Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-485/2021 22.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı LPO "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 iyun 2017-ci il il tarixli 2(001)-5219/2017 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 99942,28 ABŞ dolları, faiz borcu üzrə 102952,34 ABŞ dolları, cərimə borcu üzrə 47929,09 ABŞ dolları, cəmi 250823,71 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun, 1 manat bank xidmət haqqının tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 27 noyabr 2012-ci il tarixli C276/12 nömrəli kredit müqaviləsinə əsasən istehlak xərclərinin ödənilməsi üçün cavabdehə 12 ay müddətinə, illik 32%-lə, 100000 ABŞ dolları məbləğində Visa Platinum kartı vasitəsilə kredit verilmişdir. Cavabdeh həmin müqavilənin şərtlərini pozaraq öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Cavabdehə şifahi və yazılı xəbərdarlıqlar olunsa da, borc qaytarılmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 iyun 2017-ci il il tarixli 2(001)- 5219/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 99942,28 ABŞ dolları məbləğində əsas borc, 102952,34 ABŞ dolları məbləğində faiz borcu, 4700 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 207594,62 ABŞ dolları məbləğində pulun (manatın ödəniş gününə olan məzənnəsi ilə) tutularaq Ləğv prosesində olan "xxxx" ASCyə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" ASC ilə 27 noyabr 2012-ci il tarixdə kredit müqaviləsi bağlamamış, müqavilədə olan imza da ona məxsus deyil. Cavabdeh "xxxx" MMC-yə rəsmi qaydada müraciət etmiş, MMC tərəfindən ona təqdim edilən arayışda da onun hər hansı bankdan kredit götürməsi qeyd edilməmişdir. Bundan əlavə, məhkəmə iclaslarında cavabdehin iştirakı təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli 2(103)-6527/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 iyun 2017-ci il tarixli qətnaməsi ləğv olunmuş, iddia rədd edilmişdir. Həmin qətnamədən "xxxx" ASC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini və ya iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 may 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. İştirak etdikləri məhkəmə iclasında iddiaçının nümayəndələri X2 və Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi X1 iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 iyun 2017-ci il il tarixli 2(001)-5219/2017 saylı qətnaməsi faiz borcu hissəsində dəyişdirilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki işin materiallarından görünür ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 27 noyabr 2012-ci il tarixli C276/12 nömrəli kredit müqaviləsinə əsasən istehlak xərclərinin ödənilməsi üçün cavabdehə 12 ay müddətinə, illik 32%-lə, 100000 ABŞ dolları məbləğində Visa Platinum kartı vasitəsilə kredit verilmişdir. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 29 oktyabr 2021-ci il tarixli 9/4880 saylı rəyinə əsasən, 27 noyabr 2012-ci il tarixli C276/12 saylı kredit müqaviləsi üzrə müqavilə müddətinin başa çatdığı 27 noyabr 2013-cü il tarixə Cavabdeh əsas borcu 99942,28 ABŞ dolları, faiz borcu isə 1587,99 ABŞ dolları, iddia qaldırıldığı 27 yanvar 2017-ci il tarixə əsas borcu 99942,28 ABŞ dolları, faiz borcu isə 102862,84 ABŞ dolları təşkil edir. Rəydən görünür ki, Bank tərəfindən 03.04.2013-cü il tarixdə 3942,28 ABŞ dolları, 18.11.2013-cü il tarixdə 96000 ABŞ dolları məbləğində olmaqla cəmi 99942,28 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh hesabına köçürülmüş, verilən kredit xətti müqaviləsi üzrə banka ödəniş aparılmamışdır. Cavabdeh apellyasiya şikayətində 27 noyabr 2012-ci il tarixli C276/12 saylı kredit müqaviləsində adının qarşısındakı imzanın ona məxsus olmadığını, nəinki həmin bankdan, ümumiyyətlə heç bir bankdan kredit götürmədiyini, bu halın "xxxx" MMC-nin arayışı ilə də təsdiq olunduğunu göstərmişdir. İlk və təkrar apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının 5 avqust 2019-cu il tarixli 18337 saylı və təkrar məhkəmə xətünaslıq ekspertizasının 20 noyabr 2020-ci il tarixli 4/904 saylı rəyləri ilə 27 noyabr 2012-ci il tarixli C276/12 saylı kredit kartı vasitəsilə verilən kredit xətti müqaviləsində “borc alan Cavabdeh” qrafasındakı imzanın Cavabdeh tərəfindən icra olunması müəyyən olunmuşdur. Beləliklə, 27 noyabr 2012-ci il tarixli C276/12 saylı kredit müqaviləsində adının qarşısındakı imzanın ona məxsus olmadığı barədə Cavabdeh apellyasiya şikayətinin dəlili əsassızdır. Cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavə olunmuş "xxxx" MMC-nin 15.11.2018-ci il tarixli çıxarışı da onun apellyasiya şikayətinin dəlilinin əsassız olduğunu təsdiq edir. Belə ki, həmin çıxarışda Cavabdeh "xxxx" ASC qarşısında 27.11.2012-ci il tarixli kredit müqaviləsi üzrə 100000 ABŞ dolları məbləğində aktiv öhdəliyinin olması qeyd olunmuşdur. Həmin çıxarışda Cavabdeh müxtəlif vaxtlarda ayrı-ayrı banklardan kredit götürdüyü də əksini tapmışdır. Əvvəlki apellyasiya icraatı zamanı LPO "xxxx" ASC-nin ləğvedicisi tərəfindən 27 noyabr 2012-ci il tarixli C276/12 saylı kredit müqaviləsi üzrə pulun verilməsini təsdiq edən kassa məxaric orderlərinin əsilləri kimi qeyd olunan orderlər məhkəməyə təqdim olunmuşdur. Lakin həmin kassa məxaric orderləri 14 aprel 2015-ci il tarixdən 13 iyul 2015ci il tarixədək 1-32553-1 saylı hesab nömrəsi ilə aparılan əməliyyatları əks etdirməklə hazırkı müqaviləyə aidiyyatı yoxdur. Bundan əlavə, həmin kassa məxaric orderləri üzrə cəmi 390393 ABŞ dolları məbləğində pulun məxaric olması əks olunmuşdur. Halbuki, hazırkı kredit xətti müqaviləsi üzrə məbləğ 100000 ABŞ dolları olmuş, kredit xətti 1 il müddətində qüvvədə olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, 27 noyabr 2012-ci il tarixli C276/12 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh LPO "xxxx" ASC qarşısında icra edilməmiş öhdəliyi vardır və o bu öhdəliyin hər bir təqsirli pozuntusu üçün cavabdehdir. Birinci instansiya məhkəməsi həmin kredit xətti müqaviləsi üzrə ödənilməmiş məbləğin Cavabdeh tutulmalı olması barədə düzgün nəticəyə gəlsə də, müqavilə üzrə tutulmalı olan faiz məbləğini düzgün müəyyən etməmişdir. Belə ki, həmin müqavilə 12 ay müddətinə bağlansa da, cavabdehdən 27 yanvar 2017-ci il tarixədək faiz borcu tutulmuşdur. Halbuki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən, “...kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər...Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.” Buna görə də müqavilə müddətinin sonuna cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği 1587,99 ABŞ dolları müəyyən edilməlidir. Cərimə borcunun məbləği əsas borca mütənasib olduğundan, dəyişdirilməməlidir. Birinci instansiya məhkəməsində işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməməsi barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana məhkəmə iclasları barədə bildirişlər göndərmiş, lakin cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığına görə məhkəmə bildirişlərini cavabdehə çatdırmaq mümkün olmamışdır. Beləliklə, birinci instansiya məhkəməsi tərəfin məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırmaq vəzifəsini yerinə yetirdiyinə görə, bu hal məhkəmə qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 iyun 2017-ci il il tarixli 2(001)- 5219/2017 saylı qətnaməsi faiz borcu hissəsində dəyişdirilsin. Faiz borcunun məbləği 1587,99 ABŞ dolları məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə xətşünaslıq və məhkəmə mühasibatlıq ekspertizalarının xərci qismində 401 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilsin. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-485/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-485/2021
22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver