Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4858/2024 09.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, 2(011)-99/2024 nömrəli mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 iyun 2024-cü il tarixli qərardaddan Cavabdeh verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Eyni zamanda, o, “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermək qərarına gəlmiş, lakin sonradan ona məlum olmuşdur ki, müvafiq qanunvericiliyində edilmiş dəyişikliyə əsasən apellyasiya və kassasiya şikayəti “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə elektron qaydada və müəyyən olunmuş formada tərtib edilməklə verilməlidir. Bu səbəbdən cavabdeh “ASAN imza” əldə etmək, müvafiq qaydada və formada apellyasiya şikayəti tərtib etmək məcburiyyətində qalmışdır. Bu hərəkətləri etmək üçün müəyyən vaxt tələb olunmuş, buna görə cavabdeh apellyasiya şikayəti vermək üçün qanunla müəyyən olunmuş prosessual müddəti ötürmüşdür. Cavabdeh xahiş edir ki, müddətin ötürülməsinin səbəbi üzrlü hesab edilsin, ötürülmüş prosessual müddət bərpa edilərək, onun verdiyi apellyasiya şikayəti qəbul edilsin və baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin icraat qəbul edilməsi məsələsinə və “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla ərizənin rədd olunmasını, apellyasiya şikayətinin geri qaytarılmasını qərara almışdır. Cavabdeh həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və “buraxılmış prosessual müddətin bərpası barədə” ərizənin təmin edilməsini xahiş etmişdir Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və mülki iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş xx.xx.2024-cü il tarixli qərardad ləğv edilməli və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin icraat qəbul edilməsi məsələsinə və “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəyə baxılması üçün mülki iş Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Rayon Məhkəməsi apellyasiya şikayətinin qaytarılması barədə xx.xx.2024cü il tarixli qərardadını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsi apellyasiya şikayətinin məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə biləcəyini tələb edir. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən müəyyən edilir ki, Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixdə elektron məhkəmə informasiya sisteminə yerləşdirilmişdir. Mülki iş materiallarına əlavə edilmiş məhkəmə qəbzinə əsasən cavabdeh qətnaməni xx.xx.2024-cü il tarixdə məhkəmə qəbzinə imza etməklə rəsmi qaydada əldə etmiş, lakin xx.xx.2024-cü il tarixdə məhkəmə qətnaməsindən şikayət verməklə faktiki olaraq apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 1 aylıq müddəti 1 ay 4 gün müddətinə ötürmüşdür. Qeyd edilən hallar MPM-in 363-cü maddəsinə uyğun olaraq apellyasiya şikayətinin geri qaytarılması üçün müəyyən edilmiş əsaslardan biridir. Eyni zamanda cavabdeh apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürməsi ilə bağlı hər hansı ağlabatan izah verməmiş, üzrlü səbəblərlə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2021-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli 363-VİQD nömrəli Qanunu xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir. Həmin Qanunun 2.2-ci bəndinə görə, bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. MPM-in 10-1.3-cü maddəsində təsbit edilmişdir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin qeyd edilən hala bu qaydada yanaşması səhv olmuşdur. Çünki “Elektron Məhkəmə” İnformasiya Sistemindən müəyyən olunur ki, cavabdehin əvvəllər elektron kabineti olmamışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə elektron kabinet yaradaraq sistemdə qeydiyyatdan keçmiş və həmin gün də apellyasiya şikayətini elektron formada vermişdir. Odur ki, cavabdehin apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürməsi ilə bağlı hər hansı ağlabatan izah verməməsi ilə barədə qənaəti düzgün deyil. Cavabdehin faktiki olaraq apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 1 aylıq müddəti 1 ay 4 gün müddətinə ötürməsinin özünün şikayətində qeyd edilən səbəbdən üzrlü hesab edilib-edilməməsinə Rayon Məhkəməsi tərəfindən qiymət verilməmiş, bu istiqamətdə araşdırma aparılmamışdır. Bu baxımdan hesab edilməlidir ki, yaranmış və yuxarıda təsvir edilmiş hala Rayon Məhkəməsinin yanaşması və həmin hala münasibətdə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad əsaslı deyil. Odur ki, göstərilənləri nəzərə alan və MPM-in 397 və 398-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Cavabdeh şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 iyun 2024-cü il tarixli qərardad ləğv edilsin. Cavabdeh Xətai Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 15 mart 2024-cü il tarixli qətnamədən verdiyi apellyasiya şikayətinin icraat qəbul edilməsi məsələsinə və onun tərəfindən verilmiş “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəyə yenidən baxılması üçün iş Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-4858/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4858/2024
09.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver