Məhkəmə qərarları › İş №2(103)-4863/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4863/2020

26.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4863/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Abbasov Mirzəli Abdüləli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, iş üzrə tərəflərin iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onun tərəfindən cavabdehə ilkin ödəniş kimi verilmiş 1.000 manat məbləğində pulun və hazırki iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzinin – 30 manatın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, tanışı olan cavabdeh ilə xx.xx.2019-cu il tarixdə razılığa gəlmişdir ki, cavabdeh özünə məxsus olan və ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 102,3 kv.metr olan qeyri-yaşayış sahəsini 150.000 manata iddiaçıya satacaq. Cavabdeh, qeyri-yaşayış sahəsininin sənədlərini iddiaçıya təqdim etmiş, iddiaçı da, aralarında olan razılığa əsasən cavabdehə ilkin ödəniş kimi 1.000 manat pul vermişdir. Lakin sonradan iddiaçı qeyri-yaşayış sahəsinin ölçülərini yoxlatmış və müəyyən edilmişdir ki, tikilinin sahəsi 102,3 kv.metr deyil, 70 kv.metrdir. İddiaçı bu barədə iradını cavabdehə bildirmiş və qeyri-yaşayış sahəsini artıq almaq istəmədiyini bildirmiş və ödədiyi 1.000 manatın qaytarılmasını xahiş etmişdir. Lakin cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, cavabdeh məhkəmə baxışı iclasında iştirak edərək, çıxış etmiş və sübutlar təqdim etmişdir. Lakin buna baxmayaraq, məhkəmə aktında onun iştirak etmədiyi qeyd olunmuşdur. Bundan başqa Rayon Məhkəməsi cavabdeh tərəfindən təqdim olunmuş sübutlara hüquqi qiymət verməmişdir. Cavabdeh apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, qeyri-yaşayış sahəsinin ölçüsünün 102,3 kv.metr deyil, daha az olması ona məlum olmamış, qeyri-yaşayış sahəsinə dair verilmiş “Texniki pasportda” qeyri-yaşayış sahəsinin ölçüsünü 102,3 kv.metr olması göstərilmişdir. Buna görə də, o, iddiaçıya məhz həmin ölçü barədə məlumat vermişdir. Bu məsələdə onun təqsiri olmadığı üçün, o, hesab edir ki, iddiaçının ona qarşı irəli sürdüyü iddia rədd edilməlidir. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, o, iddiaçı ilə aralarında olan razılığa görə xərc çəkərək həmin sahəyə sayğaclar quraşdırmışdır. Apellyasiya baxışında iştirak edən iddiaçı isə şikayətin dəlillərinə etiraz edərək, iddia ərizəsinin məzmununa və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. O, bildirdi ki, qeyri-yaşayış sahəsinin alğı-satqısı ilə bağlı cavabdeh ilə onun arasında söhbət zamanı cavabdeh bildirmişdir ki, qeyri-yaşayış sahəsinin əlavə tikililər ilə birlikdə olan ümumi sahəsi təxminən 103 kv.metrdir. Bu ölçü onu qane etdiyi üçün o razılamışdır. Lakin sonradan bəlli olmuşdur ki, orada olan tikili, əlavə tikililər ilə birlikdə cəmi 70 kv.metrdir. Bu ölçü isə onu qane etmir. Odur ki, o xahiş edir ki, cavabdehə ilkin ödəniş kimi verdiyi 1.000 manat cavabdeh tərəfindən ona qaytarılsın. Məhkəmə, mülki işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, tərəflərin məhkəmələrə verdiyi izahatlardan işin mübahisəsiz halı kimi müəyyən edilir ki, iddiaçı cavabdehə məxsus obyekti almaq qərarına gəlmişdir. Bu razılaşma zamanı cavabdeh tərəfindən iddiaçıya qeyri-yaşayış sahəsinin ümumi ölçüsünün 102,3 kv.metr olması barədə məlumat verilmişdir. Cavabdeh ilə razılığa gəldikdən sonra iddiaçı tərəfindən cavabdehə ilkin ödəniş kimi 1.000 manat məbləğində pul ödənilmişdir. Bundan sonra iddiaçı həmin qeyri-yaşayış sahəsini ölçdürmüş və müəyyən edilmişdir ki, qeyri-yaşayış sahəsinin əlavə tikililər ilə birlikdə olan ölçüsü 70 kv.metrdir. Bunu müəyyən etmiş iddiaçı hesab edir ki, cavabdeh onu aldatmış və bu səbəbdən də, həmin məbləği ona qaytarmalıdır. Cavabdeh isə iddiaya etiraz edərək bildirir ki, o, iddiaçını aldatmamışdır. O qeyriyaşayış sahəsinin 102,3 kv.metr ölçüdə olduğunu sahəyə dair verilmiş “Texniki pasporta” əsasən bildirmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı bildirir ki, apellyasiya baxışı iclasında cavabdeh tərəfindən Məhkəməyə təqdim edilmiş xx.xx.1998-ci il tarixdə tərtib edilmiş “Texniki pasportdan” görünür ki, həmin sənəddə ölçü kimi qeyd edilmiş “102,3 kv.metr” tikintinin deyil, torpaq sahəsinin ölçüsüdür. “Texniki pasporta” tikintinin ölçüsünün 102,3 kv.metr olması barədə hər hansı qeyd yoxdur. Orada mövcud olan (qanuni) tikintinin ümumi ölçüsü 32,5 kv.metr göstərilmişdir. Cavabdeh mübahisəli qeyri-yaşayış sahəsinin 102,3 kv.metr ölçüdə olmasını təsdiq edə biləcək sübutları Məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehin arasında əldə olunmuş razılıq cavabdehin təqsiri üzündən pozulmuşdur. Belə olan halda iddiaçının cavabdehə ilkin ödəniş kimi verdiyi 1.000 manat məbləğində pulun cavabdehə qalmasının hüququ əsası yoxdur. Cavabdeh həmin məbləği özündə saxlamaqla əsassız olaraq varlanmışdır. Rayon Məhkəməsi də, bunları müəyyən edərək iddianı təmin etmişdir ki, bu kimi nəticə qanuni və əsaslıdır. Çünki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Apellyasiya şikayətində cavabdeh həmçinin göstərir ki, o, məhkəmə baxışı iclasında iştirak edərək, çıxış etmiş və sübutlar təqdim etmişdir. Lakin buna baxmayaraq, Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamədə onun iştirak etmədiyi qeyd etmiş, onun təqdim etdiyi sübutlara qiymət verməmişdir. Apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, apellyasiya şikayətinin qətnamənin əsaslılığına qarşı yönəlmiş bu dəlili əsassızdır. Belə ki, iş materiallarından görünür ki, MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və işə mahiyyəti üzrə baxaraq iş üzrə qətnamə qəbul etmişdir. Bununla bağlı Məhkəmə qeyd edir ki, işdə iştirak edən şəxslər və nümayəndələr protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər (MPM; maddə 273.). Protokola dair qeydlərə onu imzalamış hakim və ya iş üzrə sədrlik edən baxır, qeydlərlə razılaşarsa, onların düzgünlüyünü təsdiq edir, razılaşmadıqda isə onların tamamilə və ya qismən rədd edilməsinə dair əsaslı qərardad çıxarır. Hər bir halda qeydlər işə əlavə edilir (MPM; maddə 274.1.). İş materiallarından görünür ki, cavabdeh məhkəmə iclas protokollarına dair qeyd verməmişdir. Belə olan halda hesab edilməlidir ki, cavabdeh məhkəmə iclas protokolunun mətninin düzgünlüyü ilə razılaşmışdır. Apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar