Məhkəmə qərarları › İş №2(103)-4874/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4874/2025

28.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4874/2025 28.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər:pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), X1 və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 28 oktyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə Cavabdeh arasında bağlanan 17 fevral 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh xx.xx.2015-ci il tarixədək qaytarmaq şərtilə 100000 manat faizsiz kredit vermiş, Cavabdeh isə aldığı krediti məcburi olaraq vaxtında ödəyəcəyi barədə öhdəlik götürmüşdür.

2. İddiaçı tərəfindən Bakı şəhəri 43 saylı notariat ofisində yazılan xx.xx.2024-cü il tarixli **********834 saylı ərizənin surətindən görünür ki, o, Cavabdeh tərəfindən ona dəymiş maddi və mənəvi ziyanın tam ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə bununla bağlı iddiasının olmadığını bildirmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh 17 fevral 2015-ci il tarixli kredit müqaviləsinin şərtlərinə vaxtında əməl etməməsi nəticəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanma qaydası ilə cavabdeh doqquz il müddətində illik beş faiz hesablanmaqla 45 000 (qırx beş min) manat, hüquqi yardım, mənəvi zərər üçün isə 5500 (beş min beş yüz) manat olmaqla, ümumilikdə 50500 (əlli min beş yüz) manat pulun və iddia ərizəsinə görə ödənilmiş 242 (iki yüz qırx iki) manat dövlət rüsumunun Cavabdeh tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında 17 fevral 2015-ci il tarixində kredit müqaviləsi bağlanmışdır. Qeyd edilən kredit müqaviləsi Bakı şəhəri, 27 saylı notariat kontorunda təsdiq edilmişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh 2 (iki) ay müddətinə 100 000 (bir yüz min) manat məbləğində faizsiz kredit vermişdir. Cavabdeh 100 000 (bir yüz min) manat məbləğində borcu iki ay ərzində ödəməyi öhdəsinə götürməsinə baxmayaraq ödəniş etməmişdir. Bundan sonra mən kredit müqaviləsi üzrə borcun alınması tələbi ilə xx.xx.2019-cu il tarixində iddia ərizəsi ilə aidiyyatı üzrə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-6863/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddia tələbim təmin olunaraq Cavabdeh kredit müqaviləsi üzrə 100 000 (bir yüz min) manat məbləğində pulun tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almış icra olunması üçün icraya yönəlmişdir. Cavabdeh barəsində bütün məcburi icra tədbirləri görülməsinə baxmayaraq o, icra sənədini qərəzli olaraq qəsdən icra etməmiş, ədalət mühakiməsinin mənafeyinə xələl gətirmiş və nəticədə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən cinayət işi başlanılmış, iş araşdırılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Cinayət işi Məhkəmənin icraatında olduğu zaman Cavabdeh xx.xx.2024-cü il tarixində borcunu ödəmiş və bununla bağlı Məhkəməyə ərizə ilə müraciət etmişdir. Göründüyü kimi, cavabdeh 2015-ci ildən başlayaraq doqquz il ərzində onun pulundan öz şəxsi ehtiyacları üçün istifadə etmiş, ona ziyan vurmuşdur. Halbuki, özü şəxsi biznes fəaliyyəti ilə məşğuldur, cavabdeh pulunu vaxtında qaytarmış olsaydı, həmin pul ilə biznes fəaliyyəti görüb pul qazanardı. Doqquz il ərzində məhkəmə üçün vəkilə çəkdiyim xərclər və mənəvi olaraq mənə dəymiş ziyanların ümumi dəyəri 5500 (beş min beş yüz) manatdır.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakim İ.Əliyev, iş №2(001)-3276/25) iddia qismən təmin edilmiş, Cavabdeh 45000 (qırx beş min) manat məbləğində pul vəsaitinin və 242 (iki yüz qırx iki) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi qət olunmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, hazırki iddianın hüquqi əsasını Mülki Məcəllənin 445.7-ci maddəsi təşkil edir və mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyasında isə qeyd edilmişdir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. MM-in 445.7-ci maddəsinin məzmunundan və Konstitusiya Məhkəməsinin Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, kredit müqaviləsi üzrə borc öhdəliyi gecikdirildikdə, borcun gecikdirilməsi faktının müəyyən olunması, müqavilə müddətinin bitdiyi tarixdə kreditorun gecikdirilmiş vaxt üçün MM-nin 445.7-ci maddəsində nəzərdə tutulmuş illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır. Bu səbəbdən də məhkəmə iddianı həmin hissədə əsaslı hesab edir. Hansı ki, tərəflər arasında bağlanan xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə borcalan öhdəliyini xx.xx.2015-ci il tarixinədək icra etməli olsa da, həmin tarixdən ən tezi xx.xx.2024-cü il tarixədək öhdəlik icra edilməmişdir. Odur ki, 9 il üçün illik 5 faizlə tutulmalı olan məbləğ 45000 manat təşkil edir. Məhkəmə iddianı digər hissələrdə əsassız hesab edir. Belə ki, iddiaçı hüquqi yardım göstərilməsi ilə bağlı vəsait xərclədiyinə görə ona maddi zərər vurulması barədə, o cümlədən mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini təsdiq edən hər hansı sübut təqdim etməmişdir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 427.4, 442, 443.1, 445.7, 448.1, 739-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının ona qarşı tələbinin hüquqi əsası yoxdur. Belə ki, İddiaçı xx.xx.2024-cü il tarixində Bakı şəhəri 43 saylı notariat ofisində yazılan **********834 saylı ərizəsində Cavabdeh tərəfindən ona dəymiş maddi və mənəvi ziyanın tam ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə bununla bağlı iddiasının olmayacağını bildirmişdir. Belə olan vəziyyətdə onun yenidən iddia qaldırması qanunsuzdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Cavabdeh və nümayəndələri məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.

12. İddiaçı isə məhkəmə kollegiyasının iclasında iştirak edərkən apellyasiya şikayətinin rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.

14. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

15. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarı Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı iddianın təmin olunan hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv olunmaqla iddia tələbi rədd edilməlidir.

20. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır.

21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin halları ilə bağlı hər hansı araşdırma aparılmamış və işdə olan sübutlara Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 88-ci maddəsi baxımından düzgün hüquqi qiymət verilməmişdir.

22. Belə ki, işin araşdırılan hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanan 17 fevral 2015-ci il tarixli kredit müqaviləsi ilə İddiaçı Cavabdeh xx.xx.2015-ci il müddətinə 100000 manat faizsiz kredit vermiş, Cavabdeh isə aldığı krediti məcburi olaraq vaxtında ödəyəcəyi barədə öhdəlik götürmüşdür.

23. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6863/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh 17 fevral 2015-ci il tarixli müqavilə üzrə 100.000 manat borc və 30 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

24. Eyni zamanda, iş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)- 279/2024 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən (Cinayət Məcəlləsinin 306-cı maddəsinin “qeyd” hissəsində nəzərdə tutulmuş hallar müəyyən edildiyindən) cinayət məsuliyyətindən azad edilmiş və həmin cinayət işi üzrə icraata xitam verilmişdir.

25. Məhkəmə həmin qərarda öz mövqeyini onunla əsaslandırmışdır ki, işdə olan zərər çəkmiş şəxs İddiaçı imzası notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən Cavabdeh borcunu tam ödəmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur, onlar barışmışlar.

26. Məhkəmə bu halı və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6863/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin tam icra edildiyini nəzərə alıb hesab etmişdir ki, Cavabdeh Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeyd hissəsində nəzərdə tutulmuş hallar müəyyən edildiyindən cinayət məsuliyyətindən azad edilməli və həmin cinayət işi üzrə icraata xitam verilməlidir.

27. Cavabdeh apellyasiya şikayətinin əsas dəlili də birinciyi instansiya məhkəməsinin həmin notarial ərizəyə sübut kimi qiymət verilməməsi ilə bağlıdır.

28. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cinayət mühakimə icraatı çərçivəsində təqsirləndirilən şəxslə barışması, ona qarşı heç bir şikayəti və tələbinin olmaması ilə bağlı ərizəsi də mülki qaydada ziyan tələbinə baxılarkən tərəflərin qarşılıqlı münasibətlərinin müəyyən edilməsi baxımından hüquqi qiymət verilməli məsələdir.

29. Məlumdur ki, cinayət mühakimə icraatı çərçivəsində zərəçəkmiş şəxsin təqsirləndirlən şəxslə barışması və ona dəymiş ziyanı ödəməsi cəzanı yüngülləşdirən hallardan biridir. Cinayət işləri üzrə ədalət mühakiməsini həyata keçirən məhkəməyə zərərçəkən şəxsin belə bir bəyanı ədalət mühakiməsini düzgün həyata keçirilməsinə təsir edən amildir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, cinayət mühakimə icraatının hər bir iştirakçısı öz hüquqlarını və vəzifələrini vicdanla yerinə yetirməli, öz hərəkətlərinin məsuliyyətini dərk etməli, yaratdığı nəticələri qəbul etməlidir.

30. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

31. Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir.

32. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cinayət prosesində zərərçəkən şəxsin təqsirləndirilən şəxslə barışması və ona qarşı hər hansı şikayət və tələbinin olmaması barədə məhkəməyə təqdim etdiyi və qanuni qüvvəyə minmiş hökmdə cəza təyin edilərkən nəzərə alınan ərizəsi bu şəxslər arasında həmin vaxta qədər mövcud olmuş tələblərin qarşılıqlı güzəştlər əsasında həll olunması kimi qiymətləndirilməlidir.

33. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, bu oxşar mövqe vahid məhkəmə təcrübəsini müəyyən edən Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3351/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında da öz əksini tapmışdır.

34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsiplər, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından birinci instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticəsi düzgün deyildir

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

36. MPM-ə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır (maddə 385.1.1, 385.1.4). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (maddə 386). Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur (390).

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni Cavabdeh 45000 (qırx beş min) manat məbləğində pul vəsaitinin və 242 (iki yüz qırx iki) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası həmin hissədə də təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar