Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4852/2022 08.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həmidov Həmid üzeyir oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-777/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı borc tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 20000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 20030 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə birgə təsərrüfat yaratmaqla birgə işləmiş və aralarında münasibət yaxşı olmuşdur. Cavabdeh xx.xx.2018-ci il tarixdə ondan 20.000 manat məbləğində borc pul götürmüş və bu barədə həmin tarixdə notariat qaydasında aralarında kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilədə cavabdeh Əliyeva X1 Ramin Vəli oğlundan 20.000 manat borc pul almasını və aldığı krediti xx.xx.2020- ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh götürdüyü pulu öhdəsinə götürdüyü müddətdə qaytarmamışdır. O dəfələrə pulunu istəsə də, cavabdeh müxtəlif bəhanələrlə pulu qaytarmaq istəməmiş və hətta həmin müqavilənin etibarsız hesab edilməsinə dair məhkəmədə iddia qaldırmışdır. Sabuncu rayon Məhkəməsinin xx.xx.2021- ci il tarixli qətnaməsi ilə cavabdehin iddiası təmin edilməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh 20.000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 2030 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-777/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə 20000 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 20030 (iyirmi min otuz) manat məbləğində pulun tutulması qət edilmişdir (sədrlik edən: Mədinə Bağırova).
4. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə çıxararkən maddi və prosessual hüquq pozuntularına yol verərək mübahisəli qətnamə çıxarmışdır. Cavabdeh İddiaçı əvvəllər tanımamış, İddiaçı bacısı Əliyeva Səvale tanımış, bacısı İddiaçı ilə birgə biznes fəaliyyəti görmüş, anasına məxsus torpaqda yarımçıq istixana inşa etmişlər. Həmin istixana nataman vəziyyətdə idi, tam inşa edilməsi üçün isə ilkin olaraq istixana təmir edilməli idi, sonra istixana fəaliyyət göstərə bilərdi. İstixananın fəaliyyətə başlaması üçün kifayət qədər pul vəsaiti lazım idi. Sonra bacısı və Ramin həmin yarım inşa edimiş istixananı cavabdehə 30.000 manata satmaq istədilər. Cavabdeh razı olmadı. Sonra ona demişlər ki, ilkin olaraq 10.000 manat versın ortaq işləsinlər. Cavabdeh də onlara inanaraq 10.000 manat vermişdir. Sonra isə bildirmişlər ki, istixananın cavabdehin adına keçirmələri üçün 20.000 manat da verməlidir. Aralarında olan şifahi razılığa əsasən Sevalə və Ramin cavabdehin anasına məxsus torpaq sahəsində istixana tam hazır vəziyyətə gətirərək cavabdehə təhvil verməli idilər, daha sonra həmin istixanadan əldə olunacaq gəlirdən cavabdeh onlara pulunu qaytarmalı idi. Bu məqsədlə, müqavilə bağlamaq üçün notariat orqanına müraciət etmişlər. Lakin Notarusda torpağın rəsmi sənədləri olmadığı üçün alqısatqı müqaviləsinin bağlanması mümkün olmadı. Sonra İddiaçı cavabdehə başqa müqavilə imzlatdırmışdır. Müqavilə rəsmiləşdirilərkən 20000 manat nağd pul bacısı Səvalənin pulu olmuş, notariusun depozit hesabına qoyulmuş, sonra İddiaçı həmin pulu çıxardıb bacısına qaytarmışdır. Yəni İddiaçı cavabdehə borc pul verməmişdir. Bu halı Sevalə də təsdiq edə bilər. Həmin torpaq sahəsi sənədsiz olduğundan, cavabdehlə İddiaçı arasında alqı-satqı deyil, uydurma xarakter daşıyan borc (kredit) müqaviləsi bağlanmışdır. Cavabdeh müqavilə bağlayarkən, müqavilənin və imzaladığı sənədin məzmununu başa düşməmişdir. Məhkəmə prosesi zamanı sifahi vəsatət verərək işin bütün halları barədə məlumatı olan Sevalənin şahid qismində çağırılaraq dindirilməsini xahiş etmişdir. Lakin vəsatətinə məhkəmə tərəfindən münasibət bildirilməmişdir. Halbuki, şahid ifadələridə subutlar siyahısına aiddir. Məhkəmədə işə baxılarkən bacısı Sevalənin həqiqətləri bildiyini və bütün hadislərin onun iştirakı ilə baş verdiyni bildirərək şahid qismində dindirilməsini xahiş etmişdir. Lakin şahidin dindirilməsi barədə verdiyi şifahi vəsatəti təmin edilməmişdir. Halbuki, mübahisə barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Tərəflərin izahatları:
6. Kollegiya iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, qətamənin ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi.
7. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
8. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:
9. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanılmış və Bakı şəhəri 52 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, “Borc verən” İddiaçı “Borc alan” Cavabdeh 20.000 manata məbləğində pulu notariusun banka açılmış depozit hesabı vasitəsi ilə borc vermişdir. “Borc alan” Cavabdeh krediti xx.xx.2020-ci il tarixədək İddiaçı hissə-hissə olmaqla qaytarmağı öhdəsinə götürmüşdür.
10. İş materiallarında olan Bakı şəhəri 52 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli icra qeydinin kserosurətindən görünür ki, tələbkar İddiaçı xeyrinə borclu Cavabdeh müddət üçün vaxtında ödənilməmiş 20.000 manat pul və tələbkar tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi tutulmalıdır.
11. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-1855/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası təmin edilmişdir.
12. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-10208/2021 saylı qərardadından görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-1855/2021 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardadda göstərilmişdir ki, baxılan iş üzrə icra sənədi sayılan 52 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli icra qeydi vardır ki, həmin icra qeydi üzrə borclu Cavabdeh tələbkar İddiaçı xeyrinə müddət üçün vaxtında ödənilməmiş 20.000 manat pul və tələbkar tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. İddia tələbi isə həmin sənədin verilməsinə əsas olmuş kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsi ilə bağlıdır.
13. İş materiallarında icra qeydinin qüvvədən düşməsi barədə hər hansı məlumat yoxdur. Bu baxımdan mövcud vəziyyətdə iddiaçının hazırki tələblə ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi yolverilməzdir.
14. İş materiallarında olan Səbail rayon İcra şöbəsinin icra məmuru V. Həsənlinin icra sənədinin qaytarılması haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri 52 saylı Notariat Kontorunun 8İ-1340 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin 52 saylı Notariat Kontoruna qaytarılması qərara alınmışdır.
15. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)- 3168/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
16. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin Vəkil sorğusuna xx.xx.2021-ci il tarixli, 2(008)-3168/2021 saylı cavab məktubundan görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-3168/2021 saylı qətnaməsi xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. Hüquqi dəyərləndirmə:
17. Kollegiya iş materiallarına əsasən qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixdə xx.xx.2020-ci il tarixədək hissə-hissə qaytarmaq şərti ilə 20000 manat məbləğində borc pulun verilməsi barədə kredit müqaviləsi bağlanılmışdır. İddiaçı müqavilə üzrə üzrəyinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etməyərək həm tərəflər arasında olan müqavilənin, həm də mülki qanunvericiliyin şərtlərini pozmuşdur.
18. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
19. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
24. Kollegiya qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur.
25. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır.
26. Kollegiya iş materiallarına əsasən vurğulayır ki, Cavabdeh İddiaçı qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-3168/2021 saylı qətnaməsi ilə təmin edilməmiş və həmin qətnamədən apellyasiya şikayəti verilmədiyi üçün qətnamə xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almışdır.
27. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
28. Kollegiya qeyd edilməsini zəruri hesab edir ki, cavabdeh daha əvvəl müqavilənin etibarsızlığını mübahisələndirdiyindən və həmin iddia tələbi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan, borc müqaviləsinin uydurma xarakter daşıması ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlili əsassızdır və qətnamənin ləğvi üçün əsas deyildir.
29. Cavabdeh həmçinin apellyasiya şikayətində birinci instansiya məhkəməsində icraat zamanı bacısı Əliyeva Səvalənin şahid qismində dindirilməsinə dair vəsatətin əsassız olaraq rədd edilməsi halına istinad etmişdir.
30. Kollegiya cavabdehin apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətindən göründüyü kimi, cavabdeh şahidin dindirilməsini iddiaçının ona borc vermədiyini, müqavilənin uydurma xarakter daşıdığını təsdiq etmək məqsədilə istəmişdir. Hazırki iddia tələbinin mahiyyəti cavabdehin müqavilə üzrə öhdəliyinin yerinə yetirilməsi ilə bağlıdır. Müqavilənin etibarsızlığı hazırki mübahisənin predmeti olmadığından, iddiaçının cavabdehə borc pul verib-verməməsinə dair Əliyeva Səvalənin izahat verməsi hazırki mübahisənin həllində hər hansı əhəmiyyətə malik deyildir. Odur ki, şahidin dindirilməsi ilə bağlı vəsatətin təmin edilməməsinə dair birinci instansiya məhkəməsi hər hansı prosessual pozuntuya yol verməmişdir.
31. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə 20000 manat məbləğində pulun müqavilədə göstərilən müddət ərzində iddiaçıya qaytarılması öhdəliyini üzərinə götürsə də, bu öhdəliyi icra etmədiyindən, irəli sürülmüş iddia tələbinin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
33. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
34. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-777/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev