Məhkəmə qərarları › İş №2(103)-4857/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4857/2024

03.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4857/2024 03.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki iş üzrə (açar sözlər: alimentin məbləğinin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X5 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, 2(011)-3700/2024 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1 İddiaçı ilə Cavabdeh nikahından 1 uşaqları vardır: 27 dekabr 2011-ci il tarixdə anadan olmuş X3.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(011)- 2760/2012 nömrəli qətnaməsinə əsasən həmin məhkəmənin 20 iyun 2018-ci il tarixli, 2(011)-2337/2018 nömrəli qətnaməsinə əsasən tutulmalı olan alimentin məbləği dəyişdirilərək birgə nikahdan olan uşağın yetkinlik yaşına çatan qədər saxlanılması üçün 175 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aliment miqdarının artırılaraq 27 dekabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 17 aprel 2011-ci ildə qeyrirəsmi nikaha daxil olmuşlar. Onların faktiki nikahından 27 dekabr 2011-ci il tarixli X3 anadan olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli 2(011)- 2337/2012 nömrəli qətnaməsinə əsasən birgə nikahdan olan uşağın yetkinlik yaşına çatan qədər saxlanılması üçün 175 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hal-hazırda o, və cavabdeh ayrı-ayrı ünvanlarda yaşamaqla ayrı təsərrüfat aparırıq. Övladı onun himayəsindədir.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, 2(011)- 3700/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

6. Qətnamənin əsaslarına görə, 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78, 112-ci, "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanunun 13,19-cu, xx.xx.1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiyanın 15-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh qətnamədən şikayət verərək, qətnaməni ləğv edərək, iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Şikayətinin dəlillərinə görə, məhkəmə qərarında onun maddi vəziyyətində yaxşılığa doğru dəyişiklik olduğu barədə bir cümlə də olsa əsaslandırma olmamışdır. Əksinə məhkəmə baxışı zamanı heç bir yerdə işləmədiyi, boşandıqdan sonra yeni ailə həyatı qurduğu və iki övladının olduğu barədə kifayət qədər sübutlar təqdim etmişdir. Hesab edirik ki, Xətai Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2(011)-3700/2024 saylı qətnaməsi Mülki Prosessual Məcəllənin 385-ci maddəsində nəzərdə nəzərdə tutulan aşağıdakı əsaslara görə ləğv edilməlidir: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilmədiyi üçün, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması səbəbindən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi səbəbindən. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutlarırədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu qətnamədə əsaslandırmalı, sübutları əlaqələndirməli və araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Cavabdeh apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək qətnamə ləğv edilməklə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

12. İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar; Maddə 76.2. Təyin edilmiş alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; Maddə 78.1 Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

14. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında” Qanunu: Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ... uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.

15. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarı: “Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. ... - aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. - göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.”

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın rədd edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

20. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyinin birbaşa göstərişinə əsasən məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarı sonradan yalnız tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişdirilə bilər. Bununla belə, ölkədə uşaqlar üçün yaşayış minimumunun artırılması, əvvəlki məhkəmə qətnaməsi ilə tutulması qət edilmiş alimentin məbləğinin 175 manat olmasını, uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olduğunu nəzərə almaqla, birinci instansiya məhkəməsi tərəfindən alimentin məbləğinin dəyişdirilərək 235 manat məbləğdə müəyyən edilməsi ədalətli və qanuna uyğun hesab edilməlidir.

21. Bu mənada məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır.

22. Belə ki, cavabdehin real maddi vəziyyətinin aşağı olması onun valideynlik vəzifələrinin icrasından azad olmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqe də ondan ibarətdir ki, bu cür iddialara baxılarkən uşağın əvvəlki maddi təminatı səviyyəsinin qorunmasına diqqət göstərilməlidir.

23. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

24. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, 2(011)-3700/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, 2(011)-3700/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar