Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4854/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X6 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 05.09.2008-ci il təvəllüdlü X1 üçün cavabdehdən tutulan 154 manat məbləğində alimentin məbləğinin artırılmasını və hər ay 175 manat sabit pul məbləğinin cavabdeh X2 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Abbasova, iş № 2(011)-2219/2021) iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-11726/2017 nömrəli 30.11.2017-ci il tarixli qətnaməsi ilə, Xətai Rayon Məhkəməsinin 23.09.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, cavabdeh X2 20.06.2000-ci il təvəllüdlü X4, 06.03.2002-ci il təvəllüdlü X5 və 05.09.2008-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq, hər ay hər uşaq üçün 137 (yüz otuz yeddi) manat olmaqla, cəmi 411 manat (dörd yüz on bir) sabit pul məbləğində aliment X2 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. 20.06.2000-ci il təvəllüdlü X9 və 06.03.2002-ci il təvəllüdlü X10 yetkinlik yaşlarına çatdığından cavabdehin aliment öhdəliyinə xitam verilmişdir. Bunu nəzərə alaraq, yetkinlik yaşına çatmayan 05.09.2008-ci il təvəllüdlü X1 üçün müəyyən edilən məbləğ uşağın minimum dolanacaq xərclərini ödəmədiyi üçün cavabdeh tərəfindən verilən alimentin artırılması zərurəti yaranmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 11726/2017 nömrəli 30.11.2017-ci il tarixli qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin 2(011)- 6053/2014 saylı, 23.09.2014-cü il tarixli qətnaməsi ilə cavabdeh X2 tutulan alimentin miqdarı artırılaraq, 20.06.2000-ci il təvəllüdlü X4, 06.03.2002-ci il təvəllüdlü X5 və 05.09.2008-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanması üçün qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 137 (yüz otuz yeddi) manat olmaqla, cəmi 411 manat (dörd yüz on bir) sabit pul məbləğində alimentin X2 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21.09.2018-ci il tarixli 2(011)-7534/2018 saylı qətnaməsinə əsasən cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilərək 154 manat müəyyən edilmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ölkə üzrə yaşayış minimumu, minimal aylıq əmək haqqının miqdarı, eləcə də cavabdehin kifayət qədər yüksək maaş alması və başqa gəlirlərinin olması nəzərə alınaraq hesab edir ki, cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 175 manata çatdırılmalıdır. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və şikayətin məzmununa uyğun izahat verdi. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi və bildirdi ki, oğlu xəstə olduğundan aliment ödəmək iqtidarında deyil. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılması üçün alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması müəyyən edilməmişdir. İddiaçı ötən müddət ərzində özünün və ya cavabdehin ailə və ya maddi vəziyyətində dəyişiklik olması barədə hər hansı dəlilə istinad etməmiş və bununla bağlı sübutlar təqdim etməmişdir. Cari ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 175 manat müəyyən edilməsi iddianın təmin olunması üçün birmənalı əsas ola bilməz. Məhkəmə qeyd olunan halları, habelə uşaqların saxlanmasında hər iki valideynin iştirak etməli olduğunu nəzərə alaraq iddianı rədd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, cavabdeh atadır və onun uşağına hər cür maddi və mənəvi qayğı, diqqət, dəstək göstərmək borcudur. Şikayətdə göstərilən halların heç biri, uşağı belə bir diqqət və qayğıdan məhrum etmək üçün əsas deyildir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəm Kollegiyası hesab edir ki, 154 manat uşağın tələbatını ödənilməsi üçün yetərli məbləğ deyildir. Hazırkı vəziyyətdə uşağın mənafeyi və rifahı üstün tutulmalı, onun layiqli həyat şəraiti təmin edilməli, əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutulmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmədiyindən və bununla da maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyindən qətnamə ləğv olunmalı və iddia tələbi təmin edilməlidir (MPM-nin 385.1.1 və 385.1.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 21 sentyabr 2018-ci il tarixli, 2(011)-7534/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın və 05 sentyabr 2008-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin məbləği hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində müəyyən edilsin. Artırılmış alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-4854/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4854/2021
16.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver