Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4853/2024 08.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3248/2024 nömrəli 27 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 08 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflərin birgə nikahlarından xx.xx.2011-ci təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəllüdlü X4 doğulmuşdur.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2038/2023 nömrəli 03 aprel 2023-cü il tarixli qətnaməs ilə tərəflər arasında olan nikahın pozulması, 17 mart 2011-ci il təvəllüdlü X6, 16 iyul 2014-cü il təvəllüdlü X10 və 10 yanvar 2020-ci il təvəllüdlü X2 nikah pozulduqdan sonra anaları - İddiaçı yanında saxlanaraq onun himayəsinə verilməsi, onlar yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 06 fevral 2023-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 220 manat, cəmi 660 manat sabit pul məbləğində alimentin tutulması, Cavabdeh 50 manat dövlət rüsumunun tutulub İddiaçı ödənilməsi qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3551/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli qətnaməsi alimentin tutulmasının əvvəlinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş və 17 mart 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə müəyyən olunmuş alimentin tutulması X3 atadan alınıb faktiki olaraq ananın himayəsinə verildiyi tarixdən hesablanması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.
4. X7 LTD tərəfindən verilmiş 07 dekabr 2023-cü il tarixli HA-066/2023 nömrəli məktuba əsasən Cavabdeh SOCAR tərəfindən yaradılmış X8 LTD MMC şirkətinə 01 sentyabr 2010-cu il tarixdə qəbul olunmuş və hal-hazırda burada Anbardar-Təchizatçı vəzifəsində çalışır. Əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılacaqdır. Onun əmək haqqı gəlir vergisindən əvvəl 3216.58 $ qədərdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X6,xx.xx.2014-cü il təvəllüdlü X10 və 10 yanvar 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək atası Cavabdeh qazancın (başqa gəlirlərin) yarısı qədərində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun cavabdeh ilə rəsmi nikahları 28 oktyabr 2008-ci il tarixdə qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X6,xx.xx.2014-cü il təvəllüdlü X10 və 10 yanvar 2020-ci il təvəllüdlü X4 anadan olmuşdur. Onunla cavabdeh arasında olan rəsmi nikah Xətai Rayon Məhkəməsinin 2(011)-2038/2023 saylı, 03 aprel 2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Məhkəmənin qətnaməsinə əsasən uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 manat, cəmi 660 manat sabit pul məbləğində aimentin tutulması qət edilmişdir. Hazırda alimentin artırılmasına ehtiyac var, çünki cavabdeh həddindən artıq stabil yüksək əmək haqqı alır və qazancın (başqa gəlirlərin) yarısı qədərində aliment tutulmalıdır. Belə ki, cavabdeh SOCAR tərəfindən yaradılmış X8 Ltd MMC şirkətində “anbardar təhcizatçı” vəzifəsində işləyir və aylıq əmək haqqı olaraq 3,216.58 ABŞ dolları məbləğində maaş alır (5467 manat təşkil edir).
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-3248/2024 nömrəli 27 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia təmin olunmuş, Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2038/2023 saylı, 03 aprel 2023-cü il tarixli qətnaməsinə əsasən 17 mart 2011-ci il təvəllüdlü X3, 16 iyul 2014-cü il təvəllüdlü X5 və 10 yanvar 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) yarısı miqdarında alimentin İddiaçı xeyrinə tutulması, Cavabdeh 50 manat dövlət rüsumunun dövlət büdcəsinə tutulması qət edilmişdir.
8. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı cavabdehin qazancı ilə bağlı zəruri sübutları məhkəməyə təqdim etdiyi üçün, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün iddia təmin edilməli Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2038/2023 saylı, 03 aprel 2023-cü il tarixli qətnaməsinə əsasən 17 mart 2011-ci il təvəllüdlü X3, 16 iyul 2014-cü il təvəllüdlü X5 və 10 yanvar 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment İddiaçı xeyrinə tutulmalıdır.
9. Məhkəmə gəldiyi nəticəni Ailə Məcəlləsinin 78.1, 78.2, 76.1.3-cü maddələri, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsini və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2038/2023 saylı, 03 aprel 2023-cü il tarixli qətnaməsi ilə qət edilmiş alimentin müəyyən edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, hər uşaq üçün 220 manat aliment uşaqların hər bir tələbatının ödənilməsinə yetir. Uşaqlar orta məktəbdə təhsil alırlar və onlara sərf olunan məsrəflər artmamışdır. Uşaqları ilə həmişə maraqlanır, X3 qətnamə ilə ananın himayəsində qalması müəyyən edilsə də onun yanında qalır. Uşağın bütün qayğısını o, çəkir. Himayəsində yaşlı valideyni var, onun da bütün qayğısını ehtiyacını tamamilə o, çəkir. Bundan başqa öhdəlik kimi kredit müqaviləsi var.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. İddiaçı apellyasiya şikayətinə etiraz ünvanlayaraq, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdilər.
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsi
15. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.
16. Maddə 76.1.3. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur.
17. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
18. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən istənilən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
19. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında Qanuna əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
20. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında Qanuna əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
29. İş materiallarında olan X7 LTD tərəfindən verilmiş 07 dekabr 2023-cü il tarixli HA- 066/2023 nömrəli məktuba əsasən Cavabdeh SOCAR tərəfindən yaradılmış X8 LTD MMC şirkətinə 01 sentyabr 2010-cu il tarixdə qəbul olunmuş və hal-hazırda burada Anbardar-Təchizatçı vəzifəsində çalışır. Əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılacaqdır. Onun əmək haqqı gəlir vergisindən əvvəl 3216.58 $ qədərdir.
30. Elektron Məhkəmə İnformasiya Sistemindən də müəyyən edilir ki, cavabdeh "X9 Limited" Məhdud Məsuliyyətli Cəmiyyətində anbardar vəzifəsində işləyir və 5208,29 manat əmək haqqı alır.
31. Göründüyü kimi cavabdehin daimi iş yeri və müntəzəm qazancı var.
32. Məhkəmə kollegiyası 220 manat alimentin bir uşağın saxlanması üçün yetərli olması, himayəsində yaşlı valideynin olması, kredit borcunun olması barədə cavabdehin dəlillərini qəbuledilən hesab etmir. Onun bu dəlilləri azyaşlı uşaqlarının saxlanılmasında üzərinə düşən valideynlik vəzifəsinin icrasından, övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən, o cümlədən aliment öhdəliyindən azad etmir.
33. Uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir.
34. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
35. Uşaqlardan birinin onun yanında olması barədə cavabdehin dəlili əsaslı deyil, qüvvədə olan qətnamə ilə hər üç uşaq iddiaçının himayəsində saxlanılmışdır. Həmin vəziyyətin dəyişməsi üçün cavabdeh müstəqil iddia qaldıra bilər.
36. Həmçinin nəzərə alınmalıdır ki, qüvvədə olan qətnamə ilə 17 mart 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə müəyyən olunmuş alimentin tutulmasının X3 atadan alınıb faktiki olaraq ananın himayəsinə verildiyi tarixdən hesablanması müəyyən edilmişdir.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3248/2024 nömrəli nömrəli iş üzrə 27 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.