Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4852/2021 22.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Vüsalə Baxışova və Xəyalə Cəmilovadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, iddiaçı “xxxx” MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yolnəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq müəyyən etdi: Həmin qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, maddi zərərin əvəzi kimi 613 manat, vəkil xidmətinə çəkilmiş xərcin əvəzi kimi 20 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 663 manat cavabdehlərin birindən – Cavabdeh2 tutularaq iddiaçıya verilsin, iddianın qalan hissəsi rədd olunsun. İddiaçının apellyasiya şikayətində xahiş olunub ki, qətnamə dəyişdirilsin, 663 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilsin. Apellyasiya şikayəti 2 səbəbdən qeyri-mümkün hesab olunmalıdır. 1-ci, qətnamənin bir hissəsi – iddianın Cavabdeh2 qarşı təmin edilməsinə aid hissəsi bundan əvvəl Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul olunmuş xx.xx.2020-ci il tarixli qətnamə ilə ləğv edilib və iddia həmin cavabdehə münasibətdə rədd edilib. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilmiş hissəsinin yenidən yoxlanılması tələb olunur. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissəsini mübahisələndirmək hüququna, apellyasiya instansiyası məhkəməsi isə qətnamənin həmin hissəsini yenidən yoxlamaq hüququna malik deyil. Bu qayda Mülki-Prosessual Məcəllənin 357, 372 və 384-cü maddələrinin mənasından irəli gəlir. 2-ci, qətnamənin qalan hissəsinə münasibətdə iddiaçı apellyasiya şikayəti verilməsi müddətini ötürüb. Belə ki, qətnamədən apellyasiya şikayəti verilməsi müddəti 1 aydır, həmin müddətin axımı qətnamənin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsi ilə başlayır. Qətnamənin surəti xx.xx.2020-ci il tarixdə iddiaçıya verilib (iş v. 58, xəbərnamə). O cümlədən iddiaçının nümayəndəsi bundan əvvəl - xx.xx.2020-ci ildə işə apellyasiya qaydasında baxılarkən məhkəmə iclasında iştirak edib. Bu hal da iddiaçının qətnamədən məlumatlı olduğunu təsdiq edir. Lakin apellyasia şikayəti xx.xx.2021-ci il tarixdə verilib. Mülki-Prosessual Məcəllənin 363.1.3-cü maddəsinə görə belə halda apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Beləliklə, məhkəmə Mülki-Prosessual Məcəllənin 366.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə qərara aldı: Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnməsindən iddiaçı “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş Xəzər Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4852/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4852/2021
22.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver