Məhkəmə qərarları › İş №2(103)-4848/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4848/2022

30.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4848/2022 30.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-1461/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh birgə nikahlarından doğulmuş 19 fevral 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən 160 manat sabit pul məbləğində tutulan alimentin miqdarının artırılaraq, hər ay 193 manat sabit pul məbləğində tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 1461/2022 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 avqust 2019-cu il tarixli 2(001)-6154/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi, xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi və s. qət edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-1461/2022 saylı qətnaməsindən apellyasiya şikayət vermiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1461/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti prosessual müddətin ötürülməsi səbəbindən geri qaytarılmışdır. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1461/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırılmışdır ki, iddiaçı Salahova X1 Rayon Məhkəməsinə müraciət edərək, alimentin miqdarının artırılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 1461/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş və alimentin miqdarı 193 manat müəyyən edilmişdir. O, bu qətnaməni xx.xx.2022-ci il tarixində poçt vasitəsilə almışdır. Bu qətnamə ilə razılaşmadığından 14 aprel 2022-ci il tarixində şəxsi kabinetindən apellyasiya şikayətini məhkəməyə göndərmişdir. Məhkəmə isə 18 may 2022-ci il tarixli qərardadı ilə müddətin ötürülməsini əsas gətirməklə apellyasiya şikayətini geri qaytarıb. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-1461/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsinin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsində qeyd edilmişdir ki, Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən isə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-1461/2022 saylı qətnaməsi 15 mart 2022-ci il tarixdə tərəflərə göndərilmiş, Cavabdeh göndərilmiş qətnamə xx.xx.2022-ci ildə cavabdehin atası Seyidov Paşa tərəfindən qəbul edilmiş, lakin qətnamədən cavabdeh tərəfindən təqdim edilən apellyasiya şikayəti elektron qaydada 16 may 2022-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi, apellyasiya şikayəti qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddəti ötürməklə verilmiş və prosessual müddətin bərpası barədə vəsatət verilməmişdir. Halbuki, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən məsələ üzrə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri məhkəmənin qərardadın ləğv edilməsi üçün əsas deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-1461/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar