Məhkəmə qərarları › İş №2(103)-4855/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4855/2022

14.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4855/2022 14.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İsrəfil oğluna qarşı «maddi zərərin ödənilməsi tələbinə dair» 2(011)-774/2022 saylı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İsrəfil oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ona məxsus olan 10 baş iri buynuzlu malqaranın özünü və ya onların dəyəri olan 18000 manatın, əldə çıxmış faydaya görə 10000 manatın və dövlət rüsumu üçün ödənilmiş olan 30 manat rüsumun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, ailəsi ilə birlikdə Ağstafa rayonu Ağgöl kəndində yaşayır. Ailəsinə məxsus olan Ceyrançöl qış otlaq sahəsində mal-qaranı saxlamaq üçün yerləri olmuşdur. Həyat yoldaşı ilə birlikdə qayınatası Məhəmməd vəfat etdikdən sonra beş il həmin mal-qara yatacağında, yəni çöl torpağında mal-qaralarına baxmışdır, sonradan həmin fermanı baldızı Cavabdeh1 həyat yoldaşı Cavabdeh2la birlikdə idarə etməyə başlamışdır. Özlərinə məxsus olan mal-qaranı baldızının və onun həyat yoldaşı Cavabdeh2 saxta yalanlarına inanaraq onlara baxmaq üçün vermişlər. 17 malı 2016-cı ildə sayıb İslama vermişdir, bu zaman Rövşən orada olmamışdır, o, 2013- 2014-dən Bakıda olmuşdur. Baldızı və onun həyat yoldaşı onları aldadaraq həmin mallara baxacağına söz verərək, həmin mal qaranın onların olduqları fermada saxlamağını istəmişdir, bir sözlə etibardan sui-istifadə etmiş, onu aldatmışdırlar. Həmin 17 baş iri buynuzlu heyvanları sonradan istəsə də, ona 7 baş heyvanı qaytarmaqlarına baxmayaraq, qalan 10 baş iri buynuzlu heyvanı (hər birinin çəkisi təxmini 200 kq olan) qaytarmaqdan imtina edir, hətta onu təhqir edərək nalayiq ifadələr işlədirlər. 2016-cı ildən olan təzminatı ödəməlidirlər. 10 baş malı 2016-cı ildə almışdır. Atası fermer olduğuna görə uşaqlar balaca olanda 10 baş malı ona vermişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamənin əsaslandırıcı hissəsində on yeddi baş iri buynuzlu mal-qaranın cavabdehlərə verildiyini, həmin mal-qaradan yeddisinin iddiaçıya geri qaytarıldığını, bu barədə tərəflər arasında mübahisə olmadığını, mübahisənin on baş mal-qaranın geri qaytarılmasına dair olduğunu, bununla cavabdehlərin hər hansı əməli nəticəsində iddiaçıya maddi zərər vurulmasına dair halların məhkəmə tərəfindən müəyyən edilmədiyini, şahid ifadələrinə münasibətdə iddiaçının oğlu E.İbrahimovun ifadəsi, iş üzrə mübahisəsiz hal olan «on yeddi baş malqaranın verilməsi» ilə bağlı olmaqla, hazırki iddia tələbi üzrə mübahisəli əmlakların cavabdehlərdə olması barədə halları özündə ifadə etmədiyini, iddiaçının əri Rövşən İbrahimovun, iddiaçı ilə ümumi əmlakları olan on yeddi baş iri buynuzlu malqaranı bacısının yanına apardığını, onun yanında mallara baxdığını və hazırda mübahisə predmeti olan on iribuynuzlu mal-qaradan dördünü sataraq, əldə olunmuş pulu bacısı vasitəsi ilə iddiaçıya verdiyini, altısını isə satmaq üçün iddiaçıya göndərdiyini bildirdiyini, bunun da həmin mübahisələndirilən mal-qaranın əmlak hüququ olan şəxsə verilməsini təsdiq etməkə həmin əmlaklara dair cavabdehlərin iddiaçıya qarşı hər hansı bir əmlak öhdəliyinin olmasını istisna etdiyini qeyd edərək iddia tələbinin əsaslı olmadığını və ona görə də məhkəmə tərəfindən təmin edilə bilməyəcəyini qeyd etmişdir. Məhkəmənin iş materialları əsasında 17 baş iri buynuzlu mal-qaranın cavabdehlərdə olmasının heç bir mübahisəli tərəfi olmadığını qeyd etməsinə baxmayaraq heç bir hal və ya sübut ilə malqaradan 4 erkək dananın satılaraq guya Sərxan adlı şəxsin yanında ona verilməsini, əri Rövşənin isə guya qalan 6 dananı satıb pulunu ona göndərdiyini təsdiq etməsə də, məhkəmə qətnamənin əsaslandırıcı hissəsində cavabdehlərin formal izahatına istinad edərək həmin mübahisələndirilən mal-qaranın əmlak hüququ olan şəxsə - yəni ona verilməsini təsdiq etməkə həmin əmlaklara dair cavabdehlərin ona qarşı hər hansı bir əmlak öhdəliyinin olmasını istisna etməklə qanunsuz, əsassız və qərəzli qətnamə qəbul etmişdir. Belə ki, məhkəmənin iş materialları və şahid ifadələrinə istinadən «17 baş iri buynuzlu mal-qaranın cavabdehlərdə olmasının heç bir mübahisəli tərəfi olmadığını» qeyd etməsi tam və əsaslı olsa da, həmin mal-qaranın birgə nikah dövründə əldə edilməsini, pay hüququnun ona və əri Rövşən İbrahimova məxsus olmasını və cavabdehlər tərəfindən ona qaytarıldığına istinad edərək iddianı rədd etməsi tamamilə əsassızdır. Belə ki, nə onun tərəfindən, nə də hər hansısa şəxs tərəfindən Rövşən İbrahimovla (hansı tarixdə) nikaha daxil olmalarına və həmin mübahisəli mal-qaranın alınma tarixinə dair hər hansısa sübut məhkəməyə təqdim edilmədiyi halda, məhkəmənin mal-qaranın nikah dövründə əldə edilməsinə istinad etməsinin heç bir hüquqi qüvvəsi yoxdur. Həmçinin qeyd etmək istəyir ki, onlar Rövşənlə faktiki olaraq 2014-cü ildən ayrılmışlar və onunla heç bir təsərrüfat aparmamışlar. Cavabdehlərin və Rövşən İbrahimovun ona məxsus mal-qaranın cavabdehlərdə olmasını heç bir halda inkar etmədikləri və həmin hissədə mübahisə olmadığı, cavabdehlər tərəfindən ona məxsus 17 baş iri buynuzlu mal-qaranın ona qaytarılmasına dair heç bir sübut olmadığı halda məhkəmənin cavabdehləri sübutetmə yükündən azad etməsi və iddianı rədd etməsi mülki və prosessual qanunvericiliyin tələblərinin kobudca pozulmasıdır. Onun tərəfindən vicdanla 7 baş iri buynuzlu malqaranın ona qaytarıldığını etiraf etdiyi halda və cavabdehlər tərəfindən 10 baş iri buynuzlu mal-qaranın ona qaytarılmasının sübut edilmədiyindən iddianın 10 baş iri buynuzlu malqaranın ona qaytarılması hissəsində mütləq qaydada təmin edilməli olduğu təqdirdə məhkəmə onun qanunla qorunan hüquqlarını kobudca pozaraq iddiasını rədd etmişdir. Cavabdehlər ona məxsus 17 baş iri buynuzlu mal-qaranın saxlanılması öhdəliyini götürməsinə və onlardan 7 baş iri buynuzlu mal-qaranı qaytarmasına baxmayaraq, qalan 10 baş iri buynuzlu mal-qaranı qaytarmamaqla qanunla qorunan hüquqlarını pozmuşlar. Cavabdehlər tərəfindən məhkəməyə 10 baş iri buynuzlu mal-qaranın özlərinin və ya satılaraq pulunun verilməsinə dair heç bir sübut təqdim edilmədiyi halda məhkəmənin guya həmin sübutları araşdıraraq, ondan istifadə edərək iddianın rədd edilməli olması qənaətinə gəlməsi MPM-nin tələblərinin kobudca pozulmasıdır. Həmçinin, MPM-nin hər bir tərəfin öz tələblərini və etirazlarını sübut etməli olduğuna dair tələbi də, məhkəmə tərəfindən pozularaq, heç bir sübuta söykənməyən nəticəyə gəlinmişdir. Məhkəmənin qətnaməni yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalı olmasına baxmayaraq, məhkəməyə cavabdehlər tərəfindən heç bir mötəbər sübut təqdim edilmədiyi halda, məhkəmə 10 baş iri buynuzlu mal-qaranın özlərinin və ya satılaraq pulunun ona verildiyindən iddiasını rədd etmişdir. Cavabdehlər tərəfindən 10 baş iri buynuzlu malqaranın altısının özlərinin və dördünün isə satılaraq 4500 manat pulunun guya Sərxan adlı şəxsin yanında ona verildiyini bildirməsinə və nə Sərxan adlı şəxsin izahatının alınmamasına, nə də başqa bir sübutun olmamasına baxmayaraq məhkəmə iddianı rədd etmişdir. Cavabdehlər tərəfindən 10 baş iri buynuzlu mal-qaranın ona verildiyinə dair heç bir sübutun olmamasına və həmin halların sübut edilməməsinə baxmayaraq məhkəmə formal mülahizələrə əsasən iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi və bildirdi ki, cavabdehlər ona məxsus 17 baş iri buynuzlu malqaranın saxlanılması öhdəliyini götürməsinə və onlardan 7 baş iri buynuzlu mal-qaranı qaytarmasına baxmayaraq, qalan 10 baş iri buynuzlu mal-qaranı qaytarmamaqla qanunla qorunan hüquqlarını pozmuşlar. Onun hazırda rəsmi nikah münasibətində olduğu əri X1 tələb olunan 10 baş iri buynuzlu mal qaranın dördünün satılaraq pulunun ona verilməsi, qalan altısını isə satmaq üçün ona göndərilməsi barədə verdiyi ifadəsi ilə razı deyildir. Apellyasiya baxışı zamanı Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, digər Cavabdeh2 İsrəfil oğlu iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İş materiallarına əsasən İddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl baldızı Gülara Mustafayeva tərəfindən iribuynuzlu malların qaytarılmaması barədə Ağstafa RPŞnin Köçvəlli PB-yə ərizə ilə müraciət etmişdir. Polis bölməsinin xx.xx.2017-ci il tarixli cavab məktubunda müraciətin məhkəməyə aid olduğu bildirilərək, ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Ağstafa RPŞ-nin Köçvəlli PB-nin İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubunda göstərilmişdir ki, ərizəçinin 2 il bundan əvvəl baldızının əri Cavabdeh2 tərəfindən 10 baş iri buynuzlu malı verməməsi məzmunlu xx.xx.2018-ci il tarixli ərizəsi Ağstafa RPŞ-nin Köçvəlli PB-də işə alınmış, müraciət məhkəməyə aid olduğuna görə ərizəçi məhkəməyə müraciət edə bilər. Ağstafa rayon İcra Hakimiyyəti başçısının Ağgöl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 07 may 2021-ci il tarixli arayışında qeyd edilir ki, X3 27 mart 2010-cu ildə vəfat etmişdir, vəfat etdikdən sonra onun gəlini İddiaçı dediyinə görə 30 may 2010-cu ildə ona məxsus 17 baş iri buynuzlu mal-qaranı yatağa aparmışdır, 5 il müddətində yoldaşı X2 ilə birlikdə mal-qaraya qulluq etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa rayon X6 Polis Bölməsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş İddiaçı tərəfindən Ağstafa RPŞ-nin Köçvəlli PB-nin rəisinə ünvanlanmış ərizədən görünür ki, İddiaçı bildirdiyinə görə, təxminən iki il bundan qabaq baldızının əri Cavabdeh2 10 baş iri buynuzlu mal-qaranı verməmişdir, bununla bağlı ona kömək edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid X4 ifadəsində bildirmişdir ki, 2006-cı ildən Bakıda işləyir, iddiaçı anasıdır, anası Bakıya ayda-ildə bir dəfə gəlir. 2016-cı ildə malqaranı anası ilə birlikdə aparıb İslama təhvil vermişlər, bu zaman Rövşənin, yəni atasının xəbəri olmamışdır. 2016-cı ildə o, Bakıda olmuşdur, 2017-ci ildə malı istəmiş, 7 malı vermişlər, amma 10-u orada qalmışdır. Babası 2010-cu ildə rəhmətə getmişdir. Birinci instansiya məhkəməsində şahid X2 ifadəsində bildirmişdir ki, iddiaçı arvadı, cavabdeh Gülarə bacısı, İslam isə Gülarənin yoldaşıdır. 17 baş malı bacısının yanına aparmış, bu zaman bacısının yanında qalmış, malları saxlamışdır, həmin malların dördünü bacısına demiş, bacısı satıb, pulunu yoldaşı Elmiraya vermişdir, altısını da özü yoldaşına göndərib, yoldaşı Elmira satıb fermaya ətə verib, qalan 7 malı da özü götürmüşdür, özü öz malını saxlamışdır. 7-8 ildir ki, Bakıya gəlmişdir, yoldaşı, ailəsi bu zaman, oğlan əsgərlikdə qayıdandan bəri Bakıda olmuşlar, onunla Elmiranın malı eynidir. Göründüyü kimi, iddia tələbi cavabdehlər tərəfindən on baş iri buynuzlu mal-qaranın iddiaçıya qaytarılması və ya dəyərinin ödənilməsi barədədir. İddiaçı bildirir ki, on yeddi baş iri buynuzlu mal-qaranı cavabdehlərə vermişdir, həmin mal-qaradan yeddisi iddiaçıya geri qaytarılmışdır, bu barədə tərəflər arasında mübahisə yoxdur. Mübahisə on baş malqaranın geri qaytarılmasına dairdir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında düzgün nəticəyə gəlmişdir ki, cavabdehlərin hər hansı əməli nəticəsində iddiaçıya maddi zərər vurulmasına dair hallar müəyyən olunmur. Birinci instansiya məhkəməsi şahid ifadələrinə münasibətdə haqlı olaraq qeyd etmişdir ki, bu sübutlar iddia tələbinin təmin olunması üçün məhkəmə tərəfindən nəzərə alına bilməz. Belə ki, əvvəla, iddiaçının oğlu E.İbrahimovun ifadəsi, iş üzrə mübahisəsiz hal olan «on yeddi baş mal-qaranın verilməsi» ilə bağlı olmaqla, hazırki iddia tələbi üzrə mübahisəli əmlakların cavabdehlərdə olması barədə halları özündə ifadə etmir. İkincisi, məhkəmə iclasında ifadə verən iddiaçının əri, Cavabdeh1 qardaşı Rövşən İbrahimov, iddiaçı ilə ümumi əmlakı olan on yeddi baş iri buynuzlu mal-qaranı bacısının yanına apardığını, onun yanında mallara baxdığını və hazırda mübahisə predmeti olan on iribuynuzlu mal-qaradan dördünü sataraq, əldə olunmuş pulu bacısı vasitəsi ilə arvadına, yəni iddiaçıya verdiyini, altısını isə satmaq üçün iddiaçıya göndərdiyini bildirmişdir ki, bu da həmin mübahisələndirilən mal-qaranın əmlak hüququ olan şəxsə verilməsini təsdiq etməkə həmin əmlaklara dair cavabdehlərin iddiaçıya qarşı hər hansı bir əmlak öhdəliyinin olmasını istisna edir. Belə olan halda, iddia tələbi əsaslı deyil və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin əsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, iddanın rədd edilməsi qənaətinə gələrkən haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı rədd etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın rədd edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-774/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar