Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4857/2022 24.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh3 vəkili Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin cavabdehdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutlması, müqaviləyə xitam verilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-1676/2017 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 24 iyul 2014-cü il tarixli 240714/156290 №-li krediti müqaviləsinə əsasən iddiaçı tərəfindən illik 26% ödənilməsi şərtilə 36 ay müddətinə Cavabdeh1 20500 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. Götürülmüş kredit üzrə İddiaçı ASC ilə cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 arasında 2014-cü il tarixli, 240714/156290 saylı zaminlik müqavilələri bağlanmışdır.
3. xx.xx.2016-cı il tarixli maliyyə arayışına görə Cavabdeh1 maliyyə arayışının tərtib edildiyi tarixə 13267 ABŞ dolları əsas borc, 6127 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu vardır.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ASC-nin “Əməliyyat” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli № 240714/156290 saylı kredit müqaviləsinə xitam verilməsinə, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 13267 (on üç min iki yüz altmış yeddi) ABŞ dolları əsas borcun, 6127 (altı min bir yüz iyirmi yeddi) ABŞ dolları faiz borcunun, 500 (beş yüz) ABŞ dolları cərimə borcu olmaqla cəmi 19894 (on doqquz min səkkiz yüz doxsan dörd) ABŞ dolları pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1676/2017 nömrəli, xx.xx.2017ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 24 iyul 2014-cü il tarixli № 240714/156290 saylı kredit müqaviləsinin ləğv edilməsi, 13267 (on üç min iki yüz altmış yeddi) ABŞ dolları əsas borcun, 6127 (altı min bir yüz iyirmi yeddi) ABŞ dolları faiz borcunun, 50 (əlli) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19444 (on doqquz min dörd yüz qırx dörd) ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulub İddiaçı açıq səhmdar cəmiyyətinə verilməsi, iş üzrə tələb olunmuş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 25 (iyirmi beş) manatının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, 5 (beş) manatının isə İddiaçı ASC-yə aid edilməsi qət edilmişdir, iddia tələbi qalan hissədə təmin olunmamışdır.
6. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda öhdəliyinə uyğun olaraq tam ödəniş etməmişdir. Buna görə də sonuncu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə iddiaçıya olan əsas və hesablanmış faiz borclarını ödəməlidir. Eyni zamanda Cavabdeh1 oç üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda, miqdar ödəniş etsə də, sonradan ödəniş etməmiş və bununla da iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur, buna görə də tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilməlidir. Bundan başqa Cavabdeh1 əsas öhdəliyi lazımınca icra etmədiyindən iddiaçının digər cavabdehlər Cavabdeh2, Ağayev gəməndər Səməd oğluna və Cavabdeh4 qarşı da tələb hüququ yaranmışdır.
7. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 445.2.1, 462.1, 462.3, 467, 470.1, 472.1, 472 -ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh3 apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-1676/2017 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən cavabdehlərdən heç birini məhkəmə prosesinin vaxtı barədə xəbərdar etməmiş, yalnız İddiaçı ASC-nin təqdim etdiyi sənədlər əsasında qətnamə çıxarmışdır. Qətnamənin məzmunundan da aydın olur ki, Cavabdeh1 20.500 ABŞ dolları kredit borcundan 13.267 (on üç min iki yüz altmrş yeddi) ABŞ dolları əsas, 6.127 (altı min bir yüz iyirmi yeddi) ABŞ dolları faiz borcu qalmışdır. Məhkəmə bu məbləği İddiaçı ASC-nin məhkəməyə təqdim etdiyi maliyyə arayışı əsasında hesablamışdır. Halbuki, məhkəmə Cavabdeh1 tərəfindən ödənilmiş kreditin əsas və faiz məbləğinə iddiaçı tərəfindən düzgün hesablanıbhesablanmamasını müəyyən etmək üçün iş üzrə məhkəmə mühasibatlıq (qiymətlən dirmə barədə) ekspertizası təyin edib rəy almamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
13. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İşə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Apellyasiya baxışının hədləri
14. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyasiya şikayəti vermiş şəxsə münasibətdə yoxlanılması təşkil edir. İş materiallarından göründüyü kimi Cavabdeh3 tərəfindən şikayət verildiyindən qətnamə yalnız ona münasibətdə yoxlanılır.
15. Eyni zamanda nəzərə alınmalıdır ki, qətnamə iddiaçı tərəfindən də mübahisələndirilməmişdir və bu səbəblə iddia tələbinin təmin olunmayan hissəsi də apellyasiya baxışının predmeti deyildir.
16. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında da göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
19. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
20. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
22. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
23. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
24. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
25. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
26. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
27. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
28. 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
29. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-1676/2017 saylı qətnaməsi qismən, faiz borcunun tutulması hissəsində ləğv edilməklə, həmin hissədə iddia qismən təmin edilməli, 3.659,34 ABŞ dolları faiz borcu ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulub İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə ödənilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (yüz əlli) manat pulun 100 manatı İddiaçı ASC-dən, 50 manatı isə Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertizası Mərkəzinin hesabına köçürülməli, qətnamə qalan hissələrdə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarında olan aşağıdakı sübutları araşdırmışdır:
35. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 24 iyul 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən borcalana illik 26 faiz ödəmək şərti ilə 20500 ABŞ dolları məbləğində kredit verilmişdir.
36. Götürülmüş kreditin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 arasında 24 iyul 2014-cü il tarixli, 240714/156290 saylı zaminlik müqavilələri bağlanmışdır.
37. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli maliyyə arayışına əsasən məlum olur ki, Cavabdeh1 24 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə olan əsas borcu 13267 ABŞ dolları, 6127 ABŞ dolları faiz, 500 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 19894 ABŞ dolları borcu vardır.
38. Birinci instansiya məhkəməsi tərəfindən borcun məbləğinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilməmişdir.
39. İş materiallarında olan və apellyasiya instansiya məhkəməsində icraat zamanı təyin edilərək keçirilmiş edilmiş AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 17 oktyabr 2022-ci il tarixli, 9/6611 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir: a. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş hesabdan çıxarış məlumatları 24 iyul 2014-cü il tarixli 240714/156290 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2016-cı il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 16.926,74 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu-13.267,4 ABŞ dolları, faiz borcu-3.659,34 ABŞ dolları.
40. Məhkəmə kollegiyası rəyi vermiş ekspertin mühasibatlıq sahəsində xüsusi biliyinin olduğunu və rəydə müəyyən edilmiş məbləğin işin digər halları ilə uyğunluq təşkil etməsini nəzərə alaraq, həmin rəylə razılaşır və cavabdehlərin iddiaçıya 3.659,34 ABŞ dolları faiz borcunun qalmasını işin hallarına uyğun sayır.
41. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında kredit müqaviləsinin təminatı qismində zaminlik müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Qeyd olunan müddəaya əsasən iddiaçı və cavabdeh arasında müqavilə hüququ münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir.
42. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı (tələbkar) tərəfindən öhdəliklər yerinə yetirilmiş, kredit götürən cavabdeh (borclu) isə üzərinə düşən öhdəlikləri lazımı qaydada tam yerinə yetirməmişdir.
43. İşin araşdırılan hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının iddia tələbini əsas götürməklə cavabdehlərdən müştərək qaydada 13267 ABŞ dolları məbləğində əsas borcun tutulması barədə qənaəti düzgün olsa da, məhkəmə 6127 ABŞ dolları məbləğində faiz borcunun tutulması hissəsində iş üzrə düzgün nəticəyə gəlməmişdir.
44. Belə ki, apellyasiya şikayətinin dəlillərinin araşdırılması məqsədilə işin apellyasiya instansiyası məhkəməsində baxılması zamanı məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 17 oktyabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, çıxarış məlumatlarına əsasən 24 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 tərəfindən banka ödənilməli olan faiz borcu üzrə 3.659,34 ABŞ dolları müəyyən edilmişdir.
45. Həmin rəydə həmçinin əsas borcun məbləğinin 13.267,4 ABŞ dolları olması müəyyən edilmişdir, yəni bank tərəfindən təqdim edilmiş maliyyə arayışında qeyd olunan və məhkəmə tərəfindən təmin edilən əsas borcun məbləği ilə ekspert rəyində müəyyən edilən əsas borcun məbləği eynilik təşkil etmişdir, beləliklə müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxıldığı zaman əsas borcun məbləği həqiqətən də, qətnamədə göstərilən həcmdə, yəni 13.267,4 ABŞ dolları təşkil etmişdir.
46. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həmin zaman mövcud olmuş həqiqi hallarına uyğun olduğuna görə, apellyasiya şikayətində qeyd edilmiş hallar əsas borcun tutulması hissəsində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.
47. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir.
48. Beləliklə, iş materiallarını araşdıran məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-1676/2017 saylı qətnaməsi qismən, faiz borcunun tutulması hissəsində ləğv edilməklə, həmin hissədə iddia qismən təmin edilməli, 3.659,34 ABŞ dolları faiz borcu ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulub İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə ödənilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (yüz əlli) manat pulun 100 manatı İddiaçı ASC-dən, 50 manatı isə Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertizası Mərkəzinin hesabına köçürülməli, qətnamə qalan hissələrdə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385.1.1, 385.1.2, 385.1.4, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-1676/2017 saylı qətnaməsi qismən, faiz borcunun tutulması hissəsində ləğv edilməklə, həmin hissədə iddia qismən təmin edilsin. 3.659,34 ABŞ dolları faiz borcu ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə qalan hissələrdə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (yüz əlli) manat pulun 100 manatı İddiaçı ASC-dən, 50 manatı isə Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.