Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4849/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Cavabdeh AR DİN Baş Mühafizə İdarəsinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər AR Maliyyə Nazirliyi və AR DİN Baş Mühafizə İdarəsinə qarşı “işə bərpa, əmək haqqı və mənəvi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25.09.2020-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh AR Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətləri əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3071/2020 saylı 25.09.2020-ci il tarixli qətnaməsi iddia tələbi qismən təmin edilərək, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 500 (beş yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində aparılan cinayət təqibinə bəraətverici əsaslar üzrə xitam verildiyi üçün onun əvvəlki vəzifəsinə bərpa edilməsi, istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi ziyan olaraq 27 ay müddəti üçün tutduğu vəzifə üzrə orta əmək haqqının hesablanması və ona ödənilməsi, işdən kənarlaşdılması ilə əlaqədar işləmədiyi müddətin əmək stajına daxil edilməsi, habelə keçirdiyi psixi istirablara görə ona 5000 manat mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun müddət 17 il ərzində Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin Lənkəran rayon Mühafizə Şöbəsində polis serjantı vəzifəsində xidmət etmiş və qusursuz xidmətinə görə dəfələrlə mükafatlandırılmışdır.2017-ci ildə Ağdam rayon Prokurorluğun icraatında olan ********* saylı cinayət işi üzrə ibtidai istintaq aparılarkən həmin cinayət işində onun adı da hallanımış və cinayətdə iştirak etməkdə şübhəli bilinərək təqib altına düşmüşdür. Bundan xəbər tutan Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin rəhbərliyi aparılan istintaqın nətəcələrini gözləmədən onu dərhal işdən azad etmişdir və bu barədə Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin rəisi Yaşar Əliyevin imzası ilə 30 noyabr 2017-ci il tarixli 1504 ş/h nömrəli əmr verilmişdir. Lakin həmin əmrin surəti ona üzün müddət təqdim edilməmiş və imtina edilmişdir. Bundan sonra o, vəkilə müraciət etmiş və vəkilin sorğusuna əsasən göstərilən əmrdən onlara 17.02. 2020-ci il tarixdə rəsmi qayadada təqdim edilmişdir.Göstərilən əmrlə tanış olduqda ona məlum olmuşdur ki, işdən xaric edilməyinin səbəbi belə əsaslandırılmışdır: “Azərbaycan Rterspublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 135 maddəsinin 9 və 10-cu bəndləri ilə (daxili işlər orqanları əməkdaşı adma ləkə gətirən hərəkət etdiyinə və intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamınıil ərzində yenidən kobudcasına pozduğuna görə) polis Serjantı Əliyev X3 rayonlararası Mühafizə Şöbəsinin polis nəfəri 30 noyabr 2017-ci il tarixdən işdən xaric edilsin”.Gördüyünüz kimi onun işdən azad olunmağına səbəbi kimi polis əməkdaşının adma ləkə gətirən hərəkətlərə yol verilməsi göstərilmişdir və bu barəsində aparılan istintaq araşdırılması ilə bağlı olmuşdur. Lakin, aparılmış istintaqın nəticələrinə dair sonradan müəyyən edilmişdir ki, onun baş vermiş cinayət hadisəsi ilə heç bir əlaqəsi olmamışdır. Bu barədə Ağdam rayon Prokurorluğunun müstəntiqi Rəşad Gülməmmədovun 23 yanvar 2018-ci il tarixli qərar qəbul edilmişdir və həmin qərarın nəticəvi hissəsində qeyd edilir ki, “cinayət işinin istintaqı zamanı toplanmış sübutlarla İddiaçı Ağaməmməd oğlunun əməlinmdə cinayət tərkibi müəyyən edilmədiyi üçün onun barəsində cinayət təqibinə xitam verilsin”.Göründüyü kimi, cavabdeh DİN Baş Mühafizə İdarəsi onu işdən xaric edildikdən sonra, işdən xaric edilməyinə əsas olmuş cinayət işi üzrə barəsində bəraətverici əsaslara cinayət təqibinə xitam verilmişdir və həmin qərar hazırda qüvvədədir. Qeyd olunanları nəzərə alıb, iddia tələbnin təmin olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3071/2020 saylı 25 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək qətnaməni ləğv edib, iddianın tam həcmdə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Qeyd olunan qətnamədən Cavabdehlər AR Maliyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi apellyasiya şikayəti verərək, Nəsimi Rayon Məhkəməsinin 25 sentyabr 2020-cı ıl tarixli 2(006)- 3071/2020 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir, işə mahıyəti üzrə baxarkən məsələni tam, obyektiv və hərtərəfli araşdırmamış, kifayət qədər əsaslar olmadan iddiaçının xeyrinə qətnamə çıxarmışdır. Bu və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı və cavabdeh AR Maliyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətlərinin dəlillərini ayrı-ayrılıqda müzakirə edib, apellyasiya şikayətlərinin həllini məhkəmənin mülahizəsinə buraxıldığını bildirən cavabdeh DİN Baş Mühafizə İdarəsinin səlahiyyətli nümayəndələrini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin olunmamalı, Nəsimi rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş İş materiallarında olan 23.01.2018-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan çıxarışın surətindən görünür ki, cinayət işinin istintaqı zamanı toplanmış sübutlarla İddiaçı əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün onun barəsində cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya suiistifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İşin araşdırılmış hallarından müəyyən olundu ki, 2017-ci ildə Ağdam rayon Prokurorluğun icraatında olan cinayət işi üzrə ibtidai istintaq aparılarkən cinayət işinin istintaqı zamanı toplanmış sübutlarla İddiaçı Ə.Abbasovanın 30 may 2017-ci il tarixdə oğurlanmasında həmyerliləri Ə.Amanov, R.Məcidzadə və cinayətin digər iştirakçıları ilə heç bir əlaqəsinin olmaması, Ə.Amanov və R.Məcidzadə ilə E.Nuriyevi Elçinin xahişi ilə tanış etsə də həmin hadisəni qızın razılığı ilə edildiyini Elçinin ona bildirdiyi üçün və həmin adamların tapılmasında Elçin Nuriyevin ona pul vəd etmədiyi və vermədiyi müəyyən edilmişdir. İddiaçı əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün onun barəsində cinayət təqibinə xitam verilmişdir Göründüyü kimi, iddiaçının barəsində əsassız olaraq cinayət təqibi aparılması nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddiaçının barəsində əsassız olaraq cinayət təqibi aparılması nəticəsində fiziki əzab çəkməsi və sarsıntılar keçirməsi danılmazdır. Ona görə də məhkəmə işin hallarını nəzərə alaraq, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi ziyana görə 500 manat məbləğində pulun iddiaçının xeyrinə tutulmasını əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən kollegiya Nəsimi rayon Məhkəməsinin hazırkı iş üzrə qətnaməsinin ləğv edilməsinə əsasların olmaması qənətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hazırkı iş üzrə 25 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən İddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4849/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4849/2021
03.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver