qərarı ilə “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 6.16-cı bəndinə əsasən, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatıb. Göründüyü kimi fərmanın tədbiq müddəti bitdiyindən mülki iş üzrə icraata fərmana əsasən xitam verilə bilməz. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 384.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qismən təmin edilməli, Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-299/2021 saylı 09.03.2021-ci il tarixli qətnaməsi qismən ləğv edilməli, Cavabdeh faiz borcu 720 ABŞ dolları, dəbbə pulu 70 ABŞ dolları və əldən çıxmış fayda 293,44 ABŞ dolları ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla tutularaq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 384-386, 388, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-299/2021 saylı 09.03.2021-ci il tarixli qətnaməsi qismən ləğv edilsin. Cavabdeh faiz borcu 720 ABŞ dolları, dəbbə pulu 70 ABŞ dolları və əldən çıxmış fayda 293,44 ABŞ dolları ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla tutularaq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanısın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar