Məhkəmə qərarları › İş №2(103)-487/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-487/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-487/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, cavabdeh ləğv prosesində olan QSC “xxxx” KB-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankının üçünçü şəxs kimi qeyd olunduğu cavabdeh ləğv prosesində olan QSC “xxxx” KB-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-28/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh ləğv prosesində olan QSC “xxxx” KB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankının üçünçü şəxs kimi qeyd olunduğu cavabdeh ləğv prosesində olan QSC “xxxx” KB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla QSC “xxxx” KB arasında xx xxxxxx 2008-ci il tarixində bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Azərbaycan Respublikasının Mərkəzi Bankın Mərkəzləşdirilmiş kredit reyestrində aparılmış qeydlərin etibarsız hesab edilməsi və həmin qeydlərin reyestrdən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2008-ci il tarixli, ********** saylı kredit müqaviləsinin bağlanmasına yönəlmiş heç bir iradə ifadəsinin olmamış və bu səbəbdən QSC “xxxx” KB-nin İddiaçı aid analitik hesabdan 01yanvar 2000-ci il tarixdən xx xxxxxx 2016-cı il tarixədək olan çıxarışda göstərilmiş həmin müqavilə, onun əsasında Mərkəzləşdirilmiş kredit reyestrində aparılmış qeydlər etibarsızdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli qiyabi qətnaməsi ilə həmin tələblər təmin edilmiş, lakin cavabdehin nümayəndəsinin ərizəsi əsasında məhkəmənin xx xxxx 2016-cı il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilərək, işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı ilə QSC “xxxx” KB arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli, ********** saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Azərbaycan Respublikasının Maliyyə X1 Mərkəzləşdirilmiş kredit reyestrində aparılmış qeydlərin etibarsız hesab edilməsi və həmin qeydlərin reyestrdən silinməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh ləğv prosesində olan QSC “xxxx” KB apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Səbail Rayon Məhkəməsi verilmiş analitik hesabdan çıxarışa görə QSC “xxxx” KB tərəfindən həmin müqavilə əsasında İddiaçı verilmiş 30450 manat məbləğində kredit borcu xx xxxx 2008-ci il tarixində tam ödənildiyi qənaətinə gəlmişdir. Lakin qarşı tərəf həmin kreditin ödənilməsinə dair heç bir sübut təqdim edə bilməmişdir. İş materiallarında olan analitik hesabdan çıxarışdan görmək olar ki, İddiaçı cari hesab nömrəsi 38010A000200239 təşkil edir. xx xxxx 2008-ci il tarixində Bankda müəyyən problemli kreditlərin portfeli müştərilərin cari hesablarından **********00200 saylı tranzit hesabına köçürülmüşdür. Bu köçürülmə əməliyyatı sözügedən kreditin bağlanmasını deyil, Bankın bu və digər gecikmədə olan müştərilərinin problemli kredit portfelinin digər təşkilata satılması məqsədi ilə nəzərdə tululmuşdur. Lakin satış baş tutmadığından müəyyən müddətdən sonra (yəni xx xxxxxx 2008-ci il tarixində) həmin problemli kredit portfelinə daxil olan müştərilərin cari hesabları yeniləşmişdir. Birinci instansiya məhkəməsi isə analitik hesabdan çıxarışda göstərilən qeydləri araşdırmadan və hər hansı bir dəqiqləşdirmə aparmadan, mühasibatlıq ekspertizası təyin etmədən, yalnız öz mülahizəsi əsasında qətnamə çıxarmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2963/2020 saylı, xx xxx 2020-ci il tarixli qərarı ilə, kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 0912.2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış üçünçü şəxs Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin əvvəlki qətnaməsini o əsasla ləğv etmişdir ki, “... İddiaçı xx xxx 2007-ci il tarixli kredit müqaviləsi üzrə borcunu tam icra etdiyini, bununla da kredit müqaviləsi üzrə öhdəlikərinə xitam verildiyini göstərir. O, bildirir ki, borcun bir hissəsini ödədikdən sonra qalan hissəni ödəməyə imkanı çatmadığından həmin müqavilənin təminatı olan avtomobil bank tərəfindən satılmış və bununla da kredit tam bağlanmışdır. Cavabdeh iddiaya etiraz edərək bildirir ki, iddiaçının qalan borcu digər tranzıt hesaba köçürülmüşdür. Bu isə özüözlüyündə kredit müqaviləsi üzrə öhdəliyə xitam verilməsi anlamına gəlmir. Belə ki, bank gecikmədə olan müştərilərin kredit portfelinin digər təşkilata satılmasını nəzərdə tutmuş, lakin satış baş tutmadığından müştərilərin cari hesabları yenilənmişdir. Sübutetmə yükünün əsaslarını müəyyən edənAzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halların təsdiqi üçün cavabdeh bankda onun adına olan hesabdan çıxarışları təqdim etmişdir. İddiaçının adına olan həmin hesabdan çıxarış xx xxx 2007-ci il tarixdən xx xxxxxxx 2010-cu il tarixə qədər olan dövrü əhatə edir. Bununla bərabər, həmin çıxarışdan görünür ki, iddiaçının adına olan birinci hesab nömrəsi üzrə xx xxxx 2008-ci il tarixdə “kreditin tam bağlanması” göstərilsə də, bundan sonakı tarixlərdə də debet hesabına müvafiq məbləğlər mədaxil edilmişdir. Bundan sonra isə, xx xxxxxx 2008-ci il tarixdə iddiaçının adına ikinci hesab açılaraq müştərinin qalıq borcunun sistemə geri qaytarıldığı qeyd edilmişdir. Həmin hesab üzrə də, xx xxxxxxx 2010-cu il tarixə kimi debet hesabında əməliyyatlar aparılmış, yəni vaxtaşırı ödənişlər icra edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müqavilənin təfsirinin əsaslarını müəyyən edən 404-cü maddəsi ilə məhkəmənin müqavilə şərtlərini təfsir edilərkən tərəflərin iradə ifadəsinin həqiqi mənasını nəzərə almaq vəzifəsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası həmin normanın tələblərinə əsas tutaraq hesab edir ki, bankın borcluya kredit verməsi və borclunun həmin krediti qəbul etməsi mübahisələndirilmədiyi və verilmiş məbləğin tam ödənilmədiyi təsdiq edildiyi halda, qalan məbləğin yeni müqavilə üzrə rəsmiləşdirilməsi və həmin yazılı formanın təqdim edilməsi zəruri şərt deyildir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində iddiaçının kredit müqaviləsi üzrə borcunun müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmiş, apellyasiya məhkəməsi cavabdehin vəsatəti əsasında məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə qərardad qəbul etmiş, ekspert qarşısında xx.xx.2007-ci il tarixli kredit müqaviləsinə əsasən borcun mövcud olub-olmamasının, əgər mövcuddursa, kredit müqaviləsinin son müddətinə borc məbləğinin (əsas və faiz) müəyyən edilməsi barədə suallar qoyulmuşdur. xx xxxxxx 2019-cu il tarixli ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlərə (hesabdan çıxarış və s.) və məlumatlara əsasən xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı QSC “xxxx” KB-yə hər hansı (əsas və faiz) borcunun olması müəyyən olunmur. Yəni xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə verilmiş kredit tam şəkildə bağlanmışdır. Apellyasiya məhkəməsinin mötəbər sübut kimi qiymətləndirdiyi həmin ekspert rəyində tədqiqat aparılaraq xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə verilmiş kreditin tam şəkildə bağlandığı göstərilmişdir. Kredit müqaviləsi üzrə verilmiş borcun ödənilməsinin müəyyən edilməsi həmin borcun hansı faizlə və hansı müddətə verildiyinin, eyni zamanda həmin kredit üzrə qaytarılmış məbləğlərin hesablanmasını ehtiva edir. Halbuki, apellyasiya məhkəməsinin kredit müqaviləsi üzrə borcun tam ödənilməsi barədə nəticəyə gələrkən istinad etdiyi 2 vərəqi əhatə edən həmin ekspert rəyində yalnız ekspert qarşısına qoyulmuş sualları sadalanmaqla, ümumiyyətlə hər hansı tədqiqat aparılmamışdır. pellyasiya məhkəməsi iddiaçı tərəfindən götürülmüş kredit məbləğinin tam qaytarılması və ya onun istinad etdiyi kimi həmin borcun onun avtomobilinin satışı hesabına ödənilməsi barədə digər hər hansı sübut olmadığı halda, ümumiyyətlə əsaslandırılmayan həmin ekspert rəyi ilə kifayətlənmiş, cavabdeh bankın iddiaçının adına olan ikinci hesabın açılmasına əsas olan ikinci müqavilənin yeni müqavilə olmadığı və yeni öhdəlik yaratmadığ, həmin müqavilə üzrə iddiaçıya təkrar kredit verilmədiyi, həmin müqavilənin mövcud olan, ödənilməmiş qalıq borcuna dair öhdəlikləri əks etdirdiyi barədə dəlillərinə ümumiyyətlə hüquqi qiymət verməmişdir.”. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan QSC “xxxx” KB-nin 08/17646 saylı, xx xxxxxx 2015- ci il tarixli məktubundan görünür ki, QSC “xxxx” KB ilə İddiaçı arasında bağlanmış xx.xx.2007ci il tarixli, ********** saylı kredit müqaviləsinə əsasən avtomobilin alınması məqsədilə Bank tərəfindən İddiaçı 30.450 manat məbləğində kredit verilmişdir. Eyni zamanda həmin məktubda göstərilmişdir ki, həmin günə ümumi borc 16224,87 AZN təşkil edir. Birinci instansiya məhkəməsi baxışında iddiaçının etibarsız sayılmasını tələb etdiyi xx xxxxxx 2008-ci il tarixli,********** saylı kredit qovluğunu QSC “xxxx” KBdən tələb edilmiş, lakin bank tərəfindən məhkəməyə ünvanlanmış xx xxxxx 2016-cı il tarixli, 14/5421 saylı məktubda bankın arxivində həmin kredit qovluğunun əslinin aşkar edilmədiyi göstərilmişdir. İşin müəyyən edilmiş hallarına əsasən İddiaçı ilə QSC xxxx” KB arasında öhdəlik münasibətləri xx xxx 2007-ci il tarixli, İ202074307 saylı kredit müqaviləsi əsasında yaranmış və həmin öhdəliyə xx xxxx 2008-ci il tarixdə onun icrası nəticəsində xitam verilmişdir. Belə ki, işdə olan, analitik hesabdan çıxarışa görə, QSC “xxxx” KB tərəfindən həmin müqavilə əsasında İddiaçı verilmiş 30.450 manat məbləğində kredit borcu xx xxxx 2008-ci il tarixdə tam ödənilmişdir. Bununla belə, QSC “xxxx” KB tərəfindən iddiaçıya təqdim edilmiş analitik hesabdan çıxarışda İddiaçı ilə QSC “xxxx” KB arasında xx xxxxxx 2008-ci il tarixli, ********** saylı kredit müqaviləsinin bağlanmasına dair məlumat əks olunmuşdur. İlk apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlillərinə qiymət verilməsi eləcə də işin obyektiv həllinə nail olmaq üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. QSC “xxxx” KB ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli, ********** saylı kredit müqaviləsinə əsasən borc mövcuddurmu? 2. Əgər mövcuddursa, kredit müqaviləsinin son müddətinə borc məbləği (əsas və faiz) hansı miqdarda təşkil edir?. Təqdim edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 33457 saylı ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlərə (hesabdan çıxarış və s.) və məlumatlara əsasən xx.xx.2007-ci il tarixli, ********** saylı kredit müqaviləsi üzrə İddiaçı QSC “xxxx” KB-yə hər hansı (əsas və faiz) borcunun olması müəyyən olunmur. Yəni xx.xx.2007-ci il tarixli, ********** saylı kredit müqaviləsi üzrə verilmiş kredit tam şəkildə bağlanmışdır. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə,dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). . Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Kollegiya apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edən Ali Məhkəmənin qərarında göstərilənləri nəzərə alaraq, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, ekspert qarşısında “Mülki işin materiallarına əsasən, xx.xx.2007ci il tarixli, ********** saylı kredit müqaviləsi üzrə İddiaçı əsas və faiz borcu hansı məbləğlərdə olmuşdur?” sualı qoyulmuşdur. Ekspertizanın təyin edilməsi barədə qərardadda xüsusilə vurğulanmışdır ki, Ekspert rəyi verilərkən İddiaçı xx.xx.2007-ci il tarixli, ********** saylı kredit müqaviləsi üzrə qalıq borcunun xx.xx.2008-ci **********00200 tranzit hesabına, daha sonra xx.xx.2008-ci il tarixdə cari 38010A000000141 hesabına köçürülüb-köçürülmədiyi, xx xxxxxx 2008-ci il tarixli, ********** il tarixdə bağlanmış kredit müqaviləsinin xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə qalıq borca dair bağlanıbbağlanmıdığı araşdırılsın və bu araşdırmanın nəticəsində ekspert rəyi verilsin. Kollegiyanın ekspertlər qarşısında qoyduğu sual üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspert Mərkəzinin eskpertləri tərəfindən ətraflı araşdırma aparılmış və xx xxxxxx 2021-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, İş materiallarında olan İddiaçı “xxxx” ASC-də olan 38010A000200239 saylı cari hesabdan çıxarış məlumatlarında bank tərəfindən xx.xx.2007-ci il tarixdə İddiaçı cari hesabına xx.xx.2007-ci il tarixli,********** saylı kredit müqaviləsinə əsasən 30.450,00 manat köçürülmüş (kredit) və həmin məbləğ cari hesabdan bankın kassa hesabına köçürülmüşdür (yəni məxaric edilmək üçün (debet)). İddiaçı cari hesabına əsasən xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək kredit üzrə 38.746,26 manat məbləğində mədaxil edilmişdir ki (kredit), bank tərəfindən həmin məbləğin 293,60 manatı bank xərclərinə, 8002,66 manatı kredit üzrə faiz borcuna və 30.450,00 manatı kredit üzrə əsas borca silinmişdir (debet). İddiaçı cari hesabına xx.xx.2007-ci il tarixdən xx.xx.2008- ci il tarixədək ödənilmiş 38.746,26 manat məbləğində pul vəsaitinin 14.254,60 manatı bankın kassa hesabı ilə (1001 hesabı ilə), 24.491,66 manatı isə tranzit hesab vasitəsilə mədaxil edilmiş (4509 hesabı ilə) və kredit borcu tam ödənilmişdir. Yəni ki, İddiaçı xx.xx.2007-ci il tarixli, ********** saylı kredit müqaviləsi üzrə borcu tam ödənilib. İddiaçı “xxxx” ASC-də olan 38010A000200239 saylı cari hesabdan çıxarış məlumatlarında xx.xx.2008-ci il tarixdən sonra bankın kassa hesabı ilə (1001 hesabı ilə) 9.654,00 manat məbləğində mədaxil edilmişdir ki (kredit), həmin məbləğ tranzit hesaba (4509 hesabı ilə) köçürülmüşdür (debet). Bundan başqa iş materiallarında olan İddiaçı “xxxx” ASC-də olan 38010A000000141 saylı cari hesabdan çıxarış məlumatlarında bank tərəfindən xx.xx.2008-ci il tarixdə İddiaçı cari hesabına ********** saylı kredit müqaviləsinə əsasən 20.051,34 manat köçürülmüş (kredit) və həmin məbləğin 16.450,38 manatı 2501 (Ezamiyyələr üzrə hesablaşmalar - milli valyutada, Materiallar və ehtiyatlar - milli valyutada), 3.600,96 manatı 6301 (Rezident fiziki şəxslərə verilmiş kreditlər üzrə faiz gəlirləri - milli valyutada (debet)) hesaba köçürülmüşdür. Yəni ki, xx.xx.2008-ci il tarixli, ********** saylı kredit müqaviləsi üzrə İddiaçı 20.051,34 manat məbləğində pul vəsaiti verilməmiş və xx.xx.2007-ci il tarixli, ********** saylı kredit müqaviləsinin bağlanmasına yönəldilməmişdir. Həmin pul vəsaitinin yəni 20.051,34 manat məbləğinin İddiaçı verilməməsinə baxmayaraq, İddiaçı cari hesabına əsasən xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixədək kredit üzrə 6.500,00 manat məbləğində mədaxil edilmişdir ki (kredit), bank tərəfindən həmin məbləğin 2.478,59 manatı 6371 (fiziki şəxslər və fərdi sahibkarlara verilmiş kreditlər üzrə vaxtı keçmiş borclar üzrə faiz gəlirləri - milli valyutada, Vaxtı keçmiş digər kreditlər üzrə faiz gəlirləri -milli valyutada) hesabına, 194,94 manatı 6301 (Rezident fiziki şəxslərə verilmiş kreditlər üzrə faiz gəlirləri - milli valyutada) hesabına və 3.826,47 manatı isə xx.xx.2008-ci il tarixli, ********** saylı kredit müqaviləsi üzrə əsas borca silinmişdir (debet). Beləliklə, yuxarıda göstərilənlərə əsasən İddiaçı xx.xx.2007-ci il tarixli. ********** saylı kredit müqaviləsi üzrə qalıq borcunun xx.xx.2008-ci il tarixdə **********00200 tranzit hesaba və xx.xx.2008-ci il tarixdə 38010A000000141 saylı cari hesaba köçürülməməsi, həmçinin xx xxxxxx 2008-ci il tarixli, ********** saylı kredit müqaviləsinin xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə bağlanılmadığı müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən ekspertlər belə nəticəyə gəlmişlər ki, İddiaçı xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə borcu xx.xx.2008-ci il tarixədək tam ödənilmişdir. Göründüyü kimi İddiaçı ilə QSC “xxxx” KB arasında öhdəlik münasibətləri xx xxx 2007-ci il tarixli, İ202074307 saylı kredit müqaviləsi əsasında yaranmış və həmin öhdəliyə xx xxxx 2008-ci il tarixdə onun icrası nəticəsində xitam verilmişdir. Eləcə də məhkəmə araşdırması zamanı İddiaçı ilə QSC “xxxx” KB arasında xx xxxxxx 2008-ci il tarixli, ********** saylı müqavilə bağlanması, başqa sözlə iddiaçının bankla kredit müqaviləsi bağlamasına dair iradə bəyanı aşkar edilməmişdir. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri üzrə düzgün nəticəyə gəlməklə apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən, hər iki apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatlarınının dəyəri də məhz cavabdeh ləğv prosesində olan QSC “BankStandart” KB-dən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-28/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hər iki apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri olan 300 (üç yüz) manat pul cavabdeh ləğv prosesində olan QSC “BankStandart” KB-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, M/h- AZ85NABZ**********0003003944, SWİFT-BİK CTREAZ22) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar