Məhkəmə qərarları › İş №2(103)-4855/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4855/2021

23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4855/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1038/2021 saylı, 16 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filialından Cavabdeh çıxardığı 1.600 manatdan götürdüyü 650 manatın və bank faizinin, dövlət rüsumunun Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Həsənova, iş № 2(011)-1038/21) iddia qismən təmin olunaraq, Cavabdeh 500 (beş yüz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd olunmuşdur. İddiaçı apellyasiya şikayəti verərək Xətai Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qətnaməsinin qismən ləğv olunmasını və cavabdehdən 650 manatın faizinin tutulub ona ödənilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə 25 ildir ki, qonşudur, bir həyətdə yaşayırlar, aralarında gediş-gəliş olmuşdur. İddiaçı cavabdehlə söhbət edərkən cavabdeh ona yeni maşın alması üçün 500 manat pul lazım olduğunu bildirmiş, cavabdeh iddiaçıya bankdan pul krediti götürməyi təklif etmiş, təqaüd kartını ondan istəmişdir. Daha sonra onlar Azərbaycan Beynəlxalq Bankın Sumqayıt filialına getmiş, iddiaçının təqaüd kartından 1.600 manat kredit götürmüşlər. Cavabdeh həmin puldan tanışı olan bank işçisinə 100 manat, digər dostuna isə 50 manat vermişdir. Cavabdeh iddiaçıdan 500 manat pul götürmüş, tez bir zamanda pulu qaytaracağını və bankın faizlərini ödəyəcəyini bildirmişdir. Cavabeh onu aldatmış, müxtəlif bəhanələr gətirərək bankın pulunu və faizləri ödəməkdən qərəzli olaraq boyun qaçırmışdır. İddiaçı polisə müraciət etmiş, cavabdeh polis idarəsində verdiyi izahatında 500 manat pulu və faizləri ödəyəcəyini, hazırda imkanının olmadığını bildirmişdir. Lakin o, hər dəfə pulu ödəyəcəyinə söz versə də, ödəməmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia tələbi ilə eyni məzmunda, eyni dəlillərlə əsaslandırılmışdır. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddianın təmin edilən hissəsi cavabdeh tərəfindən mübahisələndirilməmiş, iddiaçı isə yalnız iddianın bank faizi ilə bağlı təmin olunmayan hissəsini mübahisələndirmişdir. Bu səbəbdən də hazırkı qətnamə yalnız apellyasiya qaydasında mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi cavabdehin iddiaçıdan 500 manat məbləğində pul vəsaitini aldığını etiraf etməsinə əsaslanaraq hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 500 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü və s. maddələrinə istinad etmişdir. İddiaçını qətnaməni faiz borcunun tutulması hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası həmin hissədə iddianın əsassız olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı iddia ərizəsində bankdan 1600 manat kredit alındığı, həmin məbləğdən 650 manatın cavabdeh tərəfindən götürüldüyünü iddia etmişdir. İddiaçı bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməsə də, cavabdeh 500 manat aldığını etiraf etmişdir. Göründüyü kimi, cavabdeh kredit vəsaitinin bir hissəsini götürmüş, təxminən iki dəfə çox hissəsi isə iddiaçının sərəncamında qalmışdır. Belə olan halda, faizlərin cavabdehdən tutulması ədalət baxımından düzgün deyildir. Həmçinin, iddiaçı cavabdehin faiz borclarını da ödəyəcəyinə vəd verdiyini bildirsə də, bunu sübuta yetirə bilməmişdir. Cavabdeh məhkəmədə yalnız 500 manat borcunun olmasını etiraf etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bütün dəlillərini əsassız sayır və qeyd edir ki, göstərilən hallar öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar