Məhkəmə qərarları › İş №2(103)-4848/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4848/2020

18.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4848/2020 18.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1272/2020 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Samsung markalı Led və paltaryuyan üçün 772 manat ödənilməmiş hissə, 77 manat cərimə, ümumilikdə 849 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 879 manat Cavabdeh alınaraq İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-1272/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə onun arasında xx.xx.2015-ci il tarixli 15H11558 saylı müqavilə 12 ay müddətinə bağlanılmışdır. İddiaçı isə məhkəməyə 2020-ci il tarixdə müraciət etmişdir. Belə olan halda görünür ki, iddiaçı mövcud qanunvericiliyə əsasən iddia müddətini ötürmüşdür. Bundan əlavə iş materiallarına hesabdan çıxarış əlavə edilməmişdir. Belə olan halda cavabdeh tərəfindən ödənilmiş pul vəsaitinin silinməsi suallar yaradır. Bundan başqa 77 manat hesablanmış cərimə məbləğinə dair heç bir sənəd əlavə edilməmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında xx xxxxxxx 2015-ci il tarixli 15H11558 saylı müqavilə bağlanmış və müqaviləyə əsasən Cavabdeh ümumi dəyəri 2196 manat olan “Samsung” markalı Led televizor və paltaryuyan almış və aldığı malların dəyərini 12 ay müddətinə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, cavabdeh öz öhdəliklərini lazımi qaydada icra etməmiş və onun müqavilə üzrə əsas borcu 772 manat, cərimə borcu 77 manat, cəmi borcu isə 849 manat təşkil edir. Cavabdehin mövqeyi apellyasiya şikayətində göstərilənlərdən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqısatqı müqaviləsi bağlanılmış və həmin Məcəllənin 598.2-ci maddəsinə uyğun olaraq əşyanın dəyərinin hissə-hissə ödənilməsi razılaşdırılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəməyi vəzifəsini yerinə yetirməmişdir. Ona görə də, iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən verilmiş əşyaların ödənilməmiş dəyərlərinin ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunan halları və Mülki Məcəllənin 462.1-ci maddəsinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, cavabdehdən əsas borcun qalığı olan 772 manat, cərimə 77 manat, cəmi isə 849 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçıya ödənilməlidir. İddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin dəlilləri isə əsassızdır. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində tərəflərin hüquqlarının təmin olunmasına lazımi diqqət yetirməlidir. Lakin tərəflərdən hər hansı biri mülki məhkəmə prosesinin müxtəlif mərhələlərində ona aid olan hüquqlardan elə istifadə etməlidir ki, əks tərəfin hüquqları və qanunla müəyyən edilmiş məhkəmə icraatının qaydaları pozulmasın. Odur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. Cavabdeh isə birinci instansiya məhkəməsində gedən icraat barədə məlumatlı olmuş (bu fakt iş materiallarında olan məhkəmə bildirişinin alınması barədə xəbərnamə ilə təsdiq olunur - i/v 17), lakin birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ərizə verməmişdir. Ona görə də, apellyasiya icraatında həmin ərizə qəbul edilə və iddia müddəti tətbiq edilə bilməz. Borcun məbləği isə iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəli ilə təsdiq olunur. Həmin cədvəldə cəmi ödənilmiş məbləğ və cərimənin hesablanması qaydası aydın göstərilmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin iddianın qiymətinin iki min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1272/2020 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar