Məhkəmə qərarları › İş №2(103)-4872/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4872/2022

25.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4872/2022 25.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: alimentin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi Rayon Məhkəməsinin 23 fevral 2018-ci il tarixli, 2(001)-2453/2018 saylı qətanməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq Cavabdeh 13 avqust 2007-ci il təvəllüdlü X3 və 13 yanvar 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı xeyrinə hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 23 fevral 2018-ci il tarixli, 2(001)-2453/2018 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 155 manat məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Təyin olunan bu məbləğ hazırda uşaqların yaşayış ehtiyaclarının təmin olunması üçün kifayət etmir. Ona görə ki, bu məbləğ olduqca azdır. Bu pulla övladlarının minimum xərclərini belə ödəyə bilmir. Məlumdur ki, "Yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunu”na əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 195 manat müəyyən müəyyən olunmuşdur. Göründüyü kimi, uşaqların saxlanılması üçün məhkəmə qərarı ilə hər uşağa görə müəyyən olunan 155 manat aliment onların dövlət tərəfindən müəyyən olunmuş ehtiyac meyarından da aşağıdır. Odur ki, bu xüsusat nəzərə alınaraq aliment məbləği artırılmalıdır.

Birinci instansiya məhkəməsində icraat

3. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-1984/2022 saylı qətnaməsi ilə (hakim İ.Əliyev) iddia qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-2453/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi, 13 avqust 2007-ci il təvəllüdlü X5 və 13 yanvar 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün 165 (yüz altmış beş) manat olmaqla, ümumilikdə 330 (üç yüz otuz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

4. Məhkəmə hesab etmişdir ki, yaşayış minimumunun artması alimentin də müvafiq qaydada artırılmasına birbaşa əsas deyildir, bu cür tələbə baxarkən yalnız uşağın təminat səviyyəsi deyil, alimenti ödəyənin maddi vəziyyəti də nəzərə alınmalıdır. Lakin aliment ödəyən şəxsin maddi vəziyyətində artırılması tələb olunan miqdarda dəyişiklik olmamışdır. Bundan başqa, məhkəmə müəyyən etmişdir ki, iddiaçı hər ay ödənilən alimenti müvafiq aylarda deyil, ilin yekununda bir neçə dəfəyə məxaric etmişdir. Buradan isə məhkəmə belə nəticəyə gəlmişdir ki, ödənilən alimentin uşaqların gündəlik yaşayış ehtiyaclarının təmin edilməsinə kifayət etməməsi barədə dəlili əsassız olmuşdur. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab etmişdir ki, iddia tələbi cavabdehin iddianı etiraf etdiyi həcmdə qismən təmin edilməlidir.

5. Məhkəmə öz mövqeyini AR Konstitusiyasının 17-ci maddəsinə, Birləşmiş Millətlər Təşkilatının X2 3-cü maddəsinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 4, 13, 19-cu maddələrinə, Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 112.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarına, Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

6. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(001)-1984/2022 saylı qətnaməsinin iddia tələbinin rədd edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədəki mövqedən göründüyü kimi, məhkəmə cavabdehin əmək haqqında 20 manat artımın olmasını onun maddi vəziyyətində dəyişikliyin olmaması kimi qəbul edərək alimentin məbləğinin iddia ərizəsində tələb olunan həddə artırılmasını məqsədəuyğun hesab etməmişdir. Məhkəmə maddi hüquq normasının tətbiqində və təfisirində səhvə yol vermişdir. Belə kİ, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8- 2/2016 saylı qərarının 8.2-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan RespublikasıQanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göründüyü kimi, həm Konstitusiya Məhkəməsinin Plenumunun, həm də Ali Məhkəmənin Plenumunun qərarlarında uşağın himayəsində olduğu valideynin digər tərəfdən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ müəyyən edilmişdir. Məhkəmə Plenumun qərarında göstərilən, “ ... alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır...“ müddəasına əsaslanaraq hesab etmişdir ki, cavabdehin maddi vəziyyətində dəyişiklik olmamışdır. Məhkəmə yenə səhvə yol vermişdir. Çünki, ilk öncə nəzərə almaq lazımdır ki, aliment ödəyənin işləyib-işləməməsi, eləcə də əmək haqqında artımın olub-olmaması onu qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etməməsi sözügedən qərarlarda açıq və anlaşılan şəkildə göstərilmişdir. Bu da o deməkdir ki, məhkəmənin istinad etdiyi müdəa minimum dolanacaq xərclərindən artıq məbləğdə alimentin artılması tələbini və ya alimentin azaldılması tələblərini əhatə edir. Belə olan halda, onun hazırkı mübahisəyə aidiyyəti yoxdur. İkincisi, məhkəmə cavabdehin maddi vəziyyətində dəyişikliyin olmadığını əsas götürərək iddia tələbini rədd etsə də, alimentin artırılmamasının (yaşayış minimumuna çatdırılmaması) uşağın təminat səviyyəsinə necə təsir edəcəyini nəzərə almamış, sadəcə aliment ödəyənin mənafeyindən çıxış etmişdir. Halbuki, qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, əslində minimum təminat səviyyəsini nəzərdə tutur. Ona görə də müəyyən olunan alimentin məbləğinin uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumundan az olması heç bir halda uşağın mənafeyinə uyğun hesab edilə bilməz. Bundan başqa, iddia tələbini rədd edərkən məhkəmənin öz mövqeyini ödənilən aliment məbləğlərini aybaay deyil, bir neçə dəfəyə hesabdan məxaric edilməsi ilə əsaslandırması da qanuni və əsaslı mövqe hesab edilə bilməz. Belə ki, aliment alanın aliment məbləğini hansı qaydada, neçə dəfəyə məxaric etməsi onun alimentə ehtiyacının olub-olmamasını müəyyənləşdirən meyar deyildir. Əsas olan aliment alanın alimenti məxaric edərək onu uşaqlar üçün istifadə etməsidir. Hamıya da bəllidir ki, ölkə üzrə azyaşlılar üçün müəyyən olunan 193 manat 15 və 11 yaşında olan azyaşlı uşaqların saxlanılması üçün yetərli məbləğ deyil. Bu yaşda olan uşaqların həm dolanacağı, həm də yaşına uyğun digər tələbatları təmin olunmalıdır. Ona görə də, alimentin artırılmasına dair iddianın məhz texniki səbəblərə görə rədd edilməsi barədə məhkəmənin gəldiyi mövqe tam əsassızdır. Digər tərəfdən “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanunu 03 dekabr 2021-ci il tarixdə təsdiq olunandan sonra ölkədə ciddi şəkildə bahalaşma müşahidə olunmaqdadır və bu hər kəsə bəlli olan haldır. Odur ki, hazırda həmin Qanunla müəyyən olunan 193 manatla bir uşağın 10 günlük tələbatını belə qarşılamaq mümkün deyil. Belə olan halda hakimin 15 yaşlı uşağın dolanacaq xərcini 165 manat müəyyən etməsi başa düşülən deyil.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə nikahı pozulduqdan sonra ikinci dəfə evlənmişdir, ikinci evlilikdən 2 uşağı var, 2 uşağı və arvadı onun himayəsindədir, ailənin tək dolandıranıdır, aliment təyin olunandan bəri əmək haqqında heç bir dəyişiklik olmamışdır, gəlirləri artsaydı, alimentin miqdarının artırılmasına razı olardı, aliment təyin olunan vaxtdan hər ay vaxtı-vaxtında ödəmişdir, hazırda da ödəməkdən boyun qaçırmır, birinci instansiya məhkəməsində araşdırma zamanı da müəyyən edildi ki, ödədiyi aliment iddiaçı tərəfindən istifadə olunmamış, iddiaçı uşaqların mənafeyini nəzərə almamışdır, qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi

10. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İşə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Apellyasiya baxışının hədləri

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

12. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

14. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin qismən, iddia tələbinin təmin edilməyən hissədə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

16. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən istənilən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

17. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

18. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

19. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

20. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

24. İşin araşdırılan hallarına əsasən müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından 13 avqust 2007-ci il təvəllüdlü X5 və 13 yanvar 2011-ci il təvəllüdlü X6 doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh 13 avqust 2007-cı il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2387/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş ümumilikdə 220 manat məbləğində alimentin miqdarının artırılaraq, xx.xx.2018-ci il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 155 manat olmaqla, ümumilikdə 310 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

25. İddiaçı apellyasiya şikayətində cavabdehin işləyib-işləməməsi və onun gəlirlərində artım olub-olmamasından asılı olmayaraq, minumum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsinin olduğunu göstərsə də, qeyd edilməlidir ki, ailə qanunvericiliyinin tələblərinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə, bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

26. Birinci instansiya məhkəməsində araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdehin maddi vəziyyətində alimentin müəyyən edilməsindən sonrakı dövrdə ciddi dəyişiklik baş verməmiş, onun əmək haqqında yalnız 2018-ci ildə cəmi 24 manat artım olmuşdur. O, Bakı Beynəlxalq Hava Limanında işləyir və aylıq əmək haqqı 644 manat təşkil edir. Bundan başqa müəyyən edilmişdir ki, tərəflər boşandıqdan sonra cavabdeh ikinci dəfə nikaha daxil olmuş və bu nikahdan onun iki uşağı dünyaya gəlmişdir. Bildirdiyinə görə, onun yoldaşı da işləmir və bütün ailə onun himayəsindədir.

27. Göründüyü kimi, alimentin məbləğinin sonuncu dəfə müəyyən edildikdən sonra cavabdehin maddi vəziyyətində nəinki yaxşılaşma olmuş, əksinə onun yenidən ailə qurması və himayəsində azyaşlı uşaqlarının olması obyektiv olaraq onun xərclərinin artmasına səbəb olmuşdur.

28. Beləliklə müəyyən edilir ki, iddiaçı hər uşaq üçün 200 manat məbləğində aliment tələb etsə də, cavabdeh bu məbləğdə alimenti ödəyə biləcək kifayət qədər maddi imkana malik deyildir.

29. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası bu qənaətə gəlir ki, hazırkı iş üzrə alimentin məbləği müəyyən edilərkən xeyrinə aliment tutulan uşaqların üstün mənafeyi ilə yanaşı, aliment ödəyən cavabdehin maddi vəziyyəti də nəzərə alınmalıdır.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Göstərilən qərarda Məhkəmə qeyd etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

31. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Göründüyü kimi, burada söhbət yaşayış minimumu həddində deyil, minimum dolanacaq xərclərinə yaxın məbləğdə aliment məbləğinin müəyyən edilməsindən gedir.

32. Kollegiya iş materiallarını apellyasiya şikayətinin dəlilləri əsasında araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş alimentin məbləği həm Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarındakı hüquqi mövqe baxımından, həm də qanunvericilikdə nəzərdə tutulduğu kimi tərəflərin maddi və ailə vəziyyətinin nəzərə alınması baxımından ədalətli olmuşdur.

33. Ona görə də, kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və qeyd edir ki, onlar formal mülahizələrə əsaslanmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin həqiqi hallarına və mövcud qanunvericilik normalarının (maddi və prosessual) tələblərinə uyğun olmuşdur.

34. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

35. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

36. Məhkəmə kollegiyası həmçinin izah edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

37. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi :

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-1984/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar