Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4875/2021 01.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Elsun Canməmməd oğlu Bəyalıyevin katibliyi, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6171/2020 saylı, 19 noyabr 2020ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, İMEİ kodu **********58674 olan “Samsung Galaxy A6 Plus” markalı telefon və “Panasonic” markalı ev telefonu üçün 618 (altı yüz on səkkiz) manat məbləğində ödənilməmiş hissə və 62 (altmış iki) manat məbləğində cərimə borcu olmaqla, cəmi 680 (altı yüz səksən) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 710 (yeddi yüz on) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış 19.06.2019-cu il tarixli müqaviləyə əsasən sonuncu İMEİ kodu **********58674 “Samsung Galaxy A6 Plus” markalı telefon və “Panasonic” markalı ev telefonu almış nəticədə 680 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 672 manat (6 ay x 112 manat + 6 manat ilkin ödəniş), İMEİ kodu **********58674 “Samsung Galaxy A6 Plus” markalı telefon və “Panasonic” markalı ev telefonu üçün ümumilikdə 680 manat olmaqla, ondan 618 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 62 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 54 manat təşkil edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6171/2020 saylı, 19 noyabr 2020ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh “xxxx” MMC-nin xeyrinə 19.06.2019-ci il tarixli müqavilə üzrə 618 manat ödənilməmiş əsas borc, 62 manat cərimə olmaqla cəmi 680 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 6171/2020 saylı, 19 noyabr 2020-ci il tarixli qətnaməsi ədalətsizdir, iddiaçının mənafeyinə xidmət edən qətnamədir. Məhkəmə onu məhkəmə iclasına dəvət etmədən, dinləmədən qətnamə qəbul edir ki, buda haqsızlıq və ədalətsizlikdir. Məhkəmə onun vəziyyətini və əmək qabiliyyətli olmamağını araşdırmamış və bu heç onu maraqlandırmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.5-ci maddəsinə əsasən - Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. O, adı çəkilən telefonları götürməmişdi. Telefonu götürən X2 “Panasonik” ev telefonunu sonradan ona vermişdi. Həmin telefon da işləmədiyindən onu Nizami rayonunda Neftçilər metrosunun yanında “ABS Telekomun” özünə qaytarmışdı. Həmin telefonun qiyməti 45 manat təşkil edirdi. “ABS Ttelekomun” hesabına ödənilən 54 manat da həmin telefonun pulu idi. Onlar onun adından olan ödənişləri nəzərə almırlar. Ödənişlərin hamısını faizə hesablayıblar, əsas borc isə qalıb. Adından ödənən kreditə və gecikdirmələrə görə kreditorun müəyyən etdiyi faizləri ödədiyi nəzərə alınmamışdır. Bu gün kreditor qarşısında qrafik üzrə borclu olmadığı halda məhkəmə tərəfindən faiz pulu hesablanır. Apelyasiya şikayətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 6171/2020 saylı, 19 noyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında Cavabdeh verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6171/2020 saylı, 19 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X3 apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6171/2020 saylı, 19 noyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 00731709 saylı, 19 iyun 2019-cu il tarixli müqaviləyə əsasən, ümumi qiyməti 672 (altı yüz yetmiş iki) manat (6 (altı) ay x 112 (bir yüz on beş) manat + 0 (sıfır) manat ilkin ödəniş) məbləğində İMEİ kodu **********58674 “Samsung Galaxy A6 Plus” markalı mobil və “Panasonic” markalı ev telefonları üçün 618 manat ödənilməmiş hissə, 62 manat cərimə borcu yaranmış yaranmışdır və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386 və 741-ci maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, “xxxx” MMC ilə Cavabdeh oğlu arasında bağlanmış 00731709 saylı, 19 iyun 2019-cu il tarixli əşyanın nisyə satılması haqqında Müqaviləsindən görünür ki, həmin Müqaviləyə əsasən 672 manat dəyərində İMEİ kodu **********58674 “Samsung Galaxy A6 Plus” markalı telefon və “Panasonic” markalı ev telefon, ayda 112 manat ödəmək şərti ilə 6 ay müddətinə Cavabdeh satılmışdır. İş materiallarında olan, 00731709 saylı, 19.06.2019-cu il tarixli əşyanın nisyə satılması haqqında müqavilənin ayrılmaz hissəsi hesab edilən ödəniş cədvəlindən görünür ki, Cavabdeh aldığı Samsung Galaxy A6 Plus” markalı mobil telefonun və “Panasonic” markalı ev telefonunun dəyəri olan 672 manat pulu hər ay 112 manat ödəmək şərti ilə 6 ay müddətinə (6 (altı) ay x 112 (bir yüz on beş) manat + 0 (sıfır) manat ilkin ödəniş=672 manat) iddiaçı “xxxx” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan, 16 sentyabr 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, “Panasonic” markalı ev telefonu bir ay istifadə etdikdən sonra geri qaytarmış və 54 manat qiymətləndirilib borcundan silinərək geri alınmışdır. İş materiallarında olan, 16 sentyabr 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, “Panasonic” markalı ev telefonu bir ay istifadə edildikdən sonra məhsul 54 manat qiymətləndirilərək geri qaytarılmış, Cavabdeh 16.09.2020-ci il tarixə “xxxx” MMC-yə 618 manat ödənilməmiş hissə, 62 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan, 30 oktyabr 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, müvafiq müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi təqdirdə iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmədə mülki iddia qaldıracağı barədə Cavabdeh xəbərdar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4-cü maddəsinə tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin birinci nstansiya məhkəməsi tərəfindən prosessual hüququnun pozularaq məhkəməyə dəvət olunmaması barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, birinci nstansiya məhkəməsi işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-cü maddəsinin tələblərinə əməl etməklə baxmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Bundan başqa, məhkəmə kоllegiyası Cavabdeh apelyasiya şikayətinin birinci nstansiya məhkəməsi tərəfindən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, “Samsung Galaxy A6 Plus” markalı telefonu X2 adlı şəxsin götürdüyü barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh apelyasiya şikayətində qeyd edilənləri təsdiq edən sübutları apelyasiya şikayətinə əlavə etməmiş, məhkəmə iclasında iştirak edərkən bunu əsaslandıran hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim еtməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, Cavabdeh apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6171/2020 saylı, 19 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, Cavabdeh apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunan normadan görünür ki, qanunvericilikdə yalnız mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. İşdə olan iddia ərizəsindən görünür ki, hazırki iş üzrə iddiaçı tərəfindən tələb olunan iddianın qiyməti iki min manatdan az, yəni 680 (altı yüz səksən) manat təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6171/2020 saylı, 19 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4875/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4875/2021
01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver