Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4857/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli 2(011)-1061/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 16 mart 2020-ci il tarixli kredit müqaviləsi üzrə 19062,87 manat əsas borc, 1427,15 manat faiz borcu və 77,4 manat cərimə borcu olmaqla, ümumilikdə 20567,42 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16 mart 2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 16 mart 2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 19 faizlə 36 ay müddətinə 19500 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 01 oktyabr 2020-ci il tarixədək Cavabdeh banka 16 mart 2020-ci il tarixli kredit müqaviləsi üzrə 19062,87 manat əsas borc, 1427,15 manat faiz borcu və 77,4 manat cərimə borcu olmaqla, ümumilikdə 20567,42 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli 2(011)-1061/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16 mart 2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 19062,87 manat əsas borc, 1427,15 manat faiz borcu, 1 manat cərimə olmaqla, ümumilikdə 20490,02 manat məbləğində pul vəsaitinin və dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun alınaraq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinin şərtlərinə görə hər ay 715 manat ödəməsinə baxmayaraq hazırkı pandemiya şəraitində aylıq 250 manat məbləğində ödənilməsi barədə bankla razılığa gəlinmişdir. Bu razılaşmaya baxmayaraq, bank onu xəbərdarlıq etmədən məhkəməyə vermiş, məhkəmə proseslərindən məlumatı olmadığına görə məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini, iddiaçının nümayəndəsi isə şikayətin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli 2(011)-1061/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 16 mart 2020-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh bankdan kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq barədə öhdəlik götürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Cavabdehin 01 oktyabr 2020ci il tarixə banka 19062,87 manat əsas borc, 1427,15 manat faiz borcu və 77,4 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 20567,42 manat borcu yaranmışdır. Cavabdehə borc barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qqismən təmin etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, borcun hər ay 250 manat məbləğində ödənilməsi barədə bankla razılığa gəlməsi haqqında cavabdeh məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan əlavə, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmadığına görə məhkəmə iclaslarında iştirak etməməsi barədə cavabdehin dəlili həqiqətə uyğun deyil. Belə ki, iş materiallarında olan məhkəmə bildirişlərindən və poçt reyestrlərindən görünür ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, məhkəmə baxış iclasında iştirak etmiş və borcu qismən etiraf etməsi barədə məhkəməyə 16 fevral 2021-ci il tarixli yazılı ərizə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli 2(011)-1061/2021 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4857/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4857/2021
22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver