Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-485/2020 08.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Hüseynin sədrliyi və məruzəsi ilə, X3 və X4 ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli, 2(011)-225/2019 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14.12.2017-ci il tarixədək hesablanmış 143/11 saylı kredit müqaviləsi üzrə 30000 manat əsas borc, 4300 faiz borcu, 1837.50 manat cərimə borcu və eləcə də 105/13 saylı kredit müqaviləsi üzrə 49992.62 manat əsas borc, 3821.61 manat faiz borcu, 1633.09 manat cərimə borcu olmaqla, ümumilikdə 91584.82 manat və 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-225/2019 saylı, 28 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 18.10.2011-ci il tarixli, 143/11 saylı kredit müqaviləsi üzrə 22016,40 manat əsas borc, 1504,45 faiz borcu, 37,50 manat cərimə olmaqla, cəmi 23558,35 manat, 18.06.2013-cü il tarixli, 105/13 saylı kredit müqaviləsi üzrə 48239,34 manat əsas borc, 3296,36 manat faiz borcu, 33,09 manat gecikmə faizi olmaqla, cəmi 51568,79 manat, ümumilikdə 75127,14 (yetmiş beş min bir yüz iyirmi dörd manat altmış qəpik) manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun 24,60 (iyirmi iki manat əlli qəpik) manat hissəsinin iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 232,06 (iki yüz otuz iki manat altı qəpik) manat hissəsinin Cavabdeh, 50,94 (əlli manat doxsan dörd qəpik) manat hissəsinin iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, apelyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28.06.2019-cu il tarixli qətnaməsinin 18.10.2011-ci il tarixli 143/11 saylı kredit müqaviləsinə əsasən yaranmış borc tələbinin təmin olunması hissəsində ləğv edilərək iddia tələbindən imtina olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, heç kimə etibarnamə və ödənilməsi üçün pul verməmişdir. 2016-cı ilin iyul və avqust aylarında ödənilmiş pulun kim tərəfindən, nə məqsədlə ödənilməsi yalnız iddiaçı bankın marağında ola bilər. 2012-ci ildən pul ödəməyən şəxs birdən birə pul ödəmək qərarına gəldi. Bu, tam absurd bir fikirdir. 18.10.2011-ci il tarixli 143/11 saylı kredit müqaviləsi üzrə 2012-ci ilədək 15 faiz ödəməklə 30.000 manat pul almışdır. Heç bir ödəniş etməmişdir. 18.06.2013-cü il tarixli 105/13 saylı kredit müqaviləsi üzrə 24 ay müddətinə illik 16 faiz olmaqla 50.000 manat kredit verilmişdir. Əsl həqiqətdə isə 18.10.2011-ci il tarixli 143/11 saylı kredit müqaviləsi üzrə aldığı 30.000 manat da sonradan bağlanmış 18.06.2013-cü il tarixli 105/13 manat kredit müqaviləsi üzrə aldığı 50.000 manatın içərisindədir. Ödəmək imkanı olmadığından ilkin yazılmış 30.000 manat yenidən 50.000 manatın içərisində ona rəsmiləşdirilmişdir. 18.10.2011-ci il tarixli 143/11 saylı kredit müqaviləsi üzrə qanunvericilikdə nəzərdə tutulan 3 illik iddia müddəti ötürülmüşdür. 18.10.2011-ci il tarixli 143/11 saylı kredit müqaviləsinə əsasən ona 16.04.2012-ci il tarixədək ödənilməklə 30.000 manat kredit verilmiş, bu müqavilədə müəyyən edilmiş öhdəliklər üzrə 3 illik tələb müddəti 16.04.2015-ci ilədək qüvvədə olur. Həmin qətnamədən həmçinin iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apelyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsinin 28.06.2019-cu il tarixli 2(011)-225/2019 saylı qətnaməsinin təmin olunmamış hissəsində ləğv edilərək iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 18.10.2011-ci il tarixli 143/11 saylı kredit müqaviləsinə əsasən cavabdehə 16.04.2012-ci il tarixədək illik faiz dərəcəsi 15 % ödənilməklə mənzil təmiri məqsədilə 30000 AZN və eyni adlı şəxslə bağlanmış 18.06.2013-cü il tarixli 105/13 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay maüddətinə illik faiz dərəcəsi 16 % ödənilməklə 50000 AZN məbləğində kredit verilmişdir. Qeyd edilən hallar birinci instansiya məhkəməsində tam sübuta yetirilsə də məhkəmə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş, Məhkəmə ekspertizası mərkəzi tərəfindən keçirilmiş ekspertiza rəyi ilə cavabdehin 143/11 saylı kredit müqaviləsi üzrə 22016.40 manat əsas borc, 1504.45 manat faiz borcu, 105/13 saylı kredit müqaviləsi üzrə 48239.34 manat əsas borc, 3296.36 manat faiz borcu müəyyən edilmişdir. Rəydən narazı olduqları üçün məhkəmədən iş üzrə təkrar ekspertiza təyin edilməsi xahişləri təmin edilməmişdir. Bununla da birinci instansiya məhkəməsi işin hərtərəfli və obyektiv araşdırılmasına şərait yaratmamışdır. Ekspertiza keçirilən zaman cərimələr hesablanmamışdır. Qətnamə ilə qət olunan kredit borcu səhvdir və bu səbəbdən kredit üzrə borcun düzgün hesablanması məqsədilə (Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan 5% borcu nəzərə alınmaqla) iş üzrə təkrar ekspertiza keçirilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdehin sürücüsü tərəfindən ödəniş həyata keçirilmişdir. Ödəniş olduğu üçün müddət ötürülməyib. 30 minlik müqavilə üzrə ödəniş olmuşdur. Marat Cavabdeh sürücüsüdür. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apelyasiya şikayətlərini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, cavabdehin apelyasiya şikayəti təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda birinci instansiya məhkəməsinin qətnaməsinin həm təmin edilən, həm də rədd edilən hissələrindən şikayət verildiyindən apelyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. İş materiallarının birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında iki kredit müqaviləsi bağlanmışdır. Bunlardan biri 18.10.2011-ci il tarixli, 143/11 saylı kredit müqaviləsidir ki, bank tərəfindən borc alana 16.04.2012-ci il tarixədək illik 15% ödənilməklə mənzil təmiri məqsədilə 30000 manat məbləğində kredit verilmişdir. Digər müqavilə isə 18.06.2013-cü il tarixli, 105/13 saylı kredit müqaviləsidir ki, bank tərəfindən borc alana 24 ay müddətinə illik 16% ödənilməklə həyət evinin tikintisi məqsədilə 50000 manat məbləğində kredit verilmişdir. İddiaçı iddia tələbinin əsası kimi maliyyə arayışı təqdim etmişdir. Cavabdeh birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqinə dair ərizə verərək göstərmişdir ki, İddiaçı ASC ilə aralarında bağlanmış 18.10.2011-ci il tarixli ,143/11 saylı kredit müqaviləsinə əsasən 6 ay müddətində qaytarılması şərti ilə 30.000 manat borc almışdır. İddiaçı isə pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə 5 ildən sonra, yəni 2018-ci il tarixdə müraciət etmişdir. 18.10.2013-cü ildən sonra banka heç bir pul ödənişi etməmişdir. Bu tələb üzrə qanunvericilikdə nəzərdə tutulan 3 illik iddia müddəti ötürülmüşdür. Göstərilənlərə əsasən həmin tələb üzrə iddianın rədd edilməsini xahiş etmişdir. L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarında məhkəmə qeyd edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş, həmin ekspert rəyinə əsasən müəyyən edilmiş məbləğlər cavabdehdən iddiaçının xeyrinə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 385.1, 425.1, 442, 445.1, 448.1, 448.2, 467 və 739.1-ci maddələrinə əsasən əsaslı olaraq belə nəticəyə gəlmişdir ki, məhkəmə iclasında araşdırılan sübutlarla və ekspert rəyi ilə Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə 18.06.2013-cü il tarixli, 105/13 saylı kredit müqaviləsi üzrə 48239,34 manat əsas borc, 3296,36 manat faiz borcunun qalması müəyyən olunmuşdur. Ona görə də, həmin borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Tələb olunan dəbbə pulu tənasübsüz yüksək dəbbə pulu hesab olunaraq 18.06.2013-cü il tarixli, 105/13 saylı kredit müqaviləsi üzrə 33.09 manat məbləğinədək azaldılmalıdır. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının vəsatətinə əsasən apelyasiya baxışı zamanı da məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə ekspertizası mərkəzinin 07.01.2020-ci il tarixli 31872 saylı ekspert rəyinə əsasən də 18.06.2013-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc 48239,34 manat, faiz borcu isə 3296 manat müəyyən edilmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi 18.10.2011-ci il tarixli 143/11 saylı kredit müqaviləsi üzrə iddia tələbini qismən təmin etməkdə haqlı olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə ekspertizası mərkəzinin 11.06.2019-ci il tarixli, 13025 saylı ekspert rəyi ilə ekspertizaya təqdim edilmiş, İddiaçı ASC-nin 14.06.2016-cı il tarixli 513 manat ödənişin qəbul edilməsinə dair, 14.06.2016-cı il tarixli 456 manat ödənişin qəbul edilməsinə dair, 02.08.2016-cı il tarixli 225 manat ödənişin qəbul edilməsinə dair və 02.08.2016-cı il tarixli 200 manat ödənişin qəbul edilməsinə dair qəbzlərdə ödəyənin imzası sözləri qarşısındakı imzaların Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi ekspert rəyinə münasibətdə qeyd etmişdir ki, cavabdeh 2016-cı ilin iyul və avqust aylarında hesablara ödənişlər etməklə borcunu etiraf etməsini göstərən hərəkətlər etmişdir. Cavabdeh həmin ödənişlərin onun tərəfindən həyata keçirilməməsini göstərib imzaların ona məxsus olmamasını bildirsə də, məhkəmə cavabdehin bu dəlillərinə tənqidi yanaşır. Qəbzlərdən göründüyü kimi hesablara ödənilən məbləğlər kifayət qədər böyük məbləğlər olmaqla məhz cavabdehin tapşırığı əsasında hər hansı üçüncü şəxs tərəfindən həyata keçirilə bilər. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi qəbzlərdəki imzaların Cavabdeh tərəfindən imzalanmaması ilə bağlı ekspert rəyini hansı əsasla mötəbər sübut kimi qəbul etməməsini əsaslandırmamışdır. Bundan əlavə iş materiallarına əlavə olunan həmin qəbzlərdən də görünür ki, ödənişlər 2011-ci il tarixli deyil, 2013-cü il tarixli müqavilə üzrə həyata keçirilmişdir. Yəni həmin ödənişlərin Cavabdeh tərəfindən həyata keçirildiyi qəbul olunsa belə ödənişlər birinci müqavilə üzrə həyata keçirilmədiyindən həmin müqavilə üzrə iddia müddəti ötürüldükdən sonra iddiaçı tərəfindən məhkəməyə müraciət olunmuşdur. Belə ki, həmin qəbzlərdən görünür ki, ödənişlər **********8370000AZN hesabına edilmişdir. 18.06.2013-cü il tarixli 105/13 saylı kredit müqaviləsinin 3.4.1-ci bəndində qeyd olunur ki, bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəmək və bunun üçün **********8370000AZN saylı cari hesabında vəsait olmasını təmin etmək borcalanın vəzifəsidir. İddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, hazırkı işdə Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, 18.10.2011-ci il tarixli 143/11 saylı kredit müqaviləsi üzrə iddia tələbləri rədd edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, cavabdehin apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi 18.10.2011-ci il tarixli 143/11 saylı kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya həmçinin hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 145 manat iddiaçıdan tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 385.1.1, 385.1.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-225/2019 saylı, 28 iyun 2019-cu il tarixli qətnaməsi “Cavabdeh 18.10.2011-ci il tarixli, 143/11 saylı kredit müqaviləsi üzrə 22016,40 manat əsas borc, 1504,45 faiz borcu, 37,50 manat cərimə olmaqla, cəmi 23558,35 manat borcun iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması” hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 145 manat ekspertiza xərci tutularaq Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2(103)-485/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-485/2020
08.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver