Məhkəmə qərarları › İş №2(103)-4852/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4852/2024

19.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4852/2024 19.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon e- 2(011)-6404/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 31 avqust 2021-ci il tarixli kredit müqaviləsinə əsasən borc verən İddiaçı borc alan X2 17000 manat məbləğində pulu borc vermişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ondan xx.xx.2021-ci il tarixdə 17000 manat məbləğində borc pul almış, aralarındakı borc münasibətlərini həmin tarixdə notarial qaydada müqavilə bağlamaqla rəsmiləşdirmişdirlər. Kredit müqaviləsinin müvafiq müddəalarına əsasən, Cavabdeh müvafiq borc məbləğinin xx.xx.2022-ci il tarixinədək ödənilməsi öhdəliyini daşımışdır. Lakin hazırkı dövrə qədər cavabdeh borc məbləğini ödəməmiş, borcun ödənilməsi üçün heç bir hərəkət icra etməmişdir. İddiaçı cavabdehlə dəfələrlə əlaqə saxlamağa çalışsa da, Cavabdeh onlara məhəl qoymadan, öhdəliklərinin icrasından çəkinmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, onun xeyrinə 17000 manat məbləğində pul məbləğinin və ödənilmiş dövlət rüsumunun Cavabdeh tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı şəhəri Xətai Rayon e-2(011)-6404/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 17000 (on yeddi min) manat məbləğində pul vəsaiti və 141 (bir yüz qırx bir) manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki işin materialları, tərəflərin izahatları və kredit müqaviləsi ilə təsdiq edilir ki, Cavabdeh 31 avqust 2021-ci il tarixdə iddiaçıdan 17000 manat məbləğində borc pul almış, həmin məbləği isə 31 avqust 2022-ci il tarixədək qaytaracağını öhdəlik olaraq üzərinə götürsə də, hazırki günədək həmin məbləği geri qaytarmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliyinin yerinə yetirilməməsi sübut edildiyi üçün Cavabdeh 17000 manat məbləğində borc pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1,442, 443.1,445.2.1,448.1, 739-cu maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1,216-220,233,360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-6404/2023 saylı Qətnaməsinin ləğv edilməsinə və iş üzrə iddia tələbinin rədd edilməsinə dair Qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayətində göstərilmişdir ki, sözügedən qətnamədə məhkəmə iclasının yeri vaxtı barədə müvafiq qaydada xəbərdar edilməyi əks olunsa da, sözügedən məhkəmə prosesindən xəbəri olmayıb, onun ünvanına heç bir rəsmi bildiriş gəlməmişdir. Bu səbəbdən məhkəmə qətnaməsində işin hallarının tam, hərtərəfli və obyektiv əks etdirilmədiyini hesab edir. İşin məhkəmədə iştirakıyla yenidən araşdırılmasının zəruri olduğu qənaətindədir. İşin faktiki halları ilə bağlı qeyd etmək istəyir ki, borc olaraq aldıqları 17 000 manat pulu tərəflərindən faizi ilə birlikdə 23 500 (iyirmi üç min beş yüz) manat məbləğində iddiaçıya ödənmişdir. Sözügedən faktı sübut edəcək şahidlər var. Onlardan biri kimi Bayramova Aygül həmin faktı sübut edə bilər. Həmin 17 000 manat borc pul məbləği tərəflərindən faizi ilə birlikdə 23 500 manat olaraq iddiaçıya ödənmişdir. Şahidlər məhkəmədə bu faktı sübut təsdiq edəcəklər. Tərəflərindən məhkəmə prosesində iştirakları təmin edilməmişdir. Bu hal isə özlüyündə işin tam, obyektiv və hərtərəfli araşdırılmasını məhdudlaşdırmışdır. Mübahisələndirilən məhkəmə qətnaməsi onun ünvanına çatmamışdır, bu səbəbdən sözügedən qətnamədən xəbərsiz olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

Apellyasiya baxışının hədləri

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

15. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

17. İşin halları ilə müəyyən edilir ki, 31 avqust 2021-ci il tarixində İddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borc verən İddiaçı borc alan X2 17000 manat məbləğində pulu borc vermişdir.

18. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavadeh tərəfindən borcun ödənilmədiyini əsas gətirərək 17000 manat pulun ondan tutulmasını xahiş etmişdir.

19. Birinci instansiya məhkəməsi iddianı təmin edərək, Cavabdeh 17000 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qərarına gəlmişdir.

20. Qətnamədən şikayət verən cavabdeh apellyasiya şikayətinin dəlilləri olaraq qeyd edir ki, sözügedən qətnamədə məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilməyi əks olunsa da, sözügedən məhkəmə prosesindən xəbəri olmayıb, onun ünvanına heç bir rəsmi bildiriş gəlməmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlili kimi əlavə olaraq qeyd edir ki, borc olaraq aldığı 17 000 manat pulu faizi ilə birlikdə 23 500 manat məbləğində iddiaçıya ödəmişdir, sözügedən faktı sübut edəcək şahidlər var. Onlardan biri kimi Bayramova Aygül həmin faktı sübut edə bilər.

21. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işə birinci instansiya məhkəməsində baxılması zamanı məhkəmə tərəfindən cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməklə məlumat verilmişdir. Cavabdeh isə heç bir üzrlü səbəb barədə məlumat vermədən məhkəmə iclasında iştirak etməmişdir.

22. Məhkəmə kollegiyası cavabdehin digər dəlilinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 529.1-ci maddəsində qeyd edilir ki, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir.

23. Məcəllənin 529.3-cü maddəsində qeyd edilir ki, əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir.

24. Məhkəmə kollegiyası qeyd edir ki, pul tərəflər arsında bağlanmış yazılı müqavilə əsasında veildiyindən həmin borcun qaytarılması da borcun verilməsinə uyğun qaydada, misal üçün qəbzlə təsdiq edilə bilər.

25. O cümlədən qeyd olunmalıdır ki, cavabdeh 18 sentyabr 2023-cü il tarixli hazırlıq iclasında istirak etmişdir və şahidin dindirilməsi ilə bağlı vəsatətlə məhkəməyə müraciət etməmişdir.

26. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.§12

27. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

28. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon e-2(011)-6404/2023 nömrəli, xx.xx.2023-cü il tarixli dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən cavabdeh rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar