Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4856/2025 12.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-3792/2024 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı tərəfindən 13.430 manat məbləğində borc məbləği 2023-cü ilin mart ayından avqust ayınadək ödənilmişdir.
2. İş materiallarında olan 16169 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 6.000 manat məbləğ Cavabdeh göndərilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 27.000 manat məbləğində pul vəsaitin və ödənilmiş 171 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, Cavabdehla dostu vasitəsilə tanış olub.Cavabdeh ona ”Araz” market açmaq istədiyini bildirmiş və gəlirin 70%-nin ona çatacağını vəd etməklə ondan evini girov qoymağını istəmişdir.Qeyd etdi ki, özünün ticarətdən anlayışı yoxdur, market üçün lazımi işləri Tərlan etmişdir.Arvadı birinci dərəcə əlil olduğuna görə işdən çıxıb ona baxmaq məcburiyyətində qaldığına görə gəlir əldə etmək ehtiyacından Tərlanla ortaq olmuşdur. Tərlan market üçün avadanlıqlara 27.000 manat lazım olduğunu,özündə 10.000 manat olduğunu demiş, qalan 17.000 manatı isə ondan istəmişdir.xx.xx.2022-ci il tarixdə "xxxx" MMC ilə Cavabdeh arasında “biznes sisteminin istifadəsi və gəlirlərin bölüşdürülməsi” müqaviləsi, "xxxx" MMC ilə özü arasında isə xx.xx.2022,xx.xx.2022 (xx.xx.2022-ci il tarixli müqavilə ilə ləğv olunmuşdur), xx.xx.2022-ci il tarixli (xx.xx.2022-ci il tarixli müqavilə ilə ləğv olunmuşdur) ipoteka müqavilələri bağlanmışdır.xx.xx.2022-ci il tarixdən mağaza Bakıxanov rayon ərazisində fəaliyyətə başlamış, lakin qazanc əldə oluna bilmədiyinə görə xx.xx.2022-ci il tarixindən marketin fəaliyyəti dayandırılmalı olmuşdur.Bu zaman Tərlan ona narahat olmamağı, "xxxx" MMC-nin onlara pul ödəyəcəyini və bununla ziyanlarını qarşılayacağını demişdir.Lakin bir müddət sonra Tərlan zənglərə cavab verməmiş, evində tapılmamışdır. Bir müddət sonra "xxxx" MMC ona zəng vuraraq Tərlanın MMC-nə 13.430 manat, daha sonra isə kəsirin 15.520 manat olduğunu, əgər indi ödənilərsə 13.430 manatla borcun bağlanacağı deyilmişdir. 2023-cü ilin mart ayından avqust ayınadək o həmin borcu ödəmiş və "xxxx" MMC ona həmin borcun ödənməsi ilə bağlı arayış vermişdir. Ümumilikdə Tərlanın ona 27.000 borcu var. Əlavə olaraq qeyd etmişdir ki, Tərlan ona qazancın 50%nin icarə haqqı, 20% özünə, 30% isə ona verəcəyini vəd etmişdi. Marketdə olan avadanlıqlardan soyuducunu və monitoru 3.300 manata satmışdır.
5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)- 3792/2024 saylı qətnaməsi ilə (hakim Əkrəm Qəhrəmanov) iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 19.430 manat məbləğində pul vəsaitinin və ödənilmiş 171 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 385.1-ci maddələrinə, Dövlət rüsumu haqqında qanunun 8.1.3-ci maddəsinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1, 185.5, 216-220, 227, 358, 360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən iddia tələbini tam araşdırmamışdır. Belə ki, iddiaçı özü aralarında olan sahibkarlıq münasibətinin nəticəsində həmin borcun yaranmasını iddia edir. Daha sonra isə verdiyi izahatında isə bildirir ki, həmin market 5 ay ərzində fəaliyyətdə olmuş və qazanc əldə edilmişdir. Yəni müqavilə öhdəliklərinə uyğun davranaraq həmin market işlədiyi dövr ərzində əldə etdikləri qazancı aralarında bölmüşlər. Bundan əlavə qeyd edilən marketin təmir işlərinə, onun yararlı vəziyyət gətirilməsinə xərclər çəkmişdir. İddiaçı isə öz iddiasında buna münasibət bildirməmişdir. Belə ki, razılaşmaya əsasən marketin fəaliyyət başlaması üçün gərəkən təmir və digər xərclərə 13000 manat ödədiyini qeyd edir. Bundan əlavə işdə olan iddiaçının izahatına uyğun olaraq 9500 manat dəyərində soyuducu almışlar. Daha sonra isə kondisioner almışlar və onun dəyəri də 500 manat təşkil etmişdir. Digər tərəfdən iddiaçı özü izahatında bildirir ki, o onlara məxsus soyuducu və monitoru 3300 manata satmışdır. Halbuki həmin əşyaların bugün bazar dəyəri, 7000 manat təşkil edir. Digər tərəfdən onu da qeyd edir ki, marketin işləməməsinə səbəb market ətrafında aparılan yol bərpa işləridir. Belə ki, iddiaçının özünün də bildirdiyi kimi 5 ay ərzində heç bir problem olmadan market işləmiş və müqavilə onunla bağlandığı üçün həmin müddət ərzində işçilərin əmək haqqlarını cavabdeh ödəmişdir. Yəni aralarında olan razılaşmaya əsasən həmçinin xərclər ödənmişdir. Ancaq qarşı tərəf özünün də etiraf etdiyi kimi aralarında olan razılaşmada ancaq gəlir üzrə ortaq olduğunu düşünür. Onu da qeyd edir ki, hazırda həmin fəaliyyətləri ilə bağlı 17000 manat dəyərində vergi borcu da yaranmışdır. Cavabdehin razılığı olmadan iddiaçı o olmadığı zaman marketi işlətmiş və işçilərin ödənişlərini etməmişdir. Bununla bağlı da ödənişləri cavabdeh etmək məcburiyyətində qalmışdır. Bu məbləğ 3000 manat məbləğin üzərində təşkil edir. Bütün bunları nəzərə aldıqda əslində iddiaçının cavabdehə borclu olduğu ortaya çıxır. Ancaq iddiaçı onu məhkəməyə verib əsassız qətnamə qəbul edilməsinə nail olmuşdur. Qətnamədəndə göründüyü kimi iddiaçı etiraf edir ki, cavabdehlə onun arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı şifahi əqd mövcud olmuşdur. Belə ki, Araz Marketin fəaliyyətindən əldə edəcəkləri gəlirin 50 faizini icarə haqqı, 30 faizinin iddiaçıya verilməsi və 20 faizinin ona qalması şəklində iradə ifadəsi etmişdirlər. Bu baxımdan iddiaçının belə bunu etiraf etməsinə baxmayaraq məhkəmənin aralarında olan münasibətləri bəsit borc münasibətləri və dəymiş zərər kimi qiymətləndirməsi əsassızdır. Məhkəmə aralarında olan münasibəti sahibkarlıq fəaliyyətindən irəli gələn fəaliyyət kimi dəyərləndirməli və iş üzrə araşdırmanı dərinləşdirməli idi. Ancaq məhkəmə heç bir ətraflı araşdırma aparmadan, iddianı təmin etmişdir. Bu da özlüyündə hüququn həyata keçirilməsini istisna etmişdir. İddiaçı məhkəmədə ifadəsində bildirir ki, aralarında olan razılaşmaya əsasən qazancdan iddiaçıya 30 faiz və ona 20 faiz olmaqla ödəniş edilməli idi. İddiaçı bunu bildirdiyi halda nədənsə xərc hissəsində bunu nəzərə almır. İddiaçının özünün dediyi kimi market 5 ay ərzində işləmiş və daha sonra yaranan çətinliklə bağlı fəaliyyətini dayandırmışdır. Bütün bu zaman kəsiyində sahiblarlıq fəaliyyətinin təbii axarının nəticəsi olaraq gəlir və xərcləri olmuşdur. Sahibkarlıq fəaliyyətinin subyekti kimi müqavilə cavabdehlə bağlanmış və bütün fəalliyətlər onun tərəfindən rəsmiləşdirilmişdir. Bütün fəaliyyət dövründə marketdə işləyən işçilərin əmək haqqlarının verilməsi, vergi öhdəliklərindən doğan ödənişlərin edilməsi və.s fəaliyyətlər onun tərəfindən həyata keçirilmişdir. Nəticə etibari ilə yuxarıda qeyd etdiyi kimi marketin borcu yaranmışdır. Bir ortaq kimi qarşılıqlı öhdəlik müqabilində iddiaçının bu məbləği ödəməsi təbii haldır. Fəaliyyətləri ilə bağlı necə ki, cavabdeh tərəfindən işçilərə ödəniş edilib, vergi ödənişləri həyata keçirilib və bu nə qədər təbiidirsə, eynilə ortaq fəaliyyəti nəticəsində yaranmış borcun iddiaçı tərəfindən ödənilməsi də o qədər təbiidir. Nəticə etibari ilə məhkəmə bunları diqqətə almalı, fəaliyyətləri əsasında yaranmış xərcgəlir fərqini hasablamalı və ədalətli qərar qəbul etməli idi. Məhkəmə isə iddiaçının onların sahibkarlıq fəaliyyəti nəticəsində bu borcun yaranmasını etiraf etmiş olmasını belə nəzərə almamış, sanki, yalnız iddiaçının bütün xərcləri qarşıladığı qənaətinə gəlib əsassız qətnamə qəbul etmişdir. Bu da işin faktiki hallarını ətraflı araşdırılmamasıdır.
9. Daha sonra Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə əlavə təqdim edərək qeyd etmişdir ki, Xəzər Rayon Məhkəməsində işə baxılarkən məhkəmə işi hər tərəfli araşdırmamışdır. Belə ki, məhkəmə ilkin olaraq şəxsin iddiai ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olub olmaması barədə məsələni araşdırmalı idi. Məhkəmə bunu araşdırmamış və birbaşa qərar qəbul etmişdir. İşdə mövcud olan ipoteka haqqında müqavilədən görünür ki, X4, cavabdeh və “Araz Supermarket MMC arasında ipoteka müqaviləsi bağlanmışdır. İddiaçı iddia ərziəsi ilə məhkəməyə müraciət edərkən biznes fəaliyyətinin nəticəsi kimi qalmış kəsiri ödəyərək həmin ipotekada olan əmlakı ipotekadan çıxarmağa çalışdığını qeyd edir. Həmin müqavilənin ləğvi üçün Cavabdeh da iştirak etməli olduğunu, ancaq onu tapa bilməməsi səbəbi ilə bunun mümkün olmadığını bildirir. Qeyd edilən ifadədən o anlaşılır ki, təmin edilmiş iddia tələbinin 13430 manatlıq hissəsi həmin əmlakın ipotekadan çıxarılması üçün edilən ödənişdir. Həmin ödənişin tələb edilməsi üçtərəfli müqavilədə tərəf olan X1 hüququdur. Yəni "xxxx" MMC-dən İddiaçı tərəfindən 13430 manat ödənişin ödənildiyinə dair arayış verilmiş olsa da həmin ödəniş əmlakla bağlıdır və orada müqavilənin tərəfi olan Kərimova Təranə iddiaçı ola bilərdi. Ancaq məhkəmə buna aydınlıq gətirməmiş və iddia tələbini həmin hissədə təmin etmişdir. Bundan başqa məhkəmə işə baxarkən tərəflər arasında olan münasibətləri müəyyən etməmişdir. Belə ki, iddiaçı tələbin dəymiş zərərin ödənilməsi ilə bağlı tələb kimi irəli sürsə də daha sonra öhdəliklərlə əlaqələndirmişdir. Məhkəmə tərəflər arasında yaranmış pul münasibətlərinin hansı əsasla yarandığını müəyyən etməmişdir. İddiaçının iddia ərizəsində göstərdiyi kimi tərəflər arasında münasibətlər sahibkarlıq fəaliyyəti ilə bağlı olmuşdur. Sahibkarlıq fəaliyyəti ilə bağlı münasibətlər müzakirə mövzusu olarsa burada tərəflərin risk daşıma nüansı da önəmlidir. Belə ki, tərəflər qazanc əldə etməyi düşündükləri zaman qoyduqları əmlakla risk daşıyırlar. Yəni bu sahibkarlıq fəaliyyətindən qazanc əldə edə biləcəkləri kimi zərərə də düşə bilərlər. Bunu tərəflərin ehtimal etməsinə real inam var. Bu baxımdan qazanc əldə etmək kimi ziyanla da qarşılaşmanı ehtimal edirlər. Nəticə etibari ilə tərəflər yalnız qazancda deyil, ziyanda da ortaq olurlar. İddiaçının özünün də dediyi kimi cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirib marketi açmışdır. 5 aydan sonra təmir işləri əlaqədar satış dayanmışdır və nəticədə ziyan olmuşdur. İddiaçı tələbini AR MM-nin 21-ci maddəsi ilə əsaslandırmışdır. Onun yanaşmasına əsasən Tərlanla olan iş birliyinə görə ona zərər dəymişdir. Qanunvericiliyin tələblərinə əsasən dəymiş zərərlə bağlı zərər vurmuş şəxsin hərərkətləri ilə dəymiş zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İddiaçı tələbini zərərlə əlaqələndirsə də nə iddia ərizəsində cavabdehin hansı əməlinin ona zərər vurmasına dair bir açıqlama var, nə də məhkəmə öz qətnaməsində buna dair bir mövqe qoymuşdur. Sırf cavabdehin əlində olmayan səbəblərdən, yəni yol təmir işləri səbəbindən marketin normal iş rejimi dayanmış və nəticədə biznes fəaliyyəti baş tutmamışdır. Nəticə etibari ilə cavabdehin zərər vurmada heç bir təqsiri olmadığı halda onun iddiaçıya zərər vurması düşüncəsi absurd yanaşmadır. Məhkəmə işə baxarkən 19430 manat məbləğə dair sübutların olduğunu və bu hissədə iddianın təmin edilməsinin mümkünlüyünü bildirir. Ancaq məhkəmə qətnamədə mövcud olan iddiaçı tərəfindən cavabdehə məxsus əmlakların satılması ilə bağlı əldə etdyi 3300 manat ödənişə dair məlumata belə münasibət bildirməyib. Halbuki, iddia təmin edilsə belə həmin məbləğ ümumi məbləğdən çıxılmalı idi. İddiaçı iddia tələbində "xxxx" MMC, cavabdeh və özü arasında ipoteka müqaviləsi bağlandığını iddia etsə də əslində həmin müqavilə üzrə O, yalnız təmsilçi olmuşdur. O, həmin müqavilənin tərəfi olmamışdır. Bundan başqa qeyd edilən biznes fəliyyətin obyektiv səbəblərdən davam etməməsi səbəbindən cavabdehin indi də 13537.06 manat borcu yaranmışdır. Birgə biznes fəaliyyəti ilə bağlı görülən işlər üçün yaranan vegi borcu da birlikdə ödənməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
13. 5.3-cü maddəsinə əsasən Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
14. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
15. 21.1-ci maddəsinə əsasən “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın”
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3- cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı Mülki Prosessual Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı sübutlarla əsaslandırır. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997- ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
17. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Maddə 384.0.3. apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər;
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etsə də, iddia qismən təmin edildiyindən qətnamə iddianın təmin edilən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-3792/2024 saylı qətnaməsi dəyişdirilməli, Cavabdeh İddiaçı xeyrinə tutulmalı olan məbləğ 16.230 manat müəyyən edilməlidir.
25. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
26. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
27. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
28. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən Cavabdeh 6.000 manat məbləğində ödəniş edilmişdir. Eyni zamanda Cavabdeh "xxxx" MMC tərəfindən hesablanmış kəsir borcunun 13.430 manat hissəsi İddiaçı tərəfindən ödənilmişdir. Belə ki, İddiaçı Cavabdeh 27.000 manat məbləğində borcun tutulmasını tələb etsə də, borcun yalnız 13.430 manat və 6.000 manat hissəsini sübut etmişdir. Məhkəmə yalnız ona təqdim edilmiş sübutları araşdırmağa haqlıdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, İddiaçı xeyrinə Cavabdeh 19.430 manat məbləğində borc tutulmalıdır.
29. Kollegiya məhkəmə tərəfindən müəyyən edilmiş borcun 13.430 manat hissəsi ilə razılaşmaqla qətnaməni həmin hissədə qanuni və əsaslı hesab edir. Belə ki, iş materiallarından da göründüyü kimi Cavabdeh "xxxx" MMC tərəfindən hesablanmış kəsir borcunun 13.430 manat hissəsi İddiaçı tərəfindən ödənilmişdir.
30. Kollegiya digər borc məbləğinə 6000 manata münasibətdə hesab edir ki, iddiaçının məhkəmə kollegiyasının iclasında verdiyi izahatdan müəyyən edilir ki, soyuducunun mühərrikinin pulundan yəni 6000 manatdan 3.200 manat məbləğində pul mühərrik qaytarıldıqda ona verilmişdir. Göstərilən hal iddiaçı tərəfindən etiraf edildiyindən və sübuta yetirildiyindən işin mübahisəsiz halıdır. Belə olan halda kollegiya hesab edir ki, qətnamə bu hissədə dəyişdirilməli və cavabdehdən 2800 manat pul tutularaq iddiaçıya ödənilməlidir.
31. Kollegiya apellyasiya şikayətinin tərəflər arasındakı münasibətlərin borc münasibəti deyil sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə olması və iddiaçının subyektiv hüququ olmaması dəlillərinə münasibətdə hesab edir ki, iş materialları ilə İddiaçı tərəfindən Cavabdeh 6.000 manat məbləğində ödəniş edilmiş, daha sonra 3.200 manat məbləğində pul mühərrik qaytarıldıqda iddiaçıya verilmişdir. Cavabdeh tərəfindən bu hissədə 2800 manat borc ödənilməmiş hesab edilir. Eyni zamanda Cavabdeh "xxxx" MMC tərəfindən hesablanmış kəsir borcunun 13.430 manat hissəsi İddiaçı tərəfindən ödənilmişdir. Göründüyü kimi qeyd olunan məbləğlər borc qismində verilmişdir. Cavabdeh bunun sahibkarlıq fəaliyyətini olduğunu qeyd etsə də, pulun verilməsi qarşılığında nəzərdə tutulan fəaliyyətin nəticəsi əldə edilməmişdir.
32. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
33. Mülki Məcəllənin 425.1-ci maddəsində göstərilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
34. Mülki Məcəllənin 385.1-ci maddəsində qeyd edilmişdir ki, Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3- cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı Mülki Prosessual Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı sübutlarla əsaslandırır. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997- ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.
36. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
37. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
40. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
41. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumları apellyatorun özünə aid edilməlidir.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-3792/2024 saylı qətnaməsi dəyişdirilsin. Cavabdeh 16.230 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (elektron qaydada) kassasiya şikayəti verilə bilər.