Məhkəmə qərarları › İş №2(103)-4862/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4862/2023

10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4862/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi üzrə (Açar sözlər: borcun ödənilməsi, məhkəmənin çəkişmə prinsipini təmin etmə vəzifəsi, apellyasiya instansiyası məhkəməsində iddia müddətinin tətbiqi, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında 2013-cü ildən ticarət münasibətləri yaranmışdır.

2. Həmin münasibətlərdən borc qalığı olduğuna görə Qəmbərov X4 Rayon Polis İdarəsinə müraciət edərək, Cavabdeh ondan 41 560 manat dəyərində beton məhlulu alıb qaytarmadığını bildirmiş, həmin ərizə əsasında polis tərəfindən araşdırma aparılarkən, İddiaçı verdiyi izahatında Cavabdeh 2013-cü ildən tanıdığını, onunla dəfələrlə ticarət mübadiləsi apardığını, təxminən 120 000 manatlıq alverlərinin olduğunu, 2013-cü ildən 2014-cü ilədək Mahirə 41 560 manatlıq beton verdiyini, lakin pulunun ödənilmədiyini bildirmişdir.

3. Cavabdeh isə verdiyi izahatında İddiaçı 36 800 manat məbləğində qumçınqıl borcu qaldığını bildirmişdir.

4. Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqinin xx.xx.2017-ci il tarixli qərarı ilə Cavabdeh əməlində dələduzluq cinayətinin tərkibi müəyyən olunmadığından İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, tərəflərə mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilmişdir.

5. Cavabdeh (Karimov Makhir) Gürcüstan Respublikasının vətəndaşıdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (iddiaçı) xx.xx.2022-ci il tarixdə Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehə satdığı 41 560 manat dəyərində betonun pulunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolunda yerləşən beton zavodunda baş mühəndis işləyir və cavabdehi 2013-cü ildən tanıyır. Aralarında ticarət əlaqələri olmuşdur. Cavabdeh onun üçün qum-çınqıl gətirmiş, o isə cavabdehə beton vermişdir. Sonuncu dəfə cavabdehə 160 000 manat dəyərində beton satmış, cavabdeh həmin betonun dəyərinin 118 440 manatını ona qumçınqıl verərək ödəmiş, lakin yerdə qalan 41 560 manat pulu ödəməmişdir. Cavabdehin barəsində şikayət ərizəsi ilə Binəqədi Rayon Polis İdarəsinə müraciət etsə də, cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarda izahatı qeyd edilmiş cavabdeh ona borclu olduğunu etiraf etmişdir.

8. Birinci instansiya məhkəməsinin iclaslarında cavabdeh iştirak etməmiş, iddia tələbinə qarşı yazılı etiraz və mülahizə də bildirməmişdir.

9. Məhkəmənin 01 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 36 800 manatın tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

10. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

10.1. İş materiallarında olan xx.xx.2017-ci il tarixli cinayət işinin rədd edilməsi barədə qərardan göründüyü kimi, Cavabdeh izahat verərək bildirmişdir ki, Qənbərov İlqarı 2013-cü il tarixdən tanımışdır. İlqar Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolunda yerləşən Beton zavodunun müdiri vəzifəsində işləmişdir. İlqarla barter yolu ilə alverləri olmuşdur. Belə ki, dəfələrlə İlqardan beton götürmüş, 50 faizinin pulunu vermiş, qalan 50 faizinin yerinə isə qum-çınqıl vermişdir. 2013-cü ildən 2014- cü ilədək o, “Qolden Rinq” şadlıq sarayının tikintisi ilə əlaqədar oranın müdriyyəti ilə danışmış və şadlıq sarayının tikintisi üçün ora beton vermişdir. İlqarla danışığa əsasən ondan 160 000 manata yaxın beton götürmüş, həmin pulun 80 000 manatını ona nəğd şəkildə vermiş, qalan puluna isə ona qum-çınqıl verməli olmuşdur. İlqara 40 000 manata yaxın qum-çınqıl vermiş, yerdə qalan hissəsini isə verə bilməmişdir. İlqara sonuncu dəfə 2016-cı ilin sonunda 7000 manat məbləğində qum-çınqıl vermişdir. Lakin sonradan Bakı-Quba yolu ilə hərəkət edən yük avtomobillərinin tonnajı azaldığı üçün və 22 tondan yuxarı yük aparamağa icazə verilmədiyindən müvəqqəti olaraq İlqara qum-çınqıl apara bilməmişdir. Bir neçə dəfə İlqara qum-çınqıl vermiş, lakin sonradan İlqar ondan qum yox, pulun ödənilməsini istəmişdir. Hazırda İlqara 36 800 manat məbləğində qum-çınqıl borcu qalmışdır. 10.2. Beləliklə məlum olur ki, tərəflər arasında bağlanmış şifahi müqaviləyə əsasən iddiaçı cavabdehə 160 000 manat məbləğində beton vermiş, cavabdeh isə betonun dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürmüş olduğu öhdəliyi tam icra etməyərək almış olduğu betonun dəyərini tam ödəməmişdir. İddiaçı hazırda cavabdehin ona 41 560 manat borcu olduğunu irəli sürsə də, cavabdehin xx.xx.2017-ci il tarixli cinayət işinin rədd edilməsi barədə qərarda vermiş olduğu izahatında İddiaçı 36 800 manat borcu olduğunu etiraf etmişdir. 10.3. Belə olan halda iddia tələbi qismən, yalnız cavabdehin etiraf etdiyi hissədə təmin edilməlidir. Belə ki, iddiaçı cavabdehin ona 36 800 manat deyil, 41 560 manat məbləğində borcunun qalmasını irəli sürsə də, borcun məbləğini təsdiq edəcək mötəbər sübutlar təqdim etməmişdir.

11. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 567-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 88, 107, 119.1 və 217.4-cü maddələrinə istinad etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Qətnamədən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxmış, bu səbəbdən cavabdeh məhkəmədə öz dəlillərini və etirazlarını deyə bilməmişdir. Məhkəmə nəzərə almamışdır ki, cavabdehin iddiaçıya heç bir borcu yoxdur. Ümumiyyətlə, borcla bağlı iş materiallarında heç bir mötəbər sübut yoxdur. Əslində iddiaçı tərəfindən cavabdehə pul verilməli idi ki, o da öz növbəsində qum-çınqıl və şeben versin. İstintaq orqanı tərəfindən cavabdeh tərəfindən verilmiş ifadələr təhrif edilmiş və düzgün yazılmamışdır. Tərəflər arasında münasibətlər 2013-cü ildə olmuşdur. İddiaçı tərəfindən borcu təsdiq edən heç bir fakt və sənəd təqdim olunmayıb. Məhkəmə heç bir müqaviləyə və fakta əsaslanmadan qətnamə çıxarmışdır.

14. Apellyasiya şikayəti ilə birlikdə cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, iddiaçı tərəfindən iddia edilən şifahi müqavilə tələbləri üzrə üç illik iddia müddəti buraxılmışdır. Belə ki, tərəflər arasında münasibətlər 2013-cü ildə olmuşdur, belə olan halda iddia müddəti keçdiyi üçün iddia təmin edilə bilməz.

15. Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək şikayətin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, cavabdehin məhkəmə prosesləri ilə bağlı məlumatı olmamış, icra şöbəsindən məktub gəldikdən sonra qətnaməni qəbul etmiş, icradan təsadüfən məlumatı əldə etmişdir. Cavabdehin qeydiyyata alındığı evin kimə məxsus olduğunu bilmir, cavabdeh 2020-ci ildə həmin ünvandan qeydiyyatdan çıxmışdır.

16. Apellyasiya baxışında iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul etmədiyini, cavabdehin miqrant olduğunu, Azərbaycan Respublikasında yaşamadığını, cavabdehin qeydiyyatda olduğu evin qayınanasına məxsus olduğunu, məhkəməyə müraciət edəndə cavabdehin ona zəng edərək onu nə üçün məhkəməyə verdiyini soruşduğunu bildirmişdir. İddiaçı həmçinin qeyd etmişdir ki, məhkəməyə gec müraciət etməsinin səbəbi, cavabdehin ona borcu hissə-hissə qaytaracağını deməsi olmuşdur.

17. Apelyasiya instansiyası məhkəməsi, cavabdehin Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqinin xx.xx.2017-ci il tarixli qərarında olan izahatının təhrif edilməsi barədə dəlilini araşdırmaq üçün həmin araşdırma materialının məhkəməyə göndərilməsi barədə sorğu vermiş, sorğuya Binəqədi Rayon Polis İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla verilən cavabda bildirilmişdir ki, İddiaçı ərizəsi əsasında toplanmış materialın saxlama müddəti 3 il olduğundan, material məhv edilmişdir.

18. Bakı Apellyasiya Məhkəməsinin 13 fevral 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, apellyasiya şikayətində cavabdeh tərəfindən polis idarəsində verilmiş izahatının təhrif edildiyi və düzgün yazılmadığı bildirilsə də, cavabdeh həmin qərarı mübahisələndirməmişdir, hazırkı vəziyyətdə də material məhv edildiyi üçün bunu müəyyən etmək mümkün deyildir.

20. Məhkəmə kollegiyası cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə qeyd etmişdir ki, “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında Plenumun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasları barədə bildirişlər sifarişli məktublarla cavabdehin xx.xx.2020-ci il tarixində qeydiyyata alındığı ünvan 1 ünvanına göndərilmişdir. Cavabdehin apellyasiya şikayətinə əlavə edilmiş “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması barədə” xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh yenə də həmin ünvanda qeydiyyata alınmış, qəbul edən tərəf İldırım Kərimov olmuşdur.

21. Məhkəmə kollegiyası vurğulamışdır ki, iddiaçı 2017-ci ildə polis orqanlarına şikayət edərkən artıq hüququnun pozulduğunu bilmiş və məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etməklə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Bununla belə, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi təmin edilə bilməz, çünki cavabdeh eyni ünvanda mütəmadi qeydiyyata alındığı üçün məhkəmə iclaslarından məlumatlı olmadığı inandırıcı deyildir. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən də mülki-prosessual qanunvericiliklə onun üzərinə düşən vəzifə yerinə yetirilmiş, yəni cavabdeh lazımi qaydada məhkəmə iclasları barədə məlumatlandırılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.2, 375.2, 385.1, 386.1, 442 və 567-ci maddələrinə istinad etmişdir.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qərarı ilə cavabdehin nümayəndəsinin (vəkilinin) kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 13 fevral 2023-cü il tarixli qətnaməsi ləğv olunaraq iş yeni apelyasiya baxışına qaytarılmışdır.

24. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına görə, tərəflər arasında bağlanmış şifahi müqaviləyə əsasən iddiaçı cavabdehə 160 000 manat məbləğində beton vermiş, cavabdeh isə betonun dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüş, lakin öhdəliyini tam icra etməmiş və iddiaçıya 36 800 manat borcu qalmışdır. Göründüyü kimi tərəflər arasında yaranmış mübahisə alqı-satqı münasibətlərindən irəli gəlir. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də iddianın həllinə haqlı olaraq Mülki Məcəllənin alqı-satqı münasibətlərini tənzimləyən müddəalarını tətbiq etmişdir. Məhkəmə kollegiyası bu hissədə apelyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı hesab etsə də, cavabdehin birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməməsi barədə dəlilləri üzrə araşdırması və bununla bağlı əsaslandırması ilə razılaşmır. ...Məhkəmə bildirişi rəsmi təqdim olunmalı olan sənəddir və MPM-nin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda rəsmi qaydada verilmiş hesab edilir. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin rəsmi qeydiyyat yeri kimi qəbul etdiyi ünvana xx.xx.2022-ci il tarixli (səh. 18-22), xx.xx.2022-ci il tarixli (səh.32-34) bildirişlər göndərilmişdir. Lakin həmin bildirişlərin cavabdehə təqdim olunması barədə nəticəyə gəlməyə əsas verən MPM-nin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallar müəyyən edilmir. Həmçinin birinci instansiya məhkəməsi SMS vasitəsi ilə xx.xx.2022-ci il tarixdə (səh. 12) və xx.xx.2022-ci il tarixdə cavabdehin adına 70 ******* nömrəli mobil telefona bildiriş göndərmişdir. Lakin həmin telefon nömrəsinin cavabdehə aidliyi barədə işdə sübut yoxdur. Cavabdehin apelyasiya şikayətində qeyd etdiyi telefon nömrəsi isə başqa nömrədir. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, “cavabdehin apellyasiya şikayətinə əlavə edilmiş “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması barədə” xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh yenə də həmin ünvanda qeydiyyata alınmış, qəbul edən tərəf İldırım Kərimov olmuşdur”. “Cavabdeh eyni ünvanda mütəmadi qeydiyyata alındığı üçün məhkəmə iclaslarından məlumatlı olmadığı inandırıcı deyil”. Qeyd olunmalıdır ki, cavabdeh əcnəbidir və əcnəbilərin Azərbaycan Respublikasında qeydiyyatı və ünvanı qanunvericiliklə dəqiq tənzimlənir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanuna görə yaşayış yeri Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - xüsusi nümunəli vəsiqə əsasında, Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi nümunəli qərar əsasında müəyyən edilir. Həmin qanunun 11-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21-ci maddəsi ilə müəyyən edilmiş müddətdə və qaydada olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21.5-ci maddəsinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı müddətlərə qeydiyyata alınırlar: viza əsasında gələnlər vizada göstərilən qalma müddətinə; viza tələb olunmayan qaydada gələnlər - 90 gün müddətinə. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinə cavabdehin ünvanı barədə sübut kimi təqdim olunmuş Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli arayışında cavabdehin sonuncu dəfə olduğu yer üzrə qeydiyyata alınması barədə xx.xx.2020-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etdiyi və ünvan 2 ünvanda qeydiyyata alındığı göstərilir. Lakin məhkəmə Miqrasiya Məcəlləsinin 21.5-ci maddəsində müəyyən edilmiş müddətlər baxımından işə birinci instansiya məhkəməsində baxılarkən həmin ünvanda olduğuna dair sübut tələb etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdehə məhkəmə bildirişinin rəsmi təqdim edilməsini təsdiq edən sübutlar olmadığı halda, apelyasiya instansiya məhkəməsinin “birinci instansiya məhkəməsi tərəfindən mülki-prosessual qanunvericiliklə onun üzərinə düşən vəzifə yerinə yetirilmiş, yəni cavabdeh lazımi qaydada məhkəmə iclasları barədə məlumatlandırılmışdır” qənaəti əsassızdır və daha çox ehtimallara söykənir. ...İddia müddətinin tətbiq edilməsi barədə cavabdeh tərəfindən apelyasiya icraatında verilmiş ərizənin həlli bağlı məsələyə aydınlıq gətirərək məhkəmə kollegiyası bildirir ki, apelyasiya instansiyası haqlı olaraq “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə istinad etmiş və bildirmişdir ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. Göründüyü kimi cavabdehin birinci instansiya məhkəməsində iştirakının təmin edilməməsi barədə dəlilinin araşdırılması cavabdehin adi etiraz dəlillərinin araşdırılması baxımından deyil, iddia müddətinin tətbiq edilməsi kimi mühüm hüququn reallaşdırılması baxımından da önəmlidir. Nəzərə alınmalıdır ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. MPM-nin 9.1ci, 14.1-ci, 88-ci maddələrində müəyyən edilmiş prinsip və göstərişlərə ümumilikdə, MPMin müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bu tələblərə riayət edilmədən çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

d) Təkrar apellyasiya baxışı, izahatlar, sorğular və alınmış cavablar

25. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətini Ali Məhkəmənin qərarında göstərilənlərə istinadla müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçı isə əvvəlki apellyasiya baxışı zamanı verdiyi izahatla eyni məzmunda izahat verərək şikayətin əsassız olduğunu bildirmişdir.

26. Təkrar apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin göstərişləri istiqamətində araşdırma aparılması məqsədilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə, Dövlət Sərhəd Xidmətinə və GSM telefon operatorlarına sorğular göndərilərək müvafiq cavablar alınmışdır.

27. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin sorğuya verdiyi cavabda, Gürcüstan Respublikasının vətəndaşı, xx.xx.1975-ci il təvəllüdlü Makhır Karımovun (pasport № 10 AB57482) 2013-cü ildən 2023-cü ilə qədər olan dövrdə olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı müraciət tarixləri və müraciətlərində göstərdiyi əlaqə nömrələri (telefon nömrələri) barədə məlumatlar əks olunmuşdur. Həmin məlumatlardan görünür ki, Makhır Karımov 2021-ci ilin dekabrından ünvan 1 ünvanına qeydiyyata alınmış, əlaqə (telefon) nömrəsi kimi 050 205 55 81 nömrəsini göstərmiş, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə müvafiq müraciətlə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və eyni telefon nömrəsini qeyd etmiş, növbəti dəfə sözügedən ünvana qeydiyyata düşmüşdür.

28. Dövlət Sərhəd Xidmətinin sorğuya verdiyi cavabda əks olunan məlumatlara görə, Gürcüstan Respublikasının vətəndaşı, xx.xx.1975-ci il təvəllüdlü Karımov Makhır xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasını tərk edərək xx.xx.2022-ci il tarixdə Azərbaycana qayıtmış, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasını tərk edib xx.xx.2022-ci il tarixdə geri dönmüşdür.

29. "xxxx" MMC-nin sorğuya verdiyi cavabda göstərilmişdir ki, 070 707 03 00 mobil telefon nömrəsi xx.xx.2012-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan X3 məxsusdur və nömrədə addan-ada qeydiyyat aparılmayıb.

30. "xxxx" MMC-nin sorğuya verdiyi cavabda göstərilmişdir ki, 050 205 55 81 mobil telefon nömrəsi xx.xx.2005-ci il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olan X2 adına qeydiyyata alınmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

32. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

33. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

34. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

35. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

36. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

37. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

38. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

39. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

40. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

41. Maddə 598.3. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi

42. Maddə 21.5. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı müddətlərə qeydiyyata alınırlar: 21.5.1. viza əsasında gələnlər - vizada göstərilən qalma müddətinə; 21.5.2. viza tələb olunmayan qaydada gələnlər - 90 gün müddətinə.

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunu

43. Maddə 3. Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 3) Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində — xüsusi nümunəli vəsiqə. 4) Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi nümunəli qərar.

44. Maddə 11. Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21-ci maddəsi ilə müəyyən edilmiş müddətdə və qaydada olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

45. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

46. Maddə 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin.

47. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

51. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

52. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Madə 138.1. Məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir.

54. Maddə 138.2. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəmə bildirişi vasitəsilə xəbərdar edilir.

55. Maddə 134.1. Məhkəmə işdə iştirak edən şəxslərə aşağıdakı məhkəmə sənədlərini rəsmi qaydada verməlidir: ...134.1.4. məhkəmə bildirişini.

56. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.

57. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.

58. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

59. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

60. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

61. Maddə 387.2.2. İşə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

Apellyasiya baxışının həddi

62. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

63. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

65. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Çünki birinci instansiya məhkəməsi iddiaçının iddiasını qismən təmin etmiş olsa da, həm cavabdehin apellyasiya şikayətində ifadə olunmuş dəlillərə əsasən mübahisə predmeti bölünməz xarakter almışdır, həm də cavabdeh prosessual pozuntuların olduğunu irəli sürmüşdür.

66. Kollegiya həmçinin qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

67. Apellyasiya şikayətinin əsas dəlillərindən biri çəkişmə hüququnun pozulması, cavabdehin ümumiyyətlə məhkəmə prosesi barədə məlumatlandırılmamış olmasıdır; bu arqument isə birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusuna yol verib-vermədiyinin araşdırılmasını zəruri edir.

68. İş materiallarında cavabdehin məhkəmə prosesi barədə məlumatlandırılmış olduğuna dair heç bir sübut yoxdur. Belə ki, onun həmin dövrdə qeydiyyatda olduğu ünvana bildirişlər göndərilsə də, bildirişlərin ünvana çatdırılıb-çatdırılmadığı məlum deyildir. Xüsusilə qeyd olunmalıdır ki, cavabdehə 2 dəfə - xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində bildiriş ünvanlanmışdır - Dövlət Sərhəd Xidmətinin cavab məktubunda əks olunan məlumatlarla cavabdehə göndərilmiş bildirişlərin tarixləri müqayisəli təhlil edildikdə isə aydın olur ki, o, birinci bildirişin poçta verildiyi tarixdən 3 gün sonra ölkəni tərk etmiş, ikinci bildirişin göndərildiyi və bundan sonra qətnamənin çıxarıldığı tarixdə isə ümumiyyətlə Azərbaycanda olmamışdır. Cavabdehə aid olduğu bildirilən və SMS-bildirişin göndərildiyi 070 707 03 00 telefon nömrəsinin ona məxsus olması da sübuta yetirilməmişdir.

69. Qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir, iş materiallarından isə cavabdehin məhkəmə iclasının vaxtı və yeri haqqında məlumatlandırılmış olduğu müəyyən edilmir. Beləliklə də məhkəmə, iclasların yeri və vaxtı barədə cavabdehi lazımi qaydada məlumatlandırmadan işə baxmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur.

70. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan hal birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək, işə işdə olan sübutlar əsasında və cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsi də nəzərə alınmaqla mahiyyəti üzrə baxılmalıdır. Nəzərə alınmalıdır ki, məhz şərh olunan pozuntu sayəsində cavabdeh iddia müddətinin tətbiqi haqqında ərizəsini birinci instansiya məhkəməsinə təqdim etmək imkanından məhrum olmuşdur.

71. Kassasiya instansiyası məhkəməsinin də vurğuladığı kimi, tərəflər arasında yaranmış mübahisə alqı-satqı münasibətlərindən irəli gəlir – hansı ki, iddiaçının özünün bildirdiyinə görə bu münasibət 2013-2014-cü illərdə yaranmış, həmin münasibətdən cavabdehin ona ödənilməmiş borcu qalmışdır.

72. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair dəlil əsaslıdır və hazırki işdə iddia müddətinin axımı tərəflər arasında öhdəlik münasibətlərinin icrası müddətinin başa çatdığı 2017-ci ildən hesablanmalıdır. Başqa sözlə, hazırkı iddia üzrə iddia müddəti 2017-ci ildən sonra keçən 3 ilin sonunda bitmişdir, iddiaçı isə ərizə ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etdiyinə görə iddia müddəti ötürülmüş hesab edilməlidir.

73. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsi bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

74. “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarında əks olunan hüquqi mövqeyi nəzərə almaqla kollegiya hesab edir ki, cavabdehin birinci instansiya məhkəməsində iştirak etməyərək iddia müddətinin tətbiq olunmasına dair ərizə verməmiş olması onun özündən asılı olmayan səbəblərdən baş vermişdir və buna görə də iddia müddətinin ötürülmüş olmasına dair verdiyi ərizə apellyasiya instansiyası tərəfindən nəzərə alınmalıdır.

75. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh nümayəndəsinin (vəkilinin) apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3735/2022 saylı iş üzrə 01 iyul 2022-ci il tarixli qətnanməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbi təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunsun. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar